Bir qatara bənzəyir ömrümüz. Həyatımızın mərhələləri isə bizi bu yolçuluq boyu gələcəyə daşıyan vaqonlara. Bu yazının dayanacağı isə həmin vaqonların sırasında həyatımızın ən qaynar anlarını, rəngarəng, ən coşğulu çağlarını özündə birləşdirən gənclikdir. Bu vaqonun pəncərəsindən baxanda arzular bir üfüq kimi uzanır. Dostluqların ən safı, duyğuların ən dərin olanı da məhz bu çağda yaşanır. Gənclik sadəcə yaş deyil, içində alovlanan həyat eşqidir. Bu eşq insana səbəbsiz sevinməyə, yorulmadan çalışmağa, arzularının arxasınca heç tərəddüd etmədən getməyə güc verir. Bəzən isə bu dövrdə “cavanlığına bağışla” deyiminə ayaq uydurub səhvlər də edilir. Zamanla həmin səhvlər gənclikdən gələcəyə qalan təcrübəyə çevrilir. “Cavanlığına bağışla”, bəlkə də, cəsarət də verir bizə. İçimizdəki işığı qorxmadan ətrafa yaymaq, daha güclü olmaq üçün.
Ömür qatarının gənclik vaqonu həm sevinc, həm də kədər daşıyır içində. Bu vaqonda həyatımızda göy qurşağı kimi anidən peyda olub içimizə bahar gətirənlərlə rastlaşırıq. Ancaq onlar elə göy qurşağı kimi də tez bir vaxtda tərk edirlər vaqonu. Gənclik imtahanından kəsilib, sadəcə ötən anlarda qalırlar. Bəziləri isə gənclik çılğınlığını doğmalığa çevirməyi bacararaq növbəti vaqona da bizimlə birgə keçirlər. Beləcə, həyatımızın növbəti dayanacaqlarında da arxalanacığımız gücü – qəlbimizi isidəcək sevgini də elə bu vaqonda tapırıq.
Həyatımızda qoyduğu izlərdən asılı olmayaraq geriyə boylananda “ömrü çiçək qədər” olan bu dövrü həsrətlə xatırlayırıq.
Gənclik vaqonundan bəhs edən yazını sonlandırmaq istəyəndə isə birdən “anamın mətbəx qeydləri”nin nəğməli anları gəlib durur gözümün önündə. Onun həzin səsi ilə ifa etdiyi nəğmə tamamlayır bütün fikirlərimi:
“Ömrü çiçək qədər oldu,
Sevinc oldu, kədər oldu.
Neçin gəldi-gedər oldu,
Kimdən küsdü cavanlığım?..”



