Zəngin tarixi, çoxsaylı nümunələri və problemləri ilə Azərbaycanın ictimai-mədəni həyatında mühüm yer tutan mətbuatımızın yüksəlməsi heç də asanlıqla olmayıb. Yarandığı gündən senzura ilə qarşılaşıb, ideya-fikir axtarışları təqib olunub, siyasi basqılara tuş gəlib.
1905–1908-ci illərdə nəşr olunan “İrşad” da bu səpkidən olan mətbu orqanlarımızdan biri olmuşdur.
Müdir və imtiyaz sahibi Əhməd bəy Ağaoğlu olan qəzetə 1908-ci ildən müvəqqəti redaktorluğu Məhəmməd Əmin Rəsulzadə etmişdir.
Gündəlik nəşr olunan “İrşad” ədəbi, siyasi, elmi, iqtisadi və ictimai qəzet idi. Əxlaqi dəyərləri qabardan qəzet insan azadlığının islami dəyərlərlə eyniyyət təşkil etdiyini qeyd edir və öz oxucularına çatdırırdı. Qəzet bir çox senzorların təzyiqlərinə məruz qalmağına baxmayaraq dövrün aktual problemləri ilə bağlı məqalələr dərc edirdi.
Xalqı azadlıq və müstəqilliyə, vətəni bütövlüyə qovuşdurmaq yolunda “İrşad” məhz adına layiq iş görüb, sözün əsl mənasında yolgöstərən rolunu oynayıb. Bir çox ziyalılarımız, qələm sahiblərimiz “İrşad” qəzeti ilə əməkdaşlıq edib, orada bugünkü günümüzlə səsləşən dəyərli yazılarını çap etdiriblər.
Üzeyir Hacıbəyli irsinin önəmli sahəsini onun publisistikası təşkil edir. Ədib yaradıcılığa publisistik yazılarla başlamış, Azərbaycan və rus dillərində məqalə, felyeton, resenziya, səhnəcik, açıq məktub və s. formalarda yüzlərlə əsərini nəşr etdirmişdir.
Azərbaycan həqiqətlərini dünyaya duyurmağa çalışan ictimai xadim, peşəkar musiqiçi, publisist-jurnalist Üzeyir Hacıbəyli “İrşad”ın ən fəal əməkdaşlarından olub. Buradakı fəaliyyəti müddətində təqribən 100-ə yaxın publisistik məqalə, “Ordan-burdan” imzası ilə 200-dən çox felyeton yazmışdır. O, “İrşad”ın felyetonçusu kimi şöhrət qazanmışdır.
Üzeyir bəyin “Qəzet oxuyan” felyetonuna nəzər salsaq görərik ki, o, sözün əsl mənasında cəhaləti, nadanlığı açıq-aşkar ifşa edir, eyni zamanda qəzetin insanların həyatında necə mühüm rol oynamasını aydın şəkildə təqdim edir.
“Qəzet oxuyan müsəlman qəzetdən məlumat qazanır, biliyi artır. Ona görə “qəzet oxumaq müsəlmana haramdır”. Qəzet oxuyan müsəlmanın ağlı artır, dargöz olmur. Hər bir işə əqli səlim nöqteyi-nəzərindən baxır. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”. Qəzet oxuyan müsəlman öz dərdinə dərman, ehtiyaclarına əlac, işinə əncam tapır. Ona görə, “qəzet oxumaq müsəlmana haramdır”.
Ona görə müsəlmanlar məlumatsız, biliksiz olsunlar, dünyadan xəbərləri olmasın. Dargöz, ağlı gödək olsunlar, öz dərd və ehtiyacından, qorxulu müsibətindən bixəbər olub, çarəsiz qalsınlar; ürəkləri deşən qəmdən xilas olub, təsəlliyab olmasınlar. Bunların hamısı “halaldır!”
Üzeyir bəy dövrün ən aktual problemlərindən bəhs edən mövzularda məqalə və felyetonlarını 1906-cı ildə “İrşad” qəzetinin səhifələrində dərc etdirmişdir.
Dahi şəxsiyyətin “İraşad”a verdiyi önəmi, diqqəti və qayğını onun publisistik fəaliyyətində açıq-aydın görürük.
