Müsahibə Xəbərlər

Rəsulzadə beynəlxalq antisovet hərəkatının mühüm fiqurlarından biri idi – Şəhla Kazımova ilə müsahibə

Şəhla Kazımova 2002-ci ildə Bakı Slavyan Universitetinin polyak filologiyası ixtisasını bitirib və Polşa Respublikasının dövlət təqaüdünə layiq görülərək 2 il Varşava Universitetinin Şərqi Avropa Araşdırmaları Mərkəzində təhsilini davam etdirib. 2010-cu ildə professor Tadeuş Svyatochovskinin rəhbərliyi ilə “Azərbaycan prometeizmi: Məhəmməd Əmin Rəsulzadənin siyasi və publisistik fəaliyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hal-hazırda Varşava Universitetinin Asiya və Afrika Mədəniyyətləri Fakültəsində (əvvəllər Şərqşünaslıq Fakültəsi) və Şərqi Avropa Araşdırmaları Mərkəzində müəllim və elmi işçi kimi fəaliyyət göstərir, eyni zamanda Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəridir. “Nowy Prometeusz” jurnalının baş redaktoru və Beynəlxalq Prometey Konfransının təşkilat komitəsinin sədridir. “Azərbaycan prometeizmi: Məhəmməd Əmin Rəsulzadənin siyasi və publisistik fəaliyyəti” monoqrafiyası 2021-ci ildə Varşava Universiteti tərəfindən polyak dilində nəşr edilib. Şəhla Kazımova Varşava Universitetinin tarixində Azərbaycan dili fənnini tədris edən ilk alimdir, Azərbaycandakı sosial-mədəni proseslərlə bağlı mühazirələr oxuyur. Yanuş Krzyzowski ilə birlikdə Füzulinin qəzələrini (2014) və Nəsiminin rübailərini (2016) polyak dilinə tərcümə və çap edib. Azərbaycan tarixi, dili, ədəbiyyat və mədəniyyətinin Polşada fəal təbliğatçılarındandır.

“Fuyuzat.az” saytı Cümhuriyyət qurucusu, ideoloq, böyük siyasi lider, mühacirət illərində belə Azərbaycanın azadlıq carçısına çevrilmiş Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında Şəhla Kazımova ilə müsahibəni oxucularına təqdim edir.

Salam, Şəhla xanım, necəsiniz? Vətənimizə xoş gəlmisiniz!

– Çox sağ olun, xoş gördük.

– Şəhla xanım, bugünkü söhbətimiz Azərbaycan Cümhuriyyətinin qurucusu və ideoloqu, böyük siyasi lider Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) həyat və fəaliyyəti ilə bağlı olacaq. Bəşəri ideallar və tarixi gerçəkliklərlə çevrələnən, milliliyə köklənən Məhəmməd Əmin Rəsulzadə irsinin hərtərəfli və dərindən araşdırmaya cəlb edilməsi gələcəyimizə əhəmiyyətli dərəcədə yolgöstəricidir. Necə düşünürsünüz, Azərbaycan Cümhuriyyətinin istiqlalını elan edən M.Ə.Rəsulzadə olmasaydı, indi bizi necə bir tale gözləyəcəkdi?

– Tarixdə “əgər belə olmasaydı” kimi fərziyyələr üzərində düşünmək doğru deyil. Tarix faktlara əsaslanır və bu faktlar kifayət qədər aydındır. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, onun yerində Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı və daha sonra müasir Azərbaycan Respublikası formalaşdı. Lakin bu ardıcıllıq onu göstərir ki, Azərbaycan dövlətçiliyi artıq bir ideya deyil, siyasi və tarixi reallıq kimi mövcud idi və bu reallıqla hesablaşmaq zəruri idi. Məhz bu reallıq 1922-ci ilin sonlarında, dekabr ayında keçirilən X Ümumrusiya Sovetlər Qurultayı zamanı açıq şəkildə üzə çıxdı. Qurultayda Türküstandan olan deputatlar, eləcə də tatar nümayəndəsi Mirsəid Sultanqaliyev Türküstanın və Tatarıstanın birbaşa Rusiyanın tərkibinə daxil edilməsinin ədalətsiz olduğunu bildirir, eyni zamanda Azərbaycan, Gürcüstan və Ermənistanın ayrıca respublika statusuna malik olmasını sual altına alırdılar. Onların narazılığı ondan ibarət idi ki, Azərbaycan hüquqi baxımdan Rusiya Sovet Federativ Sosialist Respublikası ilə eyni statusda, yəni müttəfiq respublika kimi çıxış edirdi.

