Cənubi Azərbaycanda mədəniyyəti və tarixi saxtalaşdırılıb təhrif edilmiş xalqın mənəvi irsini yenidən arayıb-araşdıran şəxsiyyətlərdən biri Məhəmmədtağı Zehtabi olmuşdur. Türkologiya, tarix, dilçilik, ədəbiyyat və folklora dair dəyərli əsərlərin, o cümlədən bənzərsiz şeir və poemaların müəllifi olan Zehtabi yazdığı əsərləri ilə xalqının maariflənməsi və milli şüurunun oyanmasına yönəlik fəaliyyətlər göstərmişdir.
1923-cü il oktyabrın 13-də Şəbüstərdə kirişçi ailəsində anadan olan M.Zehtabi ibtidai təhsilə də elə kənd məktəbində başlamışdır. Lakin iki il oxuduqdan sonra ailə dolanışığı ucbatından məktəbdən ayrılmış və təhsilini Təbrizdə davam etdirməli olmuşdur. İlk şeirini 13 yaşında farsca yazsa da, həmyerlisi Mirzə Əli Möcüzün əsərləri və özü ilə tanışlığı onu ana dilində yazmağa ruhlandırmışdır. Təbrizdə əvvəl “Füyuzat”, sonra isə “Firdovsi” adına məktəbin ədəbi şöbəsini bitirərək müəllimlik etmiş, lakin ali təhsil almaq fikrindən də daşınmamışdır.
M.Zehtabi Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi xüsusi siniflərdə ərəbcəni, katolik kilsəsində müsyö Jozef Qvinderin sinfində isə fransızcanı yaxşı öyrənir. Beləliklə, ana dili ilə yanaşı, fars, ərəb, fransız və sonralar mühacirət dövründə də rus dilini mükəmməl mənimsəyə bilir. 1940-cı illərdə M.Zehtabi Azərbaycan Demokratik Firqəsinin mətbu orqanı olan və Mirzə Əli Şəbüstərinin redaktorluğu ilə ana dilində nəşr olunan “Azərbaycan” qəzetində məqalə və şeirləri ilə çıxış edir. Sonralar o günləri xatırlayaraq yazırdı: “1945-ci (1324) il gəldi. “Azərbaycan” qəzeti yenə də nəşr olunmağa başladı. Bu qəzetlə tanışlıq məni ayrılmaz şəkildə ana dilimə bağladı. Ana dilimdə yazmağa başladım. Bu dövrdən ana dilimi elmi cəhətdən öyrənmək ürəyimdə mühüm hədəf və arzularımdan birinə çevrildi. Ana dilimi sevdim, sevdikcə dərinləşdim və dərinləşdikcə onu daha artıq sevdim. Universitetə daxil olub elmi cəhətdən öyrənmək üçün o zaman mövcud olan bütün qapıları döydüm, can atıb çapaladımsa, hamısı üzümə bağlı oldu” (Zehtabi Məhəmmədtağı. “Başqa dilim, elim var mənim”. Şeir toplusu (transliterasiya edəni, tərtibçi, izahlı sözlərin və ön sözün müəllifi Pərvanə Məmmədli). Bakı, Elm, 2011, səh. 3).
Z.Məhəmmədtağı 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Təbrizdə açdığı universitetin ədəbiyyat fakültəsinin ilk tələbələrindən olur. Yeni yaranmış Milli Hökumətin başçısı, eyni zamanda istedadlı publisist və ədəbiyyatşünas olan Seyid Cəfər Pişəvərinin həmin fakültədə həftədə iki dəfə “Dünya ədəbiyyatı” mövzusunda oxuduğu mühazirələri dinləyir. Təəssüf ki, beynəlxalq və yerli qüvvələrin məkrli plan və maraqlarına uyğun gəlməməsi səbəbindən Milli Hökumət qan içində süquta yetirilir və onun uğurlu islahatlarının cərgəsində olan Təbriz Universiteti də qapadılır.
