Uşaqlıq hər kəs üçün təmiz, saf bir yaddaşdır. İllər keçsə də, o xatirələrin parıltısı heç vaxt solmur. Mənim uşaqlığım da elədir – sadə, amma dərin izlər buraxan, hər xırda detalında xoşbəxtlik gizlənən günlərdən ibarət.
Bizim dövrümüzdə işıq sönəndə evlərdə qəribə bir mehribanlıq yaranardı. Lampanın zəif işığı yananda hamımız onun ətrafına yığışardıq. Anamız nağıllar danışar, biz isə nəfəsimizi belə içimizdə saxlayaraq dinləyərdik. Lampanın zəif işığı otağın künclərinə vururdu, amma sanki qəlbimizdə böyük bir işıq alışırdı. İndi düşündükcə anlayıram: o lampa sadəcə işığı deyil, uşaqlığımızın təmizliyini, birliyini, ümidini simvolizə edirdi.
Oyuncaqlarımız çox deyildi. İndi uşaqların əlindəki kimi saysız-hesabsız maşınlar, gəlinciklər yox idi. Amma bu, heç vaxt bizi darıxdırmırdı. Əksinə, biz öz oyuncaqlarımızı özümüz düzəldirdik. Kağızdan qapı və top düzəldib futbol oynayardıq. Məftili büküb banka qapağı ilə təkər düzəldib maşın hazırlayardıq. Bizim əlimizdən çıxan hər bir şey uşaq təxəyyülünün möcüzəsinə çevrilirdi. Biz palçıqdan dolma bükər, yaşıl yarpaqlardan dovğa bişirər, həyətdə evcik oynayardıq. Sadəliyin içində böyük bir təxəyyül gizlənərdi.
Ən maraqlısı isə uşaqları çağırmaq üçün nə telefona, nə də mesaj yazmağa ehtiyacın olması idi. Heç vaxt kiminsə evinə zəng etməzdik. Sadəcə, bilirdik ki, müəyyən bir saat var, və o vaxt gələndə bütün məhəllənin uşaqları həyətə toplaşacaq. Elə bil ürəklərimiz eyni vaxtda döyünürdü. Həyət uşaqlarla dolardı. Kimi rezinka, kimi ip atdı, kimi beş daş, kimi də bənövşə-bənövşə oynayardı… Hər oyunla birlikdə gülüş sədaları göyə ucalardı. Parklarda, küçələrdə şən səslər ətrafa yayılardı. Uşaqların gülüşü şəhərin musiqisi idi.
Gecələr isə başqa bir sehir vardı. Yata bilməyəndə divardan asılmış xalçanın naxışlarını izləyər, bəzən də onları sayardıq. Hər naxışın içində başqa bir dünya tapardıq. Uşaqlıq təxəyyülümüz ən sadə əşyaları belə sehirli edirdi.
Amma indi… İndi məhəllələrdə o səs-küy yoxdur. Parklarda əvvəlki gülüşlər eşidilmir. Uşaqlar ancaq ödənişli attraksionlarda əylənirlər. Oyuncaqları saysız-hesabsızdır, ancaq gözlərində o saf sevinc azalıb. Onlar hər şeyin çoxuna sahibdirlər, amma çox vaxt heç nədən razı qalmırlar. Biz isə bir kağız topu ilə, bir parça məftil ilə dünyanın ən xoşbəxt uşaqları idik.
İndi dönüb o günlərə baxanda bir həqiqəti daha aydın görürəm: xoşbəxtlik çox şeyə sahib olmaqda deyilmiş. O xoşbəxtlik bir lampanın zəif işığında, bir ananın söylədiyi nağılda, bir də uşaqların birgə gülüşündə gizlənirmiş. İndi texnologiya həyatımızı asanlaşdırıb, amma bəlkə də, ruhumuzu bir az da çətinləşdirib. Biz sadəliklə xoşbəxt idik, indiki uşaqlar isə bolluğun içində darıxırlar.
Bəzən öz-özümə düşünürəm: görəsən, bizim övladlarımız heç vaxt o sadə sevincləri yaşamadan böyüsələr, onların uşaqlığı necə yadda qalacaq? Onlar da illər sonra nostalji ilə danışa biləcəklərmi? Yoxsa uşaqlıq xatirələri parlaq ekranların, ödənişli attraksionların arasında itib-batacaq?
Bizim uşaqlığımızı geri qaytarmaq mümkün deyil. Amma bəlkə də, övladlarımıza az da olsa, o saflığı, o sadəliyi yaşatmaq bizim əlimizdədir. Çünki uşaqlıq insana həyat boyu güc verən, ruhunu işıqlandıran bir sərvətdir.
Və mən bilirəm ki, ömrüm boyu harada olsam da, qaranlıq düşəndə gözümün qabağına həmişə o kiçik lampanın işığı gələcək. Mənim uşaqlığımın lampası – həm evimi, həm də qəlbimi işıqlandıran o unudulmaz işıq.



