“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Sabir Rüstəmxanlının “Şeir məzarı” şeiridir. Xoş mütaliələr!
Günəşlə, işıqla, səhərlə birgə
Doğulur ömrümə hər gün bir şeir.
Bəlkə də, göylərdən əl üzdüyündən,
Mənim ürəyimə sürgün bir şeir.
O daim tələsir, o daim yanır
İnanır nəyinsə bitəcəyinə.
Dilimdən qopantək bir yol başlayıb,
Əsl ünvanına yetəcəyinə.
Özüm də bilmirəm niyə doğuldum,
Bəlkə, ilahidən bir səsdir ömrüm.
Bəlkə, mən özüm də sürgün yeriyəm
Bülbül nəğmələrə qəfəsdir ömrüm.
Şeirin də taleyi bir sirrə bağlı,
Biri günahkardı, izləyəni var.
Bu boyda dünyada yer tapmır biri,
Birinin yüz evdə gözləyəni var.
Birinin firkimdə yetişdi sonu,
Biri deyilməmiş sonunu bəklər.
Biri də dilimin ucunda yanır,
Qorxur ki, söyləsəm, öldürəcəklər.
Bizim başımıza nırx qoyanların,
Başının üstündə ucalır sözüm.
Ya da ki boğulur öz qəfəsində,
Dilimə gəlmədən qocalır sözüm.
Bir gün bağlananda zindan qapısı,
Mənim öz cəzam da yetəndə başa.
Yaza bilmədiyim şeirlərimə,
Bir məzar qazılsın qəbrimlə qoşa.