O müdhiş günlərdə qanlı rejimin ana dilində təhsilə, nəşriyyələrə və danışığa qoyduğu yasağa qarşı Zehtabi yazırdı:
Su deyibdir mənə əvvəldə anam, ab ki yox,
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
İlk dəfə ki çörək verdi mənə, nan demədi.
Əzəlində mənə duzdanə nəməkdan demədi…
Özümə məxsus olan başqa elim vardı mənim.
İranda və başqa ölkələrdə təhsilini davam etdirmək istəyində olan M.Zehtabi maddi və digər problemlərlə qarşılaşır. Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçünsə 1948-ci ildə vətənin bu tayına üz tutur. Lakin onu Bakıya gətirən bir neçə saatlıq yolu az qala 4 ilə qət etməli olur – sərhədi pozduğuna görə üç il Sibirə sürgün edilir…
Nəhayət, “millətlər atası” Stalinin ölümündən sonra bəraət alır və Sibirdən Tacikistanın paytaxtı Düşənbə şəhərinə göndərilir. Başına gələnlərə rəğmən gənc qəlbi hələ də böyük həyat eşqi, yaşayıb-yaratmaq həvəsi ilə döyündüyündən Məhəmmədtağı hər şeyi yenidən başlamalı olur. Ali məktəbdə təhsil almaq ümidi ilə sovet ölkəsində yenidən axşam məktəbinə gedib oranı bitirir. Düşənbə yataqxanasında “mən varam, mənim həyatım və xalqıma xidmətlərim hələ qabaqdadır” fikri və ümidiylə qələmə aldığı “Mən diriyəm” şeirində yazırdı:
Təslim olmayaraq var gücümlə mən
Qışqırıb deyirəm:
– Ölməmişəm mən!
Burada qulaqlar kardır, kar, nədən?!
Hələ ölməmişəm, diriyəm, diri!
Azər əsgərinin biriyəm, biri;
Sinnim ötməmişdir, otuzdur yaşım,
Bu fırtınadan da əyilməz başım,
Hələ xidmətlərim gələcəkdədir!
(Zehtabi Məhəmmədtağı. “Başqa dilim, elim var mənim”. Şeir toplusu. Bakı, Elm, 2011, səh. 21).
Bir ildən sonra Bakıda təhsil almaq arzusu ilə Azərbaycana gəlir. Sonralar bu barədə yazırdı: “Burada öyrəndim ki, Şurəvidə (SSRİ) universitetə daxil olmaq üçün orta məktəb diplomu lazımdır. Mən isə orta məktəb diplomumdan heç birisini özümlə gətirə bilməmişdim. Bir il burada axşam məktəbində oxuyub diplom alaraq onu bir ərizə ilə Bakı Universitetinə göndərdim. İki həftə sonra oradan müsbət cavab aldım, kitablarımı yığışdırıb Bakıda oxumağa getdim və yataqxanada yerləşdim. Günlərin birində yataqxana məsulu yanıma gəlib adımı soruşduqdan sonra “Səni universitetin rektoru çağırır, get gör nə deyir” dedi. Eşitmişdim ki, Bakı Universitetinin rektoru böyük kimyaçı, ixtiraçı akademik naxçıvanlı Yusif Məmmədəliyev idi. O, II Dünya müharibəsi dövrü kimya elmi sahəsindəki yeni elmi ixtiraları ilə sovet ordularına qəti məğlubiyyətdən nicat vermişdi. Rektorun otağına getdim. Katibəsi adımı soruşub içəri girdi və qayıdaraq “Buyurun” deyərək məni içəri buraxdı. İçəri daxil olub salam verdikdə öz stolu arxasında oturmuş akademik Yusif Məmmədəliyev adımı və haralı olduğumu öyrəndikdən sonra “Hansı fakültədə oxumaq istəyirsən?” deyə soruşdu. “Azərbaycan dili və ədəbiyyatı fakültəsində” deyə cavab verdikdə rektor qabağında olan diploma işarə edərək “belə yaxşı qiymətlərlə niyə orada oxuyursan, gəl kimya fakültəsində oxu” dedi. “Hörmətli akademik, mənim xalqımın ehtiyacı bunadır” deyə cavab verdim. Bu sözlərimi eşidən universitetin rektoru akademik ilan vurmuş kimi dik yerindən qalxıb gəldi və mənimlə səmimi və möhkəm əl verərək “sənə müvəffəqiyyətlər arzulayıram” deyərək məni yola saldı”(Zehtabi Məhəmmədtağı. “Başqa dilim, elim var mənim”. Şeir toplusu. Bakı, Elm, 2011, səh. 6).
