“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin hekayəsi” nominasiyası üzrə seçilən əsər MİMTA Yayımları tərəfindən çap edilən Əzizə Cəfərzadənin “Natəvan hekayələri”ndən biri “Dünyaya insan gəlir” əsəridir. Xoş mütaliələr!
Arazı keçən də var,
Suyundan içən də var,
Çəkmə qərib adımı,
Ha burdan keçən də var.
Zirək kəndindən gələn qoca seyid öz ailəsi ilə birlikdə meydanın kənarında, çiy kərpicdən hörülmüş evin böyründə oturmuşdu. O, kürəyini artıq suvağı çoxdan qopub toküldüyündən çopur-çopur olmuş divara söykəyib dərin fikrə getmişdi. Gəlib-gedənə baxdıqca qoca seyidin ürəyindən qara qanlar keçirdi: bazarın kasadlığını, məkulatın azlığını, dağ havasında yașamalarına baxmayaraq, rəngləri bomboz bozarmış adamların solğun simasını gördükcə burada da vəziyyətin yaxşı olmadığını bașa düșürdü. Aclıq idi… Tarixə qara bir səhifə kimi yazılmış “aclıq ili” çağırılmamış qonaq kimi qapını döymədən evlərə girir, özündən sonra acı bir xatirə qoyub gedirdi…
“Bədbəxtliyə bax! Bilsəydim həmlidir, heç yola çıxardım?! Ya hamılıqnan xarabamızda ölərdik, ya nə olardı olardı. Qismətdən artıq yemək olmaz. Mən bu yad yerdə, ev yox, tanış yox, çölün düzündə neynəyəcəm? Birdən vaxtı-vədəsi çatdı!” Dərd qocanı boğurdu. Səhərdən bəri qonșu obalara, kənd ətrafı evlərə, imarətə bir iş tapmaq ya bir dolanacaq ümidi ilə gedən oğlu Mir Haşım da hələ gəlib çıxmamıșdı. Bayaqdan bəri gözünü oğlu gedən yola zilləmiş Zivər qarı da gah dərindən köksünü ötürür, gah da olan-olmazını yığdığı düyünçədən bir tikə kiflənmiş çörək çxarıb getdikcə rəngi daha da boğulan gəlinin əlinə dürtürdü:
– Ye, a baxtıqara, ye, ürəyin üzüldü. Bizim də alnımıza belə yazılıbmış.
Gəlinin halı isə pisləşirdi. Lələklərdən darçın rəngi almağa başlayan alnında puçur-puçur tər damlaları görünürdü, arabir dişləri ilə gəmirdiyi alt dodağından qan sızır, üst dodağı isə şoran torpaq kimi keşkə salmışdı. Amma o, cınqırını çəkmirdi.
– Dur, ay qara yollu kişi, – deyə qarı qocaya tərəf döndü, – dedim qalaq xarabamızda, el necə, biz də elə! Qulaq asmadın, irtməyini belinə qaldırdın ki, nə var, nə var, mən gərək sizi ağ günə çıxardam. Çıxartdın ağ günə! Dur görüm, nə yayxanmısan? Dur bir dalda tap, qorxduğum başıma gəlib, bədbəxtin vədəsidi.
– Hara gedim, ay tünbətünün qızı? Belə işin vardı, vaxtında mən ölmüşə deyəydin də…
– Heç mən bilirdim ki? Dilsiz-ağızsız balamın ağznı bıçaqnan da açmaq olmur. O, dərd deyəndi? Həyasından söz danışandı?
Bir qədər aralıda yad bir qarı oturmuşdu, əlindəki ala-bəzək yun corablara müştəri axtaran arvad söhbəti eşitdikdə məsələni başa düşdü. O, Zivər qarıya yanaşıb dedi:
– A bacı, vallah, götürüb evimə aparardım, görürəm dardasınız, amma həm yolum uzaqdır, həm də sizə heç bir rahatlıq düzəldə bilmərəm. – Qarı yaşmağını çəkib qocaya müraciət etdi: – Qardaş, axşam düşür, sən dur, imarətə get, Xan qızını hələ-həlbət gör, de seyidəm, uzaqdan gəlmişəm. Çox səxavətlidir, rəhmlidir, yerdən-yurddan verər, keçinərsiniz. Biz də yavaş-yavaş gəlini gətirərik. Sən get, tez ol, ay qardaş! – deyə qarı gəlininin üzündən vəziyyəti anlayıb qocanı tələsdirdi.
