Türk xalqlarında yazıya, kitab mədəniyyətinə verilən dəyər, eləcə də maddi və mənəvi irsin gələcək nəsillərə çatdırılması həmişə diqqət mərkəzində olmuşdur. İslamın yaranması, “Quran”ın nazil olması, müshəfin tərtibi və “Quran” nüsxələrinin çoxaldılması bu dini qəbul etmiş bir çox türk xalqlarının kitab mədəniyyəti tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Eyni zamanda türk-islam incəsənəti və mədəniyyəti uzun əsrlər boyu öz dini, milli, maddi və mənəvi dəyərlərini qoruyub saxladı, bununla da dünya mədəniyyətində hazırkı mühüm və əvəzolunmaz mövqeyi formalaşdı. Bu baxımdan türk-islam mədəniyyətində yazı sənəti özünün bənzərsizliyi ilə seçilir.
İslam yazı mədəniyyəti tarixində “Əqləmi-sittə” (şeş qələm/ altı qələm) adı ilə tanınan yazı növləri mövcuddur. Bu yazı üslublarının misilsiz nümunələri türk xalqları tərəfindən yüksək qiymətləndirilmiş, inkişaf etdirilərək Osmanlı dönəmində zirvəyə ucalmışdır.
Əqləmi-sittə ilə yanaşı, inkişaf edən yazı növlərindən biri də Osmanlı dövlətinin rəsmi yazısı statusunu qazanmış “Divani” xətti olmuşdur. Qədim təliq xəttinin osmanlılarda əsas təsiri “Divani-Humayun”da istifadə olunan tövqi və riqa yazılarının formalaşmasında özünü göstərmişdir. Fateh dövründəki divan təşkilatında öz əvvəlki xüsusiyyətlərindən tədricən uzaqlaşmağa başlayan bu iki yazı növü qədim təliq xəttinin təsiri ilə sürətlə dəyişmiş və nəticədə “divani” adı verilən yeni – Osmanlı dövlətinin rəsmi yazı forması meydana gəlmişdir. Padşah fərmanları və mənşurları, siyakat, mühimmə və əhkam dəftərləri, dövlətin rəsmi qərarları “Divani-Humayun”da məhz bu xətt növü ilə yazılmışdır. Tövqi və təliq xəttinin xüsusiyyətlərini özündə birləşdirən divani xətti İran (Cənubi Azərbaycan, Təbriz – S.N.) mənşəli olsa da, osmanlılar tərəfindən təkmilləşdirilmiş və dövlətin qurduğu nizamın qüdrətini, ehtişam, əsalət və əzəmətini təcəssüm etdirən əsas yazı növlərindən birinə çevrilmişdir.
Tövqi və riqa yazıları “əqləmi-sittə”yə daxil olan xətt növlərindən hesab olunur. Bu aparıcı üslublar İbn Müqlə və İbn əl-Bəvvab tərəfindən müstədir (yuvarlaq) yazı formaları arasından seçilmiş və hər birinə xüsusiyyətlərinə uyğun ad verilmiş, Yaqut əl-Müstəsiminin fəaliyyəti ilə klassik xətt qaydaları sistemləşdirilmişdir. Bu xətt növləri ikili qruplar şəklində təsnif olunmuşdur: tövqi və riqa, mühəqqəq və reyhani, süls və nəsx. Bu yazıları bir-birindən ayıran ölçü fərqləridir. Əslində, hərf şəkillərinin əsası və cövhəri birdir. Tövqi və riqa bir-birinə yaxın xətlərdir. Mühəqqəq reyhani ilə, süls də nəsxlə bir-birinə çox yaxın olan yazı növləridir, sadəcə olaraq reyhani mühəqqəqdən, nəsx isə sülsdən daha kiçikdir…



