“Allah ürəyinə görə versin” – bu cümlə ilk baxışda sadə bir arzu kimi səslənsə də, əslində, insanın bütün daxili aləmini ölçən görünməz bir tərəzi kimidir. Bu söz həm dua, həm xəbərdarlıq, həm də ədalətin səssiz ifadəsidir. Çünki insanın aldığı hər şey, bəlkə də, onun gizlində böyütdüyü niyyətlərin meyvəsidir.
İnsan bəzən sözləri ilə deyil, qəlbi ilə yaşayır. Dodaqları gülümsəyə bilər, amma ürəyi kin saxlayar. Əli kömək üçün uzana bilər, amma içində nəsə umar. Elə buna görə də bu cümlə insanı zahirindən çox, batini ilə üz-üzə qoyur. “Allah ürəyinə görə versin” deyildikdə, sanki insanın daxilində gizlənən bütün duyğular açılır, niyətlər çılpaq qalır. Artıq heç nəyi gizlətmək olmur.
Əgər bir insanın niyyəti safdırsa, o, yaxşılıq edərkən qarşılıq gözləmirsə, başqasının uğuruna sevinməyi bacarırsa, həyat da ona eyni təmiz niyyətlə cavab verir. Bəzən gecikir, bəzən dolaşıq yollarla gəlir, amma mütləq qayıdır. Çünki təmiz niyyət itmir, sadəcə yolunu axtarır.
Amma niyyət qaranlıqdırsa, insan başqasının uğuruna paxıllıq edir, gizlində pislik arzulayırsa, o zaman bu cümlə bir dua olmaqdan çıxıb bir xəbərdarlığa çevrilir. Çünki ürəkdə bəslənən hər pislik, gec-tez sahibinə qayıdır. Bəlkə də, elə bu səbəbdən insanlar bu cümləni bəzən sakit, amma dərin bir mənayla deyirlər. Sanki qarşısındakı insanın taleyini onun öz ürəyinə həvalə edirlər.
Bu ifadənin gözəlliyi də buradadır: o, ədaləti kənarda axtarmır, insanın içində tapır. Nə başqasını mühakimə edir, nə də açıq şəkildə qarğış edir. Sadəcə deyir: nə əkirsənsə, onu biçəcəksən. Ürəyin nə ilə doludursa, həyat sənə onu qaytaracaq.
Bəlkə də, insanın ən böyük məsuliyyəti elə budur: ürəyini qorumaq. Çünki həyat bəzən gözlərimizə deyil, ürəyimizə baxaraq qərar verir. Və bir gün eşitdiyimiz o sadə cümlə gerçəyə çevrilir: Allah hər kəsə ürəyinə görə verir.



