Elmin Nuri Təhlil

Ömər Faiqin günümüz üçün təhsil düsturları – Ağır dərs yükü, “imtahan prosesi”

Giriş üçün

XX əsr maarifçilik məktəbinin ünlü nümayəndələri yazdıqları hər məqalə, felyeton, məktub, hətta hər bir sətirdə gələcək üçün işığa, aydınlanmaya aparan yolları göstərib, bizlər üçün o yollarda xüsusi ayırdedici işarələr qoyaraq bələdçilik missiyasını həyata keçiriblər. Onlar tərəfindən yazılan və ilk baxışdan sadə görünən bir cümlədə gələcək nəsillər üçün doğru qərarların strukturu, şifrəsi gizlənir. Biz bu gün həmin şəxslərin – C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ö.Nemanzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ü.Hacıbəyli və başqa mütəfəkkirlərin yazdıqlarına təkcə sıradan mətn kimi yox, həm də aydınlanma prosesi üçün düstur kimi yanaşmalıyıq. O düsturlar bir yox, bir neçə sahədə özünü əks etdirib bizlər üçün bələdçi missiyasını həyata keçirməyə çalışıblar. Mümkün olubmu, olmayıbmı? – burada bizim də müəyyən dərəcədə məsuliyyət payımız var. Bu düsturların mühüm qismi maarifçilərimizin təhsillə bağlı qeydlərində gizlidir. Onların hələ XX əsrin əvvəllərindəki yazılarına yenidən nəzər salsaq, modern çağın təhsil uğurları üçün nə qədər faydalı məsələləri görə bilərik. Odur ki, “fuyuzat.az” saytında mütəmadi olaraq klassik maarifçilərimizin təhsil düsturlarına müraciət edib onların indiki dövr üçün əlaqəliliyinə diqqət yetirəcəyik.

Öncə Ömər Faiq Nemanzadə

Öncə Ömər Faiq Nemanzadədən başlayaq. Mirzə Cəlillə birlikdə “Molla Nəsrəddin” jurnalının yaradılmasında yaxından iştirak edən Ömər Faiq bütün həyatını publisistika ilə yanaşı, pedaqoji fəaliyyətə də həsr edib.

O, Azərbaycan və Gürcüstanda bir neçə sektorda ömrünün sonuna qədər aramsız mübarizə aparıb. Həm maarif, həm mətbuat, həm də ictimai sahədəki fəaliyyəti onu yoldaşlarından fərqləndirirdi. “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi mətbu orqanlardakı yoldaşları Ömər Faiqin çoxsahəli yaradıcılığına təəccüb edirdilər. Sabirin ona həsr etdiyi şeirdə “Öməra, demədim sən də heyifsən” misrası hər şeyə aydınlıq gətirilir. Mirzə Cəlil də onun zəhmətsevərliyinə həsəd aparırdı və yazdığı bir neçə məktubda “Moll Nəsrəddin”i Ömər Faiqə həvalə etdiyini açıq bildirirdi. Ömər Faiqin “Molla Nəsrəddin” və başqa mətbu orqanlarda təhsil məsələləri ilə bağlı qaldırdığı problemlərə indinin güzgüsü ilə nəzər yetirək.

Lazımlı elmlərin tədrisi, şagirdlərin ağır dərs yükü

Ədibin 1907-ci ildə qələmə aldığı və eyni adlı kitabda da çap olunan “Bizə hansı elmlər lazımdır?” adlı məqaləsinə təhsilin çağdaş yanaşmaları aspektindən nəzər yetirdikdə heyrətlənməmək mümkün deyil. Burada ibtidai təhsil dönəmində azyaşlının şəxsiyyət kimi formalaşdırılması motivləri, təhsilin bu yolda ötürməli olduğu milli və intellektual dəyərlərin tətbiqi ustalıqla əksini tapıb. Amma bütün bunlardan əvvəl Ömər Faiq başqa bir vacib məsələyə toxunur. Bizə hansı elmlərin lazım olduğunu, hansı kodekslər əsasında tədris edilməsinin mümkünlüyünü qeyd edir. Əsrlər boyu müsəlman Şərqində davam edən bir konflikt “din-ehkam, şəriət dərsləri ilə, dünyəvi elmlərin tədrisi” məsələsi ilə bağlı çox korrekt təhlil aparır. O, başqa maarifçilərdən fərqli olaraq, din, ehkam, şəriət amilini tam şəkildə çıxdaş etmir, elmi-dünyəvi prinsiplərlə bərabər onların da yerini müəyyənləşdirir:

“Hər halda “fiqh”dən məqsəd elmi-şəriət, “elm”dən məqsəd də məhz ülumi-əqliyyədir. Dəxi, “elm” və “fiqh” sözlərindən məna, məqsəd o qədər açıqdır ki, bunun ziddinə getmək göz-görə inadlıqdır.

…Halbuki Quranın əqaid və ehkamına aid cəhəti o qədər sadə və səhihdir ki, onu öyrənmək bir o qədər uzun vaxt və zəhmətə möhtac deyildir. Amma Quranın elmi-ruha, tarixə, hikmətə, üsuli-məişətə, bir sözlə, ülumi-əqliyyəyə məxsus yerləri o mərtəbə qapalı, çətin, təfsir və şərhə möhtacdır ki, bunları bilmək həqiqətdə çox zəhmət və vaxta möhtacdır.

Burası da bilinməlidir ki, aləmi-islamda Əbu Hənifələr, İmam Cəfər Sadiqlər, Şəfailər, İmam Musa Kazımlar və qeyrilər elmi-fiqh və fitvada müctəhid və imam olduqları kimi, İbn-Rüşdlar, Əbu Əli Sinalar, Mövlana Cəlaləddin Rumilər, Məhiəddin Ərəbilər, Cabirlər, İbn Xəldunlar və qeyriləri də öz zəmanələrinə görə ülumi-təbiyyə, hikəmiyyə, tarixiyyə və əxlaqiyyədə müctəhid və imamdırlar. Əvvəlkilər Quranın bir cüzi hissəsindən ibarət olan əmali-diniyyəni nə cür izah edib risalə və təfsirlər yazmış isələr, ikincilərdə Quranın qismi-əzəmini təşkil edən ülumi-hikəmiyyə və əqliyyəyə dair yüzlərcə təfsirlər yazmışlar.

Ömər Faiqin adıçəkilən yazıda ustalıqla tətbiq etdiyi metod iki fərqli dünya arasında dərəcələnməni, hərəni öz rolu və yerinə görə müəyyənləşdirmək olub. Dövrün şəriət alimləri, ehkam adamları dünyəvi elmləri, qarşı tərəf isə dini elmləri tamamilə yox saysalar da, Ömər Faiq məsələyə daha praqmatik mövqedən yanaşır.

Adıçəkilən məqalədə modern təhsil adına rastlanan digər müsbət detal isə şagirdlərin dərs yükü ilə bağlıdır. Hazırda dərs yükü anlayışı çağdaş dünyanın bütün nəhəng təhsil ölkələrində diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Hazırda şagirdlərin ağır dərs yükünü artıran məsələlərdən biri də məzmun ağırlığı, mövzularda akademizmə çox yer ayrılmasıdır. Belə olan təqdirdə, xüsusən də ibtidai təhsil seqmentində təhsilin şagirdin həyati bacarıqlarına, analitik təhlil üstünlüklərinə qatacağı faydalar öz missiyasını yerinə yetirə bilmir. Ağıryüklü informasiyalar şagird zehnində tıxanmalara səbəb olur:

“Süd əmən çocuğa ət verilə bilməyəcəyi kimi, zehni, mühakiməsi hənuz oyanmamış mübtədi balalara da heç vaxt “dinin mətalibi mühümməsi” oxudula bilməz. Bəlkə, təlim və elmi-ruh üsulunca qurt, quş və tülkü hekayələri ilə, zehni hesablar və yüngül şəkillər ilə xırda balaların həvəsini oyandırıb, onları oxuduqlarını qanmağa, fikirləşməyə həvəsləndirməlidir. Bunları biləndən sonra dinin ən sadə əqidə, tarixə, tərcümeyi-hala dair yüngül bəhsləri öyrədilməlidir”.