– Mən hara üz tutum, a bacı! Atdı qonaq yerrəşər, itdi qonağa yer olmaz. İtdi qonaqla uşaqlı qonaqdan danışma!
– Kişi, içini məsəl almasın, tələs…
– Qardaş, tez ol, gəlin əlamandadı. Yoxsa bazarın qırağında biabır olluq, – deyə corab satan arvad qocanı tələsdirdi.
Yad arvadın səsindəki həyəcandan işin ciddiləşdiyini duyan qoca yaşına və zəifliyinə yaraşmayan bir cəldliklə bazardan çıxdı.
***
Natəvan qoca seyidi külfətinin ardınca göndərib içəri qayıtmaq istədikdə birdən həyətdəki axşam sükutunu acı bir fəryad pozdu. Onun tükləri biz-biz oldu. Bir an ayaq saxlayıb qulaq verdi. Lakin fəryad təkrar olmadı. Bəyim pillələrin üstünə çıxdı. Gördüyü mənzərə qəlbindəki dəhşət hissini daha da artırdı: pillələrin altında iki qoca qarı və bir də indicə yola saldığı qoca seyidin qolları arasında gənc bir qadın çırpınır, sanki can çəkişirdi. İlk baxışda Xurşidbanu gənc qadının dəli olduğunu zənn etdi. Gəlinin çiyinlərinə tökülmüş saçları, hədəqədən çıxmış gözləri, keşkə atmış dodaqları şairəni titrətdi.
Lakin birdən o, sövqi-təbii ilə məsələni başa düşdü:
Gülzaman, Leyli! – deyə səsləndi. – Baba, zəhmət olmasa, nökərlərə de ki, sizin üçün nə tapşırmışamsa, hazırlasınlar, özün də oturub dincəl. Burada sənlik iş yoxdu; siz də dağılışın, ayə!
Qoca seyid yarıkönül olsa da, hay-küyə gələn nökərlərə qoşulub getdi. Səsə çıxmış Leyli ilə Gülzaman Zivər qarının köməyi ilə Gülgəzi qaldırıb alt mərtəbədəki otaqların birinə aparmaq istədikdə Natəvan qoymadı, köməkləşib gəlini yuxarıya, öz otağına gətirtdi.
– Hə, bura, bura! Gülzaman, sən də döşək sal, tez ol, təmiz mələfə gətir, Leyli, qaç gedəni Gülsüm nənənin ardınca göndər. Yolüstü Mirzə Sadıq həkimə də xəbər eləsin, birdən lazım olar.
Qızlar əmri yerinə yetirməyə dağılışdılar.
Birdən qapı açıldı, başdan-ayağa zər-ziba içində incə, mütənasib bir qız içəri girdi; onsuz da qaymaq kimi zərif və ağ üzü bir az da ağarmışdı:
– Nə olub, anacan?
Bu, şairənin sevimli qızı Xanbikə idi. Natəvan qızına sarı döndü, onun nəvazişkar baxışlarında həzin bir aləm vardı.
Heç bir şey olmayıb, qızım, sən get, narahat olma, dünyaya insan gəlir! – dedi.
