Xəbərlər

Dirilik çeşməsində su, könül bağçasında gül — “Eşqnamə” təəssüratları…

Təəssüflər olsun ki, elm və texnologiyanın sərhədsizliyi dəyərlər arasında “soyuq müharibə”yə gətirib çıxarıb. Bu sistemin pozulması bəşəriyyətin sağalmaz yarasına çevrilib. Belə məqamda xalqın milli-mənəvi, dini və psixoloji dəyərlərinin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi ən uğurlu, həm də vacib məlhəm şəklindədir. Və bu məqam bizlərə Əli bəy Hüseynzadənin sanki bu gün üçün söylədiyi kəlamını xatırladır: “Bizim zəmanəmizdə hər bir millət yalnız fiziki deyil, həm də mənəvi mənada qüvvətli olmağa can atır. Çünki xoşbəxtliyin, səadətin yeganə əsası qüvvətdir. Bu isə biliksiz, vəsaitsiz, yüksək əxlaqi səviyyəsiz və bir-birinə məhəbbətsiz mümkün deyildir”.

Bəri başdan bir haşiyə çıxım ki, “Eşqnamə” əsərilə tanışlığım dialektik materializmin “təsadüflər zərurətdən, zərurətlər təsadüfdən doğur” ifadəsini bir daha təsdiqləmiş oldu. Uzun zamandan sonra söz, fikir adamı Hikmət Əliyevlə görüşdüm. Nasazladığını eşitmişdim. Çarpayısında uzanmışdı. Yanında bir stəkan su, dərman qabı və bir də yaşıl örtüklü kitab vardı. Əlini kitaba tərəf uzadaraq: “Aram-aram oxu, qulaq asım!” – söylədi. Doğrusu, kitabın zahiri və batini məni özünə çəkdi. Bir də müəllifin ixtisasca həkim olması və ələlxüsus da redaktorun ismi.

H.Hesse də “Kitabın sehri” adlı məqaləsində yazırdı ki, “Söz, yazı və kitablarsız tarix olmadığı kimi, bunlarsız “bəşəriyyət”in anlamı da yoxdur”. Təbii ki, söz, fikir – sənət adamları bu vasitələrlə bəşəriyyətin mənəvi boşluğunu doldurur, cəmiyyəti haqqa, doğru səmtə yönəldirlər. Söylədiklərimizin əyani təsdiqini “Eşqnamə” adlı poemada bir daha görür və oxuyuruq. Kitabın hər səhifəsini vərəqlədikcə, hər sətri qəlb süzgəcindən keçirdikcə bir daha aydın olur ki, qiymətli fikir, dəyərli söz bütün xalqlar üçün müqəddəs anlayışdır. Oxucunu Yaradanla həmsöhbət edən nəfis tərtibatlı kitabın (“Maarif” Nəşriyyatı, Bakı, 2025, 320 səh.) müəllifi Çingiz Ərəblidir. Kitabın ilk səhifəsindəcə annotasiya diqqətimizi çəkir: “Həkim, şair Hacı Çingiz Ərəblinin uzun illər ərzində yazıb ərsəyə gətirdiyi “Eşqnamə” poemasında Ulu Yaradanın sonsuz hikmət və qüdrəti, dünyanın, kainatın, Yer kürəsinin yaradılışı, İslam dininin müjdəçisi Məhəmməd peyğəmbərin mövludu, həyatı və ilahi missiyası, eləcə də imamətin İslam dünyasında rolu poetik incəliklə, özəlliklə təsvir edilib”. Diqqətçəkən digər bir məqam da kitabın yüksək peşəkarlıqla işlənən, zərgər dəqiqliyinə söykənən ədəbi, bədii və texniki tərəfindədir. Kitabın redaktoru şəxsiyyətinə, sənətinə böyük sayğı duyduğum, dəyərli ziyalı, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin, TAİB-in İdarə Heyətinin üzvü Tapdıq Əlibəylidir. Bu mənada inamla deyə bilərik ki, poemanın oxucu rəğbətini, sevgisini qazanmasında ən başlıca səbəblərdən biri də Çingiz Ərəbli və Tapdıq Əlibəylinin yaradıcı birliyindən, iman kamilliyindən, sənətlərinə olan sevgisindən… qaynaqlanır.

Müəllif mənəviyyatın dini inanclarla məhdudlaşmayan geniş anlayış olduğunu nəzərə alır. O, iqtibas gətirdiyi hər surənin ardınca fərdlərin davranışlarını tənzimləyən, doğru ilə yanlışı ayıran, ədalət, mərhəmət, dürüstlük kimi bəşəri dəyərləri, isti və insani davranışları, şəxsiyyət bütövlüyünü önə çəkir. Mənəviyyatın ölçü vahidi olan vicdanla, həkim dəqiqliyi – andıyla, şair həssaslığı, canyanğısıyla sözün bədii gücünü, xəlqiliyini yüksək peşəkarlıqla göstərir.

