Xəbərlər

Azərbaycan poeziyasının parlaq ulduzu – Mikayıl Müşfiq

Azərbaycan poeziyasının parlaq ulduzu – Mikayıl Müşfiq (əsl adı Mikayıl Əbdülqadir oğlu İsmayılzadə) 5 iyun 1908-ci ildə Bakıda anadan olmuşdur. Gənc yaşlarından ədəbiyyata və poeziyaya böyük maraq göstərmiş, dövrünün ən duyğulu və yenilikçi şairlərindən birinə çevrilmişdir. Onun həyat və yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi bir mərhələni təşkil edir.

Mikayıl Müşfiq Bakı Darülmüəllimində təhsil almış, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxumuşdur. O həm müəllimlik etmiş, həm də poeziya ilə ciddi şəkildə məşğul olmuşdur. Müşfiq duyğularının təmizliyi, munisliyi, səmimiyyəti və vətənə, xalqa bağlılığı ilə poeziyaya yeni nəfəs gətirmişdir.

Şair əsərlərində müxtəlif mövzulara toxunmuşdur. Vətənpərvərlik, sevgi və duyğular, əmək və zəhmət isə onun yaradıcılığının əsasını təşkil etmişdir.

Vətənpərvərlik ilə bağlı şeirlərinə “Oxu, tar!”, “Qurban olduğum”, “Zəfər səsləri” şeirlərini misal göstərə bilərik. Hansı ki bu şeirlərdə şair xalqı vətənin “daş”ı olmağa, vətənimizi canımız bahasına sevməyə səsləyir və xalqda azadlıq ruhunu oyadırdı.

Sevgi və duyğular ilə bağlı şeirlərinə “Yenə o bağ olaydı”, “Ayrılıq”, “Səni düşünürəm”i aid etmək olar. Bu şeirlərdə şair romantizm və incə duyğuları poetik dillə, munis duyğularla oxuculara təqdim edir.

Təəssüflər olsun ki, gənc şair 1930-cu illərdə SSRİ-nin tətbiq etdiyi repressiya faciəsinin qurbanı oldu. O, 1937-ci ilin iyun ayında “xalq düşməni” damğası ilə həbs edilmiş və həmin ilin dekabrında faciəvi şəkildə güllələnmişdir. Bu təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, bütün xalqı üçün böyük itki idi.

Müşfiq son nəfəsinə qədər yazmaqdan, yaratmaqdan imtina etmədi. Şeirləri ilə öz səsini bizlərə çatdırmağı, söz azadlığını hər şeydən – öz canından belə üstün tutdu.

Şairimizin günahsız yerə öldürülməsi, gəncliyinin baharını yaşamadan, həyatdan doymadan, arzuları, xəyalları ilə köçüb getməsi, illər sonra isə bəraət alması hər birimizin qəlbində dərin bir iz buraxdı.

Mikayıl Müşfiqin yaradıcılığı bu gün də oxunur, öyrənilir və sevilir. Onun poeziyası təkcə bir dövrün ədəbiyyatı deyil, həm də milli ruhun, incəliyin və saf duyğuların ifadəsidir.

Onun gənclərə çağırış mahiyyəti daşıyan “Ey gənc yolçu” şeirini sizə təqdim edirik:

Ey gənc yolçu

Ey gənc yolçu, deyirlər ki, sənin dəmir bir əsan var,
Toxunduğu daşlıqlar da çiçəklənir, cənnət olur.
Gur səsinin qarşısında ərir qorxunc ildırımlar,
Səni təqib eyləyənlər doğru, yeni yollar bulur.

Sən bu yolda qaç sənədir hər cəfayə köks gərdin,
Ürəklisən, dağlar, daşlar sarsıtmadı imanını.
Zəifliyə üz çevirdin, mətanətə könül verdin.
Oxuyaraq mənimsədin yeni əsrin “Quran”ını.

Xeyr, sənə qarşı durmaz sərt qayalar, uçurumlar,
Ey gənc yolçu, sənin toz qonmasın gözlərinə,
Sən öylə bir rüzgarsan ki, dolaşdıqca diyar-diyar
Çiçək səpər yolundakı göy budaqlar izlərinə.

Haydı yürü, çıxar başa yarı yolda qalanları,
Yaxşılıq et bu dünyada, unudulmaz eyiliklər;
Çək hər vaqıt iləriyə yatıb dalda qalanları,
Yaşamağı hər kəs bilir, yaşatmaqdır böyük hünər!

Ləman Vahid