Yaşar Qarayev – 90
Bu il elmi-ədəbi və kulturoloji-fəlsəfi düşüncəsinin həm dərinlik, həm də genişlik miqyası ilə ədəbiyyatşünaslığın sərhədlərini, milli-mədəni məkanın çərçivələrini aşaraq bütövlükdə XX əsr ümumtürk humanitar təfəkkürünün zirvələrindən birinə yüksəlmiş Yaşar Qarayevin 90 illik yubileyidir.
Onun irsi yalnız ədəbiyyat tarixinin faktoloji qatında deyil, milli özünüdərkin mənəvi yaddaşında yaşayır…
Bu münasibətlə “Füyuzat” dərgisi alimin Əli bəy Hüseynzadə haqqında qələmə aldığı məqaləni oxuculara təqdim edir…
Bayrağımızdakı üç rəngin üçünün də rəssamı Əli bəydir. Milli gerbimizdəki boya simvolikası da onun “türkləşmək, islamlaşmaq, avropalaşmaq” düsturunun rəngdə ifadəsindən başqa bir şey deyildir. Şübhəsiz, söhbət yalnız boyadan və kətandan getmir, həm də təməldən, bünövrə daşından, dəmir özüldən gedir: Əli bəy Azərbaycanda yox, bütün türklük miqyasında qövmi özünüdərkin, istiqlal düşüncəsinin təkcə rəssamı deyil, həm də memarıdır… Məhz bu mənada nəinki Məhəmməd Əmin və Nəriman Nərimanov, üstəlik, Ziya Göyalp və Kamal Atatürk də Əli bəy Hüseynzadədən başlayır.
Azərbaycanda milli bir ideologiya səviyyəsində türkçülüyün ilk dəfə hərəkətə gəldiyi qatarın sükanı arxasında hamıdan əvvəl Əli bəyi görürük və bu qatar sonralar bütün Qafqazdan, Orta Asiyadan, Anadoludan keçir.
Öz hərəkətində milli-mənəvi mədəniyyətin bütün əsas qatlarını – elmi, sənəti, fəlsəfəni, sosiologiyanı… ehtiva edir.
İyirminci yüz ilə ədəbiyyat da Əli bəyin nişan verdiyi körpüdən keçib daxil olur. Üç təmələ – qırmızı, mavi və yaşıl sütuna söykənən körpünun üzərində və bu üç rəngin işığı altında biz bu gün də sabaha, irəliyə, mənzil başına yol axtarırıq.
Əli bəy Molla Hüseyn oğlu Hüseynzadə 1864-cü ildə fevral ayının 24-də Şimali Azərbaycanın Səlyan şəhərində ruhani ailəsində anadan olmuşdur. Kiçik yaşlarından anasını və atasını itirən Əli uşaqlıq illərini o zamanlar Qafqaz müsəlmanlarının Şeyxülislamı olan ana babası Şeyx Əhməd Səlyaninin himayəsində, Tiflis şəhərində keçirmiş, ilk təhsilini də elə burada babasının dini məktəbində almışdır. M.F.Axundovun bilavasitə təşəbbüsü ilə Tiflis klassik gimnaziyasında təhsilə davam etmiş, rus, fars və ərəb dillərini mənimsəmiş, zamanın görkəmli elm adamlarından Şeyx Əhmədin evində yığışan Tiflis ziyalılarının söz-söhbəti hələ yeniyetməliyindən onda ədəbiyyata və fəlsəfəyə böyük maraq oyatmışdır.
Peterburq Universitetində fizika-riyaziyyat (1889) və İstanbul Universitetində əsgəri (hərbi) tibb fakültəsini bitirdikdən sonra (1894) doğma Bakıya qayıtmış, burada mühərrir və mütərcim, dilçi, ideoloq, şair, həkim, mütəfəkkir-ədib kimi hərtərəfli fəaliyyətə başlamışdır. “Kaspi” (1904), “Türk qəzetəsi” (Qahirə, 1904), “İrşad” (1908), “Tərəqqi” (1908), “Həqiqət” (1909) kimi qəzetlərlə əməkdaşlıq eləmiş, “Həyat” qəzetinə (1906–1907, Ağaoğlu ilə birgə), “Füyuzat” dərgisinə (1906–07) və bu dərgi ətrafında formalaşan “Füyuzat” ədəbi məktəbinə bilavasitə rəhbərlik etmişdir.
Hələ Peterburqda tələbəikən Əli bəy, bir tərəfdən, buradakı türk tələbələrilə (Əhməd Sadat, Abdulla Cövdət) dostluq edir, universitetin Şərqşünaslıq fakültəsində türkologiya üzrə mühazirələrə müntəzəm qulaq asır, digər tərəfdən isə ingilis, fransız və almancanı da öyrənərək, Homer, Vergili, Dante, Şiller, Bayron, Heyne, ən çox isə Höte yaradıcılığına böyük maraq göstərir. İlk bədii qələm təcrübəsini – “Turan” şeirini də (1892) Əli bəy hələ tələbəikən yazır:
Sizlərsiniz ey qövmi-macar bizlərə ihvan,
Əcdadımızın müştərəkən mənşəyi Turan
Bir dindəyiz biz, həpimiz haklərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə Quran?
Çingizləri titrətti afaki sərasar,
Timurları hükm etti şahinşahlara yeksar,
Fatihlərinə keçti bütün kişvəri kaysər.
Əli bəyin bizə məlum olan növbəti, ikinci şeiri onun “Faust”dan tərcümə etdiyi və “Məlumat” toplusunda “Səlyani” imzası ilə çıxardığı məşhur klassik parçalardır:
Eyvah ki, dünyaları fikrim dolaşırkən,
Təqibə nə at var, nə qanad var, nə də yelkən. (1893)
İstanbulda tibb təhsilini bitirdikdən sonra Əli bəy bir müddət buradakı Heydərpaşa hərbi xəstəxanasında assistat kimi çalışır (1894), tez-tez türk aydınları ilə (o cümlədən Ziya Göyalpla) görüşür, türk-yunan davasında (1897) iştirak edir, İttihat və Tərəqqi Cəmiyyəti ilə əlaqələrinə görə təqib olunduğu üçün Vətənə – Bakıya qayıdır (1903). Bakıda “Səadət” İslamiyyə Cəmiyyətinin təsis etdiyi məktəbdə müdirikən yazdığı növbəti şeirlərindən birinə Üzeyir bəy Hacıbəyov musiqi bəstələyir və bu şeir o zamanlar xüsusilə tələbələr arasında şərqi kimi geniş yayılır:
Millətin halı nə yaman olmuş.
Hamının qəlbi qan ilə dolmuş,
Bir belə cəhalət olmaz, olmaz, olmaz…
Bir belə səfalət olmaz, olmaz, olmaz…
Göründüyü kimi, Əli bəyin şeirinin ritmi də, ovqatı da, ləhcəsi də Bakıda artıq öz çalarını dəyişməyə başlayır.
