İnsan kimi daşın da, torpağın da yaddaşı var. Abidələr məhv edilə, dağıdıla, saxtalaşdırıla bilər… Ancaq torpağın, daşın yaddaşını məhv eləmək mümkün deyil… Sənə mənsub olmayan torpağa zorla da olsa sahiblənə bilərsən, ancaq onun ruhunda, yaddaşında yaşayanlara sahib çıxmaq mümkün deyil…
VII əsrdən başlayaraq bütün Azərbaycan ərazisi kimi onun ayrılmaz parçası olan Qərbi Azərbaycan torpaqları da İslam sivilizasiyasının bir parçasına çevrilməyə başladı. Bundan sonra əsrlərlə bu torpaqlarda formalaşmış Türk-İslam mədəniyyəti insanların həyatında, məişətində, dünyagörüşündə özünə möhkəm yer etməyə başladı. Bu mədəniyyətin təsiri ilk növbədə özünü memarlıq nümunələrində göstərməyə başladı. Dini ibadət yerləri olan məscidlər XI–XII əsrlərdə özünün intibah dövrünü yaşayan Azərbaycan memarlığının ən gözdə nümunələri idi. Çox təəssüf ki, zaman-zaman təbii fəlakətlər və aramsız müharibələr Qərbi Azərbaycanda yüzlərlə belə abidənin tamamilə dağılmasına və yer üzündən silinməsinə səbəb oldu. Təbii ki, bu faciələr XV əsrdən tarixi yurd yerimiz Qərbi Azərbaycan ərazisinin əsas şəhərlərindən biri kimi formalaşan İrəvan şəhərindən də yan keçməyib. Tarixin müxtəlif dövrlərində İrəvanda olmuş səyyahların yol qeydlərində, çəkdikləri müxtəlif rəsm əsərlərində İrəvan məscidlərinin gözəlliyindən və möhtəşəmliyindən söhbət açılır.
1902-ci ildə İrəvan quberniyasının statistika komitəsinin çap etdiyi “İrəvan quberniyasının 1902-ci il üçün yaddaş kitabçası”nda Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yaradılmış İrəvan quberniyasında mövcud olan 310 məsciddən 7-sinin İrəvan şəhərində olduğu qeyd edilir.
Ancaq bununla belə, tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və 2 erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi.
İrəvan şəhərinin kameral təsvirində İvan Şopen bu məscidlərdən yalnız 6-nın adını çəkir və Qalada iki məsciddən birinin cəbbəxanaya, digərinin isə mağazaya çevrildiyini yazır. Həmçinin o, adı çəkilənlərdən başqa, şəhərdə xarabalıqları qalmış bir neçə uçmuş məscidin də olduğunu qeyd edir. İrəvan məscidləri yalnız dini ibadət ocaqları deyildi. Bəzən yerləşdiyi məkanın, bəzən də qurucusunun adı ilə tanınan bu məscidlər həmin ərazinin memarlıq simasını müəyyən edən tikililər olmaqla bərabər, həm də bəzi ictimai və mədəni tədbirlərin həyata keçirildiyi məkan idi.
Məhəllə məscidləri qarşısında boş meydançası, bu meydançanın ətrafında isə hamamı, bulağı, hovuzu, kiçik bağçası və çayxanası olan bütöv bir kompleksdən ibarət olurdu. Yaşıllıqlara qərq olmuş məscid həyətləri həm də şəhər sakinlərinin istirahət və ünsiyyət yeri idi. Məscidlər bütün İslam aləmində olduğu kimi, burada da təhsil müəssisəsi rolunu oynayırdı.
İrəvan şəhərinin kameral təsvirlərində Hüseynəli xan məscidindəki mədrəsədə 200-ə yaxın, qalan məscidlərin hər birində isə 20-yə yaxın şagirdin təhsil aldığı qeyd olunub.
XX əsrin əvvəllərinə qədər gəlib çatmış 9 məscidin hər biri özünəməxsus gözəlliyə və memarlıq xüsusiyyətlərinə malik sənət əsərləri olduğundan onlar haqqında ayrıca danışmaq yerinə düşərdi…