Amma ağır dərs yükünü yaradan səbəblər təkcə akademik məzmunla bitmir. Bu səbəblər sırasında həm də uyğunsuz mövzular, şagird zehniyyəti ilə ayaqlaşmayan məsələlər də yer alır. Sırf bu səbəbdən Ömər Faiq məqalədə böyüklərə də müraciət edərək onları diqqətli olmağa, şagird zehniyyəti ilə düzgün rəftar etməyə səsləyir. Çünki Ömər Faiqin özü də, demək olar, bütün ömrü boyu azyaşlılarla işləmiş, onların psixologiyası və zehni üstünlüklərini praktiki olaraq çox gözəl öyrənmişdi:

“Ey axundlar, bəsdir ibtidai məktəblərimizdə, böyüklərimizin belə asanlıqla qanmadığı çətin məsələləri, ixtilaf və füruata aid bəhsləri çox yerdə əzbərlədib balaların zehinlərini kor etmək, bəsdir, müsəlmanların əql və mühakimələrini kiçik başda ikən biəsil rəvayət və nəqliyyat ilə çürüdüb həqiqətdən uzaqlaşdırmaq!

Əziz müəllimlər, tərəqqisini arzu etdiyimiz ibtidai məktəblərdə, kim nə deyirsə desin, üsuli-təlimin, qanuni-təkamülün bir addım xaricinə çıxmamalısınız. Vallah, millətə, vətənə, həqiqətə, istiqbala xəyanət etmiş olarsınız”.

Təhsil uğrunda “söhbət”

Ömər Faiqin “Molla Nəsrəddin” jurnalının 35-ci sayında (8 oktyabr, 1911-ci il) işıq üzü görən “Söhbət” yazısında təhsilin inkişaf resepti ilə bağlı çox vacib məqamlar var. Bildiyimiz kimi, 1911-ci ildə Azərbaycanda ilk dəfə maarifçi qadın qəzeti “İşıq” Xədicə xanım Əlibəyova tərəfindən nəşr edildi. Ömər Faiq “Söhbət” məqaləsində bu hadisəyə çox maraqlı yazı manevrindən yararlanaraq toxunur və “İşıq”ın həm də pedaqoji hadisə olduğunu gimnaziya müəllimi ilə şəriət müəllimi arasında yaşanan dialoqda əks etdirir. Burada yalnız iki şəxs haqqında dialoqu görsək də, onların bir-biriləri üçün səsləndirdikləri cavablar, gətirdikləri arqumentlər o dövrün təhsil və maarif mənzərəsini, qadın və məktəb münasibətlərini çox yüksək şəkildə nümayiş olunur:

Gimnaziya müəllimi: Din ağıldır, ağıla yaraşmayan gərək dinə də yaraşmasın.

Şəriət müəllimi: Şeytanın da əqli çoxdur, amma din və yoldan çıxdı. Görünür, siz də öylə istəyirsiniz.

G.M. – Şeytanın ağlı olsaydı, ilanın ağzından cənnətə girdikdən sonra bir də çıxıb başını bəlalara salannıdı?

Ş.M. Qədri, yazısı öylə imiş.

G.M. Bəlkə, biz arvadların da qədri yalançı hicab niqabım atmaqdadır.

Ş.M. Siz məktəblilər ile şeytan da başarmaz. Şükür Allaha ki, Xədicə xanım sizə oxşamır.