“Rəhbər yoldaşların” mərhəmətindən ali məktəbə ancaq otuz üç yaşında bərpa olub təhsilini davam etdirən Məhəmmədtağı “Xatirə” avtobioqrafik şerində başına gələn macəralardan yazırdı:
“Rəhbər” yoldaşların mərhəmətindən
Otuz üç yaşında tələbəyəm mən.
Halbuki uçmağa qanadım da var,
Susmayan, gur, möhkəm fəryadım da var.
İlk gün otağa girən zamanlar
Pıçpıça düşdülər qızlar, oğlanlar.
Biri alim dedi, biri müfəttiş…
Neçə gün bu sayaq davam etdi iş…
Cavan qəlblərdə, gənc ürəklərdə,
Nəhayət, mənimçün tapıldı yer də.
Dost olduq, danışdıq, keçmişə daldıq,
Hərdən “leksiya”dan yorulub qaldıq.
(Zehtabi Məhəmmədtağı. “Türkcəm mənim, səs bayrağım”. Təbriz – 2011, səh. 24)
Bu 33 yaşlı tələbə bir gün dərsdən qalmalı olur. Buna səbəb onun yeganə pencəyinin oğurlanması imiş. Milisə şikayət etsə də, xeyri olmur. Əksinə, onun özünü təqsirkar bilirlər. Şeirin sonunda tələbə şair “Leninin qurduğu” azad sovetlər ölkəsinə gəldiyindən peşman olduğunu yazır:
Gördüm, həm lüt qaldım, həm oldum oğru.
Susaraq qayıtdım. Gülürdü tərəf.
Mənə üstün idi hər zaddan şərəf.
Leninin qurduğu həyatı andım,
Xəta etdiyimi yaxşıca qandım.
(Zehtabi Məhəmmədtağı. “Türkcəm mənim, səs bayrağım”. Təbriz – 2011, səh. 25)
“Bakı Universitetini qurtarmağa yarım il qalanda həmin universitetin Şərqşünaslıq İnstitutunda ərəb dili və ədəbiyyatını tədris etməyə və elə bu günlərdə ana dili barədə də əldə etdiyim biliyi xalqıma çatdırmaq haqqında fikirləşməyə başladım. Axı xalqımın ona ehtiyacı var idi. Bu hədəfə çatmaq üçün xalqıma qovuşmalı idim. Xalqıma qovuşmaq üçün də, əvvəla, özüm sovet birliyinin dəmir divarını yarıb oradan çıxmalı və ikincisi, quldur şah rejimini zaman devirməli idi”.
Təhsilini başa vurduqdan sonra 15 il müddətində şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatını tədris edir. “Əbu Nəvvasın həyatı və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alır. Bakı Dövlət Universitetində işlədiyi dövrdə tələbələrə ərəb dili və ədəbiyyatının incəliklərini öyrətməklə yanaşı, onların mənəvi dəyərlərə yiyələnməsinə, milli ruhlu, hərtərəfli vətənpərvər və kamil insan kimi formalaşmasına çalışır. Qeyd edək ki, Azərbaycanın tanınmış elm və siyasət adamları arasında onun vaxtilə yetişdirdiyi tələbələr az deyil (Əbülfəz Elçibəy, Vəfa Quluzadə və b.).
