Görəsən, bir-birini əvəz edən fəsillər olmasaydı, yer üzünə həmişə eyni fəsil hakim olsaydı, məsələn, daim isti günlər yaşasaydıq və ya hər gün soyuqla mübarizə aparmalı olsaydıq, bizim üçün nəsə dəyişərdimi?
Heç düşünmədən deyirəm ki, bəli, dəyişərdi. İnsanı canlı saxlayan dəyişkənlikdir – şaxtanın bıçaq kimi kəsdiyi günlərdə qarşıda bizi isti vaxtların gözlədiyinə, saralmış yarpaqlar budaqdan bir-bir qopub ayaqlar altına düşdükdə ağacların yenidən yaşıl libas geyəcəyinə, səssizlikdən qulaq tutularkən quşların yenidən şən-şən mahnı oxuyacağı günlərin uzaqda olmadığına bəslənən ümiddir. Monotonluq, eynilik insanı sıxır. Elə olmasa, planetimizin hüdudlarını aşaraq əlçatmaz məsafələrdə yerləşən ulduzlarda həyat əlamətləri axtaran insan gözünün qarşısında olan ucsuz-bucaqsız səhralara biganə qalmaz, oralarda yaşamaq üçün əlverişli şərtlər axtarardı. Amma göz işlədikcə uzanan qum dənizi, hər tərəfə hakim olan tək rəng insanı cəlb etmir, sanki insan oradan qorxur, yeni macəralar arxasınca uzaqlara qaçır. İnsan dəyişkənlik, yenilik arzulayır.
Bəlkə də, dəyişkənliyə olan bu vurğunluğun səbəbi insanın özünün də dəyişməyə meyilli olmasıdır. Bu bir həqiqətdir ki, insan dəyişir – yaşadıqca öyrənir və öyrəndikcə də dəyişir. Rastlaşdığı hər insan, üzləşdiyi hər hadisə, yaşadığı hər duyğu onun ürəyində izlər qoyur. Həmin izlərin bəzilərini sonradan silib atmaq mümkün olsa da, bəziləri insan yaşadıqca onunla bərabər yaşlanır, hətta bəzən qüvvə toplayıb onu idarə etməyə də nail olur. Zaman keçdikcə insan ürəyi yığın-yığın təəssüratların, xatirələrin saxlandığı bir boxçaya çevrilir. Orada acı da qorunur, şirin də; təbəssümə də rast gəlinir, göz yaşına da… Ürək qəbul etdiklərinin arasında fərq qoymur, daha doğrusu, istəsə də, bacara bilmir. Ürək üçün hamısı eynidir, ona doğmadır.
İnsan ətrafında gördüyü dəyişkənliyi öz ürəyində də yaşayır, gəlişi ilə hər tərəfi dəyişib özünə uyğunlaşdıran fəsilləri qəlbinin ta dərinliklərində hiss edir. Hər ürək kiçik bir dünyadır, onun da öz atmosferi, öz fəsilləri var. Əgər fəsillər saniyənin dəqiqəyə, dəqiqənin saata, günə, həftəyə, aya çevrilməsi ilə uzun zaman kəsiyində dəyişirsə, ürəkdə “zaman” məfhumu olmur. Bəzən uzun zaman bir fəslin nəzarətində qalan ürək bəzən də bir saatın içində dörd fəsli birdən yaşayır: yazı da, yayı da, payızı da, qışı da…
Ürək bəzən yaz fəslini yaşayır. Sərt soyuğun, şaxtanın təsirindən qurumuş təki görünən budaqlar yazın ilıq nəfəsini duyan kimi anidən necə canlanırsa, aylarla, bəzən isə illərlə gözləməkdən tükənmiş ümidlər də işıq yeri görünən kimi eləcə oyanır. Ürəkdə bir canlanma baş verir. Hərarəti artan günəşin təsiri ilə zirvələrdə əriyən qarın əmələ gətirdiyi yaz sellərinin bənzəri yaşanır insan ürəyində. Səbəblər isə müxtəlif olur: bəzən sevincli bir xəbər, bəzən xoş ünsiyyət, bəzən şirin xatirə və s.
Ürəkdə bəzən qızmar yay yaşanır. Sevincin, nəşənin, fərəhin ən yüksək səviyyəyə çatdığı anlar ilin ən isti fəslini – yayı xatırladır. Sanki hamını az yatıb həyatın gözəlliyindən zövq almaq üçün ömründən kəsib gündüzə verərək qısalan yay gecəsi kimi, ürək də tənbəllikdən uzaq olub yeni zəfərlərə, yeni uğurlara can atır. Dincliyi çalışıb-vuruşmaqda axtarır.
Həzin payız da ürəyin qonağı olur. Qatar-qatar düzülərək uzaqlara uçub gedən köçəri quşların yoxluğu hiss olunduğu kimi, ürək də yaşanmayan bəzi hisslərin boş qalan yerini hiss edir.
Həyata keçməyən arzuların, boşa çıxmış xəyalların xəzanı yaşanır ürəkdə… Sərin yellər əsir, qarşısına çıxanı sürükləyib aparır. Bəzənsə narın yağışlar yağır, ürəyin nisgilini yuyur, onu ağır yükdən xilas edir.
Qış fəsli də ürəkdən yan keçmir. Qışın soyuğu hamını isti bir bucağa çəkilməyə məcbur etdiyi kimi, ürək də bəzən səssiz bir guşəyə çəkilib özü ilə baş-başa qalmaq, özünün hərarətində qızınmaq üçün çalışır. Bəzən qardan yorğan örtür ürəyi, axtarsa da, nəyi harada itirdiyini xatırlaya bilmir. Qarlı havada ilk addım atanın ləpirləri qaldığı kimi, ürək də bir iz arzusunda olur. İstəyir ki, kimsə onu yad etsin, uzun zaman heç kimin gedib-gəlmədiyi yollara addımını atsın.
Bir çoxumuzun sevib fərqləndirdiyi öz fəsli olsa da, əslində, bütün fəsilləri sevmək üçün onlarca, yüzlərcə səbəb tapmaq mümkündür. Hər fəsil gözəldir, yetər ki, ona bəhanə axtarmaq üçün yox, onda sevimli nəsə görmək üçün baxasan. Hansı fəsli yaşamasından asılı olmayaraq, hər bir ürək qiymətlidir. Onu anlamaq, sevmək üçün çalışmalıyıq. Unutmayaq ki, adicə bir təbəssümlə hər ürəyə hərarət vermək, ona yeni dünyalar bəxş etmək mümkündür.