Ədəbiyyat Nigar Cəfərzadə Xəbərlər

Ken Kizinin şeytanları və mələkləri

Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Kennet Elton Kizi (Ken Kizi) 1935-ci il sentyabrın 17-də Kolorado ştatının La-Xunta şəhərində Ceneva və Frederik Kizinin ailəsində anadan olmuşdur. Gəncliyində güləşçi kimi böyük uğurlara imza atsa da, yarışların birində aldığı zədə onun idman karyerasına son qoymuş, daha sonra özünü aktyorluq və ədəbiyyat sahəsində sınamışdır.  Keşməkeşli, enişli-yoxuşlu həyat yaşamağına baxmayaraq, ömrünün sonunadək qələmi əlindən yerə qoymamışdır. Epik növün müxtəlif janrlarında yazıb-yaratmış Kizi daha çox roman və hekayə müəllifi kimi şöhrət qazanmışdır. O, əsərlərində sadə insan obrazları yaratmışdır ki, bu obrazlar bir-birindən nə qədər fərqlənsələr də, bir o qədər də daxilən yaxındırlar. Çünki heç bir obraz fövqəladə deyil, yazıçının müşahidələri əsasında həyatın özündən götürülmüş, cəmiyyət içində olan insanlardır. Bu, səbəbsiz deyildi, o yaratdığı hər obrazın daxili aləminə bələd idi.

Ken Kizini dünya ədəbiyyatında məşhurlaşdıran “Ququ yuvası üzərindən uçar­kən” romanını da həyati təcrübəsi əsasında qələmə almışdır. Bir müddət psixoloji problemləri olan insanların müalicə aldığı xəstəxanada xidmətçi kimi çalışan yazıçı gördüklərini cəmiyyətə çatdırmaq istəyir. Ancaq nə edirsə, qələmi naqis olur. Müşahidələrini və yaşadıqlarını orijinal təsvirlərlə kağıza köçürmək üçün psixoloji xəstələrə verilən dərman vasitələrindən könüllü qəbul edir və onların psixoloji vəziyyətini anlayıb romanını elə qələmə alır. Roman tez bir zamanda oxucu kütləsi qazanır, yazıçıya o vaxtacan qazanmadığı şöhrət gətirir. Ancaq bundan sonra heç nə əvvəlki kimi olmur. Fədakar yazıçı əsərini bitirəndən sonra həmin narkotik tərkibli maddənin aludəçisi olduğu üçün həbs olunur, amma psixoloji narahatlıqları nəzərə alınaraq tez bir zamanda azad buraxılır. Daha sonra uzun müddət müalicə alır. Həyatının sonunacan həmin illərin yarasını daşıyan Ken Kizi 2001-ci ilin noyabrında xərçəng xəstəliyindən vəfat edir.

O həm də hekayə ustası idi, hekayələri də romanları kimi orijinallığı ilə seçilirdi.

Ken Kizinin heka­yələri, esseləri “Şeytan qutusu” toplusunda çap olunmuşdur. 

Qeyd edək ki, kitabda yer alan hekayələr avtobioqrafik səciyyə daşıyır. Belə fərz edilir ki, Ken Kizi həbsxana həyatında gördüklərini məhz bu kitabda təsvir etmişdir. Əsərin “qutu” adlandırılmasını isə yazıçı özü belə açıqlayır: “…Bu bir roman, yaxud jurnalistikaya aid məqalələr toplusu deyil. Ancaq özündə hərəsindən bir neçə ünsür daşıyan “qutu”dur. Çünki içində hər şey var: jurnalistikaya məxsus məqaləçilik, romana xas hekayəçilik və həyatın özündən talelər. Əgər mən bunu bir roman kimi düşünsəydim, yəqin ki, obraz və süjet ardıcıllığında bir sıra dəyişikliklər edərdim… Əvvəlcə mən bu hekayələri kiçik-kiçik kitabçalar şəklində çap etdirib bir qutuya yığaraq satmağı düşünmüşdüm. Sonra hamısını “qutu”ya yığıb birlikdə nəşr etməyi qərara aldım”. Beləcə, yazıçı bir çox hekayələrini “Şeytan qutusu” kitabında toplayıb çap etdirdi.