İxtisasca həkim olan Çingiz Ərəblinin poemasında yer alan aşağıdakı sətirlər xüsusilə seçilir:

“…Olsun deyə hökmü əyan,
O, hökmünü etdi bəyan.
Səslənəndə O uca zat,
Titrədi yer, göy, kainat.
Niyyətini edib izhar
Belə dedi Pərvərdigar:
Yaradacam mən bir bəşər,
Seçiləcək xeyirlə şər.
O, torpaqdan yoğrulacaq,
Can verəcəm oyanacaq…”

Müəllifin haqdan doğan sətirləri oxucunu Hüseyn Cavidin bəşəri “İblis nədir?” sualı ətrafında düşünməyə çağırır və yeni-yeni suallar ortaya çıxır: Dünənindən, dini-mənəvi dəyərlərindən uzaqlaşan, dərin boşluğa düşən, nəticədə fəlakətə sürüklənən insan şərdən qaça bilirmi? Və yaxud, oxucu (bütövlükdə cəmiyyət) din, ulus, bəşər dərdinə, halına həmdəm ola, yaxud bu dəyərləri qoruya bilirmi? Beləcə, onlarla, yüzlərlə sual qarşısında aciz qalmamaq üçün dadımıza “Eşqnamə” çatır, desək, yanılmarıq.

Ümumilikdə “Eşqnamə”də yer alan bütün nəzm nümunələri poetik bir üslubda oxucuya çatdırılır. Həmçinin Yaradanla bəndə arasında mənəvi körpü qurulur. Və bu körpü üzərində bir anlıq Kamal Abdullanın “Allahım, sən mənim ürəyimdəsən” şeiri yada düşür:

“Uzaq ulduzlardan süzülən işıq
sənin işığın…
uca ucalıqlar məskənin sənin,
Allahım, sən mənim
Ürəyimdəsən!”

Kitabın ön söz müəllifi T.Əlibəyli də haqlı olaraq qeyd edir ki: “Çingiz Ərəblinin poeziyası məhz bu qəbildəndir. Poeziyasının məhvərində xaliqə məhəbbət, xilqətə mərhəmət, yurda bağlılıq, xalqa, vətənə sonsuz məhəbbət ülviyyəti duran həkim-şairin həyat qayəsi insanlığa sevgi məqamındadır”.

Əlbəttə, müəllifin Yaradanı son dərəcə təmiz halla zikr etməsində, bu ali məqama çatmasında dərin hikmət, həkimanə qüvvət və qüdrət vardır. Müəllif özü də minacat şəklində olan “Yaradılış” başlıqlı şeirində incə, həssas məqama belə münasibət bildirir:

“Söz sehrinə düşən gündən,
Əl çəkmədi qələm məndən.
Dedi: götür yaz nəzmlə,
Bu dastanı sən əzmlə!
Dedim: yox-yox, çox ağırdı…
Məni yenə o, çağırdı.
Dedi: başla sən İnşallah
Mən də deyib: ya Bismillah!
Aldım ələ qələmimi,
Dinləyərək öz qəlbimi
Başladım bu hekayətə,
Çıxdım çətin səyahətə…”

Həqiqətən də, poemada yer alan hər nəzm nümunəsi oxucunu səyahətə çıxarır. Bir anlıq klassiklərimizdən başlayan və bugünümüzə qədər söz, sənət, fikir məkanında, məqamında önə çıxan qələm adamları yada düşür. Əvvəlcə böyük Nizaminin bu beyti xatırlanır:

“Şəfqətli, ədalətli Tanrının adı ki var,
Hikmət xəzinəsini açan açardır, açar…”

Və ya digər dahi klassikimiz Füzuli yaradıcılığında müqəddəs kitaba ehtiram görünür:

“Ayırsın yaxşını pisdən bəni-adəm, — deyə xaliq
Nəsihətnamə şəklində bizə göndərdi fürqanı ( “Qurani-Kərim” – Ə.İ.)”.

Ümumiyyətlə, Çingiz Ərəblinin “Eşqnamə” poeması oxucuya Yaradanın ucalığını, “Quran” ayələrində Allahı görmək olar” deyən Xacə Nəsirəddin Tusi ilə Fəxr Razinin fikirlərini, Nəsimi, Xaqani Şivani, Mahmud Şəbüstəri, Səfiəddin Ərdəbili… kimi klassiklərin xaliqə ehtiramını, həm də Mövlanə Cəlaləddin Ruminin:

من بنده ی قرانم، اگر جان دارم
من خاکی راه محمد مختارم.
اکز نقل کند جز این کس از گفتارم
بیزارم از او و از آن سخان بیزارم

Yəni, “Yaşadığım müddətcə “Quran”ın bəndəsiyəm. Məhəmməd həzrətlərinin yolunun tozuyam. Birisi barəmdə bundan fərqli sözlər söylərsə, Ondan da, onun sözündən də şikayətçiyəm” deyimini xatırladır…

Və belə bir acı gerçəklik də vardır ki, adətən, yazıçı və şairlərin əsərləri müəyyən dövrdən, aradan ötən illərdən sonra KÜTləyə çatmağa, yaxud cəmiyyət tərəfindən istənilən səviyyədə dərk olunmağa, sevilməyə başlanılır. Cabir Novruzun aşağıdakı sətirləri də çox güman bu acıdan doğmuşdur:

“…Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın…”

Belə bir dərdi yaşayan Nitşse deyirdi ki: “Mən iki insanın ulu həqiqəti tapması üçün eyni ehtirası bölüşdüyü bir eşq təsəvvür edirəm”. Bu eşq tərəddüdsüz “Eşqnamə”dir. Və o, ulu həqiqət, dünənə ehtiram, sabaha nicat yolunda öz oxucusunu gözləyir…

Əsgər İsmayılov