Onun səsindəki kədər, gözlərindəki acı iztirab Xanbikəyə nələr demədi… O başa düşdü ki, böyük bir qəlbə malik olan anası bu insanın küçədə, pillələr altında dünyaya gəlməsindən nə qədər iztirab çəkir: “Axı o bu bədbəxtlərdən bu axşam yalnız birini xilas etmişdir, bəs başqaları?!” Anası ona dönə-dönə deyirdi: “Xanbikə, bu yoxsulluğu, bu aclığı, bu ağır həyatı görəndə boğazıma çörək getmir, nə qədər sədəqə versəm, nə qədər əl tutsam, mənə heç görünür. Ah, görəsən, yer üzündən dilənçiliyin, yoxsulluğun kökü kəsildiyi bir gün olacaqmı?” Belə vaxtlarda Xanbikə həmişə başını anasının sinəsinə söykəyib durar, şairəni üzən həyəcanların öz qəlbinə də süzüldüyünü his edərdi. İndi də Natəvanın baxışları çox narahat görünürdü. Sanki bu gözlərdə dünyanın bütün dərdi-səri toplanmışdı.
Qız vəziyyətin getdikcə gərginləşdiyini görüb otaqdan çıxdı. Qapıda o, imarətin mamaçası Gülsüm nənəyə rast gəldi. Gülsüm nənə əlini qızın yumru çənəsinə sürtüb dişsiz ağzı ilə gülümsədi:
– Necəsən, dərdin nənənə?
– Sağ olun, yaxşıyam, nənəcan. Siz necəsiniz?
– Necə olacam, dərdin alım, doğulduğun günü görmüşəm, toyunda da oynasam, daha rahat ölləm.
Qız qızarıb:
– Eh, nənə, – deyib qaçdı.
Qapıya çıxan Gülzaman məzəmmətlə səsləndi:
– Boy, başıma xeyir, nə durmusan, ay nənə? Sənin də vaxtlı-vaxtsız içciyəzini hənək alır.
– Gəlirəm, bala, gəlirəm.
***
Otaqda hamı sevinc içində idi. Zivər qarı ilə Leyli yenicə dünyaya gəlmiş oğlanı çimdirir, Gülzaman yağlı-ədəvəli quymaqdan çay qaşığı ilə Gülgəzə yedirtməyə çalışırdı. Gülsüm nənə ucuna soğan keçirilimiş şişlə otaqda hərlənib “cinləri qovur”, gəlin və uşağın alnına şəhadət barmağı ilə sac qarası yaxırdı. Natəvan isə qucağında dörd aylıq Mir Cabbarı tutub ovundurur və gəlinin arıq, saralmış simasına baxdıqca gözləri yaşla dolurdu.
Nəhayət, Leyli uşağı bələyib qucağına aldı və bəyimin yanına gətirdi, diz çöküb şairəyə təqdim etdi. Xurşidbanu Mir Cabbarı dayəyə verib qundağı aldı; göz yaşları içində gülümsəyərək dedi:
– Dünyaya gəlişini təbrik edirəm. Qədəmin mübarək!
Sonra çağanı qaldırıb üzünə yaxınlaşdırdı, təzə bir həyatın ətrini alır kimi qoxuladı, balaca bürüşük alnından öpdü və qəti bir səslə dedi:
– Nənə, bəri dur!
Gülsüm nənə və Zivər qarı hörmətlə Xan qızına yaxınlaşdılar.
– Nənə, icazə versən, mən bu uşağı oğulluğa götürərəm.
Qarının və bu sözləri eşidən zahının gözlərində fərəh işığı yandı.
– Qurbandı sənə, xanım.
Elə demə, nənə, Allaha xoş getməz. Hərənin bir canı var. – O, Gülzamanın köməkliyi ilə qundağı yaxasından keçirdi. – İndi sən mənim oğlumsan, bunun babasının adı nədir?
– Seyid Yəhya.
Adını Mir Yəhya qoyaq, yaşını Allah versin. Qoy o mənim Mir Cabbarımla süd qardaşı olsun, – ana yaxasının qızıl düymələrini açdı.
– Çox mübarək, əlində-ovcunda qalsın.
– Tez babaya muştuluğa qaçın!
O yanda isə dayə Leyli Mir Cabbarı atıb-tutur, şirin dillə oxşayırdı: “Ay Allah, mınnan üş dənə ver, göydə gedən quşdara ver, çaladakı gomuşdara ver, dərdindən ölmüşdərə ver, tamarzı qalmışdara ver”.