Bəs niyə məhz “Şeytan qutusu”? Əsəri nə üçün “qutu” adlandırdığını yazıçı izah etsə də, “şeytan” sözünə açıqlama verməyib. Amma oxucu buradakı hekayələri oxuyarkən özü bunu anlayır. Yaradılan hər bir obrazın daxilində bir “demon – şeytan” var. Debore, Hub və bu kimi qəhrəmanların da içində həm mələk, həm şeytan mövcuddur. Ədib oxucusuna bir söz demək istəyir: “Şeytan da, mələk də öz içindədir. Onu ancaq sən ortaya çıxara bilərsən”.

Hekayələrin bir neçəsi Ken Kizinin insanlara çatdırmaq istədiyi ideyanı, insan psixologiyasını daha aydın əks etdirir. “D Tank zərbəsi” hekayəsində məhbus Deborenin, əslində, çox həssas qəlbli biri olduğunun şahidi oluruq. O, məhbus düşərgəsinə düşərkən müşahidələri əsasında qələmə aldığı və bundan sonrakı altı aylıq məhbusluq həyatında gördüklərini, yaşadıqlarını yazmaq istədiyi ikicə dəftərçəsindən başqa heç nə istəmir. Ancaq nəzarətçilər dəftərçələri ona çox görürlər, axı buna icazə verə bilməzdilər. Sonda qaytaracaqlarını söyləsələr də, heç vaxt geri vermirlər.

Onu da qeyd edim ki, hekayələrin böyük qismi Deborenin dilindən nəql olunur, hətta belə güman edilir ki, əsərdəki Debore obrazı Ken Kizinin özüdür.

Hisslərə toxunan “Analar günü” hekayəsində isə Hub adlı məhbus evində keçirdiyi sonuncu Analar gününü – ailənin bütün yükünü daşıyan anasını, saç-saqqalı qar kimi ağ babasını və digər qohumlarını yadına salır, xatirələrə dalır… Könülsüz də olsa, anasına hədiyyəsini ev işlərində kömək etməklə verən Hub artıq hər şeyin əlindən çıxdığının fərqinə varır: bir vaxt şikayətlənərək etdiyi işləri indi canla-başla yerinə yetirirdi. Ancaq…

İnsan çox vaxt naşükürdür, əlindəkinin qədrini bilmir. Hansı birimiz gözümüzə sadə və adi görünən şeylərin bir zaman həsrətini çəkəcəyimizi ağlımıza gətiririk ki? Nə üçün insan əlindəkilərin qədrini yalnız onu itirəndən sonra bilir?

“Analar günü” hekayəsinin sonunda müəllif oxucusuna başqa bir sual da verir: “Bəs sən Analar günündə anan üçün nə etmisən?” Əgər etməmisənsə, o zaman qarşıdan gələn ilk Analar günündə onun üçün ürəkdən nə isə et. Çünki növbəti dəfə harada olacağını və kimin həyatda olub-olmayacağını bilmirsən”.

Ken Kizinin hekayələrində “şeytanlar” və “mələklər” fərqliliyi ilə seçilir. Şeytan da, mələk də bir insandır. Çılğın və islah olunmağa çalışmayan “şeytan” Siks, sərt, ancaq mərhəmətli “leytenant” Gerder, məhbuslarla sərhədi saxlamaqla səmimiyyət yaratmağa çalışan Rak, hissi ilə ağlı arasında daim mübarizə aparan Cun və s. “Şeytan qutusu” əsərində yazıçı hadisənin təsvirinə deyil, insan psixologiyasını, daxili aləmi əks etdirməyə daha çox diqqət edib. Kizi üçün pis və yaxşı insan nisbi anlayışdır. “Baxın, – deyir, – bu qutuda bir çox insan obrazı var. Onlar hansısa səbəbə, etdiyi günaha görə həbs olunublar. Nəyinsə cəzasını çəkirlər. Nə “mələk”dirlər, nə də “şeytan”. Ancaq xislətlərində mələyə və şeytana xas xarakterlər var. Kimin bundan sonra necə olacağı isə artıq öz seçimidir”.