Bakını tərk edəndən sonra, 1911-ci ildə Türkiyədə yazılsa da (“Türk yurdu”, 1911, № 1) “Hali vətən” şeirində də həmin Bakı ovqatının eyni ruhunu, eyni ahəngini hiss etməmək mümkün deyil:
Ucundadır dilimin
Həqiqətin böyüyü.
Nə qoydular diyəyim,
Nə kəsdilər dilimi.
Bilirmisən, cühəla,
Nə etdilər vatana?
Nə qoydular uyuya,
Nə qoydular oyana.
Durur bila-hərəkət,
Rəvamı bir diriya?
Nə getmədə irəli,
Nə dönmədə geriyə.
Adu qırar qapıyı,
Biz evdə bixəbəriz;
Nə başqa-başqalarız,
Nə ittihad edəriz.
Ayılımadı qələmim
Bu türk ilə əcəmi.
Nə qoydular yazayım,
Nə qırdılar qələmi…
Doğrudanmı, bu əbədi şeirdə Vətənin də əbədi (dəyişməyən!) halı əbədiləşib və bu yaralı beytlərə əsrin həm əvvəlinin, həm də sonunun can yanğısı və ürək ağrısı hopub? Yalnız əsrinmi? Yox! Əslində, Əli bəy də şeirinin şamını Füzuli ahının odundan yandırıb: “Fələklər yandı ahımdan, qara baxtım oyanmazmı?” “Oyatmadı qələmim bu türk ilə əcəmi!” – hər iki şeirin eyni “oyan, qalx!” ovqatını eyni bir “oyatmadı” rədifi eyni fəryadla ifadə etmirmi?! Və hər ikisi də eyni qafilə, eyni tanış, doğma “cühələyə” tuşlanmayıbmı? Millətin tarixində və taleyində eyni, əbədi, dönəri faciə bu dəfə Füzulidən Əli bəyə “dönüb və nə qədər ki, həmin “oyanma” baş verməyib, o, poeziyaya və fəlsəfəyə, milli tarixə və şəxsi tərcümeyi-hala hələ çox qayıdacaq!..
Uçımağa “qanad” və üzməyə “yelkən” axtarsa da, Əli bəyin şeiri qartalı yox, kələbəyi (kəpənəyi) yada salır. Bu rübab çiçək yanağında kəpənək qədər zərif, gül ləçəyində naxış qədər narın və kövrək idi. Məhz ona görə də şair öz şeirlərini vərəqlərə kəpənək kimi uçurmaq, onları “Gözəllik və işıq” adı altında bir topluya cəm etmək istəyirmiş. Təbinin, ilhamının həsəd çəkdiyi o həsrət də nura və işığa kələbək sevgisi, gözəlliyə kələbək sədaqəti imiş:
Kələbək, kələbək, gözəl kələbək!
Zərrin kənadəkdə yaquttan bənək!
Çiçəkdən çiçəyə uçar, durursun,
İşin, gücün yalnız gözəli sevmək…
Lakin bu lirik palitra polifonik, simfonik çalardan da məhrum deyil və hətta gözəli, gözəlliyi sevməyənə satira həsr etmək də Əli bəyin üslubuna yad olmayıb. Səhiyyə nazirinə göndərdiyi bir həcv İnstitutun tibb laboratoriyasını avadanlıqla təmin etməkdə ona kömək də göstəribmiş:
Bizə mikroskop əvzəmdir
nasıl ki, topçuya bir top!
Bana derlər ki, doktorluq
edərmi görməyən mikrob?
Bizim məktəbdə bilməzlər,
görünməz, bil ki, mikroskop,
Betəng əz zühtən əməd dimağəm
dad az in halat….
Tərcümeyi-halının Bakı dövründə (1903–1910) Əli bəy, şübhəsiz, şair kimi yox, əsasən, mütəfəkkir-ideoloq kimi fəaliyyət göstərib. Gələcək türkçülük hərəkatının nəzəri əsasını, ideya bünövrəsini təşkil edən əsas fəlsəfi əsərlərini o, bu zaman yazıb: “Məktubi məxsusi” (“Türk qəzeti”, Qahirə, 1904, №56), “Türklər kimdir və kimlərdən ibarətdir”, “Bizə hankı elmlər lazımdır”, “Yazımız, dilimiz, birinci ilimiz”, “Nicat məhəbbətdədir” (“Füyuzat”, 1906, №6). “Məcnun və Leylayi-islam” (“Füyuzat”, 1906, №17,18), “İntikad ediyoruz, intikad olunuyoruz” (“Füyuzat”, 1907, №28), “Siyasəti-fürusət” (“İrşad”, “Tərəqqi”, 1908)…
Bütün bu əsərləri birləşdirən eyni bir milli Azərbaycan idealı, İslam intibahı və Türklük miqyasında “Turan” ideyası yerli irticanı və rus-erməni senzurasını dərindən narahat edir. Təqiblər nəticəsində Əli bəy Bakını tərk etməli olur. Necə deyərlər, “azmış oğlu doğma ata ocağından ayrı düşür”, lakin bu dəfə “oğulun ocaqdan azmasında” oğlu özü yox, ocaq günahkar olur.
Hətta o dövrün mətbuatında Əli bəyin və Əhməd bəy Ağaoğlunun Qafqazdan getməsinin, yoxsa… qalmasının Qafqaz üçün itki olması barədə əcayib disputa da rast gəlirik. Müəyyən zümrənin fikrini ifadə edərək Firudin bəy Köçərli yazırdı: “Kaş o alicənab İstanbulda rahat əyləşib bizim bu şumbaxt Qafqaza təşrif gətirməyi idi”.
Lakin belə ovqat tək-tək mülahizələrdə özünə yer tapan ötəri vurğu və “xaric səs” idi. İki mütəfəkkirin və ədibin (Ə.Hüseynzadə, Ə.Ağaoğlu) xaricə mühacirətindən yaranan ümummilli əhval-ruhiyyə isə belə idi: “Amma onların getməyi Qafqaz əhalisini başsız, böyüksüz buraxmaq kimidir: çünki o cənablar dilsizlərin dili, karların qulağı, korların gözü idilər” (Əliabbas Müznib) və “Qafqaz ondan (Əli bəydən – Y.Q.), o, Qafqazdan razı qalaraq İstanbula gedirdi”.
1910-cu ildən başlayaraq ta 1940-cı ilə qədər Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti yenidən Türkiyə mühitində davam edir. Əli bəy Hüseynzadənin həyatının Türkiyə dövrü barədə geniş bax: Prof. dr. Əli Heydər Bayat. “Əli bəy Hüseynzadə və Türkiyədə yayınladığı əsərləri”. İstanbul, 1992). Əli bəyin ədəbi və siyasi-ictimai tərcümeyi-halının bu ikinci “türk dövrü” İstanbulda “Türk yurdu Dərnəyinin və “Türk yurdu” dərgisinin təsisi ilə (1911, Aqil Muxtar, M.Əmin, A.Hikmət, Ə.Ağaoğlu və Y.Akçura ilə birlikdə) başlayır. O həmçinin, “Məlumat”. “Yeni Мәсmuә”, “İctihat”, “Yeni adam” dərgilərində, “Hakimiyyəti-milliyyə”, “Tan” qəzetlərində çıxış edir.
