Ədəbiyyat Xəbərlər

Balaş Azəroğludan şeirlər

Könlüm bahar istəyir

Könlüm bahar istəyir…
Doqquz aylıq həsrəti qəlbimdən silə bilsin.
Könlüm bahar istəyir…
Bütün təravətiylə qəlbimə gələ bilsin.

Könlüm bahar istəyir…
Çayları, irmaqları şəlaləyə döndərə,
Məclis qura, laləni piyaləyə döndərə.
Bənövşəsi arx boyu düzüləndə yan-yana,
Öz ətrindən məst ola, boynu əyilə yana.
Buludlardan yol çəkə zanbağın ayağına,
Yağışdan inci düzə qönçənin yanağına.

Könlüm bahar istəyir…
Hər çatanda qaşını,
Neçə kəmənd toxuya günəşin zərrəsindən.
Dağların göz yaşını
Gilə-gilə axıda çalmalı zirvəsindən.
Dumanı çəmənlərə, bağlara örpək ola,
Gülləri gəlinlərə, qızlara çələng ola.

Könlüm bahar istəyir…
Qoca Sədi demişkən:
“Səhər dan yeri söküləndə dağ döşündə dayanam…”
Çiçəklərin ətrindən
Güneyində məst olub, quzeyində oyanam.
Üfüqdə halay vuran buludlar gülüşəndə
Gurşadından islanıb, qızınam günəşində.
Könlüm bahar istəyir…
Rəngi bol, neməti bol,
gülabı, nabatı bol.

Şöhrəti eldə qala.
Elə bahar ola ki,
Gələn bahara kimi
Söhbəti dildə qala…

Kəpənək

Zərli qanadını açaraq yenə
De, hara uçursan, hara, kəpənək?
Hamı heyran qalmış gözəlliyinə,
Üstünün xalları qara kəpənək,
De, hara uçursan, hara, kəpənək?

Bahar bəzədikcə çəməni, bağı,
Quşlar budaqları eləyir məskən.
Öpür ayağını gülün dodağı
Qönçədən-qönçəyə hər qonanda sən
Quşlar da budaqda eləyir məskən.

Nə qədər xoşbəxtsən, şair, sənətkar
Adını bülbüllə çəkir yanaşı.
Nə nəğmən, nə də ki, gözəl səsin var,
Fəqət çiçəklərin yaxın sirdaşı
Bülbüllə çəkilir adın yanaşı.

Bəlkə də, hamıdan böyükdür dağın,
Bu dərdin, sevincin kimə bəllidir?
Bəlkə, güldən-gülə uçub qonmağın
Səninçün ən böyük bir təsəllidir,
Bu dərdin, sevincin kimə bəllidir?

Bəlkə, min arzun var, min diləyin var,
Hanı təbəssümün, göz yaşın hanı?
Bəlkə, qəmlə dolu bir ürəyin var,
Dərdini söyləsən tutar dünyanı?
Hanı təbəssümün, göz yaşın hanı?

Çəməndə oynayan körpə uşaq tək
Uçursan, uçursan dinclik bilmədən.
Arzunu duymayır bir gül, bir çiçək,
Dinib danışmırsan bircə kəlmə sən
Uçursan, uçursan dinclik bilmədən.

Sözlərim dəyməsin incə qəlbinə,
Anıram hər səhər, hər axşam səni.
Könlünün sirrini aç, danış mənə,
Axı mən şairəm duyaram səni;
Anıram hər səhər, hər axşam səni.

Zərli qanadını açaraq yenə
De, hara uçursan, hara, kəpənək?
Düzü, heyran oldum gözəlliyinə,
Ey üstünün xalı qara kəpənək,
De, hara uçursan, hara, kəpənək?