Ədəbiyyat Əli Rzazadə

Bir qab mürəbbə və ya…

“Həytaımızın hər günü möcüzələrlə doludur” deyənlər yanılmamışlar. Bir dəfə xətrini çox istədiyim dostlarımdan biri başına gələn bir əhvalatı danışanda bir daha buna əmin oldum. Əmin oldum ki, həyatımız möcüzələrlə doludur, amma çox az adam bunun fərqinə vara bilir. Dostum nəql edirdi ki, xaricdə işlədiyim dövrdə bir neçə günlük vətənə gəlmişdim. Hələ xaricdə olarkən, ailəliklə rayonlarımızdan birinə gedib istirahət günlərini orada keçirmək qərarını vermişdik. Həm də paytaxta çox da yaxın olmayan gözəl diyarlarımızdan Şəkini seçmişdik. Vətənə döndüyümüz gündən iki sonra biz artıq Şəkidə idik.

Səfər çərçivəsində öncədən planlaşdırmadığımız bir ailədə qonaq olduq. Belə ki, bizim Şəkidə olduğumuzu eşidən dostlardan birinin təkid və xahişi ilə onun yaxın qohumlarıgildə bir neçə saat qonaq olmaq qismətimiz oldu.

Ev sahibi, yaşı təxminən altımış beşi kemçiş nurani bir kişi, bizi özünəməxsus qayğıkeşliklə qarşılayıb əsl azərbaycanlısayağı qonaqpərvərlik sərgiləyirdi. Olduqca mehriban idi. Yeməkdən sonra çay süfrəsi açıldı, samovar çayı ilə yanaşı, süfrəyə diqqətimi çəkən bir mürəbbə də qoyuldu. Mürəbbəpərəst olduğumdan süfrəyə qoyulmuş və görünüşcə fərqli olan mürəbbə diqqətimi çəkmişdi və özümü saxlaya bilməyərək ev sahibindən onun haqqına məlumat verməsini istədim. Bilirdim ki, hər istəyəndə bu cür mürəbbəni tapmaq mümkün olmur. Olduqca dadlı və sanki xüsusi peşəkarlıqla hazırlanmış bu mürəbbəni haradan aldıqlarını sual etdim. Kişidən mürəbbənin məhz özünün hazırladığını eşidəndə marağım daha da artdı. “Bu mürəbbəni öz əllərimlə hazırlamışam, hər istəyəndə belə mürəbbə ələ düşmür. Gərək onun hazırlanma qaydasını biləsən”, – deyən ev sahibinin üzündə qəribə bir təbəssüm göründü. Mürəbbə növləri haqqında onun mütəxəssisi, bilikli və təcrübəli adam tonunda danışır, mürəbbənin hazırlanması haqqında bilmədiyimiz maraqlı məlumatlar verirdi. Yaşlı kişinin qonaqpərvərliyi ilə yanaşı, zəhmətkeşliyinə də heyran qaldım.

Ağsaqqal həm də onu əlavə etdi ki, belə xüsusi mürəbbələri ən əziz qonaqları, əsasən də, vətəndən uzaqda yaşayan doğmaları gələndə gələndə süfrəyə qoyur. Mən də öz növbəmdə: “Əllərinizə sağlıq. Həqiqətən, çox fərqli dadı var”, – deyə təşəkkür etdim.

Axşam saatlarında bu qonaqpərvər ailə ilə xudahafizləşib yola düşəndə ev sahibi, “bunu da bizdən pay olaraq qəbul edin” deyib əlindəki iri mürəbbə bankasını bizə təqdim etdi və yetmişin astanasında olan ağsaqqal ləyaqəti ilə başını tərpətdi. Şübhəsiz, kişi mürəbbəni bəyəndiyimdən bu qərara gəlmişdi ki, onu özümlə evimizə aparım. Onsuz da gün ərzində öz qonaqpərvərliyi ilə əziyyətimizi çəkdiyi üçün mürəbbəni qəbul etmək istəməsəm də, ağsaqqalın israrı ilə payı götürməli oldum. Amma qəlbən çox məmnun idim. Elə yoldaca mürəbbəni Bakıda deyil, yaşadığım xarici ölkəyə apararaq orada istifadə edəcəyimi düşündüm. Nəhayət, bizim Şəki səyahətimiz sübhün ilk eyhamları ilə başa çatdı.

Günlər eyni sürətlə keçdi. Artıq o gündən bir neçə ay keçmişdi və mən adəti üzrə ölkə xaricində öz gündəlik həyatımı davam etdirirdim. Günlərin birində mənə məlumat verildi ki, bu ölkədə təhsil alan azərbaycanlı tələbələrdən birinin valideyni gəlmiş və həmyerli kimi mənimlə də görüşmək istəyir. Təbii ki, yad ölkədə öz soydaşımızla görüşmək və bir araya gəlmək mənim üçün də sevindirici hal idi. Tez bir zamanda soydaşımızı qarşılayıb onu evimizə dəvət etdim. Çay süfərsi arxasında əyləşərək qəribliyin sıxıntılarından danışdıq.

