Dilqəm Əhməd Əsəd Aslanoğlu Füyuzat 137

Azərbaycan daxilində nələr olub-bitdi

1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra vaxtilə Osmanlıya mühacirət etmiş görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadə Gəncəyə gəlmiş, orada gördüyü ab-havadan təsirlənərək “Hilali-əhmər” qəzetinin 24 iyul 1918-ci il tarixli sayında “Azərbaycanda düşündüklərim” adlı yazı qələmə almışdır. Məqaləsində Əli bəy hələ gələcək paytaxtı işğal altında olan Azərbaycanın müstəqilliyinin əhəmiyyətini bu şəkildə ifadə etmişdir: “Cahan müharibəsinin doğurduğu bütün çətinliklərə baxmayaraq, iki türk qardaş birləşir. Bunda hər iki tərəf üçün də böyük fayda vardır. Çünki Azərbaycan və Anadolu bir-birini tamamlayır”.

Daha sonra Türkiyəyə qayıdan Əli bəy Hüseynzadə Cümhuriyyət dövründə Azərbaycanda fəaliyyət göstərməsə də, onun məşhur türkləşmək, müasirləşmək, islamlaşmaq üçlü formulu bayrağımızda əksini tapmış, onun da cümhuriyyətçilər sırasında adının yazılmasına səbəb olmuşdu.

Qeyd edək ki, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu Ənvər paşa tərəfindən 9 may 1918-ci il tarixində Osmanlı nümayəndə heyətinin müşaviri olaraq İstanbuldan Batuma göndərilmişdilər. Əli bəyin də Gəncəyə gəlişinin səbəbi bu idi. Nəticədə onlar Qafqazda gördükləri ilə bağlı həm Ənvər paşanı, həm də Tələt paşanı məlumatlandırmışdılar.

Əli bəyin bu dövrdəki fəaliyyəti haqqında əlimizdə daha geniş məlumat olma­sa da, “İqdam” qəzetinin 23 iyul 1918-ci il tarixli sayında maraqlı bir məqalə dərc olunub. Bu yazıda Əli bəyin təsviri verilib, Qafqaz barədə səlahiyyət sahibi birindən məlumat əldə edildiyi qeyd olunub. Şübhəsiz ki, bu şəxs elə Əli bəyin özüdür. Ona görə də Azərbaycan Cümhuriyyəti haqqında olan həmin yazını transliterasiya edərək “Füyuzat” oxucularına təq­dim edirik:

Davamı…