“İrşad” bağlandıqdan sonra onun haqqında bəzi xoşagəlməz fikirlərə cavab olaraq Ü.Hacıbəyli deyirdi ki, bağlanmış “İrşad”ın ən yaxın əməkdaşı olduğum üçün mən laqeyd baxa bilmərəm ki, “Tazə Həyat”ın redaktoru Vəzirovun “Bakinski den” in 40-cı nömrəsində onun ünvanına nalayiq şər atması ucbatından ləkələnmiş olsun. Odur ki rus kütləsi qarşısında etiraf edən redaktora kiçik cavab verməyə məcburam. Və o öz cavabını bu cür verdi: “İrşad”ın hər hansı bir rəqabətdən ehtiyat etməyə ehtiyacı yoxdur. O öz mənafeyini güdən yox, xalqın rifahının qeydinə qalan qəzet idi. Bildirdi ki, “Tazə həyat” xalq üçün həqiqətən də faydalı bir orqan olmuş olsa idi, “İrşad” ona yaxşılıqdan başqa heç nə arzulamazdı. Lakin sizin qəzet hansı niyyətiniz naminə müsəlman cəmiyyəti arasına nifaq salıb onu bilirik. Bu cür niyyətinizi görüb “İrşad” biganə qala bilməzdi”.
Ü.Hacıbəylinin öz əsərlərində qoyduğu əsas məsələlərdən biri xalqın düşmənə qarşı apardığı mübarizədə birliyin, vəhdətin olması məsələsidir. Onun fikrincə, azadlıq və istiqlaliyyət xalq taleyinin heç nə ilə müqayisəyə gəlməyən əvəzolunmaz nemətidir.
Görkəmli publisist xalqımızın vicdan azadlığını, milli və dini birliyini yüksək qiymətləndirirdi.
Üzeyir bəy erməni fitnəkarlığı sayəsində baş verən gərginlikləri aradan qaldırmaq, onların günahkarlarını cəzalandırmaq əvəzinə, münasibətləri daha da gərginləşdirən rəsmi hökumət dairələrini heç də nəzərdən qaçırmır, fürsət düşdükcə rus bürokratiyasını ifşa edərək gözdən salırdı.
Üzeyir Hacıbəyliyə görə, əsl jurnalist ancaq gördüyünü vicdanla yazmalıdır. Həqiqəti yazmaq əsl jurnalistin ən mühüm məsləyidir. Həqiqi milli mətbuata qırılmaz tellərlə bağlanmış Üzeyir bəy tarixin mötəbər təmsilçisi hesab olunur, yaşadığı zəmanədə jurnalistikanın köməyinə böyük ümidlər bəsləyir.
Üzeyir Hacıbəyli sözünü ciddi və yumorla, yumşaq və kəskin, rahat və bitkin ifadə etməyi bacaran bir publisistimiz olub. Onun zəngin yumoristik söz yaradıcılığı dövrü mətbuatda, əsasən, “Ordan-burdan” başlığı altında dərc olunurdu. “Bazar söhbəti”, “Məzhəkə”, “Təhsil” kimi əsərləri, “Tərəqqi və gerilik”, “Ha fikir edirəm başa düşmürəm” kimi yazıları çox dəyərli felyetonlarındandır.
Zamanında dahi şəxsiyyətin “Ordan-burdan” imzası ilə yazdığı əsərlərdən bəziləri nəşrdən kənarda qalmış və ixtisar edilmişdir. Professor Şirməmməd Hüseynov həmin nəşrlərin əksəriyyətini toplayaraq “Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş “ixtisar və redaktə” edilmiş əsərləri” adlı kitabını oxuculara təqdim etmişdir.
Dövrün görkəmli ədib, şair və publisistlərini ətrafına toplayan “İrşad” təkcə xalqın gedəcəyi yolu göstərmir, qarşıya çıxacaq çətinlikləri, məzhəb ixtilaflarını qələmə alır, cəmiyyəti birləşdirəcək dəyərləri təbliğ edirdi. “İrşad” irsini araşdıran professor Şamil Vəliyev qeyd edir ki, bu mətbu orqan qurulacaq dövlətin, azadlığa çıxacaq Azərbaycanın naminə çalışır, gündəlik işin, yaşanacaq ideyaların düsturunu müəyyənləşdirirdi. Bu düstur yaşam və düşüncənin formatı “Tərcüman”ın redaktor və naşiri İsmayıl bəy Qaspralının “dildə, fikirdə, işdə birlik” ideyası idi. Az sonra bu ideya əsasında formalaşan və mahiyyət baxımından daha geniş olan, həmçinin Əli bəy Hüseynzadə tərəfindən formulə edilən “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyası artıq “İrşad”ın ideologiya kimi formalaşdırdığı istiqamət və vətəndaşlıq yolu idi.
Bəli, Üzeyir Hacıbəyli o cür xoşbəxt ictimai xadimlərimizdəndir ki, zaman keçdikcə onun böyüklüyü, humanistliyi parlaq şəkildə gözə dəyməkdədir. Onun yazdığı məqalə və felyetonları Azərbaycan publisistikasında tayı-bərabəri olmayan sərvətlərdəndir. Üzeyir bəyin publisistikası ictimai həyatın irəli sürdüyü vacib problemlərə həm vaxtında, həm də çox obyektiv cavab verir.
Elmira Həsənova