Ədib Türkiyədə də Qafqaz müsəlmanlarının, bütünlükdə Rusiya türklərinin taleyi və real tarixi vəziyyəti ilə bağlı aktual problemlərin həlli ilə məşğul olur. Bu işin xeyrinə özünün Türkiyədəki şəxsi nüfuzundan və zəngin ictimai əlaqələrindən istifadə edir. Belə ki, Ə.Hüseynzadə bu məqsədlə Rusiya müsəlmanlarının, Türk-tatar millətlərinin “Müdafiəyi-hüquq Cəmiyyətində (1915–16) fəal rol oynayır, beş həmkarı ilə birlikdə “Turan heyət” adı altında Avropaya (Budapeşt, Vyana, Berlin, Lozana) gedir, Berlində “Türk qövmləri Kongresi”ndə, Lozannada “Rusiyadakı xalqlar Konqresi”ndə (1916), Stokholmda “Sosialist konqresi”ndə (1917) iştirak edir. 1918-ci ildə Ə. Ağaoğlu ilə birlikdə Batumda və Gəncədə, 1926-cı ildə Fuad Köprülüzadə ilə birlikdə Bakıda, Birinci Türkoloji Konqresdə olur (Geniş bax: Prof. dr. Əli Heydər Bayat, “Əli bəy Hüseynzadə və Türkiyədə yayınladığı əsərləri”, İstanbul, 1992, səh. 25–28), “Qərbin iki dastanında türk” mövzusunda məruzə edir.
1926-cı ildə Əli bəy Hüseynzadə Kamal Atatürkə qəsdlə bağlı olaraq növbəti (ikinci) dəfə məhkəməyə cəlb edilsə də, bəraət alır və nəhayət, 1936-cı ildə “Üçüncü türk dili Qurultayı”nda iştirak edir.
Əli bəy 1940-cı ildə mart ayının 17-də İstanbulda Üsküdardakı evində ürək xəstəliyindən dünyasını dəyişmişdir. Qəbri də otuz il yaşadığı və candan sevdiyi sevgili İstanbulda Karacaəhməd məzarlığındadır.
Bakıdan uzaq düşsə də, ömrünün son gününə qədər Vətən həsrətini köksündə daşımış,tarixi fürsətin yetişməsini, Azərbaycana dönmək vaxtının gəlib yetişməsini gözləmişdir. Danışanda da, rəsm çəkəndə də, kaman çalanda da şirin azəri ləhcəsini və musiqisini qoruyub saxlamışdı. Vətəndə fəth etdiyi peyğəmbər, “yalavac”, rəsul nüfuzunu daha miqyaslı sambalda Anadoluda da qazanmışdı: “…Sakit, mütəfəkkir haliylə, əsrarəngiz yazı uzletperverisiylə üzərinizə bir rəsul təsiri icra edərdi” (Abdulla Cövdət) (Bax: Əli Heydər. Əli bəy Hüseynzadə və Türkiyədə yayınladığı əsərləri. İstanbul, 1992, s. 29).
“Hüseynzadə Əli bəy pəmbə üzlü, bəyaz saqqallı, gözəl gözlü, həlim-səlim, yumşaq təbiətli, mütəvazi, ağır başlı, ciddi, nadirən qızan, daha nadir olaraq heyrət edən, qəlbən və bədənən çox təmiz bir kimsə idi. Sabahları üzünü qırxması bir saat, geyinməsi iki saat sürərdi” (Ağaoğlu Əhməd, yenə orada).
Ətrafına həqiqətən dahi işığı, peyğəmbər, “rəsul” nuru (Ə. Qəmküsar, Ü.Hacıbəyov, Abdulla Cövdət) səpələyən “Ə.Hüseynzadənın üçlü düsturu bütün türk dünyasında yeni üfüqlər açdı” (Ziya Göyalp) deyərək “türkləşmək, islamlaşmaq, avropalaşmaq çağrışını “peyğəmbər düsturu” hesab edirdilər.
İttihad-qüvvət-tərəqqi! Əli bəyin “Turan” idealı bu mərhələlərdən keçirdi: “Bir qüvvətdir. Zəmanəmizdə millətlərin səlamətinə, səadətinə yeganə vasitə budur”. Məhz qüvvət üçün tərəqqi, tərəqqi, üçün isə ittihad (birlik!) lazımdır. Odur ki Əli bəy elə bil bugünümüzü, hələ o vaxtdan elan edirdi: “əvvəl ittihad, sonra tərəqqi!” Təsadüfi deyil ki, o məhz “İttihad və tərəqqi” firqəsinin əsasını qoyur. Bu ittihadın və tərəqqinin məramında “Turan” sözü yazılmışdı, dünyadakı bütün türklərin iqtisadi, ədəbi, mədəni birliyi sözü yazılmışdı.
“Turan” deyəndə Əli bəy, hər şeydən əvvəl, vahid mənəvi məkanı nəzərdə tuturdu, bütün türklər üçün sabit, monolit, dəyişməz mənəvi Vətəni nəzərdə tuturdu. Bu vətənin ərazisi vahid İslam idi, vahid Türk kültürü, dili və mənəviyyatı idi. Bəlkə də, məhz Əli bəyin bu təlimindən sonra Atatürk öz məşhur millət tərifini və düsturunu söyləmişdi: “Türkiyə Cümhuriyyətinin təməli kültürdür və məhz kültür baxımundan “milli mənliyini bilməyən millətlər başqa millətlərin şikarıdır”.
Qərb-Şərq konteksti, əlaqə və təsirdə miqyas və nisbət problemi Əli bəydə bütöv bir konsepsiya təşkil edir. “…Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istiyoruz, özlərinə deyil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin! Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın” (Ə. Hüseynzadə. “Kasablanka və Osmanlı-İran komediyası”).
Avropaçılığa meyil məsələsində bəzən müasir Türkiyədə və Azərbaycanda özünü göstərən açıq-aşkar aludəlik və ifratçılıq hallarının mənbəyini Əli bəy hələ o zamandan görmüş, türklüyü və İslamı ayıq-sayıq olmağa çağırmışdı: “…türklük və islam dairəsində tərəqqi etmək istiyoruz. Biz arzu ediriz ki, bizim tərəqqimizə baxıldıqda “türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar” denilsin, yoxsa “türklər, müsəlmanlar irtidad ediyor, firəngləşiyorlar” denilməsin!”
“Türklər kimdir və kimlərdən ibarətdir?” – bu sorumun içində elə biz istəyən suala da cavab vardır: “Əli bəy kimdir və onun “türk” anlamı nələrdən ibarətdir?”
***
Əli bəyin Azərbaycan (və bütünlükdə türk) səadəti idealına həsr etdiyi məqalələr çoxdur. Həmin ideya həmin irsdən ən davamlı qırmızı xətt kimi keçir. Və maraqlıdır gözləyən sınaq və maneələri də əvvəldən görür və xəbər verir.
