Doğum günləri – sevdiklərimizi yada salmaq, onlarla olmaq üçün ən gözəl bəhanə. Ancaq təkcə insanlar deyil axı bizim sevdiklərimiz. Təbiətin bizə bəxş etdiyi başqa gözəlliklər də var onların içində. Bizi ruhlandıran yaşıl çəmənlər, dərdlərimizi ağuşuna alan göy dəniz. Bu gün onlardan birinin günüdür. Dənizin ad günüdür. Çünki bu gün “Dəniz haqqında nəğmələr” ilə ona xitab edən şairin ad günüdür. Onun adını isə özünün “Səndən sənə”də qeyd etdiyi kimi təqdim edək oxuculara:
“Adım Rəsul. Əlavəsi ilə Rza”.
Gəlin, bu dəfə sərin sularla qıvrılan deyil, dərin duyğularla yoğrulan dənizə baş vuraq. Mavi Xəzər deyil, Rəsul Rzanın rəngli “Dəniz nəğmələri” ağuşuna alsın bizi.
Onun yaratdığı “Dəniz nəğmələri”ndə dənizin yox, təbiətin izi, insan ruhunda əks olunan dalğaların səsi var:
Gecələr aysız olanda baxa bilmirəm dənizə.
Gözlərimi yumub dinləyirəm onu,
Dəniz danışır mənə xısın-xısın,
Qaranlıqda nələr olduğunu.
Şair bu nəğmələrdə dənizin rəngini elə həyatın rəngləri ilə bərabərləşdirir sanki. Həyatın naxışlarını bizim baxışlarımızın dəyişdirdiyini göstərir:
Dəniz nə rəngdədir?
Mavi,
Eləmi?
Ancaq mən dənizi yaşıl görmüşəm
Dəniz yaşıl olur,
Eləmi?
Ancaq mən dənizi qara görmüşəm,
Dəniz qara olur;
eləmi?
Ancaq mən dənizi ağ görmüşəm.
Mən dənizi üşüyən görmüşəm.
Mən dənizi acıqlı da görmüşəm,
gülən də.
Nə rəngdədir dəniz?
O, ömrümüzdə əsən sərt tufanlardan sonra gileyimizi hayqıraraq deyil, pıçıltı ilə söyləməyə haqqımız olduğunu xatırladır. Və susqunluğun içində belə ən coşğulu fəryadların var olduğunu deyir. Lap dəniz kimi…
Sanki dəniz heyran-heyran
ləpə dodaqlarıyla sahilə pıçıldayır,
milyon illərlə deyib
qurtara bilmədiyi məhəbbət dastanını.
Bəlkə də,
ayrı düşdüyü qayaların
ümidsiz həsrətiylə
susur həzin-həzin,
Fırtınadan sonra
dincəlməyə haqqı var dənizin!
“Dəniz nəğmələri”ndə həyatın təzadı da əks olunur. “Dənizin yerinə”də insansız dənizi boş təknəyə bənzədən şair başqa misralarında, əslində, bizim dənizə ehtiyacımız olduğunu yada salır:
Mən dənizdən nə istəsəm, alaram,
balıqdan tutmuş
şerin möcüzəsinə qədər.
Mən dənizə nə verirəm!
Heç nə.
Mən dənizsiz qala bilmərəm,
dəniz mənsiz keçinər.
Beləcə, “Dəniz nəğmələri”nə qısa səyahətimiz sona yetir. Ancaq nə dəniz, nə də həmin sahillərə əbədi həkk olunan iz susmur. Yenə danışır dənizlə…
Yenə səsin gəlir, dəniz.
Yenə yazıb-yaratmağa
çox həvəsim gəlir, dəniz.
Görünür ki,
boyun boyda sükuta da
sığmır bizim
ürəyimiz.