Zahının zəfəran çəkilmiş kimi sarı üzündə xəfif təbəssüm sezilirdi.
***
Aydın bir bahar axşamı idi. Xurşidbanu Natəvan və Fatma xanım Kəminə bağarası cığırla gölçəyə doğru enirdilər. “Məclisi-üns”ün növbəti yığıncaqlarından biri indicə qurtarmışdı. Natəvanın:
“Olmuşam dəhri-bəla içrə bu gün divanə mən.
Varmadım meyxanəyə, sındırmadım peymanə mən”.
– Beytilə başlayan qəzəli bu gün birinci dəfə oxunmuş və məclisin üzvü olan şairlər bədahətən ona nəzirələr deməyə səy etmiş, sonra da yazacaqları nəzirəni növbəti yığıncaqda oxumağı qərarlaşdırmışdılar. Bu gün Natəvan öz qonaqlarını üzərində darçınla (hər qonağın özünə məxsus) müxtəlif beytlər yazılmış firniyə qonaq etmişdi.
Kəştazlı Haşım ilə Hacı Hüsü məşhur tarzən Sadığın çaldığı ecazkar şur təranələri altında Natəvanın yazdığı son qəzəli oxumuş, bülbülləri cəlb etmək üçün bəhsə girmişdilər. Deyirlər ki, buna yalnız Hacı Hüsü nail olmuş, o qədər yanıqlı oxumuşdu ki, bağda ötən boz bülbüllər məclisin cəm olduğu fındıqlıq deyilən yerdəki ağaclara toplaşmış, xanəndənin gözəl səsi, tarın incə nəvaları ilə həmagəng oxumuşdular.
Fatma xanım Kəminə bu gün “Məclisi-üns”ə qonaq gəlmiş və Natəvanın “Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı” mətlətli qəzəlinə yazdığı nəzirəsini oxumuşdu:
“Nə Çin olaydı, nə xaqan, nə Rumü Qeysər olaydı,
Tamam yer üzü bir qəmzənə müsəxxər olaydı”.
“Məclisi-üns”ün üzvləri Kəminənin nəzirəsini böyük rəğbət hissi ilə qarşılamış, hər iki şairəni alqışlamışdı. Bundan sonra bütün şairlər özlərinin eyni rədifli nəzirələrini oxumuşdular.
İndi də Natəvan və Kəminə gölçəyə tərəf endikcə bu səslər və nəvalar onların qulağından getmir, Qarabağın bu iki incə şairəsinin qəlbində səslənirdi.
Onlar erkən çıxan ayın parlaq şüaalrı altında balıq pulu təkin bərq vuran suya dinməzcə baxırdılar.
Gölçənin kənarında, qayığın yanında durmuş oğlan hər iki şairəni gülər üzlə salamladı:
Qayıq hazırdır, – dedi.
Oğlanın hələ lap uşaq üzü kimi məsum və sevimli üzü, çərkəzi paltarı, hündür papağı vardı. Belinə qəmə bağlanmışdı. Natəvan onun uca boyuna baxdıqca qəlbi fərəhlə dolurdu: “Elə belə bir bahar axşamı idi. Qoca seyid imarətə pənah gətirdi. Elə bil dünəndi. İndi isə Mir Yəhya boyum bərabəri cavan olub”, – deyə düşündü və heç kəsi görməyirmiş kimi baxışlarını bir nöqtəyə zilləyib, durdu; nazik dodaqları pıçıldadı:
Əzizim, sən cavan ol, mən qocaldım,
Yıxıldı qəm yükü, altında qaldım,
Va leykin şölələndim, tez qaraldım…
Şairə duruxdu, rübainin son misrasını Kəminə tamamladı:
– Qocalsın qoy zəmanə, sən qocalma…
Natəvan güldü:
Gəl, gəl, Mirzə, – dedi. – Gəl gəncliyin sürdüyü qayığa minək.