“Türklük tarixində hadisə” adlandırılan “Məktubi-məxsus” da türklüyə və türkə, onun adına, dilinə, tarixinə və coğrafiyasına münasibət barədə indi də öz nəzəri və metodolji əhəmiyyətini qoruyub saxlayan müdrik müşahidələr var. Ümumiyyətlə, Azərbaycanın ilk linqvistik və tarixi-coğrafi xəritəsi C.Məmmədquluzadənin, Türk dünyasınınkı isə Əli bəy Hüseynzadənin əsərlərində cızılmışdır. “Türk kimdir və kimlərdən ibarətdir” – bu ad altında Ə. Hüseynzadənin yalnız bir əsərini yox, bütün əsərlərinin toplayıb nəşr etmək olar. “Türk var, moqol var, fəqət tatar yoxdur. Krımlılar, kazanlılar, oranburqlar və sairə hap türk oğlu türkdürlər”…
Maraqlıdır ki, Əli bəy “qan tökdükləri üçün” Çingizlərə və Teymurlara, adının əvvəlində “mirzə” sözü, sonunda isə “ov” şəkilçisi olduğu üçün Axundovlara münasibətdə hələ o vaxtdan özünü göstərən ifratlara və əyrilərə dəqiq məntiqi cavablar verir, mədəniyyətə və tarixə münasibətdə millilik problemini sağlam elmi-nəzəri əsaslarda irəli sürməyin nümunəsini göstərir: “Qafqaz türklərinin Molyeri (Moliere) bulunan müdhikənəvisi-şehir Mirzə Fətəli Axundovun adının başında “Mirzə” var, yaxud, axırında “ov” var deyə əcəm, əcəmləşmiş, yaxud ruslaşmış nəzəriylə baxıb tanımamaq, takrır etməmək, türk olduğunu, türkcə yazdığını, türklərə xidmətdə bulunduğunu bilməmək… İştə tayib olunacaq hallar…”
Biz çox uzun bir müddət milli tarixin sirnalarına və hadisələrinə (Cavad xana və M.Ə.Rəsulzadəyə, Çələbi xana və Hüseynqulu xana, elə Əli bəy Hüseynzadənin özünə və Ə.Ağaoğluna…) milli məntiqin və mənafeyin yox, qeyri-milli tarixlərin ölçüləri baxımından qiymət vermişik. Türkün tarixinə türk olmayanın nəzərilə baxıb təhlil vermişik. Sən demə, bu mərəzin də tarixi qədim imiş və Əli bəy o vaxt yazdığı bu sözləri elə bil bizi nəzərdə tutaraq yazıbmış;”… böyük cahangirlərə öz qövm və millətinin yox, başqa millətlərin nəzərilə baxırlar… Səd İbn Vəqqasın mədəniyyətə xidmətlərini iranilərdən sormayın, ərəblərdən sorun, Bismark fransızların qənimi, almanların iftixarı, Teymurun da türk xidmətlərini İrandan və Çindən yox,… Orta Asiyadan soruşun”.
M.F.Axundovdan sonra Azərbaycan (türk) mədəniyyəti tarixində “Qərb-şərq sintezi”nin böyük nümayəndəsi Əli bəy Hüseynzadə olub. Bu sintezdə türklük “Qərbdən və Şərqdən nə alıb?” sualı ilə yanaşı, “dünyaya nə verib?” sualı da öz əyani ifadəsini tapmışdır. Ədəbi-mədəni sintezin daha ali və kamil Əli bəy nümunəsini biz nəinki ondan əvvəlki Axundov mərhələsinin, hətta… ondan sonrakı “sosialist realizmi” və “Anadolu Avropaçılığı” mərhələsinin də ifratlarından təmizlənmiş halda görürük. Əli bəyə görə, əgər bir türk milli, ədəbi, mədəni “mən”ini itirib fransızlaşırsa, bu türk kültürünün yox, fransız mədəniyyətinin tərəqqisi deməkdir. Biz “Avropa sivilizasiyası” qazanda və mədədə qaynamaq və həzm olunmaq üçün yox, onlardan da bəhrələnib, milli baxımdan gerçəkləşmək, özümüzü təsdiq etmək üçün Qərbə açıq oluruq.
Bu baxımdan Əli bəyin rus ədəbiyyatına və onun ayrı-ayrı nümayəndələrinə ikili, dialektik münasibəti çox ibrətli və səciyyəvidir.
O, bir tərəfdən, ən adi milli-insan haqq və hüquqların təminatı, demokratiya və sosial tərəqqi baxımından “Avropa jandarmı”nın çağdaş sivilizasiyadan nə qədər uzaq olduğunu görüb belə yazırdı: “Rusiyanın bu günlərdəki halı hürriyyət səadəti degildir, bəlkə, bir anarxiyadır” (“Həyat”, 1905, 30. XI). Digər tərəfdən isə deyirdi ki, “…əsri-hazir bəşəriyyətin bir üzvü-mühümmi olan rus millətinin dövri-kəmalıdır”. Bunu deyərkən Əli bəy, şübhəsiz, birinci növbədə XIX-XX əsrlərin mütərəqqi rus ədəbiyyatını (Tolstoy, Dostoyevski, Çexov, Bunin…) nəzərdə tuturdu və onu da əlavə edirdi ki, ona məhz bu baxımdan hətta “Avropa və Amerika qibtə edə bilər”. “Peyğəmbər olmayan”, fəqət “sahibi-kitab” olan Tolstoyu o, daha tez-tez xatırlayır və ona ayrıca məqalə həsr edirdi. Əgər çar naziri Puruşkeviçi biz Əli bəyin əsərlərində Şeyx Fəzlullah, Seyidəli Yəzdi, Mir Haşım kimi ən qatı Şərq (İran) irticaçılarının əhatəsində görürüksə, Tolstoyu Əli bəy həmişə Firdovsi ilə, Sənayi, ilə, Sədi ilə bir kontekstdə təhlil və təqdim edir. Özü də maraqlıdır ki, nəhəng Tolstoyu biz həmin kontekstdə həm həssaslıq və ehtiramın, həm də obyektiv tənqidi münasibətin hədəfi şəklində görürük: “Tolstoy, bəlkə, dərin bir mütəfəkkir deyildir. Lakin hər halda vase bir bəhrə-bədayedir”.
Ömür boyu yol gedən və keçdiyi bütün yol boyu da heç vaxt mənzil başına çatmayan səyyah! Əbədi yarı yolda qalan, ömrün, zamanın karvan yolunda əbədi köçəri, didərgin gəzən sarvan və müsafir… Sənət və fəlsəfə adlı ən möhtəşəm qalaya, qəsrə daxil olan, fəqət qapının, yaxud qapıya açarın harda olduğun bilməyən ixtiyar ədib! – rəssam Əli bəyin fırça ilə kətanda yox, qələmlə vərəqdə çəkdiyi Tolstoy obrazı və portreti belədir…
Əli bəy Hüseynzadənin şah əsri “Siyasəti-fürusət” dirsə, tarixə irs qoyub getdiyi ən böyük kitabının adı “Füyuzat”dır.