Bu müzakirələrə cavab olaraq İosif Stalin açıq şəkildə bildirmişdi ki, Azərbaycanın, Gürcüstanın və Ermənistanın “imtiyazlı” mövqeyi təsadüfi deyil. Bu mövqe onların milli hərəkatlarının gücü və faktiki müstəqillik təcrübəsi ilə bağlı idi. Stalin açıq şəkildə etiraf edirdi ki, bunlar partiyanın nəzərə almaya bilməyəcəyi siyasi reallıqlar idi. Bəs bu siyasi və ictimai reallığı kim formalaşdırmışdı? Bu reallıq öz-özünə yaranmamışdı. Onu Məhəmməd Əmin Rəsulzadə və onun ətrafında birləşmiş siyasi-intellektual elita yaratmışdı. Məhz bu qüvvələrin fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti meydana gəldi, cəmiyyətin şüurunda və beynəlxalq siyasətdə iz qoymuş real bir dövlət kimi. Daha sonra bu dövlət formasını dəyişsə də, onun mövcudluğu ictimai şüurda və siyasi praktikada silinmədi. Sovet hakimiyyəti də bu faktla hesablaşmaq məcburiyyətində qaldı.

Məhz buna görə bu gün heç kim iddia edə bilməz ki, Azərbaycan dövlətçiliyi bizə kənardan, yaxud sovet hakimiyyəti tərəfindən “verilmişdir”. Nə respublika idarəetmə formasının seçilməsi, nə də “Azərbaycan” adının dövlət adı kimi qəbul edilməsi təsadüfi və ya zorən qəbul olunmuş qərarlar deyildi. Bunlar Məhəmməd Əmin Rəsulzadə dövründə, şüurlu siyasi seçim nəticəsində formalaşdırılmış fundamental qərarlar idi.

Rəsulzadə eyni zamanda “Azərbaycan” adının seçilməsinin tarixi və siyasi əsaslarını ardıcıl şəkildə izah edir, bu adın xalqın öz müqəddəratını təyin etmək hüququnun təbii ifadəsi olduğunu sübut edirdi. Bu mənada Azərbaycan dövlətçiliyi təsadüfi hadisələrin nəticəsi deyil, şüurlu siyasi strategiyanın və məqsədyönlü dövlət quruculuğu siyasətinin məhsuludur. Bu, fenomenal bir irsdir: Azərbaycan dövləti nə spontan proseslərin, nə də xarici iradənin nəticəsi olmuşdur. O, siyasi elitanın düşünülmüş seçiminin və bu elitanın lideri olan Məhəmməd Əmin Rəsulzadənin ardıcıl siyasi xəttinin nəticəsi kimi meydana gəlmişdir.

– Bir neçə gün öncə Sizin “Mühacirətdə – Fikir və Missiya: Seçim, yoxsa Zərurət?” mühazirənizi dinlədik. Çıxışınız olduqca maraqla qarşılandı. Siz çıxış zamanı bir neçə dəfə vurğuladınız ki, Məhəmməd Əmin Rəsulzadənin Avropaya mühacirəti məcburiyyətdən yox, məhz şüurlu seçimdən qaynaqlanırdı. Oxucularımız üçün bu fikrinizi açıqlaya bilərsinizmi?