Azərbaycandan gətirdiyim həmin mürəbbəni də soydaşımızın şərəfinə açdığımız çay süfərsinə qoymuşdum. İndiyə kimi bankanı açmamış, Şəkidəki kişinin dediyi kimi, xüsusi qonaqlarım gələrkən onu süfrəyə qoyacaqdım. Təbii ki, vətəndən uzaqda mənimlə eyni dildə danışan, qərib ölkədə evimdə qonaq olan həmvətənimiz mənim üçün əziz qonaq idi. Məlum oldu ki, övladı burada təhsil alan qonağım da Azərbaycanda deyil, başqa bir ölkədə yaşayır. O, uzun illərdir ki, vətəndən ayrı düşüb, ərəb ölkələrinin birində tibb sahəsində çalışır. Özü bir xarici ölkədə yaşayır, övladı da başqa ölkədə təhsil alır. Lakin buna baxmayaraq, bu vətənpərvər adamın ürəyi daim Azərbaycanla döyünür.

Söhbət əsnasında onun Şəki rayonundan olduğu məlum oldu. Bu məni çox sevindirdi, çünki Şəki haqqında müsbət və unudulmaz təəssüratlarım vardı və mən onunla bunu paylaşa bilərdim. Şəki haqqında ağızdolusu danışdım və bir neçə ay öncə orada olduğumu bildirdim. Haraları gəzdiyim, haralarda qonaq olduğum haqqında müfəssəl söhbət etdim. Bu vaxt qonaq: “Elə mən də sizin getdiyiniz o tərəflərdənəm”, – dedi və məndən məhz kimin evində olduğumu soruşdu. Mən öz növbəmdə bizi qonaq dəvət edən həmin ağsaqqalın adını çəkərək onların necə qonaqpərvər, qayğıkeş olduqlarından danışdıqca, müxatəbimin) simasında qəribə cizgilər yarandı və sevinərək: “O mənim böyük qardaşımdır”, – dedi. Təəccüblə ona baxdım, o da arxayınlıqla söhbətinə davam edirdi.

Belə çıxırdı ki, mən onun ata yurdunda olmuş, onun qardaşının süfrəsində əyləşibmişəm. Mənə və ailəmə xüsusi diqqət göstərən, qarşımıza süfrəsini açan, qonaqpərvərliyi və nümunəvi insanlığı ilə yaddaşımda silinməz iz buraxan o adam, qonağımın böyük qardaşı imiş. Mən onun qardaşının qonaqpərvərliyindən danışanda qəfil gözüm süfrədəki mürəbbəyə toxundu.

“Bax bu mürəbbəni də sizin qardaşınız öz əlləri ilə hazırlayıb, bir banka da mənə hədiyyə verib”, – dedim. O, bayaqdan çay içərək yediyi mürəbbənin öz həyətlərindəki meyvələrdən hazırlandığını və məhz qardaşının öz əlləri ilə hazırladğını bildikdə dəhşətə gəldi. Nə gözlərindəki ifadəni, nə də üzünü bürüyən sevinci təsvir edə bilməyəcəyəm. Qarşı-qarşıya otursaq da, sanki ikimiz də möcüzə səmasında uçurduq, xüsusilə mən ona baxanda və gözlərini iri açaraq mənə baxdığını görəndə… Qonağın gözləri xoşbəxtlikdən parıldayırdı.

Artıq bunun bir möcüzə olduğuna heç bir şübhə qalmırdı. Həyat möcüzələrlə doludur, lakin bəzən biz onu görə bilmirik.

Bu hadisə bir çoxumuza adi, sıradan bir əhvalat kimi görünə bilər, amma və lakin bu real hadisədəki möcüzə məhz bir banka mürəbbədə idi. Mən anlamışdım ki, bir-birindən minlərlə kilometr uzaqlıqda yaşayan qardaşlardan biri digərinə mənim vasitəmlə pay göndərib. Həm də bunu özləri də hiss etmədən, qabaqcadan düşünmədən. Elə bir pay ki, onu öz həyətlərinin meyvələrindən və öz əlləri ilə hazırlamışdır. Bəlkə də, bu mürəbbəni hazırlayarkən böyük qardaş öz daxili aləmində “kaş uşaqlar da həyətimizin meyvələrindən hazırladığım bu mürəbbədən dada biləydi, axı bu məhsullarda onların da payı var” deyə qəribçilikdə olan qardaşından ötrü burnunun ucu göynəmişdi. Və ya vətəndən uzaqda yaşayan kiçik qardaş ağır iş saatından sonra “kaş kənddə, öz evimizdə olub, kənd mürəbbəsi ilə bir pürrəngi çay içəydim” deyə həsrət çəkmişdi. İndi isə böyük qardaşın öz əlləri ilə həyətlərinin meyvəsindən hazırladığı mürəbbə ilə başqa bir xarici ölkədə, öncədən heç vaxt tanımadığı bir şəxsin evində qarşılaşır, böyük zövq və məmnuniyyətlə onu dadır.

Bəli, həyat möcüzələrlə doludur, hətta hər bir anı möcüzədir, lakin onu görmək, anlamaq və dəyərləndirmək hünər istər.

Həyat gözəlliklərlə doludur, lakin onda çirkinlikləri axtaranlar həyatın gözəlliyini görə bilməyəcək. Ağac əkən bir bağbana rastaldığımız zaman gələcəkdə ərsəyə gələcək yaşıllıq, nəfəs, gözəllik gördüyümüz kimi, o ağacdan hazırlanan tabutları da təsəvvür etmək mümkündür.

Həyat bizim baxışlarımızdan ibarətir.

Sayğılar…