“Füyuzat” sözünün əsl mənası səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi-batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır…” Müəllif xüsusi qeyd edir ki, mən “həyat səadətdir” demirəm, “həyat-meyli-səadətdir” deyirəm. Bununla o, idealdan ən uzaq gerçəklikdə də idealla yaşamağın labüdlüyünə işarə etmək istəyir.
Bəs idealla nisbətdə onun yaşadığı ictimai gerçəkliyin real iqtisadi və siyasi məkandakı İslamın həqiqi vəziyyəti necə idi? Əli bəy bu suala da cavab verir. Onun “Məcnun və Leylayi-İslam” (“Füyuzat”, 1907, №17-18-20) adlı bədii-fəlsəfi düşüncələr silsiləsində həkim müayinə etdiyi xəstəyə – islama belə diaqnoz qoyur: “…beyniniz, dimağınız müzmin və mənid bir sədai-istindad və əsarətə mübtəladır”. Bəs “nicat nədədir?” “Nicat məhəbbətdədir!” İdeala və gözəlliyə əbədi meyildədir!.. Bu Əli bəyin qəti qənaətidir, həm təbiətdə, həm də cəmiyyətdə zorakı qəsdi inkar edən müasir humanitar təlimlərlə də onu birləşdirir. Həyatı idealsız, mənəvi, əxlaqi dəyər və sərvətdən məhrum xaos, yerüstü iblis səltənəti sayan bəzi qaranlıq, işıqsız modern qərb fəlsəfələrindən Əli bəyi ayırıb, Şərqlə, klassik şərq ontoloji dəyərləri ilə birləşdirən körpü də bu nöqtədə idi!..
Hələ böyük Füzulidən və Mövlanədən sonra Dostoyevski elan etmişdi ki, dünyanı gözəllik xilas edəcək. Cavid bu hökmü olduğu kimi qəbul edir, Əli bəy isə elan eləyir ki, “Nicat məhəbbətdədir…” (“Füyuzat”, 1906, №6). Əli bəy bu sözləri o zaman söyləyir ki, “qırmızı qaranlıqlar”, “terror alovları” hər tərəfi bürüyüb, hər gün, hər yerdə “bombalar vəhşiyanə rəqs edir”, “kəlisa önündə insanlar bir-birlərini öldürür, məktəb içində insanlar bir-birini vurur”. Məhz görünməmiş zor, irtica şair-filosofun simasında Şərri-İblisi yox, xeyir və məhəbbət mələyini dilə gətirir. O, nicat sorağında tarixi ələk-vələk edir, böyük peyğəmbər və filosofların irsində zamanın böyük sualına cavab axtarır:
“İsa və Məhəmmədin arzu və tələb etdikləri bu məhəbbəti nə ilə və vasitə ilə təmin etmək olur?… O vasitəni bəşəriyyət kəşf edə bilmişmidir? Şübhəsiz, etmişdir. O nədir?… Hürriyyət və ədaləti-kamilə!…
Ədl olursa, hürriyyət də olur. Hürriyyət olursa, məhəbbət və müvəddət olur. Həzrət İsanın da, Həzrət Məhəmmədin də şər və qanunları bu həqiqətə müncərdir”.
Təbiət və tarix Əli bəyin nə qədər haqlı olduğunu sübut etdi. Terror doğuran “texnogen sivilizasiya” özünü tamamilə tükətdi. Əsrin sonu məhz o həqiqətə təsdiq və yekun oldu ki, həm təbiətə, həm də cəmiyyətə zorakı qəsd özünü əsla doğrultmur. Təbiət də, cəmiyyət də belə qəsd üçün cavab bəlaları göndərir. Yüzdən çox inqilab və əksinqilab, iki dünya müharibəsi, total rejimlər, ölüm peçləri və konslagerlər bütün bunlar Əli bəyin hələ yeni başlayan əsrin qanla qızaran dan yerində gördüyü və əvvəldən xəbər verdiyi “qırmızı qaranlıqlar”dan doğur. Əql, məhəbbət, şəfqət, hamısı batan, yox olan “yaşıl işıqlarda” və yaşılı əvəz edən al qaranlıqda “qırmızı eşafotda” sönüb, əriyib itdi. Planeti bürüyən kütləvi ölüm və zor epidemiyası Şərqin (Əli bəyin, Qandinin, Tolstoyun…) “Məhəbbət və nicat” fəlsəfəsindən yox, Avropanın (Hegel, Marks, Nitsşe…) “təzad və mübarizə”, “sinif və tərəqqi” təlimindən doğdu.
Ədib inqilabı “qırmızı qaranlıq”, maarif, zəka, ağıl çırağından yayılan nuru isə “yaşıl işıqlar” adlandırır (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”, “Füyuzat”, 1906, №5). “İnqilab ilə irtica görüşür, mübarizə edir, bu mübarizə nəticəsində ortalıq al-qanlara boyanır. O qanlardan süud edən buxarati-kəsif bir səhabə halını alıb bütün ətrafı zülmətə qərq edir. İştə qırmızı qaranlıq!”
Bütün Turanı Əli bəy məhz yaşıl perspektivdə (maarif qəndilinin nurunda!) görmək istəyir. Bunun üçün coğrafi, yaxud siyasi anlam kimi heç bir “pantürkizm”, “panislamizm” uydurmaq lazım deyil, məhz mədəniyyət, elm və sənət mənasında vahid bədii, estetik, mənəvi məkana nail olmaq lazımdır: “İslam türk hər tərəfdə tərəqqi etsə, qüvvət bulsa, Memaliki Osmaniyyə də o aləmin içində bir vaha degil, bir behişt-öndər-behişt olur. Binaenaleyh məsələ ittihad, yaxud tövhid məsələsi degil, məsələ yek digərimizi tanımaq, sevmək, təriqi-təməddündə yek digərimizə müavinət etmək məsələsidir” (Ə. Turani. Məktubi-məxsusi. “Türk qəzeti”, 1904 №56).
Nəhayət, Əli bəyi oxuyanda və eyni vaxtda müasirliyin tarix kitabını vərəqləyəndə Azərbaycanda təkrar olan eyni tarixlərin bir qanunauyğunluğuna da heyrət edirsən: sən demə, tarix təcrübə dərslərini həmişə Şərqdə keçir, böyük eksperiment üçün sosial siyasi poliqon axtararkən bir qayda olaraq Azərbaycanın üstündə durur!.. Bəlkə, ona görə ki qlobal geopolitik mənafelər həmişə burada qovuşur və kəsişir? Hər halda belə təcrübələr üçün “xammal”a, qurbana və çıxdaşa hamıdan əvvəl, həmişə bizim xalq çevrilir!
