Elçin Bilaloğlu Füyuzat 126 Təhlil

Rusiya–Ukrayna müharibəsi

2022-ci il fevralın 24-də Rusiya ilə Ukrayna arasında müharibə başlandı. Bu savaş son illər baş verən digər münaqişələrdən həm miqyasına, həm də dünyaya təsirinə görə seçilir. Xüsusilə qeyd etmək istərdik ki, müharibə, ümumiyyətlə, heç kimə yaxşı nəsə vəd etmir. Müharibə baş verən regionu ölüm-itim, iqtisadi tənəzzül, insanlar arasında psixoloji sarsıntı ağuşuna alır. Ukrayna–Rusiya qarşıdurması isə təkcə bölgəni deyil, bütün dünyanı qlobal ərzaq və enerji böhranı ilə üz-üzə qoyub. Əslində, bir sıra – həm rus, həm də Qərb hərbi ekspertləri müharibə hələ başlamazdan öncə onun qısamüddətli olacağı qənaətində idilər. Ruslar hərbi güclərinə güvənir, Qərb ekspertləri isə bu gücü qiymətləndirməklə yanaşı, hazırkı müharibədən qazanclı çıxacaqlarına da ümid edirdilər. Savaşın uzanacağı təqdirdə həm dünya, həm də “Köhnə qitə”nin iqtisadiyyatına dəyəcək ziyan hesablanmamışdı; nəticələr çox ağırdır.

Ötən yeddi ayda artıq bütün siyasi tədbirlərin, diskussiyaların əsas mövzusu Rusiya–Ukrayna müharibəsidir desək, yanılmarıq. Bu da təbiidir. Çünki dünyanın, xüsusilə Avropa və postsovet məkanı ölkələrinin gələcək inkişafı davam edən savaşın nəticələrindən asılıdır. Azərbaycanda aydın şəkildə dərk olunur ki, Rusiyanın bu müharibədə qələbəsi yalnız Ukraynada deyil, digər postsovet ölkələrində də böyük fəlakətlərə səbəb ola bilər. Rusiyanın postsovet ölkələrinə, həmçinin Cənubi Qafqaza təsiri davam etdikcə bu regionda davamlı stabillik olmayacaq.

Fikrimizcə, Avropanın enerji təhlükəsizliyi məsələsində Rusiyanın əsas alternativlərindən biri kimi ciddi potensiala malik olan Azərbaycana xüsusi diqqət yetirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında 2017-ci ildən müzakirə olunan sazişin tezliklə imzalanması istiqamətində səylər artırılmalı, Qərb ölkələri ilə viza rejimi sadələşdirilməlidir.

İndiki Rusiya qonşu dövlətlərin suverenliyini, bütövlükdə dünya təhlükəsizlik sistemini təhdid edir. Odur ki bu müharibədə Rusiyanın hərbi təsir imkanlarının həlledici olaraq məhdudlaşdırılmasına dair həyata keçirilən tədbirlər davam etdirilməli və genişləndirilməlidir. Bunun üçün görülmüş işlər sistemləşdirilməli, yalnız Amerikanın maraqlarından deyil, bütün dünyanın maraqlarından çıxış edilməlidir. Təbii ki, dünyada bir dövlətin “mənəm-mənəmliyi”nin hökm sürməsi bəşəriyyətə yaxşı heç nə vəd etmir. Amma pislərin içərisində ən yaxşıdan yapışmağa məcburuq.

Rusiyanın Ukraynaya təcavüzü yalnız ərazi iddiaları ilə bağlı deyil. Putini daha çox narahat edən məsələ Rusiyanın sərhədlərində seçkili demokratiyaya, gerçək hakimiyyət bölgüsünə əsaslanan azad Ukrayna dövlətinin yaranması idi. Bu baxımdan Rusiya–Ukrayna müharibəsi həm də avtoritar düşüncə ilə demokratik dəyərlər arasında gedir. Təbii ki, Ukrayna hakimiyyəti müharibədən yayına bilərdi. Sadəcə hakimiyyətin ən ali pilləsində olanların diplomatik səriştəsizliyi  müharibəni daha da sürətləndirdi. Həmçinin Qərbdəki müəyyən dairələrin Ukraynaya verəcəyi dəstəyə arxayınlıq da öz işini gördü. Hakimiyyətdə olan qüvvə unutdu ki, yalnız daxili potensialına güvənməli, millətinin və dövlətinin firavanlığı üçün çalışmalıdır.

Rusiya–Ukrayna müharibəsi haq­qın­da danışarkən qardaş Türkiyənin  vasitəçilik missiyasını xüsusilə qeyd etmək lazımdır. Türkiyәnin məqsədi əvvəlcədən böhranın müharibəyə çevrilməsinin qarşısını almaq idi. Türkiyә bu çәrçivәdә hәr iki tәrәfә çağırışlar etdi. Çünki rәsmi Ankara Ukraynada baş verəcək savaşın Türkiyәyә necә təsir edəcəyini əvvəlcədən bilirdi. Lakin Türkiyә müharibənin qarşısını ala bilmədi. Qardaş ölkənin hazırkı hәdәfi müharibənin dərinləşməsinin qarşısını almaq və savaşı sonlandırmaqdır.

Qərblə Rusiya arasında gərginlik gündən-günə artır. Qərb bir tәrәfdәn Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edir, digәr tәrәfdәn dә Ukraynaya hərbi yardımını artırmaqda davam edir. Ankara isə hələ də məsələnin diplomatik yolla həllində israrlıdır.

Rəcəb Tayyib Ərdoğan Nazirlər Şurasının iclasında deyib: “Dünyanı ərzaq böhranı ilə qarşı-qarşıya qoyan taxıl probleminin həlli Türkiyənin səylərinin nəticəsidir”. Bu o deməkdir ki, dünyanı potensial ərzaq böhranından xilas edəcək addım Türkiyənin səyləri ilə reallaşdırılıb. İyulun 22-də İstanbulda əldə olunan razılaşmalar Rusiya–Ukrayna taxıl bazarında tarixi dönüş nöqtəsi oldu. Əldə edilmiş bu analoji diplomatik uğuru digər sahələrə də şamil etmək mümkündür. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyi kimi, Avropanın Türkiyəyə ehtiyacı var. Türkiyənin isə Avropa qitəsinin təhlükəsizliyinin qorunması məsələsində öhdəliyi var, çünki Türkiyə Avropadır.

Qeyd etmək lazımdır ki, müasir müharibələr əvvəlki müharibələrdən bir sıra parametrlərinə görə fərqlənir. Burada psixoloji və informasiya müharibəsi anlayışına xüsusi diqqət yetirilməlidir. İnsanlar aldıqları dezinformasiyalar nəticəsində mənəvi-psixoloji travmalar yaşayır. Bu isə, şübhəsiz, müharibə bölgəsində və onun yaxınlığında yaşayan insanların həyatına təsirsiz ötüşməyəcək. Əslində, yaxınlarını itirənlərin, yaralananların qarşı tərəfə münasibəti elə anındaca sosial şəbəkələrdə müşahidə olunur. Bu baryerlərin aşılması üçün gələcəkdə daha böyük güc sərf edilməlidir.

Bizim İkinci Qarabağ müharibəsindən sonra üzləşdiyimiz problemlərlə həm Ukrayna, həm Rusiya üzləşəcək. Ölkənin bütün strukturlarında çalışanlar, sözün həqiqi mənasında, psixoloq olub müharibə şokunu yaşamış insanları vəziyyətdən çıxarmalıdırlar.