Bu yaxınlarda “Füyuzat” televiziyasında yayımlanan “Arxa Plan” verilişində sənətin obrazlı fəlsəfə olması məsələsinə toxunduq. Bu fikir, əslində, bəşər düşüncəsinin dərin qatlarına uzanan bir təməl kimi səslənir.
Sənət, sadəcə, ifadə forması deyil, o, düşüncənin duyğuya çevrilmiş halıdır. Fəlsəfə sual yaradır, sənət isə o sualı hiss etdirir. Birincisi ağlın səsi, ikincisi isə qəlbin dilidir. Sənət düşüncənin cismə bürünmüş metaforasıdır.
O, insanı həm düşündürür, həm də silkələyir. Çünki hər böyük sənət əsəri bir sualın cavabsız qalmasından doğulur. Filosof düşüncəni sözlə bürüyür, sənətkar onu rəng, səs, obraz və hərəkətə çevirir. Sənətin fəlsəfi təbiəti ondadır ki, o, mühakimə istəmir – insanı içindən sorğuya çəkir. Hər heykəldə, hər tabloda, hər notda gizlənmiş bir “niyə?” var. O “niyə” bəzən səbəbi sorğulayır, bəzən insanın özünü. Əgər fəlsəfə insanın zehnində “yanırsa”, sənət onun ruhunda “alışır”. Biri ağılı dərinləşdirir, digəri ruhu ucaldır.Ona görə də sənət sadəcə baxmaq üçün deyil – baxışın içində yaşamaq üçündür. Bir əsərə baxarkən insan təkcə gördüyünü görmür, görmədiklərini də duyur. Bu, obrazlı fəlsəfənin sehridir. O hər kəsə eyni təsir etmir, çünki hər kəsin içindəki dünya fərqlidir. Bir tablonun çalarları birinə ümid verir, digəri üçün kədər doğurur. Deməli, sənət həm fərdidir, həm ümumi. Onun fəlsəfəsi zamanın, məkanın və dilin sərhədlərindən keçə bilir. Çünki hisslər universaldır.Lakin hər xalqın öz duyğu biçimi var – bu da milli sənətin fəlsəfəsini yaradır.
Azərbaycan sənəti də bu baxımdan ruhani kodlarımızın şəkil almış tarixidir. Muğamımızda fəlsəfi səssizliklə metafizik yanğı birləşir. Orada insan sanki özü ilə Tanrısı arasında yol gedir. Hər səs bir sual, hər titrəyiş bir cavabdır.
Miniatürlərimizdə zaman dayanır, an əbədiyyətə çevrilir. Bu da obrazlı fəlsəfənin təzahürüdür.
Sənət əbədiyyəti anın içində tutmaq cəhdidir. Bu, insanın zamanla mübarizəsidir. Filosof “varlıq nədir?” deyə soruşur, sənətkar “varlığın dadı necədir?” deyə axtarır. Hər rəng bir ideyanın nəfəsidir, hər xətt bir düşüncənin istiqamətidir.
Sənət idrakın duyğuya çevrildiyi o, incə sərhəddir. O sərhəddə insan nə tam rasionallığını qoruyur, nə də duyğularında boğulur. Orada harmoniya yaranır – ruh və ağıl barışır.
Əsl sənət insanı sakitləşdirmir, onu dərinləşdirir. Çünki səthi duyğulara deyil, daxili həyəcanlara toxunur. O toxunuş bəzən acıdır, bəzən şəfadır. Sənət budur: ağrının gözəlliyə çevrilməsi. Obrazlı fəlsəfə dediyimiz də məhz bu çevrilmənin adıdır. Sənət düşüncəni estetikaya, fəlsəfə isə etikaya bağlayır. Birində gözəllik, digərində həqiqət axtarılır.
Amma bəzən bu iki axtarış eyni nöqtədə birləşir – o nöqtə insanın özüdür. Sənət bizi özümüzə qaytarır, fəlsəfə isə niyə qayıtdığımızı anlatmağa çalışır. Biri təcrübə, digəri şüurdur. Sənətkarın yaratdığı hər obraz insanlığın aynasıdır. O aynaya nə qədər baxsan, ancaq özünü görərsən. Çünki sənət insanın öz varlığını hiss etmək formasının ən incə halıdır.
Ona görə də sənət təkcə fırçadan, notdan, dildən ibarət deyil – o, var olmağın başqa dəyəridir. Bəzən hansısa film bir fəlsəfə kitabından artıq düşündürür. Çünki orada fikirlər deyil, duyğular danışır. Sənətin obrazlı fəlsəfəsi də məhz burada doğulur – düşüncə duyğuya çevriləndə. Bütün əsl sənət əsərləri həm görmək, həm də düşünmək çağırışıdır. Ona görə sənətkar da filosofdur – sadəcə, onun dili simvollarla yazılır. Bəlkə də, insanlıq tarixində bütün böyük düşüncələr əvvəlcə sənətin içindən keçib. Çünki sənət – duyğularla yazılmış fəlsəfə, fəlsəfə – sözlə qurulmuş sənətdir.