Görün hələ o vaxt taleyin və qəzanın Qafqaz müsibətinə Əli bəy necə təsvir verir: “Bu gün bütün cahanı sarsıtmaqda olan və yek digərilə təsadüf edərək ortalığı hərc-mərc eyləyən üç mühüm cərəyanın, yəni imperializm, nasionalizın və sosializm cərəyanlarının ən fəci saheyi-fəaliyyəti Kavkaziya və bilxassə Azərbaycan oldu. Orası bir cəhənnəmə döndü! ( – Y. Q.) Oradakı türk qardaşlarımız bütün bu müxtəlif yaxıcı, yıxıcı, əzici cərəyanların altında sərsəmlədi, nə yapacağını şaşırdı, mühakiməsin qeyb etdi. Osmanlı türk imdadına yetişməsə idi, məhv olub gedəcəkdi. Faqət onun məhv olması ilə Anadolu da təhlükəyə düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu kəndi kəndini da qurtarıyor, buna şübhə etməyiniz! Derlər ki, dağ dağa qovuşmaz, insan insana qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ dağa qovuşur, bu gün Ərciyəz dağı Qaf dağına qovuşuyor va qovuşduqca yüksəliyor” (Ə.Hüseynzadə. Azərbaycanda düşündüklərim. “Hilali-əhmər” qəzeti, 24.06.1918).
“Türkçülüyün babası” rolunda Əli bəyin ən böyük xidməti, bu istiqamətdə yazdığı ən qiymətli yazı isə Hüseynzadə yaradıcılığımın Bakı dövrünün şah əsəri (“Şahnaməsi”) “Siyasəti-fürusət”dir.
***
İki-üç il sonra, 1998-ci ildə “Siyasəti-fürusət”in 90 illiyini bir yubiley kimi qeyd etmək olar. Lakin bu “doxsan il” “Siyasəti-fürusət” ətrafında sükutun doxsan ilidir. (Mən, şübhəsiz, bu müddət ərzində fasiləsiz davam edən və bütünlükdə “Füyuzat” ədəbi məktəbi əleyhinə çevrilən vulqar ifşa və bədnam lənət kompanyasını həmin sükutu pozan “haray” hesab eləmirəm). Sözün həqiqi mənasında “sükut buzu” elmi mətni Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Ofeliya Bayramova tərəfindən hazırlanan və ilin sonunda işıq üzü görən “Siyasəti-fürusət” kitabı ilə sındı.
“Siyasəti-fürusət” – “At minmək siyasəti”. Bu ad, nə üçünsə, “Qudatqu-bilik” (“xoşbəxtlik və siyasət biliyi”) kitabının adını mənim yadıma salır: Hələ XI əsrdən Şərqdə ədəbiyyat “Xoşbəxtlik və siyasət” biliyini xalqa öyrətməyə başlamışdır və “Siyasəti-fürusət” bu tarixdə son böyük səhifələrdən bırını təşkil edir.
Hər iki kitab başqa bir baxımdan da səsləşir: “Qudatqu-bilik” türk xalqlarının tarixində hələ “atlı (köçəri!) həyat” tərzi dövrünün abidəsi idi. “Siyasəti-fürusət”də də şərti mövzu və əsas metafora “at” və “atlı” obrazıdır. Dünyada son böyük köçəri xalq türklərdir və onların çoxəsrlik “atlı” (azad, sərbəst, qanadlı!) həyat tərzinə və ənənəsinə qarşı çevrilmiş ən müasir, çağdaş “quyruq və at siyasəti”nə Əli bəy biganə qala bilməzdi.
Kitabı tarixi-milli ənənəyə bilavasitə bağlayan bir cəhəti də vurğulamaq istəyirəm. Burada hadisələrin axarı miqyaslı, çeşidli tarixi və coğrafi məkanları əhatə edir, lakin onlar hamısı Cənubi Azərbaycanda kəsişir və qovuşur. O zaman cənubda baş verən hadisələr xalis milli hərəkat və milli inqilab idi, xalis “şərq hadisələri” idi. Burada “marksizmin üç mənbəyi, üç tərkib hissəsi” hələ yox idi və Əli bəy Hüseynzadə “rus şapkalı”, “çinovnik epoletli”, müsəlman təxəllüslü vulqar bolşevikə yox, Sattarxana inanırdı.
O da mənalı və ibrətamizdir ki, ədib Qafqazda tarixən qonşu xalqlar arasında münasibətlərdən danışarkən qədim fars mədəniyyətini İranın şahpərəst, şovinist hakim ideologiyasından, rus demokratik ədəbi-ictimai fikrini isə hərbi-bürokratik rus çar üsul-idarəsindən və müstəmləkəçi rus-çar şüurundan fərqləndirirdi.
Nəhayət, milli ənənəyə bağlılıq özünü xalis sənət və sənətkarlıq sahəsində, “Siyasəti-fürusət”lə ondan əvvəlki böyük bədii-publisist təcrübə arasında olan varis-irs ǝlaqələrində göstərirdi. Kəmalüddövlənin, İbrahim bəyin məşhur səyahətnamələrindən sonra “Siyasəti-fürusət” ǝsrin əvvəlinin növbəti böyük bədii-fəlsəfi traktatı və növbəti böyük “Ölülər”i idi. Əli bəyin təsvir etdiyi “axirət”də on doqquz (!) əsrin ölüləri və əməlləri iştirak edirdi. Miqyas birinci növbədə tarixə salınan nəzərin ölçülərində dəyişirdi: Əli bəyi hər şeyin zatı, əsli, hətta ölülərin də soy şəcərəsi, soy adı, soy kökü maraqlandırırdı!.. Və bütün bunlar böyük mütəfəkkirə müasirliyi, gələcəyi, bugünü görmək üçün lazım olurdu. Təsadüfi deyil ki, əsrin əvvəlində yazılan bu əsər indi əsrin sonunda da böyük ədəbi-bədii və siyasi-tarixi əhəmiyyətini qoruyub-saxlayır.
Əli bəyin Şərqə, tarixə, keçmişə saldığı nəzərin bu əsərdə içinə aldığı əhatə və miqyas digər bir baxımdan da dəyişirdi: “Ölülər”də (C.Məmmədquluzadə) hələ avropalı və rus “mərhum” yox idi, burada isə Puruşkeviç – baş kabus, “zülmət səltənətində hakim İblis” rolunda çıxış edirdi. Yerli, “milli”, müsəlman kölgələr və ruhlar bu “əcnəbi kabusdan” nicat və imdad dərsi alırdılar: “Qurbanınız olaq, bizə də at oynatmaq siyasətindən nicat veriniz və “fürusət” sözündən xəbərdar ediniz”.
Beləliklə, Qafqazda inqilabı yatıran Puruşkeviç indi də İranda inqilabı yerlə yeksan etməyə təşrif buyurur. Və “Ölüm rəqsi”ni “Velikorus orkestri” Peterburqdan sonra Tehranda da çalmağa başlayır. Hər iki məkanda İranda da rəqs hamıdan çox eyni ünvana, Azərbaycana, Arazın hər iki tayında başlayan azadlıq hərəkatına qarşı çevrilir. Bayquş xarabalığı necə nişan verirsə, Puruşkeviç də şah irticasına bu azadlığı necə xaraba qoymağın yolunu göstərir.
Ümumiyyətlə, axirətdə metafora dəyişir və çarın “cüt-başlı qartal’ı da cəhənnəmdə donunu dəyişib bayquş şəklini alır: “Dostlarım, Siz bihudə məni şeytana iqtibas edirsiniz. Mən asla şeytan deyiləm. Şeytan ayrı, mən ayrı. Mənim onlara heç bir əlaqə və münasibətim yoxdur”. Söhbət Azərbaycana və onun taleyi məqamına gəlib-çatanda hətta “Şiri-xurşid” də (şahlığın və istibdadın rəmzi!) Puruşkeviçin si-masında bayquşla tərəfi-müqabil, həmtay və həmkar olmağa razılıq verir!..
