Kültür-sənət Xəbərlər

Ömrün zirvələri

Rüstəm Əfəndiyev
Azərbaycan Milli Xalça Muzeyi
aparıcı elmi işçi
rustam-efendi@mail.ru

“Ömrün zirvələri”. Müəllif: Əfşan Rzayeva. 2022-ci il.

Xalça Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi Texnologiyalar şöbəsində ərsəyə gətirilib

Adətən, hər hansı bir tarixi şəxsə həsr olunmuş xalça sadəcə onun portretindən ibarət olur. Ancaq bu işlə müəllif – Lətif Kərimovun nəticəsi, rəssamın irsinin davamçısı xalçaçı-rəssam Əfşan Rzayeva özünün ilk əsərində çoxdankı arzusunu reallaşdıraraq çoxşaxəli, unikal istedada malik və tarixə öz adını həkk etdirmiş Lətif Kərimovun şəxsiyyətini adi portretdən kənar bir tərzdə açmağa çalışmışdır. Bir sənətşünas kimi bu kompozisiyanın yaranması və ərsəyə gətirilməsində, tərtibatında rolumuz olan bu süjetli xalçada həm də rəssamın həyat yolu, ona təsir edən əsas məqamlar, maraq və istedadları təsvir edilmişdir.

Təqdim edilmiş süjetli xalça xalçaçı rəssam, Azərbaycan SSR Xalq rəssamı, alim, dünyada ilk xalça muzeyinin yaranmasının təşəbbüskarı, Azərbaycan xalça elminin təməlini qoyan Lətif Kərimovun həyat və yaradıcılıq yoluna həsr edilmişdir. Burada aşağıdan yuxarıya doğru rəssamın keçdiyi uzun və maraqlı həyat yolunun əsas məqamları müxtəlif süjetlər vasitəsilə təsvir edilib. Lətif Kərimovun bioqrafiyası ilə azca tanış olan tamaşaçı rahatlıqla bütün süjeti anlaya bilər.

Məlum olduğu kimi, L.Kərimov 1906-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Bu da xalçanın sol aşağı küncündə Şuşa qalası ilə təsvir edilib. Ardınca balaca Lətifin xalça dünyasına ilk addımları – anası Telli xanımın dəzgah arxasında ikən onunla bərabər oturması süjeti ilə göstərilib. Vərnidəki əjdaha təsvirləri və “Malıbəyli” xalçasında istifadə olunan bulud elementlərinin verilməsi bu hissədə rəssamın həyatının Qarabağda keçən ilərinin əks edildiyini göstərir.

Sağ küncdə karvan təsviri ailənin İranın Məşhəd şəhərinə yollanmasının tərənnümü kimi göstərilib. Memarlıq abidələri də Məşhədin görüntüləridir. Xalça naxışları və kiçik xalça təsvirləri isə Lətif Kərimovun məhz Məşhəddə xalçaçılıqla ciddi məşğul olmağa başlaması, ümumiyyətlə bu sahəyə peşəkar marağın oyanmasının rəmzi kimi əks edilib. Dəvə həmçinin Lətifin hələ gənc yaşlarında xalça ticarəti ilə məşğul olması və uğurlu bir tacir kimi fəaliyyət göstərməsini də tərənnüm edir. Belə ki, artıq 23 yaşında Lətifin orada şəxsi xalça emalatxanaları var idi. Sonradan bəzi səbəblərdən SSRİ-yə qayıtmalı olan rəssam bu fəaliyyətinə son qoymalı olur. 1929-cu ildə vətənə qayıdıb ailə qurduqdan az sonra, o, yeni yaradılmış “Azərxalça” birliyində işə başlayır. Xalçada “Azərxalça” İstehsalat Birliyinin loqosunun verilməsi isə, sözsüz ki, L.Kərimovun Azərbaycana qayıtdıqdan sonra ömrünün böyük hissəsini bu müəssisəyə, onun inkişafı və fəaliyyətinə həsr etməsinə işarədir. Ara sahənin sol tərəfində təsvir olunan iplərin boyanması prosesi səhnəsi isə rəssamın həm də boyaqçılığın incəliklərini bilməsinin tərənnümüdür.

Kompozisiyada həmçinin Lətif Kərimovun banisi olduğu Azərbaycan Milli Xalça Muzeyinin (o zaman Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyi adlanırdı) ilk binası-İçəri Şəhərdəki Cümə məscidi təsvir edilib. Xalçada həm də alimin Şərq poeziyası və muğamı dərindən bilməsi Qarabağa aid xalçanın fonunda təsvir olunan muğam üçlüyü və onun öz müəllifi olduğu şeir misraları ilə göstərilib:

“Birdən birə yoxa çıxdı bədbəxtə bu görüşmək,

Nə oldu ki, hicrana döndü, gözəl, o sevişmək”.

Gözümüz xalça boyu yuxarıya doğru getdikcə biz Lətif Kərimovun istedadının daha bir şaxəsi ilə tanış oluruq. Belə ki, Lətif Kərimov interyer tərtibatı sahəsində də yetərincə uğurlar qazanmışdı. O, 1939-cu ildə Moskvada keçirilən Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin Azərbaycan pavilyonunun dekorasiyasının tərtibatını işləmişdi. Kompozisiyanın yuxarı künclərində Əfşan Rzayeva babasının memarlıq abidələrinin bədii tərtibat sahəsindəki daha bir uğurunu – Nizami adına Ədəbiyyat muzeyinin bəzəklərini göstərib. Muzeyin binasının fasadı bu məqamı bir daha aydınlaşdırır.

Xalçanın sağ hissəsində L.Kərimovun müəllifi olduğu kompozisiyalar, solda isə onun dünya kolleksionerləri və xalça mütəxəssisləri, sənətşünasları tərəfindən rəğbətlə qarşılanan “Azərbaycan xalçası” monoqrafiyasının təsviri verilib. Kompozisiyanın mərkəzində Lətif Kərimovun portreti toxunub. Bu onun sanki keçən ömrünə yuxarıdan düşüncəli bir baxışı ilə əks edilib. Portretin soyuq rəngdə işlənmiş fonu bu obrazı ümumi xalçadan ayıraraq onu qabardır. Nəhayət, kompozisiya Lətif Kərimovun imzası ilə bitirilir.

Ara sahədə rəssamın sevimli elementlərindən doldurucu naxışlar kimi istifadə edilib.

Xalçanın haşiyəsi Lətif Kərimovun müəllifi olduğu xalçalardan götürülüb. Burada “Əfşan”, “Əsrlərin nəğməsi”, “Çiçəkli-buta”, “Xətai” adlı xalçaların haşiyələri yer alıb. Ara sahənin fonu xalçanın isti koloritinə uyğun olaraq qırmızı rəngdə işlənmişdir.

Ədəbiyyat siyahısı:

1. Dariush Pourkian. «Latif, man of Love And Art». Austin Macauley Publishers.

2. Röya Tağıyeva. «Lətif Kərimov fenomeni». Bakı, Elm, 2006.

3. Kübra Əliyeva, Eldəniz İbrahimov. «Lətif Kərimov həyat və yaradıcılığı». «Aspoliqraf», Bakı, 2007.