Aydınlıq bir gün… Günəşin ipisti şüaları yamyaşıl ağacın tər yarpaqlarından süzülüb təninə dəyir. Solundan keçib qəlbinə süzülür birbaşa, onu öz işığına boyayır. İllərdir soyuqdan donan əllərini, ayaqlarını isidir. Beləcə, köz kimi yanan ruhunla günəşi içib yola qoyulursan. Qarşında tərtəmiz, nəhayətsiz, incə bir yol uzanır. Uzandıqca böyüyür. Böyüdükcə qocalır… Sən bu nabələd yolun yolçususan.
Fikir-fikir düşünüb addım-addım yol gedirsən. Sağında həyat, solunda həyat. Fəqət sənin gözün ancaq yolu və cadar-cadar olmuş ayaqlarını görür. Mavi səmanın ənginliklərində rəhmət, ayağının altındakı yerdə rəhmət. Fəqət sənin baxışın ancaq özündədi. Acizsən, gücsüzsən. Heç kimin və heç nəyin yoxdur. Bir yol var, bir yol ayrıcı, bir də sən.
Anidən ayağın nəyəsə ilişir. Büdrəyib dizi üstə yerə çırpılırsan. Qanına bulaşır getdiyin yol. Yolun istisi əzilən dizlərini elə yandırır ki… Qəlbinin qübarı əllərinin qabarına qarışıb bir ağrı ayıldır vicdanında. Ürəyin əsim-əsim titrəyir. Nəhayət, gücünü toplayıb yola baxırsan. Bu cür aydın, təmiz, ləkəsiz yolda sən nəyə ilişib yıxılmışdın axı? Birdən gözün ayağının altındakı qara daşa zillənir. “Daşsız-kəsəksiz yola bu qara yumağı kim dığırlatmışdı”, – düşünürsən. Özü də sənin yoluna, sənin ayağının altına. Gerçək isə apaydın idi…
Keçmişin, həyatın, yaşadıqların bir daş olub yoluna ox kimi sancılmışdı. O qara daş Günəşə doğru uzanan ayaqlarına dolaşıb dolandırmışdı səni!
Doğrudur, yıxılmaq üçün hökmən adamı kiminsə vurmağı, itələməyi vacib deyil! Bəzən adam özü-özünə də dəyib yıxıla bilir… Bəzən keçmiş gələcəyi vurub yerə sərir. Bəzən yol yolçusunun qədd-qamətini sındırır, ona sağalmaz yaralar vurur.
Önəmli olan yıxıldıqdan sonra yenidən ayağa qalxa bilməkdir. Nəyin arayışında olduğunu xatırlayıb onun istisinə isinə bilməkdir. Öz-özünə dayaq olub daha möhkəm addımlarla yola qoyulmaqdır. Zamanla fikir-fikir düşünüb addım-addım getdiyin yolda yeni cığır aça bilməkdir. Önəmli olan özünə dəyib onu yaraladıqdan sonra belə “içindəki sən”i sevməyi unutmamaqdır…