Əsər boyu Əli bəy də elə tarixən çarlıq və şahlıq rejimi arasında Azərbaycana qarşı çevrilmiş bu razılığın tarixini qələmə alır. Və qərara gəlir ki, hər iki dünyada İslam aləminin başı üstündən “domokl qılıncı” yox, “at quyruğu” (kazak atının quyruğu) sallanıb. Quyruqlu ulduzlardan və quyruqlu atlardan gələn bəla daha qorxuludur. Ayıq olun: başınızın üstündəki səlib xaçı poladdan, yaxud palıddan düzəlməyib, əyilən və qıvrılan quyruqdan düzəlib. Xatırlayın ki, ta qədimdən türk qövmi həmişə qılıncla açıq döyüşdə yox, quyruqla şübhəli cəngi-cidalda məğlub olub!..
Bir var Zevsdən, Yupiterdən, Marsdan gələn qəza, bir də var şeytandan, İblisdən, bayquşdan yayılan bəla. Bir var başla hədə və hücum edəsən, bir də var… quyruqla. İkinci ilə mübarizə qat-qat çətindir.
Tarix əməldə, işdə göstərdi ki, Əli bəy nə qədər haqlı imiş, imperiyalar hələ də öz “quyruğunu” Qafqazdan çəkmir ki, çəkmir.
Beləliklə, Əli bəy XX əsrin bədii-fəlsəfi və publisist fikrində məlum “dəlilər”, “artıqlar”, “xırdalar” və “ölülər” təsnifini “quyruqlar” çeşidi ilə də zənginləşdirir və tipologiya daha böyük kamillik, tamlıq və bütövlük (“alt qat” da görünməyə başlayır) kəsb edir. “Quyruqlarsız” dövrün obrazı – həm “Füyuzat”dan, həm də “Molla Nəsrəddindən görünən mənzərəsi natamam olardı.
Ta on yeddinci ilə qədər Puruşkeviçin atının quyruğu hələ rus bolşevizminin də başının üstündə idi. Amma o vaxt ki, bolşevizm özü bu atın üstünə qalxır, şərqə və türkə qarşı eyni “quyruq siyasəti” yenə davam edir. Bir fərqlə ki, at “siyasəti” artıq “duma”da yox, “Ali Sovet”da, “Plenum”da, “Politbüroda” davam edir. At dəyişir. Quyruq dəyişmir, yaxud, atlı dəyişır, at özü dəyişmir.
Və Əli bəy də həyəcan təbili çalır, haray qaldırır ki, “Atı quyruğu ilə birlikdə” dəyişmək lazımdır.
Povestdə at, araba, kəcavə, gəmi obrazları var. Lakin müəllifin diqqət hədəfinə çəkdiyi “Qafqaz müsəlmanlarıdır”, “çəkə-çəkə gətirdikləri türk atının iki cinahında (!) onların səf bağlamaları”dır. “Müsəlmanların son zamanlar öyrətmək istədikləri və intixab üsulu ilə aradıqları, qaşına hilal, köksünə Şiri-Xurşid əlaməti taxılan bir türk atını əyirləmələr”dir. “Hilalın”, “Şiri-xurşid”in, “türk atı”nın və qafqazlıların (bir kontekstdə xatırlanan bu əlamətlər sisteminin!) vurğulanması heç də təsadüfi deyildi, bəlkə “vəhdət” rəmzinin tərkib hissələrinin xatırlanması demək idi. Hələ lap bu yaxınlara qədər biz nəinki bütöv Azərbaycanı, adətən, hətta şimali Azərbaycanın özünü də iki əks “siyasi” (sinfi!) “qütbə” bölüb ayrılıqda təhlil eləyirdik. “Siyasəti-fürusət” müəllifi isə onları cəm halda alır! XX əsrin milli vəhdət idealını Şəhriyardan əvvəl Əli bəy ifadə və təsdiq edir…
Romantik maksimalizmə Əli bəy tarix və tale probleminin təkcə qoyuluşunda yox, həlli üsulunda da yol verir və nail olur: “Vətənin şu feniks kimi bir kərrə yanıb kül olması, illər uzunu aləmi bezar edərək bari-istibdad altında əzilib-inləməkdən min qat övladır”.
“İstibdad” adlanan Şərq gerçəkliyinin tənqidində Əli bəyin Sabirdən və Mirzə Cəlildən fərqi nə idi? Axundovdan və Talıbovdan o nədə irəli gedirdi?
Hər şeydən əvvəl, problemə fəlsəfi-nəzəri baxışın vüsət və dərinliyində! Miqyas özünü dərkin ölçüsündə də dəyişirdi, İslam birliyi, türk bütövlüyü miqyasında məsuliyyət və cavabdehlik şüuru, tarixi-milli mentalitet hərtərəfli dərk olunmuş el-mi, nəzəri, fəlsəfi hüdudlara qalxırdı, bugünkü milli tale və tarixi müsibətlər üçün babaların günahı, əcdadların səhvi də eyni bir ittihamın təhlil və cəza hədəfinə çevrilir, İslamı dünya miqyasında bazara, hərraca çıxaran Nəsrullahlar, Xəzəri şor su kimi rusa satan Fətəli şahlar məşhər ayağına çəkilirdi. Heç kəs kənarda qalmırdı: ən qədim, əsatiri Pışdadyan sülaləsindən, onun ilk hökmdarı Kəyumərsdən Qacarlar sülaləsinə qədər…
Şərqdə sosial böhranlar və müsibətlər silsiləsinin rus-çar ünvanları və onun qaynaqları da bu ittihamdan kənarda qalmır. Məlumdur ki, at şıllaq atır, quyruq bulayır, soncuqlayır. Satirik ədib quyruğu atdan ayırır və onu olduğu yerdə, daha doğrusu, olmalı olduğu yerdə yox, III Dumada (!) təsvir edir. Quyruğun bədəndəki və dumadakı “yerləri” arasında estetik baxımdan da, sən demə, elə fərq yox imiş. Hər iki mənada və ünvanda quyruq çubuq və qırmanc olub, şapalaq olub Qafqaza dəyir. Doğrudur, bu çox qorxuludur: axı qafqazlılar “at yeyirlər”! Amma nəyi yeyirlər: atın zərbəsini, ya özünü?!
Əli bəy bu əsərdə ayrı heç yerdə olmadığı qədər yazıçı-ideoloq kimi çıxış edir və bu gün də Qafqazda “quyruq istə” tamam olan əsrin əsas bəlasını hələ o vaxtdan göstərərək gur səslə elan edir ki, “İnqilabı qırmaq, kəsmək, şikəst edib topal qoymaq üçün quyruqların hücumu” mütləq olacaq və ona hazır olmaq lazımdır.