– Çıxışımda qeyd etdiyim kimi, Məhəmməd Əmin Rəsulzadənin mühacirətini yalnız şəxsi təhlükəsizlik prizmasından qiymətləndirmək düzgün deyil. Onun qərarlarını mütləq şəkildə həmin dövrdə baş verən siyasi hadisələrin kontekstində nəzərdən keçirmək lazımdır. Rəsulzadə Avropaya, daha sonra isə Türkiyəyə gedərkən artıq geniş siyasi əlaqələrə malik idi; o, həm sol, həm də sağ siyasi dairələrdə, Türkiyədə və İranda kifayət qədər tanınan bir fiqur idi. Bu səbəbdən Rəsulzadə siyasi resurs kimi də qiymətləndirilirdi. O, Stalin üçün milli siyasətdə, eləcə də sovet rəhbərliyi üçün inqilab ideyasının müsəlman Şərqinə ixracında potensial olaraq faydalı hesab edilirdi. Məhz buna görə də, ən azı 1922-ci ildə, Rəsulzadə həyatına birbaşa təhlükə altında deyildi. Əksinə, ona iş təklif olunmuş, müəyyən mənada gələcək siyasi rol üçün hazırlanmışdı. Lakin bütün bunlara baxmayaraq, Rəsulzadə şüurlu şəkildə Moskvanı tərk etdi. Bu qərar nə qorxu, nə də şəxsi məcburiyyət nəticəsində verilmişdi. O, öz üzərinə düşən siyasi tarixi məsuliyyəti anlayırdı. Məhz buna görə mən bu addımı şüurlu seçim adlandırıram.

Eyni yanaşmanı Rəsulzadənin 1920-ci illərin ikinci yarısında, Türkiyədə olduğu dövrdə də görürük. Fiziki və şəxsi baxımdan onun Türkiyədə qalmasına heç bir maneə yox idi: o, geniş əlaqələrə malik idi, maddi cəhətdən təmin olunmuşdu və rahat yaşaya bilərdi. Lakin Rəsulzadə üçün məsələ şəxsi rifah deyildi. O çox yaxşı dərk edirdi ki, Türkiyə şəraitində Azərbaycan məsələsini beynəlxalq miqyasda genişləndirmək və sovet rejiminə qarşı effektiv siyasi mübarizə aparmaq mümkün deyil. Buna görə də şəxsi rahatlığını bir kənara qoyaraq yenidən şüürlu seçim etdi, Polşa ilə əməkdaşlığa razılığını bildirərək Azərbaycan savaşını Avropaya keçirtdi. Bu addım da təhlükəsizlik naminə deyil, milli ideya uğrunda mübarizəni davam etdirmək üçün atılmışdı. Rəsulzadə üçün mühacirət özünü qoruma vasitəsi deyil, müstəqil Azərbaycan məfkurəsini yaşatma vasitəsi idi.

Məhz bu səbəbdən Rəsulzadənin mühacirəti zərurətin diktə etdiyi yol deyil, şüurlu şəkildə seçilmiş bir missiya idi.

– Şəhla xanım, “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan və Polşa milli mücadiləsində” adlı araşdırmanızı oxudum. Orada apardığınız təhlillər əsasında belə nəticəyə gəlirsiniz ki, Rəzulzadə təkcə Azərbaycanın deyil, daha geniş antisovet hərəkatında bolşevik Rusiyası tərəfindən işğal olunmuş xalqların maraqları və Polşanın özünün də mənafeyi uğrunda mübarizə aparmışdır. Odur ki onun siyasi fəaliyyətinin Avropa dövrünün yalnız 1930-cu illərdən başladığını söyləmək düzgün olmaz. 1920-ci illərdə Rəzulzadə məkan olaraq Türkiyədə çalışsa da, Polşa Respublikasının dövlət başçısı Yozef Pilsudskinin Şərq siyasətini həyata keçirən siyasətçilər ilə artıq maliyyə və təşkilati əlaqədə idi. Siz bu qənaətinizdə hansı fakt və mənbələrə əsaslanmısınız?

