Hüseyn Cavid 1882-ci ildə Naxçıvan şəhərində anadan olmuş, təhsilini Məmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır. Məhz bu amil, yəni onun təhsil həyatı zəngin yaradıcılığının təməlini təşkil edən mühüm mərhələlərdən biridir. Çünki Məmməd Tağı Sidqi öz dövründə maarifçiliyi ilə tanınan bir ziyalısı idi və Cavidin gələcəkdə maarifçilik ideyalarına bağlılığı məhz burada aldığı təhsildən qaynaqlanırdı.
Daha sonra isə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizin “Talibiyyə” mədrəsəsinin müdavimi olmuşdur. Cavid əfəndi burada dini və klassik Şərq ədəbiyyatını dərindən öyrənmiş, eyni zamanda fars və ərəb dillərindəki ədəbiyyatla tanış olmuşdur. Təbriz o dövrdə Şərqdə elm və mədəniyyət mərkəzlərindən biri sayılırdı. Buradakı təhsil ona Şərq poetikası və fəlsəfəsi ilə yaxından tanış olmaq imkanı yaratmışdır.
1906–1909-cu illərdə Cavidin həyatında mühüm dönüş nöqtəsi baş verir: o, İstanbul Universitetinin Ədəbiyyat fakültəsində təhsil almağa başlayır. İstanbulda keçirdiyi bu illər onun düşüncə və yaradıcılığına böyük təsir göstərmişdir. Osmanlı İmperatorluğu həmin dövrdə islahatların və dəyişikliklərin ortasında idi. II Məşrutiyyət dövrü (1908) başladıqdan sonra ölkədə azadlıq, bərabərlik və türkçülük ideyaları güclənirdi. Hüseyn Cavid bu mühitdə yalnız ədəbiyyatçı kimi deyil, həm də bir mütəfəkkir kimi yetişirdi. Osmanlı cəmiyyətindəki mədəni və siyasi dəyişikliklər onun türklük və milli birlik anlayışlarını daha da gücləndirmişdir.
Cavidin İstanbulda təhsil aldığı illərdə dünyagörüşünü formalaşdıran ən mühüm amillərdən biri də türk dili və ədəbiyyatı sahəsindəki inkişaf idi. İstanbul ədəbiyyat mühiti, xüsusən də Namiq Kamal, Ziya Göyalp və Əli bəy Hüseynzadə kimi ziyalıların əsərləri, onun Türk dünyasının birliyinə olan baxışlarını zənginləşdirmişdir. Bu illərdə o həm Azərbaycan, həm də Türkiyə türkcəsini mükəmməl şəkildə mənimsəmiş, əsərlərində iki dilin harmoniyasını yaradaraq Türk dünyasının ədəbi körpüsü rolunu oynamışdır.
Osmanlı İmperatorluğunda türkçülük ideyalarının inkişaf etdiyi bu dövr Azərbaycanın milli maarifləşmə hərəkatı ilə paralellik təşkil edirdi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və digərləri maarifçilik ideyalarını təbliğ edir, yeni məktəblər və mətbuat vasitəsilə xalqın milli şüurunu oyadırdılar. Cavidin bu hərəkatla bağlılığı onun əsərlərində maarifçilik ideyalarının güclü şəkildə əks olunmasına səbəb olmuşdur.
İstanbuldan geri döndükdən sonra Hüseyn Cavid Azərbaycan milli ədəbiyyatında yalnız romantizmin banisi kimi deyil, həm də milli düşüncə sisteminin qurucularından biri kimi qəbul olunmağa başladı. O, türklüyün, milli kimliyin və Turan ideyasının əsas ifadəçisi oldu. Bu ideyalar onun əsərlərinin ruhunu təşkil etməklə yanaşı, Azərbaycan və Türkiyə arasında mədəni və mənəvi bir körpü yaratmasını təmin etdi. Hüseyn Cavidin “Səyavuş” əsərini diqqətlə oxuyanda orada türkçülük və turançılıq ideyalarını necə təbliğ etdiyini və bu ideyalara sadiq qaldığını aydın sezmək olar.
Cavidin təhsil illərində qazandığı bilik və təcrübə onun yalnız şəxsi inkişafına deyil, həm də Türk dünyasının mədəni və ədəbi irsini zənginləşdirməsinə səbəb olmuşdur. Bu dövrdə formalaşan dünyagörüşü və idealları onun “Cavidnamə”sini türk ruhunun əbədiyaşar dastanına çevirmişdir.
