QEYD: Məqalə Əfqanıstan mərvilərindən olan palkovnik Qulam Heydər Dost və dostum Fərid Şapanpurdan 9 fevral 2025-ci il tarixində aldığım müsahibələr əsasında hazırlanmışdır.
Səfəvilər dövründə strateji əhəmiyyətə malik olan, müasir Türkmənistan ərazisində yerləşən Mərv bölgəsi vaxtilə Qızılbaşların məskunlaşdığı və idarə etdiyi bölgələrdən biri idi. Qızılbaş hökmdarı tərəfindən və ən əsas da Böyük Şah Abbas və Nadir şah dövründə Azərbaycan, xüsusilə Gəncə və Qarabağ bölgələrindən əhali Mərv şəhərinə köçürülmüş və bu bölgənin idarəsi onlara tapşırılmışdı. 1747-ci ildə Nadir şahın ölümündən sonra Mərv Qacar xanlığı quruldu. 1785 və 1788-ci illərdə Buxara və Mərv Qacar xanlığı arasında baş verən döyüşlərdə Qızılbaşlar məğlub oldu. 1788-ci ildən etibarən Mərv bölgəsi Buxara xanlığının tərkibinə daxil edildi.
Mərv əhalisinin bir hissəsi Əfqanıstana köçdü və bu gün Herat vilayətində, əsasən, Şəkiban-mərvidə yaşayırlar. Ən böyük hissəsi Buxara və Səmərqəndə köçürüldü və onların törəmələri bu gün də bu şəhərlərdə yaşayır və yerli əhali tərəfindən “irani” və “mərvi” adlanırlar.
Soydaşlarımız Buxara xanlığında olduğu kimi, Əfqanıstanda da it-bat olmamış, tezliklə hökmdarın ordusunda və idarəçiliyində mühüm mövqelər əldə etmişlər. Professor Yuri Qankovski “Dürrani imperiyası: inzibati və hərbi sistem haqqında oçerklər” əsərində vurğulayır: “Bir qayda olaraq, Herat valisinin sarayı şahın sarayında xidmət edən dürrani və qızılbaş əyanlarının kiçik qardaşlarından və oğullarından ibarət idi”.
Soydaşlarımız Mərvilər haqqında məşhur şərqşünas, səyyah və cəsus Armin Vamberi, eləcə də Yaxın Şərq və Əfqanıstan tarixi üzrə avstraliyalı mütəxəssis Lüdviq V.Adamec bu mövzuya öz əsərlərində xüsusi yer ayırmışlar: “Mərvilər, əslində, mənşəcə Nadir şahın köhnə yurdlarından Mərvə gətirdiyi Azərbaycan və Qarabağ türkləridir.
Mərvilər, əsasən, Herat vilayətində və Şərqi Xorasan bölgəsində rast gəlinən bir xalqdır. Stüart yazır ki, onlar özlərini Qacar adlandırırlar, lakin başqaları tərəfindən kürd hesab olunurlar. Onlar əvvəllər Mərvdə yaşayırdılar, lakin 1784–85-ci illərdə Buxara xanı Əmir Məsum tərəfindən Mərv işğal edildikdə oradan qovuldular.
O dövrdə Mərvilərdən təxminən 12 000 ailə Buxaraya aparılmış, sağ qalanlar isə Herat ərazisinə sığınmışdır. Hazırda onların 300 ailəsi Mamizəkdə, təxminən 500 ailəsi isə Şeyxivan kəndində yaşayır. Bir vaxtlar Hari Rüd vadisinin bu hissəsində onların 2000 ailəsi olmuş, lakin yarısı sonradan İrana və digər bölgələrə köç etmişdir.
Mamizak – 34–24, 61–45 m. Heratın qərbində, 22 mil (təxminən 35 km) uzaqlıqda yerləşən Qoryan rayonunda bir kənddir. Burada 300 Mərvi yaşayır.
Şəkiban və ya Şeyxivan – 34–23, 61–47 m. Herat şəhərindən təxminən 29 mil (təqribən 47 kilometr) məsafədə, Hari Rüd çayının sağ sahilində, Zindəcanın şimal-şərqində yerləşən bir qala və kənddir. Kənddə 250 ev və 1200 nəfər əhali yaşayır. Əhalinin bəslədiyi mal-qaraya 200 baş iribuynuzlu heyvan, 900 qoyun və keçi, eləcə də 30 dəvə daxildir. İllik kənd təsərrüfatı məhsulu təxminən 27 000 maund təşkil edir. Kənddə üç su dəyirmanı mövcuddur. Ətraf ərazidə, əsasən, tut ağacları bitir.