M.Zehtabi sovet totalitarizmindən canını qurtarmaq üçün 1971-ci ildə böyük çətinliklərlə İraqa köçür. Bağdad Universitetində qədim türk dillərini və fars dilini tədris edir. Dilçiliyə aid yazdığı 2 kitab dərs vəsaiti kimi istifadə olunur. Yazıb çap etdirdiyi əsərlər əsasında universitetin elmi şurası tərəfindən ona professor adı verilir.
İraqda işlədiyi vaxtlar Zehtabi Avropaya səfər edir və bu zaman orada oxuyan güneyli tələbə gənclərlə görüşür. Həmin tələbələr ona ana dilini öyrənmək üçün kitab tapmadıqlarını söylədikdə professor “İran türklərinin sərfi” (morfologiyası) kitabını yazır və bu kitab tələbələrin köməyi ilə 1976-cı ildə Almaniyada çap olunur.
İraqda yaşayan kərküklərin (türkmanların) dili bəzi məhəlli fərqləri nəzərə almasaq, tamamilə Azərbaycan türkcəsindədir. M.Zehtabi kitabı bir qədər təkmilləşdirərək İraq türkmanlarının ləhcə və ədəbiyyatı da daxil olmaqla digər bir dilçilik kitabı hazırlayır. Təəssüf ki, kitab sonralar orada onun yox, başqa birisinin imzası ilə çap olunur. Ümumiyyətlə, onun dilçiliklə bağlı 6 kitabı nəşr olunmuşdur (Pərvanə Məmmədli. “Cavabı 70 il boyu axtarılan sual”. “21 Azər” jurnalı. 1999, 2-ci sayı, s. 44).
Sonralar doğulub boya-başa çatdığı Təbrizə yenidən qovuşduqda Təbriz Universitetində Azərbaycan türkcəsini, eləcə də ərəb dilini tədris edir. M.Zehtabi Berlində nəşr etdirdiyi “İran türklərinin sərfi” kitabını tədris etməkdən ruhlanaraq və universitetdə tədris zamanı yüzlərlə gənc oğlan və qızların dili öyrənib mənimsəməyə can atdıqlarını, amma bu sahədə mənbə və ədəbiyyat qıtlığını gördükdə “Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası”, “Ana dilimizi öyrənək” adlı kitablarını yazır.
M.Zehtabi jurnalistika və tərcümə sahəsində də qələmini sınamışdır. Berlində “Ərk” dərgisini, Bağdadda isə 5 müxtəlif dildə “Birlik yolu” adlı qəzeti nəşr etməyə nail olur. Fransız ədəbiyyatından etdiyi tərcümələr hələ 40-cı illərdə qəzet səhifələrində dərc olunur. Sənət dostu Əliağa Vahidlə birlikdə klassik ədəbiyyatdan tərcümələr edir.
1979-cu ildə İranda Pəhləvi rejiminin süqutundan sonra Zehtabi öz elmi tədqiqatlarını daha geniş aspektdə davam etdirir. Təbriz şəhərində çoxlu dostları ilə “Azərbaycan mədəniyyət ocağı”nı qurur. O, illərboyu ardı-arası kəsilmədən bu ocağın iclaslarında iştirak edərək xalqımızın ədəbiyyat və keçmiş tarixini tanıtdırmışdır.
İnqilabdan sonra ana dili istifadəsinin qadağan edilməsi nəticəsində oxuyub yaza bilənlərin az olmasını nəzərə alan bəzi cəmiyyətlər qəzet və jurnal nəşr etməklə yanaşı, Azərbaycan türkcəsinin öyrədilməsinə və yazılmasına yönəldilmiş kurslar açırlar. Təbriz şəhərində türkcə qrammatika kurslarının açılmasında isə M.Zehtabinin böyük rolu olmuşdur.