Hüseyn Cavidin Türkiyədə təhsil alması Anadolu şivəsinə yiyələnməsinə səbəb olur və nəticə etibarilə Azərbaycan və Türkiyə türkcəsini çox incə və kübar şəkildə öz əsərlərində istifadə edir. İstanbul ədəbiyyat camiəsinə daxil olması, burada təhsil alması sonucunda Hüseyn Cavidə “Əfəndi” deyə müraciət edirlər. Cavid Azərbaycan ədəbiyyatının ilk və tək Cavid əfəndisi olaraq özünəməxsus bir Turan sevdalısı kimi yaddaşlarda qalır. Cavid əfəndinin əsərləri forma və məzmunca çox zəngindir. Şair həm klassik-lirika, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazmışdır. Hüseyn Cavidin ilk şeir kitabı olan “Keçmiş günlər” 1913-cü işıq üzü görmüşdür. Sonlar isə o daha çox dramaturq olaraq tanınmış, əsərləri daha çox fəlsəfi, türkçülük, tarixi-faciələr, ailə-məişət dram üslubunda yazılmışdır.
İstanbulda olduğu illərdə isə “İstanbul məktubları” adı altında İstanbuldan müəllimlərinə, Q.Şərifzadəyə yazdığı məktublar var. Bu məktubda öz müəlliminə Boğazın necə gözəl olduğunu təsvir edir: “…36 saət birbaşa yol gəlib gecə saəti üç buçukda İstanbulun boğazına daxil olduq. Öylə ki, sübh açıldı, tamaşa etdik. Boğaz nə Boğaz!!! Allah zaval vermesin…”
Hüseyn Cavid Azərbaycan ədəbiyyatında təkcə romantizm cərəyanının banisi kimi deyil, həm də milli ideologiya daşıyıcısı olaraq tarixdə öz yerini tutmuşdur. O, əsərlərində ədəbiyyat və sənət dəyərləri ilə yanaşı, həm də millətinin ruhunu, türklük idealını əks etdirmişdir. Yaradıcılığı Azərbaycanla Türkiyə arasında mədəni bağların güclənməsində mühüm rol oynamışdır. Təsadüfi deyil ki, Türk ədəbiyyatçılarından Sərvət Tikən, Yusif Gədikli onun yaradıcılığını dil və üslub cəhətdən araşdırmışdır. XXI əsrin ilk onilliyində bu istiqamətdə aparılan tədqiqlərin əksəriyyətinin nəticələri 2013-cü ildə AMEA Hüseyn Cavidin Ev Muzeyinin rəhbəri, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının təşkilatçılığı ilə keçirilən “Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid” mövzusunda beynəlxalq konfransın materiallarında öz əksini tapıb.
Cavidin mədəni irsi ilk növbədə onun əsərlərinin əhatə etdiyi mövzularla bağlıdır. O, öz yaradıcılığında türk dünyasının birliyinə, insan mənəviyyatına, milli kimlik və mənəvi dəyərlərə diqqət çəkmişdir. “Topal Teymur”, “Şeyx Sənan” və “İblis” kimi əsərlərində tarixi şəxsiyyətləri və hadisələri fəlsəfi məqamlarla işıqlandırmış, türk birliyinin əhəmiyyətini vurğulamışdır. Xüsusilə “İblis” əsəri insanın daxili mənəviyyatı ilə şeytanın simvolik mübarizəsini təsvir edərək həm dövrün siyasi mühitinə, həm də ümumbəşəri dəyərlərə toxunur.
Hüseyn Cavidin irsi yalnız əsərləri ilə məhdudlaşmır. Onun ədəbiyyata gətirdiyi ideyalar milli düşüncə üçün bir manifest kimi qəbul edilir. Bu səbəbdən də Cavidin yaradıcılığı Azərbaycan xalqının milli-mənəvi yaddaşının ayrılmaz hissəsinə çevrilmişdir.
Hüseyn Cavidin tarixi irsi onun doğulduğu və dəfn edildiyi yer olan Naxçıvanla sıx bağlıdır. Naxçıvan Azərbaycan tarixində qədimdən bəri mühüm mədəni və strateji əhəmiyyətə malik bir bölgə olmuşdur. Bu torpaq yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının tarixi yaddaşında dərin izlər buraxmışdır. Cavidin Naxçıvanda dəfn edilməsi, onun məzarının bir ziyarətgah və milli dəyər olaraq qəbul edilməsinə səbəb olmuşdur.