Mərvi icması Əfqanıstanın Herat vilayətində, əsasən, Şəkiban-Mərvi, Mamizak, Yuxarı Rabat və Aşağı Rabat kimi bölgələrdə məskunlaşmışdır.
Polkovnik Qulam Heydər Dost söhbətimizdə qeyd etdi ki: “Tarixi mənbələrə görə, Mərvilər 1600-cü illərdə Səfəvilər dövründə hazırda Azərbaycanın cənub-qərbində yerləşən bir ərazidən Mərvə köçürülüblər. Burada şiə olduqları üçün rahat yaşaya bilməmiş və təxminən 250 il əvvəl Mərvdən Herata köç etmişlər. Zamanla Mərv türklərinin hamısı sünniləşmişdir. Aradan 200 ildən çox vaxt keçməsinə baxmayaraq, Mərvilər dillərini və adət-ənənələrini unutmayıblar. Hazırda dilimizdə oxuna biləcək heç bir kitab mövcud deyil və bu dil sadəcə ailələr arasında danışılaraq günümüzə qədər yaşadılıb”.
Əfqanıstanda Əfşarlardan sonra Azərbaycan türkcəsini böyük çətinliklərə baxmayaraq, bu günə qədər qoruyub saxlayan ikinci ən böyük Qızılbaş ailəsi Mərvilərdir. Mərvilərin günümüzdə təxminən 20 000 nəfərə yaxın olduğu güman edilir. Bu gün Mərvi icmasının Azərbaycan dövlətindən yeganə istəyi ana dillərində təhsil almaq məsələsinin həll olunmasıdır. Soydaşlarımız Mərvilərin bizdən başqa heç bir ümid yeri yoxdur, biz onlara kömək etməliyik. Hesab edirik ki, Azərbaycan dövləti və höküməti onlara daha çox dəstək göstərə bilər. Məsələn, təhsil sahəsində.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış 30 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunu (xüsusilə maddə 3.0.6. – “xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi”) nəzərə alaraq Əfqanıstanın Herat vilayətində yaşayan soydaşlarımız Mərvilərin ana dillərində təhsil almaları üçün şəraitin yaradılması, onların mədəni kimliyinin qorunması və Azərbaycanla mənəvi bağlarının gücləndirilməsi istiqamətində konkret addımlar atılması tarixi və milli borcumuzdur.
Vurğulamaq lazımdır ki, Mərvi icması 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycana mənəvi dəstəyini açıq şəkildə ifadə etmişdir. 2020-ci il oktyabrın 6-da onlar Qarabağla bağlı xüsusi toplantı keçirmiş, bu tədbirdə Mərvi ağsaqqalları və icmanın üzvləri Azərbaycanın haqlı mübarizəsinə dəstəyini bəyan etmiş və şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən ayələr, “Yasin” surəsi oxunmuşdur. Tədbir Fərid Şabanpur qardaşımızın təşkilatçılığı ilə həyata keçirilmişdi.
Soydaşımız Fərid Şapanpur hal-hazırda “Mərvilərin şifahi xalq ədəbiyyatı və atalar sözləri” adlı kitab yazır. Kitabın müəyyən hissəsindən şeiri mənimlə bölüşdü, şeiri olduğu kimi sizlər üçün qeyd edirəm:
Tordum səhər olubdu,
Səhər açılıb, oyandım.
Gönüm qəm ilə dolubdu,
Ürəyim dərdlə dolub.
Şu qisməti əlindən,
Bu talehin əlindən,
Bağrımda qan quruyubdu.
Sinəmdə qan quruyub.
Bağır biyan Fatimə,
Sinəm yanır, Fatimə,
Dida giryan Fatimə
Gözlərim yaşlı, Fatimə.
Həsən Hüseynin dağı,
Həsən və Hüseynin dərdi,
Fatimənin fərağı.
Fatimənin ayrılığı.
Heratda etnik varlığımız bir şəkildə bu günlərəcən gəlib çıxıb. Böyük millətlərin böyük imperiyaları elə-belə tarixdən silinib getmirlər. Səfəvinin, Qızılbaş imperiyasının yıxılmasından əsrlər keçsə də, ruhu hələ də Heratda qalır.
Mənbələr:
- Arminius Vambéry, “Travels in Central Asia; being the account of a journey from Teheran across the Turkoman Desert on the eastern shore of the Caspian to Khiva, Bokhara, and Samarcand performed in the year 1863. London: John Murray, 1864. Page 370, 371.
- Ludwig W. Adamec, “Historical and political gazetteer of Afghanistan. Volume 03 page 293, 296, 366.
Vahid İbayev
Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru, araşdırmaçı