Ədəbiyyat Kültür-sənət Xəbərlər

Ömürdən ötən illər

Balaş Azəroğlu

Həkim otağa girəndə mən gözlərimə inanmadım və qeyri-ixtiyari: “Doktor, bağışlayın, sizin adınız Xeyrənisədir?” – dedim.

Mənim bu gözlənilməz sualımdan həkim tutuldu, özünü itirən kimi xeyli dinmədən üzümə baxdı və: “Yox, mənim adım Xeyrənisə deyil”, – dedi. Və bunu da əlavə etdi: “Məgər Bakıda Sizin Xeyrənisə adlı həkim tanışınız var?”

Mən adımı və familiyamı dedim. Bakıda 21 nömrəli məktəbdə oxuduğum zaman sinfimizdə Xeyrənisə adlı bir qızın oxuduğunu və həkimi ona oxşatdığımı dedim. “Adam-adama oxşayar”, – dedi və söhbəti uzatmamaq üçün məni müayinə etməyə başladı. Dərman yazdı, iki gün yataqda qalmağı məsləhət görüb getdi. O gedəndən sonra Xeyrənisənin bütün əlamətlərini yadıma salmağa çalışdım. Bəli, bu Xeyrənisə idi. 8 il müddətində bir az dəyişsə də, o idi. Görəsən, sinifdə o qədər mehriban, alicənab olan və mənimlə də həmişə yaxşı münasibətdə olan qız nə üçün özünü gizlətdi?

İki gün bu hadisədən qabaq Bakının nümunəvi məktəbi olan 132 nömrəli məktəbdə qonaqları məktəbin müdiri salamlayanda onu tanıdım. Bu, orta məktəbdə bizim tarix müəllimimiz olan Səidə İmanzadə idi. İmkan tapan kimi özümü ona nişan verdim:

Müəllimə, mən 21 nömrəli məktəbdə sizin şagirdiniz olmuşam, filankəsəm. O diqqətlə üzümə baxıb gülümsədi və “çox şadam” deyib qonaqlara izahat vermək üçün qabağa keçdi. Bir daha nə mənə yaxınlaşdı, nə də mənim gözlədiyim sualları verdi.

Xəstə yatağında olduğum gün Səidə müəllimə ilə Xeyrənisənin hərəkətlərini çox götür-qoy etdim. Axırda ağlıma gələn bu oldu ki, mən ehtiyatsızlıq etmişəm. Axı indi mən artıq 21 nömrəli məktəbin tələbəsi deyil, İrandan gəlmiş xarici qonağam.

1937-ci ilin hadisələrindən illər keçsə də, hələ də Bakıda o ab-hava davam edir, adamların canından o illərin qorxusu çıxmamışdı. Mən bütün bunları unudub ehtiyatsız hərəkət etmişdim.

Əgər onlar məni tanımadıqlarını bildirib, mənim arzu etdiyim kimi, mənimlə ötən illər haqqında uzun-uzadı söhbət etsəydilər, yəqin ki, sabahısı gün onları sorğu-suala çəkəcəkdilər: “Kim idi o adam, səndən nə xəbər alırdı… daha nə danışdınız…, hamısını yazın verin… Məgər bilmirdiniz ki, onlar xarici qonaqlardır? Və s. və i. a.

Bütün bunları özümə aydınlaşdırandan sonra daha oxuduğum məktəbə gedib müəllimlər ilə görüşmək fikrindən daşındım. Ancaq məhəlləmizə getmək, son dəfə oranı görmək fikri başımdan çıxmırdı.