Vəfatından sonra nəşi Sibirdəki sürgün yerindən gətirilərək Naxçıvanda dəfn edilmişdir. Bu hadisə yalnız onun ailəsi və Azərbaycan xalqı üçün deyil, bütövlükdə Türk dünyası üçün böyük əhəmiyyət daşımışdır. Azərbaycan xalqının milli şüurunda Cavidin Naxçıvanda dəfn edilməsi onun türk kimliyinin və milli dəyərlərin qoruyucusu olduğunu bir daha təsdiqləyir.
Bəlkə də, Cavidin qədim tarixə malik ulu Naxçıvan diyarında göz açması onu daha çox türkçülük ideyalarını təbliğ etməsinə sövq edirdi. Axı Naxçıvan özü özlüyündə böyük Türk dünyasını birləşdirən bir yol rolunu oynayıb həmişə. Türk dünyasının birləşməsini və əvvəlki tək qüdrətli olmasını dilə gətirir. Yəqin elə bu səbəbdən dahi Cavid Əfəndi “Hərb və Fəlakət” (Anadolu hərbzədələrinə yardım münasibəti ilə) adlı şeirində aşağıdakı misraları qələmə almışdır:
Bir zamanlar şərəfli Turanın,
O cihani ğəyuri qavğanın
Qəhrəman, bərgüzidə evladı,
Türklərin anlı-şanlı əcdadı
Saldırıb titrətirdi yer yüzünü,
Hökm edər, dinlətirdi yer yüzünü,
Nə zaman kişnəsəydi türkün atı,
Qırılırdı bir ölkənin qanatı.
Həp krallar, prenslər, xanlar,
Ulu şahlar, kibirli xaqanlar,
Papalar, həp xəlifələr hər gün
Diz çökərlərdi türkə qarşı bütün…
Şair “Topal Teymur” əsərində isə iki qüdrətli türk hökmdarı Sultan Bəyazidlə Teymurləng arasında 1402-ci ildə baş verən Çubuqlu meşəsi ətrafında Ankara döyüşünü vəsf edir. Hüseyn Cavid Teymurləngi bir axsaq, qəddar bir hökmdar kimi qələmə vermir, əksinə, türk dünyasının qüdrətli bir fatehi kimi göstərir və iki nəhəng türk hökmdarının döyüşünü ürək ağrısı ilə təqdim edir. “Topal Teymur” əsərinin finalında Sultan Bəyazid Teymurləngə xitabən belə bir cümlə işlətmişdir: “Əvət, sən qalibsin. Lakin bu qələbə türk əqvamını deyil, yalnız fürsət bəkləyən qomşu hökümətləri məmnun etdi”. Cavidə görə iki qardaş çəkişmələri nəticəsində türk etnosuna güclü zərbə vurulmuşdur. Sovetlər dönəmində yazılan “Topal Teymur”un heç bir dəyişiklik olmadan tamaşaya qoyulması Azərbaycan və Türk dünyası adına əlamətdar bir hadisə idi. Hüseyn Cavid tarixdəki dramatik döyüş ilə bədii nümunədəki dramatik toqquşma arasında təbii bir harmoniya yaratdı: tarixin və müasirliyin, gerçəkliyin və bədii yaradıcılığın, folklor süjetinin və yazılı ədəbiyyat harmoniyası!
Hüseyn Cavid əsərində türklüyü Orxanın dili ilə belə tərənnüm etmişdir: “Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı müharibələrdə ölürüz. Biz türklərə qürür və nəşə verən bir şey varsa, o da müharibə, o da qalibiyyətdir”. Cavid türkçülüyü dar milli çərçivədən kənarda, bütün türk xalqlarının birliyi kimi dəyərləndirirdi. O, Azərbaycan türklərinin tarixi keçmişini digər türk dövlətlərinin şanlı səhifələri ilə bağlayaraq xalqın öz köklərinə qayıtmasına və bu irsdən güc almasını təbliğ edirdi. Cavid üçün türkçülük sadəcə mədəni bir hərəkat deyil, həm də siyasi və mənəvi azadlıq mübarizəsinin bir hissəsi idi.
Nübar Məmmədova
Hüseyn Cavidin Ev Muzeyinin böyük elmi işçisi