Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş “İnsanlığın yüksək dəyəri” adlı ədəbi-musiqili gecə təşkil olunub.
“Füyuzat”ın məlumatına görə, tədbirdə Avstriya ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Mir Cəlalın Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, yazıçının əsərləri insan, mənəviyyat, xeyirxahlıq və məsuliyyət kimi dəyərləri əks etdirir və bu gün də müxtəlif nəsillərin oxucularına təsir göstərməkdə davam edir.
L.Qasımova qeyd edib ki, Mir Cəlal yalnız böyük yazıçı deyil, həm də nüfuzlu pedaqoq kimi yaddaşlarda yaşayır. Uzun illər Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik edən görkəmli alim yeni tədqiqatçılar nəslinin yetişməsində mühüm rol oynayıb.
Leyla Qasımova çıxışında Mir Cəlalın ədəbi irsinin beynəlxalq səviyyədə tanıdıldığını diqqətə çatdıraraq, 2008-ci ildə yazıçının 100 illik yubileyinin UNESCO-nun Parisdəki mənzil-qərargahında qeyd olunduğunu xatırladıb. O bildirib ki, müəllifin əsərləri müxtəlif dillərə tərcümə olunub, ötən il isə Almaniyada onun hekayələrindən ibarət yeni kitab nəşr edilərək Berlində təqdim olunub. Vyanadakı tədbirdə isə həmin nəşr, eləcə də daha əvvəl çap olunmuş kitablar ictimaiyyətə təqdim edilir.
Daha sonra türkologiya üzrə mütəxəssis, tədqiqatçı alim Mixael Raynhard Hess Mir Cəlalın həyat və yaradıcılığına dair məruzə ilə çıxış edib. O bildirib ki, Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatının ən nüfuzlu simalarından biri olmaqla yanaşı, həm böyük yazıçı, həm də görkəmli ədəbiyyatşünas kimi tanınıb.
Alimin sözlərinə görə, Mir Cəlalın yaradıcılığı onun dərin elmi biliyi ilə sıx bağlı olub və bu, onun həm bədii, həm də elmi fəaliyyətində özünü göstərib.
Məruzədə qeyd edilib ki, yazıçının əsərlərində milli kimlik, vətənpərvərlik və cəmiyyətin mənəvi problemləri xüsusi yer tutur. Onun çoxsaylı hekayələri, romanları və publisistik əsərləri Azərbaycan ədəbiyyatında mühüm mərhələ təşkil edir.
Hess, həmçinin vurğulayıb ki, Mir Cəlalın üslubunun əsas xüsusiyyətlərindən biri “sadəliyin müdrikliyi”dir, yəni müəllif sadə dil vasitəsilə dərin ictimai və fəlsəfi məzmunu ifadə etməyi bacarıb. Onun əsərləri həm də satirik elementləri və sovet dövründə cəmiyyətin çatışmazlıqlarına tənqidi yanaşması ilə seçilir.
Tədbirin bədii hissəsində Mir Cəlalın alman dilinə tərcümə olunmuş hekayələri əsasında səhnələşdirilmiş təqdimatı olub. Əsərlər musiqili proqramın müşayiəti ilə almanca Yaqut Abdalla, Denis Yastrauniq və Konstantin Tsander tərəfindən səsləndirilib. Musiqi nümunələri tanınmış musiqiçi Tural İsmayılovun bədii rəhbərliyi ilə “Anima Shirvani” qrupunun ifasında təqdim olunub. Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov kimi Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, Qərb klassik musiqisindən nümunələr səsləndirilib. Ədəbi-musiqili təqdimat tamaşaçıların böyük marağı və sürəkli alqışları ilə qarşılanıb.