Professor Zehtabi İran inqilabından sonra Təbriz Universitetində türk dili və ədəbiyyatını tədris etmiş və çoxlu müəllim yetirmişdir. O dövrdə ilk dəfə olaraq “Ana dilimizi necə yazaq” kitabçasını çap etdirmiş və kitabda dilin əsas qaydaları – səs qanunları və ahəng qanununu – açıqlamışdır. Kitab əlifbanı düzgün yazıb-oxumaqda gənclərə bir mənbə rolu oynamışdır. Sonralar Cənubda keçirilən orfoqrafiya ilə bağlı seminarlarda ondan çox faydalanmışlar. Doktor Zehtabi inqilabdan sonra Təbriz radio və televiziyasında ana dilimizdə verilişlər yayımlamaq üçün kadrlar yetişdirmişdir.
Ömrünün çox hissəsi qürbətdə, sürgündə, həbsxanalarda keçən M.Zehtabi 1998-ci ilin dekabr ayında müəmmalı şəkildə qətlə yetirilmiş və doğulub boy atdığı Şəbüstərdə dəfn olunmuşdur.
Qeyd etdiyimiz kimi, türkologiya, tarix, dilçilik, ədəbiyyat və folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınan M.Zehtabi bədii yaradıcılıqla da məşğul olmuşdur. Yüksək müşahidə qabiliyyətinə malik olan şairin qələmindən onlarla gözəl poemalar çıxmış, əsərlərini “Mişovlu”, “M.Zehtabi”, “Şəbüstərli”, “Gülşən”, “Kirişçi” və s. təxəllüslərlə imzalamışdır.
“Çirik əfsanəsi”, “Pərvanənin sərgüzəşti”, “Bəxti yatmış”, “Bağban Eloğlu”, “Bəzz qalası”, “Mişovun əfsanələri”, “Qoy olsun on”, “Həstiye nəsim” və “Əliağa Vahidlə bağlı xatirələr” kimi bədii əsərləri ayrı-ayrı vaxtlarda Bağdad və Təbrizdə nəşr olunmuş, “Şahin zəncirdə” və “Başqa dilim, elim var mənim” adlı şeir toplusu Bakıda işıq üzü görmüşdür. Altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabındakı “Azərbaycan ədəbiyyatı ən qədim dövrlərdə” adlı fəslin icmal oçerkini dr. M.Zehtabi f.e.n. Ç.Sadıqoğlu ilə birgə hazırlamışdır (“Azərbaycan ədəbiyyatı tarixi”, II cild. Bakı. Elm, 2007, səh. 28–57).
“Türkcəm mənim, səs bayrağım”, “Sara və Məhəmməd” kitabları onun Təbrizdə çap olunmuş son kitablarındandır. Hər iki kitab onun vəfatından sonra Əkbər Rəhimzadə Fərəci və Hüseyn Güneyli, Behzad Azərmi kimi fədakar millətsevər ziyalılar tərəfindən nəşr olunmuşdur.
“İslamaqədərki İran türklərinin dili və ədəbiyyatı”, “Əruzun türk folklorundakı izləri” adları altında çap edilmiş silsilə yazıları ümumtürk ədəbiyyatına daxil olan dəyərli yazılardandır.
Füzuli qəzəllərinin vurğunu Zehtabi klassik ədəbiyyatımızdakı eşq, sədaqət və cəfakeşlik simvolu olan pərvanə obrazını çağdaş həyata gətirərək “Pərvanənin sərgüzəşti” poemasında ona yeni məna tutumu verir:
Zülmətlərə qəlbimdə dərin nifrət oyandı,
Fikrim o qaranlıqları boğmaqda dayandı.
Cumdum, oda açdım qolumu, odlu həvəslə
Ta bir qucaq atəş gətirim yurduma töhfə.
