Hər il tərtib edilən Dünya Xoşbəxtlik hesabatına görə, Əfqanıstan sonuncu yerdə qərarlaşıb. 2025-ci il üçün tərtib edilən siyahıda 147 ölkə yer alır. Əfqanıstan ardıcıl 4-cü ildir ki, siyahını sonuncu yerdə tamamlayır.
Əfqanıstanın bu mövqeyə gəlməsinin əsas səbəbləri arasında davam edən müharibələr, siyasi qeyri-sabitlik, qadınların hüquqlarının ciddi şəkildə pozulması və iqtisadi çətinliklər yer alır. Bu amillər ölkənin ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir.
Dünya Xoşbəxtlik Hesabatı ölkələrin sosial dəstək, iqtisadi vəziyyət, sağlamlıq, azadlıq, xeyirxahlıq və korrupsiya kimi amillərin qiymətləndirildiyi bir araşdırmadır. Əfqanıstanın aşağı reytinqi bu amillərin birləşməsinin nəticəsidir.
Əfqanıstanın siyahıda sonuncu olmasının əsas səbəbi hakimiyyət dəyişikliyidir. 20-ci əsrin ortalarında müstəqilliyini tam şəkildə təsbit edən Əfqanıstan 1970-ci illərə qədər nisbətən sabit bir siyasi sistemə sahib idi. Lakin 1979-cu ildə Sovet İttifaqının müdaxiləsi və ardınca başlayan uzunmüddətli müharibələr ölkəni böyük bir böhrana sürüklədi. SSRİ məğlub olub ölkədən çıxsa da, müharibədən sonra daxili vətəndaş müharibələri başladı və nəticədə 1996-cı ildə Taliban hakimiyyətə gəldi. Onların sərt islamçı idarəçiliyi beynəlxalq aləmdə narahatlığa səbəb oldu. 2001-ci ildə ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya qüvvələrinin müdaxiləsi ilə Taliban devrildi və Əfqanıstanda yeni, demokratik əsaslı idarəetmə qurulmağa çalışıldı. Bu proses 2021-ci ilə qədər davam etdi. Lakin həmin ilin avqust ayında ABŞ qüvvələrinin ölkədən çıxmasından sonra Taliban yenidən hakimiyyəti ələ keçirdi. Hazırda ölkə beynəlxalq səviyyədə tam tanınmayan Taliban administrasiyası tərəfindən idarə olunur. Yeni rejim şəriət qanunlarına əsaslanan ciddi idarəetmə üsulu tətbiq edir, bu isə insan haqları, xüsusilə qadınların hüquqları baxımından ciddi narahatlıqlara səbəb olur.
Taliban hakimiyyətinin etdiyi dəyişikliklər ölkənin mövqeyini qlobal arenada zəiflətmiş, hüquq pozuntuları, korrupsiya, məmurların özbaşınalığı xeyli artmışdır. Bu isə Əfqanıstanın beynəlxalq göstəricilərinə mənfi təsir etmişdir.
Ölkə Mərkəzi Asiyada yerləşir. Pakistan, Özbəkistan, Türkmənistan, Tacikistan, İran və Çin Xalq Respublikası ilə qonşudur. Ümumi ərazisi 652,867m², ümumi əhalisi isə 40 milyona yaxındır.
Əfqanıstandaki təhsil səviyyəsi də aşağı səviyyədədir. Belə ki, əhalinin savadlılıq dərəcəsi təxminən 35%-dir.
Ölkə əhalisi son illərin ən yoxsul əhalilərinin də sıralamasına daxil olmaqdadır. Adam başına düşən ümumdaxili gəlir baxımından ölkə hər il geriləməkdədir.
Lakin bütün bu çətinliklərə baxmayaraq, Əfqanıstan zəngin mədəni irsi ilə seçilir. Ölkə minilliklər boyunca müxtəlif imperiyaların, sivilizasiyaların və mədəniyyətlərin toqquşduğu bir məkan olmuşdur. Onun coğrafi mövqeyi, Hindistan, İran, Mərkəzi Asiya və Çin arasında yerləşməsi Əfqanıstanı tarixin ən mühüm ticarət və strateji yollarından biri olan İpək Yolunun əsas hissəsinə çevirmişdir.
Əfqanıstanın tarixi çoxsaylı istilalar, daxili çəkişmələr və xarici müdaxilələrlə zəngindir. Ərazidə Böyük İskəndərin yürüşlərindən tutmuş Ərəb xilafətinin, Qəznəvi və Qurlu sülalələrinin hökmranlıqlarına qədər müxtəlif güclər iz qoymuşdur.
19-cu əsrdə isə Əfqanıstan Britaniya və Rusiya imperiyaları arasında geopolitik mübarizənin mərkəzinə çevrildi. Nəticədə ölkə uzun müddət xarici müdaxilələr və qeyri-sabitliklə üz-üzə qaldı.
Əfqanıstanın mədəniyyəti onun siyasi qeyri-sabitliyinə baxmayaraq, olduqca zəngin və rəngarəngdir. Paştunlar, taciklər, həzəralar, özbəklər və bir çox başqa etnik qruplar bu ölkənin demoqrafik və mədəni müxtəlifliyini təşkil edir. Ənənəvi musiqi, poeziya, xalçaçılıq və kulinariya sənəti Əfqan xalqının dərin köklərə malik mədəni özünüifadə vasitələrindəndir. Xüsusilə fars və türk mədəniyyətlərinin təsiri burada hiss olunur. Əfqan poeziyası xüsusilə Rumi və Xəyyam kimi şairlərin irsi bu gün də həm ölkədə, həm də regionda böyük önəm daşıyır.
Bütün çətinliklərə baxmayaraq, əfqan xalqı dözümlülüyü, mübarizə ruhu və mədəni zənginliyi ilə seçilir. Əfqanıstanın gələcəyi hələ də qeyri-müəyyən olsa da, onun tarixi və mədəni irsi bu xalqın nə qədər güclü və qədim olduğunu göstərməkdədir.
Tərlan Bayramzadə