İnsan həyatında gözəlliklərə keçid qapılar olduğu kimi, açıldığı zaman insanlığı fəlakətə sürükləyən qapılar da var.
Qapılar var ki, insanın kamilləşməsi üçün açılar – onu həqiqi kimliyi ilə üz-üzə qoyar. Qapılar da var, üzünə açıldığı andan etibarən rəzalətin, mənəviyyatsızlığın önünü açar; insanı dəyərlərindən uzaqlaşdırar, etibarsızlaşdırar, kiçildər!
İnsan bəzən yanlış qapılara ona görə yönəlir ki, doğru qapının önündə gözləməyə səbri, taqəti çatmır. Halbuki gözləyə bilsəydi, aydınlığa qovuşardı, xilas olardı. Ona görə də daxilimizdə açılmayan qapı qaranlıq otaq deməkdir, işıq girmədən ora aydınlanmaz…
Böyüklüyə açılan min bir hikmətlə dolu qapıların önündə durun, orada gözləyin, o qapılara vəfa göstərin. Həmin qapıların üzünüzə açılması üçün səbir və səbat göstərin. Orada hikmət pıçıltısı var, orada – pərdə arxasında insanı kamillik dərəcəsinə yüksəldən lütflər var. O qapı çox vaxt insanın öz içindən açılır. Həqiqətin qapıları sədaqət və gözəl niyyətlə açılır, zorla deyil.
Bizdən öncəkilər o qapının açarının nə olduğunu bizə öyrətdilər. O açar nə maddiyyat, nə məqam, nə də gücdür. Kamilliyə açılan qapının açarı ədəbdən ibarətdir. O ədəbi həyatın məhək daşı sayan ali insanlar bir gün mütləq ucalıqdan dəvət alar, Nəsimi sayağı bəyan edərlər:
Mənə Haqqdan nida gəldi:
“Gəl, ey aşiq ki, məhrəmsən!
Bura məhrəm məqamıdır,
Səni əhli-vəfa gördüm”.
Qəlb və ruh qapılarınızı həqiqət günəşinə açın… Orada böyüklüyə üz tutmuş, sönməyən günəşin işığına istiqamətlənmiş, kiçik-kiçik addımlarla da olsa, uzun məsafələr qət etmiş həqiqət ərlərini görəcəksiniz. Orada pıçıltı ilə danışan məhrəmləri, bağın gözəlliyini qoruyan həqiqi bağbanları görəcəksiniz. Yönəlin həqiqət qapılarına, sizdən sonrakılara iz olun, gözəl nümunə olun.
Amandır, Dost qapısının üzünüzə bağlanmasına, əvəzində cəhalət qapılarının açılmasına səbəb olacaq addımlar atmayın, dərkinizi bulandırmayın. Diqqət edin! İçinizdəki gözəlliklərə keçid olan hikmət qapılarını nəfsin hiylələri, gücsüzlüyünüzün, süstlüyünüzün dar sərhədləri ilə bağlamayın. Fəlakət olar, itki olar; itirdiyinizin fərqində olmadan qəflətlə qəlbləriniz möhürlənər.
Elə qapılar var ki, Haqqa aparar, elə qapılar da var ki, Haqqdan aparar… Dayanın, bir az düşünün. Elm, irfan, birlik, kamillik qapılarında növbəyə durun, sizi ora aparanlara yoldaş olun. Cəhalətə, nifrətə, laqeydliyə, oda-alova açılan qapılarla aranıza məsafə qoyun… Uzaqlaşın təfriqəyə yönəldən qapılardan, qaça bildiyiniz qədər qaçın!
Gül-gülüstana açılan qapılara yönəlin. Bağdakı güllərinin ruha təravət verən ətrindən Həqiqi Bağbanı tanıyacaqsınız. O qapılar sevgi havasını dünyamıza gətirən böyüklərin mərifət qapılarıdır.
Böyüklər belə buyurur: “Zaman gözəl olanı gözəlliyə aparar…” Ey gözəlliklərə keçid olan qapı! Bizə səni açıb içimizin kəşfinə, insanlığımızın məna süfrəsinə səmimiyyət, vəfa, sədaqət, dürüstlük, fədakarlıq və hikmət gətirmək üçün keçid ol.



