Mayyaların tikdiyi məbədlər bu gün də arxeoloqları və tarixçiləri heyrətləndirməyə davam edir. Daşdan inşa edilən, pilləli piramida formasına malik olan bu məbədlər, əslində, bir-birini tamamlayan iki hissədən ibarətdir: geniş bazaya söykənmiş hündür piramida və onun zirvəsində yerləşən kiçik məbəd otağı.
Mayya məbədləri piramidaya oxşasa da, bəzi xüsusiyyətlətlərinə görə onlardan fərqlənir. Belə ki, piramidaların baş hissəsi itidir, lakin məbədlərin üstü elə deyil, buna səbəb isə onların üstündə inşa edilən meydançalardır. Divarın səthi də Misir piramidalarından fərqlənir, hamar deyil, pillələrdən ibarətdir. Bundan başqa, mayya konstruksiyalarında Misir piramidalarından fərqli olaraq bir tərəfində binanın yuxarısına qalxmaq üçün hündür baş pilləkən də var.
Qvatemala meşələrinin dərinliklərindən tutmuş Yukatan yarımadasının quru düzənliklərinə qədər uzanan bu monumental tikililər təkcə dini inancların deyil, həm də Mayya cəmiyyətinin siyasi gücünün, astronomik biliklərinin və memarlıq zövqünün parlaq nümunəsi hesab olunur.
Araşdırmalara əsasən, bu məbədlərdə keçirilən ritualların miqyası sivilizasiyanın dini dünyagörüşlərindən xəbər verir. Burada qurbanvermə mərasimləri, kralın taxta çıxma ayinləri, astronomik dövrlərin qeyd edilməsi və müqəddəs kitablarla bağlı rituallar qeyd olunurdu.
Məbədlərin üzərindəki relyeflər və heroqlif yazılar Mayya mifologiyasını, dövlət tarixini və astronomik biliklərini günümüzə qədər yaşadan əsas mənbələrdən biridir.
Tarixçilərin diqqətini xüsusilə cəlb edən cəhətlərdən biri Mayya məbədlərinin astronomiya ilə sıx şəkildə inşa olunmasıdır. Bir çox tikili günəşin ilin müəyyən günlərindəki doğuş və batışı ilə dəqiq şəkildə uzlaşdırılıb.
Qeyd edək ki, məbədlər sosial həyatın da mərkəzində dayanırdı. Onlar həm dini mərasimlərin keçirildiyi məkan, həm də siyasi gücün simvolu olaraq sayılırdı. Kral ailəsinin legitimliyi bu tikililərin möhtəşəmliyi ilə özünü göstərirdi; məbədlərin tikilməsi və təmiri hökmdarın gücünü və ilahi dünyayla əlaqəsini nümayiş etdirirdi. Bəzi piramidaların altında və ya yaxınlığında kral məqbərələrinin olması bunu daha da gücləndirir. Eyni zamanda məbədlər elmi fəaliyyətin mərkəzi sayılırdı: kahinlər burada astronomik müşahidələr aparır, təqvim dövrlərini hesablayır, dini və siyasi qərarlar üçün əhəmiyyətli olan məlumatları toplayırdılar.
Tikinti texnikasına gəlincə, mayyalar iri daş bloklardan istifadə edərək möhkəm nüvə yaratmış, sonra isə bu nüvəni əhəngdaşından hazırlanan örtü, freskalar və heykəllərlə bəzəmişlər. Bu tikililər elə tikilib ki, dar olmasına baxmayaraq, səslər əks səda verir və bu da ritualların təsirinin artmasına şərait yaradırdı.
Bu gün Mayya məbədləri həm elmi araşdırmaların, həm də turizmin ən vacib obyektləri arasındadır. Onların hər biri keçmiş bir dünyanın şahidi kimi min illər öncəki həyatın səsini bu günə daşıyır. Arxeoloqlar üçün bu tikililər hələ də açılmamış sirlərlə doludur, çünki hər yeni qazıntı Mayya sivilizasiyasının daha mürəkkəb, daha zəngin bir mədəniyyət olduğunu ortaya çıxarır.
Ləman Vahid