Həyat hər kəsin üzünə gülmür, hər kəs səhv edə bilər, amma hamı səhvindən nəticə çıxarıb islah oluna bilməz. Daha doğrusu, bu, insanın şəxsi seçimidir. Ken Kizi də oxucunun qarşısına çıxardığı obrazlarda sətiraltı mənada sual qoyur: “Kim olmaq istəyirsən, şeytan, ya mələk? Necə həyat yaşamaq istəyirsən?” Kizi başqa bir həssas məqama da toxunur: “Hər kəs böyük, ya kiçik səhvlər edir. Amma hamı cəza evində məhbus olmur. Fəqət insanın daxilində elə bir məhkəmə qurulur ki, o, orada məhbus və ya günahsız hesab oluna bilər. Bu, vicdan məhkəməsidir. Kimsə səni mühakimə etmədən özün-özünü mühakimə et”.

Ken Kizinin hekayə yaradıcılığı yalnız “Şeytan qutusu” ilə bitmir. Ədibin “Qanlı Otto” adlı qısa hekayəsi də var ki, əsərin əsas qayəsini din və hökmdarlığın qarşılaşdırılması təşkil edir.

Alman kralı Böyük Ottonun oğlu “qanlı” Otto haqqında olan qısa hekayə oxucunu dərindən düşünməyə vadar edir. Rahiblərin himayəsi altında böyüyən gənc şahzadə Otto hakimiyyətə gələn kimi “Qanlı Otto” adı ilə məşhurlaşır. Bunun da səbəbi o idi ki, kral olduğu ilk gündən kafirlər, cadugərlər və bu qəbil yaramaz işlərlə məşğul olanlar onun qamçısı altından sağ çıxmırlar. Kral dünyanı pislərdən təmizləmək üçün çırpınır. O, dünyanı gözəl görməyin çıxış yolunu yalnız şeytan xislətliləri cəzalandırmaqda və onları məhv etməkdə axtarır. Günahkarları onun sarayında qamçılayırlar və bir müddət sonra vilayətdə cinayətkar, kafir və cadugər qalmır. Ancaq kral tezliklə belə bir qənaətə gəlir ki, o, böyük səhv edir, çünki artıq içindəki mələk ölüm ayağındadır, şeytan isə at oynadır. Axı cəzalandırmaq – öldürmək onluq deyil və düşünür ki, dünyəvi fikirlər onun axırına çıxacaq. Birdən hər yana xəbər yayılır ki, dünyanın sonu çatır. Qiyamət gününün isə Yeni ildə olacağı bildirilir. Gənc kralın taleyi bundan sonra tamamilə alt-üst olur. Fələk onu yurdundan didərgin salır. Hamilə arvadının dəhşətli ölümü, dənizdə itkin düşməsi, körpə oğlu ilə bir müddət dilənçiliklə məşğul olması və başına gələn faciələr… bir sözlə, tale kralı çox dəyişir. Həyatda hər şeyin Yaradanın əlində olduğunu anlayır, günahlandırmaq da, mükafatlandırmaq da yalnız Ona məxsusdur. Yer üzündəki günahkarların kökünü kəsmək isə mümkün deyil. Fəqət çox gec olur… Bundan sonra o, günahlarından necə təmizlənəcək?..

Ken Kizi insan psixologiyasını, daxili aləmini peşəkarlıqla qələmə alan, reallıqla qeyri-reallığı qarşılaşdıran nadir yazıçılardandır. Bəlkə də onun hekayələrinin bu qədər təsirli olmasının səbəbi özünün həm “şeytan”, həm də “mələk” olmasıdır?!