Əkbər Qoşalı Füyuzat 143

Təfəyyüz və “Füyuzat”

Təfəyyüz və “Füyuzat” anlayışları sadəcə Quzey Makedoniya paytaxtında məktəb və Azərbaycan Respublikası paytaxtında dərgi adı deyil, onlar  uzun illərdir davam edən maarifçilik gələnəyinin, mədəni və ictimai inkişafın simvollarıdır. Üsküp və Bakı kimi şəhərlərin intellektual həyatı həm də bu milli maarifçilik axınlarının təsiri ilə formalaşmış, şəhərlərdə öyrətmənlərin, aydınların, yetişən gənc nəsillərin yeni fikir dalğası toplumun sosial-mədəni quruluşuna yön verən bir xətt kimi meydana çıxmışdır.

Təfəyyüz bilavasitə Üsküpdəki bir məktəbi və ondan irəli gələn təhsil, maarifçilik və yeni nəsil dalğasını, bu dalğanın doğurduğu yaradıcılıq aktlarını, əsərləri ifadə edir;

“Füyuzat” bilavasitə Bakıdakı bir dərgini, ondan irəli gələn maarifçilik dalğasını, bu dərgi və dalğanın doğurduğu məktəbi ifadə edir.

Təfəyyüz – feyz almaq, faydalı olmaq anlamına gəlir;

Feyzlər, lütflər, bərəkətlər anlamındakı “Füyuzat” isə burada bilik, maarif və mədəni zənginlik anlamında işlədilir.

Təfəyyüz ötən il 140 illik yubileyini qutladı;

“Füyuzat” isə gələn il 120 illik yubileyini qeyd edəcək. Həyata vəsiqə almaları arasında 22 illik fərq olan Təfəyyüz ilə “Füyuzat” sözləri yalnız adlarında “feyz” keçməsinə görə yox, eləcə də mahiyyətlərinə, amallarına görə qoşa çəkilən ocaqlardır.

Hər iki paytaxt şəhər uzun illər sosializm mühitinin qurbanlarından olub və bir sıra qaydalara uymaq zorunda qalıb. Təfəyyüzçülər, füyuzatçılar eyni zamanda gördükləri işlərdən, öyrətdiklərindən, aşıladıqlarından və gələcəyin vicdanına ötürdüklərindən feyz alıblar… Hər iki şəhər, ölkə və coğrafiya təlatümlərdən keçib və bu gün Təfəyyüz ilə “Füyuzat” həm irs hadisəsi, həm günümüzün yaşayan-yaşadan dəyəri, həm də gələcəyə aydın yol xəritəsi cızan ocaqlardır…

Təfəyyüz İbtidai Məktəbi 1884-cü ildə Hilmi bəy Deralanın tikdirdiyi binada fəaliyyətə başlayıb; daha sonralar Osmanlı dövləti bu binanı satın alaraq Təfəyyüz İbtidai Məktəbini qurmuşdur. Bu yolçuluq 141 ildir davam etməkdədir.

Daha sonra 1919–20-ci illərdə Təfəyyüz digər bütün məktəblər kimi yeni qurulmuş Yuqoslaviya Krallığının idarəetməsinə keçib və fəaliyyətini Osman Çikiç İbtidai Məktəbi adı ilə davam etdirib. Osmanlının Üsküpdən çəkilməsindən sonra Təfəyyüz türk azlığının yalnız məktəbi yox, sanki təsəllisi və dayağı olub…

Balkan savaşları sonucunda baş verən dəyişikliklər Rumeli ilə ayrılıq demək idi. Lakin bura ilə vidalaşa bilməyən bir qisim türk əhalisi Rumelinin ən qədim türk şəhərlərindən olan Üsküpdə yaşamını davam etdirib. Beləliklə, əhali yalnız öz varlığını qorumaqla qalmayıb, Qoca Çinarı – təhsil ocağı Təfəyyüzü də yaşatmağı bacarıb.

Haqqında bəhs etdiyimiz bu təhsil ocağı Təfəyyüz İbtidai Məktəbidir. Osmanlı imperiyası zamanında ibtidai məktəb olaraq fəaliyyətə başlayan Təfəyyüz Serb Krallığı, Bolqar işğalı, Yuqoslaviya Cümhuriyyəti və müstəqil Makedoniya dönəmlərini keçərək əhatəsindəki türklərlə birgə ayaqda qala bilən və onlara xidmət etməyi bacaran köklü bir qurumdur…

Davamı…