Coğrafiyanın diqtəsi olan və qeyd etməyə məhkum olduğumuz 9 may günündəki “bayram”ı fürsət bilib şəhərə çıxmışdım. Görüşüm şəhərin birinci kateqoriyasına aid olan və şəhər sakinləri arasında “28 May” olaraq bilinən bölgədə idi. Adətim üzrə köhnə binalarla yeni binaların eyni andakı varlığı diqqətimi çəkdi və növbəti şəhər yazısının Bakı olacağı ilhamını verdi. Məlum, birinci yazını İstanbula həsr etmişdim. Görüşdən sonra elə metronun dibində yerləşən türk kafesində əyləşib yazını yazmağa hazırlaşırdım ki, kafenin bir işçisinin telefonla övladına ev işlərini görmək üçün direktif verdiyinə, arada övladını təriflədiyinə də istəmədən qulaq misafiri oldum. Bir yandan da kafenin qadın işçilərinin şəxsi söhbətlərini biz müştərilərin varlığına məhəl qoymadan davam etdirməsi məni narahat etsə də, yazını yazmalı idim. Ancaq onu deməliyəm ki, Bakıda şəhər kültürü getdikcə İstanbuldakı kimi əriyib yox olmasa da, görüntüsünü itirir. Hərçənd hər şeyin yenidən yazıldığı bir dünyada modern şəhər kültürünün dərdini çəkmək mənasız kimi görünə bilər…
Bəlkə, elə kafenin səs-küyü ovqatımı korladığından məkanı tərk etdim və yazını da yarımçıq qoydum. Nəhayət, mayın sonuna doğru ayaqlarım yenə türk kafesi olan “Simit sarayı”na gətirdi. Axı uzun illər Türkiyədə yaşayan biri olaraq simit və çay mənim üçün çox şey ifadə edir. Hətta yazmaq ovqatımı belə dəstəkləyir. Hətta bəzən kafenin işçiləri məni bir həftə ərzində bir neçə dəfə görəndə təəccüb edirlər. Qısası, yazıya qaldığım yerdən davam…
Bakının modern şəhər çöhrəsi Çarlıq və Sovet dövründə formalaşıb. Bu o deməkdir ki, azərbaycanlılar öz torpaqlarında siyasi hakimiyyətləri olmadan sadəcə fiziki olaraq yaşamağa məhkum olublar. Bu öz növbəsində modern şəhər anlayışının formalaşmağından da təsirsiz ötüşməyib. Müstəmləkənin sizin ölkənizdə şəhərsalmanı inkişaf etdirməyi hədəfləməyəcəyi aşkardır. Xüsusilə sovet dövründəki Bakı şəhərsalmasına diqqət çəkmək lazımdır. “Şərikli çörək” filmindən də məlum olduğu kimi Bakının sovet binalarının dam örtüyü “qır” idi. 30 ildən biraz artıq olan müstəqilliyimiz illərində Bakıda davamlı tikintiyə baxmayaraq, hələ də qırlı binalar bitməyib. Bununla bərabər dünyanın dəyişən memarlığı Bakıdan da yan ötməyir. Beləliklə, Bakı həm sovet izini yeniləməli, həm də müasir tikililəri şəhərə inteqrasiya etməlidir.
Memar olmasam da, uzun müddətdir ki, Bakının dəyişən memarlığına dair yeni nəsil memarları, tənqidçiləri izləyirəm. Memar olmadığım üçün memar kimi danışmaqdan daha çox Bakının memarlığındakı dəyişikliklərin siyasi-iqtisadi səbəbini axtarmağa çalışacağam.