Mən xəstələndiyim günün axşamı qonaqlar qatarla Gəncəyə yola düşdü. Səhər yeməyindən sonra mən də geyinib otaqdan çıxdım. Fikrim də bu idi ki, soruşsalar “ürəyim darıxır, hava almaq üçün dəniz kənarına çıxıram” deyim. Ancaq xoşbəxtlikdən soruşan olmadı. Dənizkənarı bulvara çıxdım. Günəşli may səhəri idi, hava sakit,dəniz sakit. Oturub bir xeyli dənizə tamaşa etdim, sonra durub bulvardan Sovet küçəsinə gedon 2 nömrəli tramvaya mindim və gəlib məşhur “Hüseynbala açıqlığı”nda düşdüm. Ətrafa ötəri nəzər saldım, gördüyüm dükanlar bağlı, meyvə satan köşklər yox idi.

Keçən günləri yadıma salıb, dayanıb ətrafa daha diqqətlə baxmaq istəsəm də, dayanmadım ki, görənlər məni nabələd hesab etməsinlər. Axı müharibə dövrü idi, adamlar biri-birinə nəzarətçi idi.

Tanış küçə ilə öz məhəlləmizə tərəf getdim. Xoşbəxtlikdən küçədə tanış bir nəfərə də olsun rast gəlmədim. Həyət qapımız açıq idi. Həyətdə bir neçə uşaq oynayırdı, rus balalarına oxşayırdılar. Həyətə girmədim, küçədə dayanıb ətrafa baxdım, uşaqlıq illərimi, aşıq, çilingağac, qayışqapdı və s. oynadığımı xatırladım. Bir anlığa o illərə qayıtdım. Ovsunlanmış kimi bir xeyli dayandım, hər şeyi unutmuşdum. Məni görüb şübhələnəcəkləri heç yadıma düşmürdü, bir də bura bizim öz məhəlləmiz idi, görən olsa da tanıyacaqdı… Qonşu qapıların hamısı örtülü idi. Yəqin, orada yaşayan iranlıları da sürgün etmişdilər… Bu zaman qapıların birindən bir qadın çıxdı, mənim tərəfə baxıb getmək istəyəndə, nə isə fikirləşdi, bir də qayıdıb baxdı və mən onu tanıdım. Bizim köhnə qonşumuz idi. Ona tərəf getdim, o da durub diqqətlə mənə baxırdı. Salamlaşıb, adını dedim. Elə bil səsimdən tanıdı:

– Bu sənsən? Məşədi Zəhranın oğlu?

– Bəli, mənəm, dedim.

O qucaqlayıb üzümdən öpdü və məni evə dəvət etdi. Həyətdəki qadınlar mənim gəldiyimi eşidib otaqda başıma toplaşıb, kimi heyrətlə, kimi gözləri dolmuş halda məni süzürdülər. Elə bil o dünyadan və ya dava meydanından qayıdıb gəlmişdim.

– Yazıq anan Məşədi Zəhra, evi, mülki qoyub ağlaya-ağlaya getdi. Atanı, ananı İrana sürgün etdilər. Deyirdilər səni də Sibirə göndəriblər, nə yaxşı ki, sağ-salamat qayıdıbsan.

– Yox, dedim, Sibirə yox, məni də İrana sürgün etdilər.Bas ananı, atanı görə bildin? Yazıq Zəhra…Bəli, tapdım. Ərdəbildə yaşayırıq.

– Çox şükür, çox şükür, bəs nə əcəb qayıdıb gəlmisən? Deyirlər İrandan qonaqlar gəlib. Düzdür?

– Bəli, mən də o qonaqlarla gəlmişəm. Bu gün vaxt tapıb gəldim evimizi,qonşuları görəm…

Xeyli söhbət etdik, nahara saxlamaq istədilər, qalmadım. Dedim ki, mehmanxanada oluruq, nahar vaxtı məni görməsələr narahat olarlar, axtararlar. Məhəllə uşaqlarını soruşdum, neçə nəfərə ölüm kağızı gəldiyini dedilər, ağladılar, mənim də gözlərim doldu… Beləcə, ata mülkündən, uşaqlıq aləmindən ayrıldım…

Mənbə: “Azərbaycan jurnalı”, №10, 2002-ci il.