Rəhm etməyib üsyan, alovu – cismimi yaxdı,
Şər qüvvələr at çapdı, qanım sel kimi axdı.
Yanmaqda da eşqim kimi, dildən-dilə düşdüm,
Qan dalğası atdı, bu azad sahilə düşdüm
(Zehtabi Məhəmmədtağı. “Şahin zəncirdə”. Seçilmiş əsərləri. Bakı, 2011, səh. 176)
“Şahin zəncirdə” poemasında şər qüvvələrin at çapdığı sahildən azad bildiyi sahilə düşdüyü zaman keçirdiyi hiss və yaşantılarını qələmə alır:
İllərboyu zəncirdə qalsam da, varam mən,
Qəlbimdə mənim sarsımamış zərrəcə iman.
Bir gün zəncirimi axır qıraram mən,
Ərkin başına qanla qızarmış qanadımdan
Bayraq vuraram mən!
(Zehtabi Məhəmmədtağı. “Şahin zəncirdə”. Seçilmiş əsərləri. Bakı, 2011, səh. 27)
Poemanı təhlilə cəlb edən Anar Əhmədoğlu yazır ki, “şahin”, “zəncir”, “Qaf dağı”, “şimşək”, “Mişov”, “Xəzər”, “qürbət”, “həsrət”, “zülmət”, “al pərdə”, “od” və “ilan” hərəsi öz əsl leksikasından başqa, oxucuya dərin anlamlar danışır. Bu əzəmətli poema “Şimşək” sözü ilə başlayır, “Şimşək kimi illər boyu sonsuzluğu yarmış” şər güclərin simgəsi olan qaranlıq gecəni hər an yarmaqda olan şairin çabalarını göz önünə gətirib özünü bir həqiqət aşiqi kimi bəri başdan tanıtdırır. Şimşək işığa və eyni halda cəld olmağa, yatmışları diksindirmək, gözləri işıqlandırmağa işarədir” (Araz Əhmədoğlu. “Təbrizdən ötüb-keçdi Mərəndi”… Xalq Cəbhəsi. 2016. 12 mart, səh. 14).
Şahin və ya qartal göylərdə süzüb ovun üzərinə şimşək kimi şıdırğı cuman bir quşdan başqa, daha geniş anlamlar aşılayır. Şahin azadlıq, güc, məğrurluq simvoludur. Şair poemada özünü şahin obrazında göstərib onun dili ilə xəyallarını, istəklərini dilə gətirir. Doğma eli Şəbüstərə yaxın olan “Mişov dağından qanad açıb Xəzərin üzündən öpmək istəyəndə” ayağındakı zəncir onu saxlayır:
Bir anda Mişovdan uçaraq aşdı Səhəndi;
Təbrizdən ötüb-keçdi Mərəndi;
Şimşək kimi bir şaxdı dumanda,
Qıy vurdu gəlintək Savalanda…
Görcək Xəzəri istədi öpsün yanağından,
Aşcaq qanadın, saxladı lakin
Zəncir ayağından.
(Zehtabi Məhəmmədtağı. “Seçilmiş əsərləri”. Bakı – 2011, səh. 28)
M.Zehtabi uzun illər boyu apardığı araşdırmalar nəticəsində “İran türklərinin əski tarixi” adlı üçcildlik kitabı yazmış və bu kitab türk dünyasında böyük bir hadisə kimi qarşılanmışdır.