İki müəllimin dialoqu bir cəmiyyət üçün təhsilin, xüsusən də qadın təhsilinin nə qədər vacib meyar olduğunu özündə ustalıqla göstərir. Ömər Faiqin həm də publisist peşəkarlığı onu hadisələrə daha geniş müstəvidən yanaşmağa çağırır, qadına olan münasibəti bir mühit daxilində günəşin çıxması ilə paralelləşdirir. Bugün də təhsilə bir struktur kimi geniş müstəvidən baxdıqda qızların tədrisə münasibətinin, əslində, bir cəmiyyətdə intellektual mənzərənin tam nəticəsi kimi dəyərləndirə bilərik. Təhsilsiz mühit hər zaman qadın hüquqları, haqları üzərində söz sahibi olmaqla özünü maarif işığından məhrum edib ki, bu da sonradan çox ciddi problemlərə yol açmış olub. Ömər Faiqin “Söhbət”indəki təhsil düsturu isə uğurlu məktəbləri həm də uğurlu qadınların yarada bilməsi ideyasıdır.

Dünyanın təhsil “imtahanı”

Ömər Faiq Nemanzadənin 24 Mart 1915-ci il-də “İqbal” qəzetində yayımlanan “İmtahan” adlı məqaləsi də maraqlı yanaşma tərzinə sahibdir. Burada məktəblə cəmiyyət, təhsil prosesi ilə ölkələrin bir-birilərilə münasibətləri paralelləşdirilir. Təhsil bir növ dünyada baş verənlərin ümumi fon musiqisi kimi təsvir olunur. Ömər Faiqin fikrincə, bir şagird üçün imtahan nədirsə, bir dövlət, bir cəmiyyət üçün də müharibə, əslində, o deməkdir. Bu yanaşma ədibin təhsilə bir struktur olaraq yanaşmasının əksidir. Çağdaş dünyamızda da təhsil təkcə məktəbdaxili proses yox, cəmiyyətin bütün sahələrinə təsir edən bir mexanizm kimi dəyərləndirilir. Hazırda dünya ölkələri nahaq yerə “ömür boyu təhsil” konsepsiyasına xüsusi diqqət yetirmir. Çünki təhsil insanı bütün ömür boyu izləməklə onun cəmiyyətdəki yerinə daha çox təsir etmiş olur:

“Bu il məktəblərdə imtahan olmayacaq. Hələ istiyorlar ki, il imtahanını həmişəlik qaldırsınlar, şagirdlər il boyu dərs vaxtlarında nədərəcə oxumuşlarsa, ona görə imtahan nömrü versinlər. Hər vaxt yaxşı oxuyanlar keçsin, tənbəllər qalsın.

Bugünkü Cahan müharibəsi də eynilə məktəblər imtahanına bənziyor. Ancaq bu imtahan yalnız şagirdlərin deyil, ümumcahan millətlərinindir. Amma bu cahan imtahanı o qədər qorxunc, o qədər fəlakətlidir ki, indidən: əcəba bu cahan imtahanında kim qazanacaq, kim itirəcək? – sualı hər kəsi rahatsız etmədə, hər kəsin ağzında dolaşmadadır. Hər kəs bu imtahanın axırını səbirsizliklə gözləməkdədir”.

Son söz olaraq – Yaxud, ən mükəmməl düstur

Deyilənə görə, 1902-ci ildə baş verən dəhşətli Şamaxı zəlzələsi zamanı Ömər Faiq orada müəllim kimi çalışırmış. Zəlzələ onun şagirdlərə dərs dediyi zaman baş vermiş və Ömər Faiq şagirdlərini xilas etməyə çox can atmışdı. Amma o anda nə etmək olardı ki?! Ömər Faiq də digərləri kimi uçmuş tikinti qalıqlarının altında axşama qədər huşsuz vəziyyətdə qalır. Uçmuş divarların qalıqları arasında uşaqlarını axtaran valideynlər dağıntıların altından onu yalnız saçlarından tanıyaraq görə və xilas edə bilirlər. O zaman Ömər Faiq dəhşətli susuzluq və ağrı içində olubmuş. Hətta başındakı qanını barmaqlarına vurub dodaqlarına çəkirmiş. Lakin bir müddət sonra özünə gəldikdə soruşduğu ilk söz şagirdlərinin həyatı ilə bağlı olub.

Məncə, Ömər Faiqin ən mükəmməl təhsil düsturu da elə budur…

Elmin Nuri
Təhsil tədqiqatçısı