– Rəsulzadənin publisistikasının səviyyəsinə diqqətlə baxdıqda orada sovet təbliğatına qarşı ardıcıl, cəsarətli və prinsipial bir mübarizə görürük. Azərbaycanda biz çox vaxt Rəsulzadəni yalnız milli kontekstdə dəyərləndiririk. Halbuki sual yaranır: əgər o yalnız Azərbaycan məsələsi ilə məşğul idisə, nə üçün Polşa, Almaniya və daha sonra 1950-ci illərdə Amerikadan olan ideoloqlar onunla təmasa girmişdi? Bunun cavabı aydındır: Rəsulzadə təkcə Azərbaycan istiqlal mübarizəsinin lideri deyildi, o, beynəlxalq antisovet hərəkatının mühüm fiqurlarından biri idi. 1930-cu illərdə sovet təbliğatı Avropada son dərəcə güclü idi və bir çox Qərb dairələri bu təbliğatın təsiri altına düşürdü. Məhz belə bir şəraitdə Rəsulzadə çıxışları, məqalələri və kitabları ilə sovet ideologiyasını ifşa edir, onun mahiyyətini açıq şəkildə göstərirdi. Rəsulzadə yalnız Azərbaycanda baş verənləri deyil, bütün Sovet İttifaqı miqyasında söz, din və vicdan azadlıqlarına qarşı aparılan sistemli zorakılığı təsvir edirdi.

Onun “qızıl istibdadın zülmü altında inləyən millətlər” haqqında yazdıqları təkcə emosional ritorika deyil, sovet rejiminin mahiyyətini açan siyasi diaqnoz idi. Qərbi Avropa ölkələrinin rəsmi dairələri çox vaxt siyasi səbəblərdən açıq şəkildə deyə bilmədiklərini Rəsulzadə açıq və sərt dillə ifadə edirdi. Məhz buna görə o, Qərb ictimai rəyində təkcə azərbaycanlı siyasətçi kimi deyil, antisovet dissident və ideoloq kimi qəbul olunurdu.

Bu fəaliyyət ciddi təhlükə ilə müşayiət olunurdu. 1926-cı ildə Simon Petlyuranın, 1930-cu ildə isə Gürcüstanın keçmiş xarici işlər naziri Noe Ramishvilinin OGPU tərəfindən qətlə yetirilməsi göstərirdi ki, sovet xüsusi xidmət orqanları xaricdə fəaliyyət göstərən antisovet liderləri sistemli şəkildə aradan götürürdülər. Rəsulzadə də real təhlükə altında idi. 1939-cu ildə Almaniyanın Polşaya hücumu zamanı Polşa hökuməti təxliyə edilərkən, hərbi kəşfiyyat əməliyyatı nəticəsində Rumıniyaya köçürülən 13 mühüm şəxs arasında Rəsulzadənin də olması təsadüfi deyildi. Varşavada yaşadığı dövrdə ona silah verilməsi belə onun təhlükə altında olan siyasi fiqur kimi qəbul edildiyini göstərir.

Bütün bunlar onu göstərir ki, Rəsulzadə həyatını təhlükə altına ataraq sovet rejiminin mahiyyətini dünyaya çatdırırdı. O yalnız Azərbaycan davasını aparmırdı; o, antisovet düşərgəsinin nüfuzlu dissidentlərindən biri idi. Məhz buna görə Rəsulzadəni yalnız milli çərçivədə dəyərləndirmək məncə düzgün deyil. Yazılarımda çalışıram, vurğulayım ki, Rəsulzadə Azərbaycan istiqlal mübarizəsinin simvolu olmaqla yanaşı, XX əsr Avropa siyasi tarixində antisovet müqavimətinin beynəlxalq simalarından biri kimi çıxış etmişdir.

– Avropada yaranan antisovet hərəkətı “Promotey” təşkilatının 1930-cu ilə aid broşüründə Azərbaycan öz gerbi ilə təqdim olunur. Bu elə bir ziddiyyətli zaman idi ki, Cümhruriyyətimiz süquta uğradılmışdı və Azərbaycan sovet Rusiyasının hakimiyyəti altında idi. Belə bir vaxtda Məhəmməd Əmin Rəsulzadə mühacirətdə olmasına rəğmən, tək başına çeşidli yollarla İstiqlaliyyətimizi yaşadırdı, unudulmasına imkan vermirdi. Onun hər addımı Azərbaycan ideyasını gələcək minillərə daşımaq olub. Marşal Pilsudskinin fikridir: “Məğlub olub, təslim olmamaq – bu əsl qələbədir!” Polşa arxivlərindən başqa nələr məlumdur bizə?

