De: gün batdığı yerdəncə qəfil doğanda,
Üstümüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləndə,
İki bulaq qaynaya-qaynaya quruyanda,
Budaqları altından çaylar axan
ağaclarımız yaşıl-yaşıl solanda,
İki rükət sübh duası qaranlığa dirənəndə,
Qanadlarımızın işığa çıxan kimi əriyib töküldüyü yerdə
üzü üstə çevrilən dəniz,
Yun kimi didilən dağlar boşluqlara töküləndə,
Dərdinə doğranan aşiq
eşqinə qəltan olub da sönəndə
içimizdən kimsə Söz tapacaqmı ola
Baş Suala…
De: quş kimi uçacaqmı Sözlər könlümüzün göyündə,
Sözlər quşlara, quşlar Sözlərə çırpılaraq
lələklərini tökə-tökə
hara enəcəklər pünhan-pünhan…
De: quşlar qeybin müridləri
Sözsə Sözdür…
Əvvəl-axır şan arıya qalmaz, aparılar, de…
Can aşiqə qalmaz, tapşırılar, de…
Göy qübbəsi də quşlara qalmaz,
Quşlar sonu yerdə tapar…
De: arının ölümü güldə, dilənər eşq üzündən,
Aşiqin ölümü eşqdə, dilənər gül üzündən…
Arı da, Aşiq də, Quşlar da, Gül də
bir Canın çəmbərində süslənər.
Hər şey beləcə alar qiymətini
bircə mataha minən Söz olmaz bu Can Bazarında…
Dodağının çatdağından
qan deyəndə qan sızan Söz,
Bal deyəndə bal sızan Söz.
“Quşlar qeybin müridləridir” deyəndə
udan Söz, uduzan Söz…
Bu Can Bazarında
sənə ayrılan köşk boş qalar Qiyamətəcən…
Arını gül ömrünə bal kimi ölümlə yazan Söz,
Aşiqi “Ol” əmrinə gül kimi ömürlə yazan Söz,
Batil ömrümüzü Candan
dar ağacından asırmış kimi
“Uf” demədən asan Söz,
Can-can, can Söz…
Zahid Sarıtorpaq



