Hürzət Təhməzli Köşə Yazıları

“Sən bacarmazsan” deyənlərə inad…

Söz bəzən ilıq bir bahar yeli kimi könlü oxşayar, bəzən də soyuq bir qış küləyi kimi qəlbi üşüdər. Elə sözlər var ki, bir insanın yolunu işıqlandırar, elələri də var ki, onu qaranlığa sürükləməyə cəhd edər. Bəzən bir cümlə insanın ruhunda illərlə daşıyacağı iz buraxar. “Sən bacarmazsan!” Bu cümlə sanki görünməz zəncirə çevrilir, insanın addımlarını yavaşladır, nəfəsini daraldır.

Ancaq unudulan bir həqiqət var. Zəncir nə qədər ağır olsa da, ruhun azadlığı qarşısında acizdir. Çünki əzmkarlıq və inamla döyünən bir qəlbin qarşısında heç bir söz, heç bir sədd dayanmaz. İnsanın içindəki işıq ətrafın qaranlığını dağıdacaq qədər güclü ola bilər, yetər ki, o işıq heç sönməsin…

Bəzən insanın qarşısına hədəf qoyması, bir arzunun dalınca getməsi bəzilərini narahat edir. Bu narahatlıq sözə çevrilir: “Sən bacarmazsan!” Bu cümlə sanki sadə bir fikir deyil, insanın içindəki inamı zədələmək, onu ruhdan salmaq üçün qurulmuş bir ifadədir. Və çox zaman bu sözlər dayanmır, ardınca gələn baxışlar, istehza dolu gülüşlər, səssiz səslənən şübhələr insanı kövrəldir.

Elə bir an olur ki, insan nə edəcəyini, hansı addımı atacağını bilmir. Çünki təkcə işin çətinliyi ilə deyil, eyni zamanda ətrafın inamsızlığı ilə də mübarizə aparmaq məcburiyyətində qalır. Hədəfə aparan yolun daşları bəzən əllərlə deyil, sözlərlə atılır. Hər bir “bacarmazsan” cümləsi, yolun ortasına atılmış yeni bir maneəyə çevrilir.

Amma bir həqiqət dəyişmir: əzmkarlıq və inam qarşısında heç bir söz dayana bilməz. Çünki insan ruhunun gücü yalnız nəticədə görünür. Ətrafın görmədiyi, hiss etmədiyi bir səssiz zəhmət var. Gecələr boyunca davam edən göstərmək, hər uğursuzluqdan sonra yenidən ayağa qalxmaq… Bunlar görünmür, amma nəticə özünü göstərir.

Zaman keçir. Günlər ayları, aylar illəri əvəz edir. Bir vaxtlar “edə bilməzsən” deyənlər səni səssizcə kənardan izləməyə başlayırlar. O baxışlarda artıq istehza deyil, təəccüb və bəlkə də, səssiz bir heyranlıq gizlənir. Çünki gerçəyə çevrilmiş hədəflər artıq danışıla-danışıla örnək olur. Həmin insanlar artıq sual verirlər: “Necə oldu ki, bacardı?” Amma cavab sadədir: inanaraq, çalışaraq, heç vaxt dayanmayaraq.

Ətrafdakı səs-küy nə qədər güclü olsa da, daxili səs susmamalıdır. Çünki insanı yıxan ümidsizlikdir. Amma içində bir ümid işığı yanan insanı heç nə yolundan döndərə bilməz. Ətrafdakı sözlər külək kimi gəlib keçər, amma məqsədə yönəlmiş iradə dağ kimidir, sarsılar, amma dağılmaz.

Unutmaq olmaz ki, hər böyük uğurun arxasında kiçik, amma davamlı addımlar dayanır. Və hər addım bir zamanlar inanılmayan, amma sonunda gerçəyə çevrilmiş arzunu formalaşdırır. Kimsə “bacarmazsan” deyəndə bu söz təkzib edilməsin. Sadəcə səssizcə zəhmətlə cavab verilsin. Çünki ən güclü cavab nəticədir. Və nəticədə bir həqiqət ortaya çıxır: Uğur sükutun içində doğular, zamanla boy atar, və bir gün hər kəsin gözü önündə çiçək açar.