– Bəli, Azərbaycan gerbi və üçrəngli bayrağı stalinizmin ən ağır illərində, Azərbaycan Xalq Cümhuriyyətinin simvollarına görə insanların həyatını itirə bildiyi bir dövrdə, Məhəmməd Əmin Rəsulzadə tərəfindən mühacirətdə ardıcıl şəkildə qorunur və təbliğ olunurdu. Bu sadəcə simvolik jest deyildi – bu, dövlətçiliyin yaşadılması idi.

Təsəvvür edin ki, 1938-ci ildə Rəsulzadə Varşavada polyak dilində “Azərbaycan istiqlal mübarizəsində” adlı kitab nəşr etdirir və kitabın üz qabığında üçrəngli Azərbaycan bayrağı yer alır. Eyni zamanda Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Mərkəzi bütün fəaliyyətində Cümhuriyyət gerbindən və Bayrağından istifadə edirdi. Gerbi, adı və dövlətçilik simvolları ilə təqdim olunan Azərbaycan artıq mövcud olmayan bir respublika deyil, geri qayıdacaq bir dövlət kimi göstərilirdi. Xarici nəşrlərdə bunu gördükdə istər-istəməz məndə bir bənzətmə yaranır: sanki bir əsgər Bayrağı özü ilə aparır ki, düşmənin əlinə keçməsin. Bu, əlbəttə ki, metaforadır, amma Rəsulzadənin missiyasını çox dəqiq ifadə edir – dövləti itirməmək üçün onun rəmzlərini qorumaq.

Polşa arxivlərinə gəlincə, bu mövzunu tək bir məqalə ilə əhatə etmək mümkün deyil. Bu gün artıq Polşanın Şərq siyasəti, yəni prometeizm, haqqında bütöv sənəd topluları və cildlər nəşr olunub. Bu arxivlər bizə mühacirətin gündəlik fəaliyyətini, daxili problemlərini, fikir ayrılıqlarını və Polşa hakim dairələrinin Azərbaycan məsələsinə münasibətini aydın şəkildə göstərir. Arxiv sənədləri göstərir ki, polyak siyasi düşüncəsində Rəsulzadə sıravi bir mühacir deyil, böyük siyasi çəkisi olan, fikirləri və mövqeyi ilə beynəlxalq əhəmiyyət daşıyan bir dövlət xadimi kimi dəyərləndirilirdi.

Eyni zamanda bu arxivlər yalnız liderlərdən deyil, adi mühacirlərin talelərindən də danışır. Məsələn, mənim üçün maraqlı kəşflərdən biri Fətəli xan Xoyskinin qardaşının oğlu Zahid Xoyskinin Polşada yaşaması oldu. O, Varşavada Şərq İnstitutunda türk dili dərsi deyir, polyak dövlətinin dəstəyi ilə təhsil alırdı.

Təbii, Polşa arxivləri bu məsələdə əsas mənbələrdən biridir, lakin yeganə deyil. Rəsulzadənin fəaliyyəti haqqında məlumatlar Fransa, Almaniya və Türkiyə arxivlərində, eləcə də dövrün mətbuatında, mühacir nəşrlərində və diplomatik yazışmalarda da öz əksini tapır. “Prometey” hərəkatının materialları, müxtəlif ölkələrdə çap olunan broşürlər, jurnallar və proqram sənədləri göstərir ki, Azərbaycan ideyası təkcə Polşa mühitində deyil, Avropa siyasi məkanında yaşadılırdı.