O da maraqlıdır ki, əvvəlki səyahətnamələrdən fərqli olaraq, burada səyahət, əsasən, coğrafi məkanda yox, …tarixi ərazidə davam edir. Tarixin dolaylarında, azadlığa aparan har yoxuşda Puruşkeviç Azərbaycanlı, Şərqlə, İranla qarşılaşır.
Hər dəfə də coğrafi ünvanın (kəndin, şəhərin) yox, tarixi şəxsiyyətin simasında.
Kefli İsgəndər, Kəmalüddövlə, İbrahim bay… rolunda isə burada müəllif özü iştirak edir. Puruşkeviçlə, Şeyx Fəzlullahla, Seyid Yəzdi, Mir Haşım və Kəyumərslə… dialoqda (alt qatda) həmişə hiss olunur.
Azərbaycanın milli taleyində şahlıq və çarizm dövrünün rus-fars şovinizminin tam görünməsi üçün ədib səyahəti coğrafi məkanda da dəyişir, Qafqazdan İrana keçirir. Səyahətin bu coğrafi marşrutunu kağızda cızsaq, Şərqə o zaman Rusiyadan yayılan irticanın siyasi xəritəsi alınar.
Vaxtilə Paskeviç və Yermolov İrana fateh kimi gəlmişdi. Puruşkeviç isə bura müttəfiq kimi gəlir, parçalanan Azərbaycanı çırmıxda saxlamaq naminə şah istibdadı ilə əməkdaşlıq eləmək üçün gəlir. “Niyyəti toxuduğu hörümçək toru ilə Rusiyada bərpa etdiyi əski dərəbəylik məişətini İranda da yaratmaq idi”.
İrticanın avazı və ritmi hər iki ölkədə eyni vəzndə köklənir və eyni orkestrdə çalınır, eyni matəm hədəfinə – parçalanan Azərbaycana tətbiq olunur. Qafqaza qoşa başlı qartalın səfiri kimi gələn Puruşkeviç burada bayquşun rolunu və missiyasını öhdəsinə götürür.
Bu simvolik obraz və emblem-qartal (bayquş) başı ilə at quyruğundan yaranan simbioz əsərdə isticanın bətninə, bədəninə vurulan əsas damğa və möhürüdür, rus imperiyaçılıq tarixindən davamlı şəkildə həmişə keçən şovinist təmayülün bədii ifadəsi və dəst-xəttidir.
Povestdə bu dünyadan başlanan marşrutun böyük bir hissəsi axirətin ərazisindən keçir. Keçmişə, tarixə qərq olan tənəzzehdə Puruşkeviçə və “heyəti müsəlləsəyə Kəyumərs özü “rəhnüma olur”.
Ruhlarla görüş çənli-çəsəkli bir kahada baş verir. Hökmdarlar, şairlər, loğmanlar… kahaya əzəli günah üçün əbədi çəkdikləri əzabın yükü ilə birlikdə daxil olurlar. Müttəhim kölgələri ağsaqqal ruh-Kǝyumərs ittiham edir. İslama və kökə, əcdada sadiqlər, İranın və türklüyün fədailəri qanadlı atın üstündə, Simurqun qanadında, ya da axan Ulduzun işığında görünürlər. İslam və İran düşmənləri isə bu zülmət tartardan cəhənnəm odunun içində, yana-yana keçirlər. Cani və xain teyfləri Sen-Sansın “Ölüm rəqsi”nin sədaları müşayiət edir. Qacarlar – İranı çara satanlar tartara “şəyatın arabası”nda – əjdahanın çəkə-çəkə zülmətə sürükləyib apardığı vaqonda girirlər. 1828-ci ildə Xəzəri “lazımsız şor su” kimi çara peşkəş edən Fətəli şah, Avropaya guya rəsmi səyahət edən, əslində isə “kor gedib kor qayıdan” Nəsrəddin şah xüsusilə iti istehzanın və acı gülüşün hədəfi olur. “Türk dühasını boğan türk Teymur”, Turanı və İslamı düşüncədə, inamda, etiqadda parçalayan Şah Xətayi bu günahlar və teyflər sərgisində, bu əbədi bədii, tarixi, milli, qövmi yaddaşda iki ən ibrətli, iki ən intiharlı ləhzə, an, məqam kimi görünür və yox olur. Ümumiyyətlə, Əli bəy Şərqdə milli tarixə və yaddaşa səpələnən ən mənalı, ən ibrətli, ən tragik məqamları, görk və dərs anlarını, hamısını (!), bir yerə “Siyasəti-fürusət”ə yığır, onları nəsillərə, əsrlərə, bəşəriyyətə nişan verir, bir anlığa sanki özü bir Höte, bir Faust olub onların hər birinin önündə durur və: “Saxlan, ey məqam, sən ibrətlisən, dur!” – deyir.
Artıq qeyd etdiyimiz kimi, Əli bəy Hüseynzadə Nəsrəddin şahı bir də ona görə tənqid edir ki, Böyük Pyotrdan fərqli olaraq o, Avropaya necə getmişdisə elə də qayıdır: səyahət vaxtı orada heç nə görmür və oradan heç nə götürmür! Əli bəy özü isə tarixə və keçmişə səyahətdən gördüklərini və götürdüklərini bütün dünyaya və bütün zamanlara göstərir. Mənəvi-əxlaqi təcrübəmizin dərsləri kimi bu görüntülər bu gün üçün də mənalıdır və ibrətlidir. Hamısı birlikdə ən modern, mükəmməl, klassik bir filmin bədii-fəlsəfi lentinə çəkilmək üçün hazır süjetinə bənzəyir. Belə bir lenti Şərqin eyni vaxtda həm romantik, həm də satirik “Şahnamə”sini, güman edirəm ki, gec-tez böyük ekranda biz mütləq görəcəyik…
“Siyasəti-fürusət” – özünəqədərki böyük sosial və tarixi “səyahətnamə”lərin sənətkarlıq təcrübəsini və ədəbi məziyyətlərini də özündə birləşdirir. O, tək klassik siyasi parodiya, fəlsəfi kinayə və həcv, publisist pamflet deyildir, həm də obrazı təxəyyül, sənədli bədii düşüncə məhsulu olan nəsr əsəridir, fəlsəfi, publisist povest-traktatdır. Bu povesti Turanın və İranın, Yaxın və Uzaq islam Şərqinin bütün nəsilləri bir dərslik kitabı, etiraf, tövbə və yaddaş qamusu, qeyri-rəsmi ana yasa kimi oxumalıdırlar. Müasir milli-mənəvi tərəqqiyə, yaxın humanitar gələcəyə Şərqdə yol bu povestin səhifələrindən və sətirlərindən keçir…
Tarix ona görə təkrar olur ki, ondan dərs götürmürlər. Yaddaş əxlaqa çevrilməyəndə hər şey yenidən, hər şey növbəti dəfə, növbəti sıfırdan başlayır. Bu gün biz qədimdən xalqımıza xas bir çox mənəvi dəyər və sərvətləri də ona görə itirmişik ki, Əli bəyləri itirmişik…
Mənbə: “Tarix: Yaxından və uzaqdan”.



