Günel Natiqqızı Köşə Yazıları

Musiqi dalğaları

Həyatda sözlərdən sehrli dünya yaradanların belə duyğuların tərcümanı gördüyü bir məfhum var. Onun adı musiqidir.

“Musiqisiz həyat mənə boş vərəq kimi görünərdi” (Ceyn Ostin).

Bu fikirdən yola çıxıb musiqilərlə bağlı yaddaşımdakı xatirələri vərəqləməyə başlayıram. O anda radio dalğasında eşitdiyim ifa ruhumu tamam başqa dünyaya aparır:

“Nə qədər sərt olsa dalğalar,
Qayalara çırpınıb geri dönər”.

Həmin musiqi dalğası ilə xatirələr limanında dayanıram. “Anamın mətbəx qeydləri”ndən gələn bir səsi eşidirəm:


“Bax, bu mahnını çox sevirəm. Mənası, melodiyası o qədər gözəldir ki… Əgər xəyal etdiyin sənin üçündürsə, daşlara dəyib incinsə belə, bir gün dalğalarla sənə qayıdacaq”.

Bir anlıq fikrimdən keçir. Bəlkə də, həyatımızda var olmağı bacaranları da bizimlə birləşdirən içimizdə səslənən oxşar melodiyalardır… Ruh halımız onun ritmlərini dəyişsə belə. Elə bu düşüncələr hər melodiyanın bir dalğa olduğunu pıçıldayır qəlbimə. Beləliklə, fərqli insanlar və duyğularla dilə gələn melodiya dalğaları canlanır gözümün önündə.

Bəzən “Al məndən gülüşlərini” deyib “İntizar”da qalanların ruhunu oxşayır melodiya dalğaları:

“Sənsiz yollarda qalıb gözlərim,
İntizardayam, yar, gəl, gəl.
Əhdi unutma, görüş yeritək
Bir bahardayam, yar, gəl, gəl”.

Elə həmin intizardan doğan görüş həsrətinin həyəcanını da bizə hiss etdirir:

“Səbrim getdi, harada qaldın?
Qaş qaraldı, gəlmədin.
Bəlkə, mənim könlümdəki
Döyüntünü bilmədin?
Ah… Döyüntünü bilmədin”.

Musiqi dalğaları gileyi belə şirin dillə göstərə biləcəyimizi öyrədir bizə:

“Yoxsa o “sevirəm” söylədiyin söz
Düşərək mərcantək bulaqda qaldı,
Ay gözəl, bulaqda qaldı”.

Bəzən də dilə gətirə bilmədiyimiz peşmanlığı bizim əvəzimizə söyləyir:

“O bir qaranquş kimi
Qəlbimdə yuva qurdu.
Acı dilim qurusun,
Dilim onu uçurdu”.

Elə tanış duyğuları ruhumuza hopduran dalğaları da danışdırmağı bacarır o:

“Sahil tanış, dalğa tanış,
Keçir bulud, yağır yağış.
Sahil tanış, dalğa tanış,
Keçir bulud, yağır yağış”.

Bir axşam isə eyni sahilə yan aldıqlarımızdan son yadigar kimi ruhumuzu qucaqlayır həmin dalğalar:

“Gedirəm bu axşam, gedirəm, gülüm,
Bilirəm, gül üzün solacaq mənsiz.
Gedirəm, gəlməsəm, qalacaq sevgim,
Bəlkə də, gözlərin dolacaq mənsiz?”

Ruhumuzu oxşayan musiqi dalğaları bəzən də “Bir çift göz”də gizlənib “Yerine sevemem” deyənlərdən “Fire in the Harbour”la (yunan mahnısı) stansiyalarda xoşbəxtliyi axtaranlar kimi fərqli dillərdə səslənir. Axı bu dalğaların sərhədi yoxdur.

Yazını tamamlamaq istəyəndə ağlımda özümə verəcəyim bir sual yaranır. Bəs mənim içimdə ruhumla səsləşən musiqi dalğaları hansıdır? Onu daha yaxşı eşitmək üçün gözlərimi yumub musiqi dalğalarının axtarışına çıxıram. Bir vaxtlar sadəcə xoş duyğular yaradan musiqi illər sonra başqa duyğularla canlanır ruhumda. “Əs, dəli külək, bu günü apar, O ötən ömrü yenidən qaytar” dalğası itirdiyim zərif qəhrəmanım olan anlara dönmək arzusunu oyadır.

Ancaq bu dəfə “anamın mətbəx qeydləri”ndən yola çıxıb yenə fərqli duyğularla dillənir “Gəl, ey səhər”. Eyni sahilə yan alacaq musiqi dalğalarının qovuşacağı, yeni nağılın başlayacağı ümidi ilə…

“Yenə bu səhər günəş nur yerə ələr,
Bir təzə nağıl başlar dünya”.