Əkbər Qoşalı Xəbərlər

Özündən çıxmış gün

Bir zamanlar Azərbaycan təqvimində qara haşiyə ilə anılan 8 may günü artıq milli yaddaşımızda başqa anlamlar daşıyır. 8 may indi işğalın ağrısından çox, Zəfərə aparan yolun qutsal yaddaşını ifadə edir. Çünki 6 ildir ki, Şuşa işğaldan qurtulmuşdur! Şuşa yenidən Azərbaycanın nəfəsidir, səsidir, açıq alnı, ağ üzüdür!

Şuşa 90-cı illərdə də Azərbaycanın ruhi-mədəni qalası idi. Onu işğal edənlər, əslində, bir xalqın yaddaşını susdurmaq istəyirdi. Öz ağıllarınca “Dağlarda toy” çalan yaramazlar Şuşanın daşdan-ağacdan qurulmuş şəhər olmaqdan öncə, ruhdan yoğrulmuş bir mədəniyyət ocağı olduğunu anlamadılar. Vaqifin sözü, Xan qızının nəfəsi, Nəvvabın qələmi, Üzeyir Bəyin musiqisi, Bülbülün səsi və daha necə-necə, daha neçə-neçə dəyərlər, hadisələr Şuşanı coğrafiyadan çıxarıb mənəviyyata çevirmişdi.

2020-ci ilin Zəfəri ilə tarix həm savaş nəticəsi verdi, həm də milli psixologiyanın sınmış sütunlarını yenidən dirçəltdi. Şuşanın azadlığı bir şəhərin geri alınmasından daha üstün – Azərbaycan vətəndaşının özgüvəninin, dövlət iradəsinin və tarixi haqqının təntənəsi idi! O gün geri alınan yalnız torpaq olmadı, sanki elə zamanın özünü geri qaytarmışdıq!..

Bu gün Şuşada dalğalanan üçrəngli qutsal bayrağımız dövlət atributumuz olmaqla yanaşı, həm də şəhid qanının, qazi nəfəsinin, ana alxışlarının, xalq əzminin canlı simvoludur. Şuşanın dağlarında əsən küləklər sanki Zəfərin nəfəsi kimi cana məlhəm olur…

“Dəmir Yumruq” – savaş əməliyyatı adı olmaqdan savayı, milli iradənin yumruğa çevrilmiş halı idi. Bəli, tarixdə bəzən xalqların taleyini bir liderin qətiyyəti, bir ordunun şücaəti və bir xalqın birliyi dəyişir. Azərbaycan bunu göstərdi.

İndi 8 maya baxanda içimizdə olan yalnız nisgil deyil. Əlbəttə, şəhidlərimizin ağrısı daim bizimlədir, ancaq həmin ağrının içindən doğan bir qürur da var, işıq seli kimi axın edir:

Şuşa bir daha əsir şəhər olmayacaq!

Şuşa azadlığın, mədəniyyətin, eləcə də azadlıq mədəniyyətinin, mədəniyyət azadlığının paytaxtıdır!

Şuşa Zəfərin qutlu imzasıdır.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Bayrağımız daim uca olsun!

Dövlətimiz zaval görməsin!

Əkbər Qoşalı