Sən bizim mazimizdən istiqbalımıza boylandın. Bu zaman kəsiyində nələrə şahid oldun, nələrlə sınandın… Səni göz nuru ilə toxuyub dərin məfkurə ilə boyadılar, fədakarlıqlarla var etdilər və neçə canlarla ucaltdılar. Bir kərə yüksəlməyin heç bir zaman enməyəcəyinə ümid yaratdı. Zamanla xəyanətlər rəngini dəyişməyə, səni endirməyə çalışdı… Sən dirəklərdən ensən də, ürəklərdən enmədin, mərd kişilərin bel qurşağı oldun. Sinələrdə qorundun, evlərdə gizlədildin, amma yox olmadın. Yüksəlməyin qanlar, canlar və fədakarlıqlarla başa gəldiyi kimi, namusunu hifz etmək, səni yenidən səmalara yüksəltmək də yenə minlərlə can bahasına oldu.
Bir gün qərənfillərə büründün, qanlara boyandın və yenidən ucaldın. Yüzlərlə igidə kəfən oldun, minlərlə igidin məzarı üstə onların əbədi yoldaşına çevrildin. Şəhid məzarlarına kölgə saldın, amma kölgədə qalmadın. Babaların, nənələrin, gözüyaşlı anaların pıçıltılı dualarında “aminlər” oldun. “Sən dalğalandıqca, səmandakı qara buludlar dağıldı”. Şükürlər, yenidən ucaldın! Şükürlər, yenidən müstəqil oldun.
Torpağın və duaların gücü sənə güc qatdı – bu güc səni ucaltdı, ucaldıqca dalğalandın.
“İgidlərin əhdi səni enməz, enməz etdi…”
“Ucalıqdan enən nur” sənə sirr gətirdi, güc gətirdi – səni torpaq ilə səma arasında qırılmaz işığa çevirdi.
Bu parıltıdan gözü qamaşanların gözü ovuldu, səni endirməyə əl uzadanların əli qırıldı. Səni başqa bezlə əvəz edənlərin koması dağıdıldı və sən layiqli yerində yenidən taxt qurdun. Qanayan yaralara sarğı oldun, göz yaşları səninlə silindi və bu dəfə bütün millətin əllərində ucaldın. Uzun illər həsrət qaldığın yerlərdə yenidən dalğalandın. Sevincindən qanad açıb quşlarla yarışdın, dəniz dalğalarına meydan oxudun. İndi mavi səma sənə çox yaraşır, yaşıl oylaqlar, çiyin-çiyinə verən dağlar sənin kölgəndə daha gözəl görünür.
Sancağını torpağa taxıb başını ərşə yüksəldənlər sancıldığın torpaqda rahat yatdı, rahat gəzdi.
Böyük millətin böyüklüyü, müstəqilliyi, müasirliyi və əbədiliyi, bayrağım.
Azərbaycanın simasının parlaqlığı, bayrağım!
Bu vətənin körpələrinin güləcəyi, gəncliyinin sevinəcəyi, ahıllarının qürur duyacağı iftixar qaynağım…
Dalğalan! Kölgən düşən bütün yerlərə xoş xəbərlər, müjdələr yayılsın.
Dalğalan! Bütöv Azərbaycanın ehtivası, bayrağım!
Dalğalan! Sevgi məmləkətinin, qardaşlıq yurdunun zəmanəti, bayrağım.
Dalğalan! Boğazda qəhərlənən sözlərin ifadəsi.
Dalğalan! “Ey cahanı həyəcanlandıran dilbər!..
Camal və gözəlliyini… bu xalqa göstərməkdən çəkinmə!..”
Səni tərənnüm edəcək bir söz varsa, o CANdır…
Dalğalan, can fəda ediləsi qüdsiyyət…
Dalğalan, qürurumuzun mənbəyi!
Sən dalğalan ki, daha neçə-neçə yerlər Azərbaycan olsun.
Sən dalğalan ki, Müstəqilliyimiz sarsılmaz və əbədi olsun…