– Azərbaycan siyasi mühacirətinin və Cümhuriyyət tarixinin dəyərli araşdırıcısı professor Nəsiman Yaqublunun “Azərbaycan–Polşa” əlaqələrində M.Ə.Rəsulzadənin rolu” adlı araşdırmasında Rəsulzadənin Polşa mətbuatında yayımlanan yazılarının təhlilinə geniş yer ayırılıb. Bunların içərisində “Qurtuluş” jurnalının 1935-ci ilin may-iyun aylarının 7 və 8-ci sayında çap edilən Yozef Pilsudski haqqındakı yazısı xüsusi yer turur. M.Ə.Rəsulzadə Polşanın qəhrəman oğlu Pilsudski haqqında olan məqaləsini belə yekunlaşdırır: “Mənalı yaşadığı kimi, dünyadan getməsini də yaxşı bilən marşalın vətəndaşlarına buraxdığı vəsiyyət diqqəti cəlb edir: ürəyinin Vyanada anasının ayaqları altında basdırılmasını, beyninin tədqiqat üçün elm adamlarına verilməsini, vücudunun da Vaveldəki tarixi türbəyə götürülməsini istəməklə o, adətən, demək istəmişdir ki, hər Lehli qəlbi ilə anasına, beyni ilə elmə, vücudu ilə də milli tarixinə verilməlidir.

…Lehlilər milli böyük bir qəhrəman itirdilər. Başları sağ olsun. Biz də əsir millətlərin mənəvi bir rəhbərini itirdik. Böyük acıda onlarla ortağız. Lehli vətənpərvərlər çalışacaqlar ki, Lehistan daima qüvvətli və böyük qalsın. Biz də mücadiləmizdə davam edəcəyik ki, millətlərimiz qurtulsun, bir müstəqil dövlət olsunlar!”

Bu gün əgər biz Sizinlə – Polşada ölkəmizi layiqilə təmsil və təbliğ edən alimlə bu müsahibəni apara biliriksə, deməli, Məhəmməd Əmin Rəsulzadə və ideya yoldaşları qalibdir. Siz necə düşünürsünüz?

– İlk növbədə bu xoş sözlərə görə təşəkkür edirəm. Bununla belə, qeyd etmək istərdim ki, mənim heç bir rəsmi səlahiyyətim yoxdur ki, ölkəni təmsil edim; mən yalnız özüm və öz elmi mövqeyim adından danışa bilərəm.

Sualınıza gəldikdə, mənim fikrimcə, Rəsulzadənin timsalında biz məhz Azərbaycan dövləti yarandığı anda qalib gəldik…

Dövlət tarixi fakt kimi meydana çıxdığı andan etibarən bu ideyanı artıq tarixdən silmək mümkün deyildi. Hətta 1920-ci ildə zahirən elə görünə bilərdi ki, Rəsulzadə və onun silahdaşları məğlub oldular. Əslində isə bu belə deyildi. Çünki yaradılmış respublikanı tarixdən silmək mümkün olmadı. Onun adını dəyişmək olar, yanına “sovet” sözü əlavə etmək olar, rəmzlərini qadağan etmək olar, lakin bir dəfə mövcud olmuş dövlətçilik təcrübəsini xalqın siyasi şüurundan çıxarmaq mümkün deyil. Azərbaycan Sovet Sosialist Respublikası belə mahiyyət etibarilə əvvəllər mövcud olmuş Azərbaycan Respublikasının üzərində qurulmuşdu və sovet hakimiyyəti də bu faktla hesablaşmalı olmuşdu. Məhz burada siyasi mühacirətin tarixi rolu üzə çıxır. Rəsulzadə mühacirətdə olarkən artıq mövcud olmuş dövlətin ideyasını, adını və rəmzlərini qoruyur, onları gələcəyə daşıyırdı. O, uduzulmuş bir döyüşün deyil, qazanılmış bir dövlətin yaddaşını yaşadırdı. Bu gün Azərbaycan müstəqil, suveren, öz ərazisində heç bir xarici qüvvə yerləşməyən bir dövlətdir. Bu, tarixdə atılmış şüurlu addımların və qorunmuş dövlətçilik yaddaşının nəticəsidir. Biz bu davamlılığı itirməməliyik ki, tariximiz qırılmasın, axarlı və mənalı şəkildə gələcək nəsillərə ötürülsün.

Çox sağ olun, Şəhla xanım!..

Müsahibəni hazırladı: Fidan Vahid

Rais Rəsulzadə ilə

Məhəmməd Əmin Rəsulzadənin bacısı nəvələri ilə