Kitabın I hissəsində öncə ümumi tarix, İranda və Azərbaycanda tarixə baxış və münasibət açıqlanır, sonra isə tarixi qaynaqlar göstərilir və bu qaynaqlar əsasında türklərin tarixi xronoloji ardıcıllıqla araşdırılır, eyni zamanda dil, el, şəxs və yer adlarının mənşəyi izah olunur. Müəllifin kitabda gəldiyi aşağıdakı nəticə diqqəti daha çox çəkir: “Cənubi Azərbaycan sərhədlərindən xeyli uzaqlarda olan və İranın mərkəzi əyalətlərindən sayılan Həmədan, Savə, Zərənd, Əsədabadın əhalisi türklər olmuşdur. Bunu oradakı qazıntılar zamanı tapılmış gil lövhələr, o yerlər: toponimikası, folkloru, ədəbiyyatı təsdiq edir” (Zehtabi Məhəmmədtağı. “İran türklərinin əski tariхi”. II cild, Təbriz – 1999, səh. 267).
“İran türklərinin əski tarixi” kitabı haqqında Almaniyanın Berlin Universitetinin türkoloqu, professor Barbara Kellner-Heinkele belə yazır: “Professor Zehtabinin bu kitabı irihəcmli və elmi əsər olduğu halda, əski zamanlardan bəri İran – Turan ölkələrinin dövrünün dil və ədəbiyyatından təsir almış və dolğun analiz ilə yazılan bir əsərdir” (Zehtabi Məhəmmədtağı. “Başqa dilim, elim var mənim”. Şeir toplusu. Bakı, Elm, 2011, səh. 9).
M.Zehtabi “İslama qədər İran türklərinin dili və ədəbiyyatı” kitabının giriş hissəsində yazır ki: “…ana dilimiz və ədəbiyyatımızın neçə minillik vəziyyəti, keçdiyi yolları, uğradığı müsbət və mənfi hadisələri bilmək və araşdırmaq üçün xalqımızın və ümumiyyətlə, çağdaş İran türklərinin o dövrdəki durumu və keçdiyi yollarla yığcam və qısa şəkildə tanış olmaq zəruridir. İslamdan əvvəlki 4-5 min illik tariximizlə bu tanışlıqdan məqsəd yalnız və yalnız dilçilik və ədəbiyyatşünaslıq baxımından deyil, folklor və ədəbiyyatımızın siyasi, iqtisadi və sairə tarixi hadisələrlə ilgili olaraq keçdiyi yolu qısa aydınlaşdırıb açıqlamaq və bu sahədə ilk addımlar atmaqdır” (“Dilmac” dərgisi (türk və fars dillərində). Yanvar, 2004, səh. 8).
M.Zehtabi yaradıcılığının böyük qismi Azərbaycan tarixini sifarişlə yazılan əsərlərin saxtakarlığından, təhriflərindən xilas etməyə yönəlmişdir. M.Zehtabi “İslama qədər İran türklərinin dili və ədəbiyyatı” əsərində tariximizin qədim dövrü haqqında fikrini belə ümumiləşdirir: “Tarixə məlum olan miladdan 4-5 min il əvvəldən islamaqədərki uzun bir dövrdə çağdaş İranın bütün Qərbi, Mərkəzi və Xəzərin cənub əyalət və mərkəzlərində, Şimali və Cənubi Azərbaycan da daxil olmaqla, həmişə türkdilli ellər, qəbilələr, el birləşmələri və xalqları yaşayıb, bəşəriyyətin və İranın ən əski və ən zəngin mədəniyyətini, hünəri və sənətini yaradaraq onunla bütün Yaxın Şərq, Misir və hətta Avropaya örnək olmuş və yol göstərmişlər”.
Doktor M.Zehtabi millətinə olan sevgisinə ömrü boyu sadiq qalmışdır. Onun dilinə, elinə xor baxıb qara yaxan şovinistlərə həmişə tutarlı cavablar vermiş, onları susdurmuşdur. Əqidəsi üzündən başı çox bəlalar çəkən vətənpərvər ziyalıya o tayda “pantürkist”, bu tayda isə “millətçi” damğası vurmuşlar. Bu gün Azərbaycan xalqının böyük oğlunun məzarı onu sevib dəyər verən həmvətənlərinin ziyarətgahına çevrilmişdir.
Pərvanə Məmmədli