İstifadə etdiyimiz şəhər anlayışı millətlər, milli-dövlətlər kimi modern dövrün məhsuludur. Kapitalizm bir çox şey kimi insanların məskunlaşma anlayışını da dəyişdirmişdir. Belə ki, kapitalizm Liverpul, Mançester kimi kapitalist şəhərlər ortaya çıxarmış və tədricən feodal dövrün kəndlərini əvəz etmişdir. Mançester London olmamışdır. London modern kapitalist dövrdə də mərkəz olmaq statusunu mühafizə etmişdir. Ancaq kapitalizm modern dünya üçün yeni şərəhlər ortaya çıxarmışdır. İqtisadi istehsalın sənaye mərhələsinə daxil olması insanın məskunlaşdığı məkan anlayışında inqilabi dəyişikliyə səbəb oldu. Belə ki, kəndlərdə yaşayan insanların əksəriyyəti tədricən şəhərlərə köçməyə başladı. Belə demək mümkündürsə, Orta əsrlərdə sarayların dar zümrəsi üçün etibarlı olan dil, mədəniyyət və s. artıq geniş insan kütləsi üçün də keçərli olmağa başladı.
Bakı modern Azərbaycanın ilk, bəlkə də, tək şəhəri olaraq inkişaf etmişdir. Ancaq Bakı dövlətsiz bir şəhər olaraq ortaya çıxmışdır. Daha doğrusu, siyasi-iqtisadi formalaşma baxımından azərbaycanlıların rolunun olmadığı, yaxud təsirsiz olduğu müstəmləkə altında formalaşıb. Belə ki, Çar Rusiyasının müstəmləkəsi altında neft bumu Bakının taleyini dəyişmişdir. Ancaq qısa müddətdə mövcud olmuş Cümhuriyyətə qədər Bakının ictimai məkanı Çar Rusiyasının siyasi istablişmentinə görə formalaşmışdır. Cümhuriyyət isə öz siyasi istablişmentini təsis edə bilmədən tarix oldu. Neft bumu Bakıda az saylı yerli neft maqnatı yaratmışdır. Bu neft maqnatları Bakıda pərakəndə halda da olsa modern memarlığın, şəhərsalmanın təməlini qoydular. Bununla belə, Bakının modern şəhər çöhrəsi daha çox sovet dövründə formalaşdırıldı. XX əsrdə dünya siyasi istablişment baxımından iki qütbə parçalanmışdı. Azərbaycan ötən əsrin böyük bir hissəsini cəmiyyət həyatındakı bütün fəaliyyətləri sərt mərkəziyyətçi bir mövqedən çıxış edən sovet idarəsi alında yaşamalı oldu. Bakıda sovet dövründə inşa edilmiş dövlət, özəl və yaşayış binaları incələndiyi təqdirdə sovet siyasətindəki mühafizəkarlığın memarlıqdan da yan keçmədiyi müşahidə ediləcəkdir. Sovet dövrü Azərbaycan xalqının şəhərsalmada, xüsusən Bakıda birbaşa söz sahibi olmasına imkan verməmişdir. Bununla belə, sovet dövründəki memarlığın müəyyən bir prinsipə sadiq qaldığını demək mümkündür.
Bu gün isə müstəqil Azərabycan dövlətinin paytaxtı olan Bakıda sovet binalarının yenilənməsi və müasir binaların yüksəldiyini müşahidə edirik. Memarlıq abidələri (dövlət, özəl və dini məbədlər) məkana, şəhərə hakimiyyəti və öz kültürünü nəqş etməyi mümkün edir. Bu mənada müstəqillik dövrü şəhərsalmada həm milli izlərin, həm də çağdaş kodların əks olunduğu binaların yüksəlməyinə imkan vermişdir. Bununla bərabər, çar Rusiyası və sovet dövründə inşa edilmiş və Bakının “tarixi” olaraq adlandıra biləcəyimiz hissəsindəki binaları daha yaxşı mühafizə edə bilərdik. Misal üçün, hazırda Şuşadakı tikinti-bərpa işləri daha doğru şəkildə cərəyan edir. Belə ki, istər yaşayış binaları, istərsə də dövlət binaları Şuşanın tarixi memarlığına uyğun formada icra olunur.