Ağa Hacıbəyli Tarix Xəbərlər

Gecə pıçıltısı

“Xanı” ləqəbli kəşfiyyatçı Səyyaf Əhmədovun əziz xatirəsinə ithaf olunur…

Hürriyyət – Vətənin can damarı… Vətən – azadlığı üçün şəhidlərin pak qanının axdığı qüdsi torpaq… Vətən – milli sevdamız, şərəf qalamızdır. Bu qalanın bürcündə dalğalanan bayraq hürriyyət nişanımızdır. O, tarixən və əbədiyyən müqəddəs diyarımızdır. Varlığında minlərlə əmanəti daşıyan doğma anamızdır. Əcdadımız onu namus, göz bəbəyi kimi qorudu, kimsəyə çeynətmədi. Uğrunda canlar fəda edildi, qanlar axıdıldı, lakin bayraq ucalardan endirilmədi. Azadlıq məşəlinin sönməsinə, milli ruhun çökməsinə, vətənin bağrına od düşməsinə izin verilmədi. Şanlı millətimizin igid oğulları milli ruhun daşıyıcısı oldu. “Ya qazi ol, ya şəhid” məfkurəsini sevərək yaşadı və yaşatdı. Birinci Qarabağ savaşındakı acılar başlayanda, dünyamız od tutub yananda yüz minlərlə oğul cəng meydanına atıldı, son nəfəsinə qədər vuruşdu. Məlum hadisələrin girdabında 20 min civarında şəhid verdik, on minlərlə yaralı qazi və nəhayət, torpaqlarımızın 20%-i erməni istilasına məruz qaldı. Vəfakar və cəfakar oğullarımız olanlara dözə bilməzdi. Dözmədilər də. Onlar bu işğaldan qurtulmanın gecə-gündüz yollarını aradılar. Xəbis düşmənin təxribatlarından xəbərdar olmaq üçün kiçik kəşfiyyat qrupları yaradılmışdı. Xain düşmən yuvalarına atəş püskürdən igidlərimiz hər fürsətdə erməni qəsbkarlarına zərbələr endirirdi. Bu həmlələrdən biri Ağdam rayonunda gerçəkləşdi. Rayonun Abdal-Gülablı kəndinə sızaraq qəddar düşmənin səngərini cəhənnəmə çevirmək planı quruldu… Hadisənin qəhrəmanları doğma yurdumuzun sevdalılarından seçilmişdi. Həmin gecə məşhur gizir Xanı partlayışlar və dağıntılarla dolu bir az sıxıcı yuxu görür… Yuxusunu komandiri Zahidə danışır. Ağıllı komandir röyaları belə işin içində dəyərləndirir.

Zahid gündüz müşahidə etdiyi yerə kəşfiyyat qrupu ilə gecə keçməli idi. Gecə öz qaranlıq ətəyi ilə hər şeyi örtdükdən sonra sızma əməliyyatında canla-başla xidmət edən ərənlər bölgəyə daxil olur. Bu dəfə Xanıya tapşırıq verilir ki, qrupun önündə deyil, komandirdən sonra getsin. Onlar artıq “Ohanyan səddi”nin minalanmış sahələrindən ehtiyatla keçərək düşmən ərazisinə daxil olmuşdular. Ərazinin son dərəcə təhlükəli olduğunu hiss edən komandir ətrafını təkrar yoxlayır. Bu zaman Xanının önə keçdiyini sezir. Ona yaxınlaşaraq geri dönməsini işarə ilə əmr edir. Bu hal bir-iki dəfə təkrarlanır. Nəhayət, komandir pıçıltı və qətiyyətlə Xanıya deyir: “Nə üçün əmri icra etmirsən? Mən sənin kimi döyüşkən və cəngavər bir insanı itirmək istəmirəm. Bu xalqın sənin kimi igidə ehtiyacı var”.

İki sadiq dostun könül pıçıltıları gecənin səssizliyini yarırdı. Xanı damarlarda qan donduran ifadələrlə: “Yoldaş komandir! Sənin evinə üç şəhid gəlib. Üç qardaşın şəhid olub. Evinizə dördüncü şəhid getməsin deyə mənə öndə getməyə izin ver, – söyləyir, – əgər nəsə olarsa, qoy mənə olsun”. Bu təsirli sözləri eşidən komandir: “Xanı! Bu gün mənə qəhrəmancasına ölən deyil, yaşayan bir igid lazımdır. Şəhidlik isə ali bir qismətdir. Axı sən də mənim doğma qardaşımsan. Əziz qardaşım! Sən cəsarətli insansan. Ölümə dəfələrlə meydan oxudun, ad-san qazandın, bir igid oldun. Nə qədər ki bu ruhda bahadırlarımız yetişəcək, onda ulduzlar sönsə də, günəş batsa da, dünya bir olub üzərimizə gəlsə də, bu vətən var olacaq və qorunacaq. Bədənimiz torpağın altında, qanımız bayrağın üzərində, canımız isə əbədi cənnətdə qalacaq. Əcəlinə tələsmə, cəsarətini şahidsiz buraxma, komandirindən də önə keçmə”, – deyir.

Şəhid olmağı şərəf bilən, bütün varlığı ilə mücadiləyə hazır olan şəxsiyyətlər böyük zəfərə öncə mənlik divarlarını aşaraq gedilə biləcəyini göstərir. Zəfəri qazandıran igidlərdən bəhs etmək, bu ali duyğuları ifadələrə tökmək qəhrəmanlarımızı bir az da olsa tanıdar. Bəli, hələ I Qarabağ müharibəsində Vətənin dərin yaralarını sarımağa çalışan fədailərin yaşadıqları bizi də dərindən təsirləndirir. Onlar zalım güclərin atəşini söndürmək, lənət düyünlərini çözmək, düşmən ümidlərini puça çıxarmaq uğrunda mücadiləni dayandırmadılar. Həmin zamanlarda əsarət altındakı yurdumuza kəşfiyyat xarakterli gediş-gəlişlər xalqın qəlbində yenidən ümid işığını yandırırdı. Tariximizin ən qaranlıq səhifələrini yaşayırdıq; elə barbarlıqlar, qətliamlar törədilmiş, vəhşət möhürləri ilə vətənin alnına ləkələr salınmışdı ki, qələbəyə şübhə toxumları salınmağa çalışılırdı. Yurdumuzun ocaqları söndürülmüşdü. Ana vətənin iniltisi, fəryadı sinələri dağlamışdı. Minarələrdəki azan səsləri sükuta məhkum edilmişdi. Artıq salamat qalan məscidlərə insan deyil, hay sürüsü girib-çıxır, donuzlar məbədlərimizə zorla daxil edilirdi. Ata-baba elimizdə fitnə atəşləri qalanırdı. Ya Rəbb! Bu nə böyük imtahan, bu nə böyük bir dərd idi! Bəli, belə qaranlıq, fırtınalarla çulğanmış bir zamanda dəyərli qazilərimizin “Ohanyan səddi”ni keçərək düşməni rəzil etməsi və bunun kimi mərdliklər inamımızı təzələdi, əzmimizi yenidən gücləndirdi.

Nəhayət, bu gün Vətən torpağı işğaldan azad edilib, hürdür, sərhədləri dəqiqləşir. Onun keşiyini müzəffər ordumuz çəkir. Cənnət vətənimizin hürriyyətini bizə bəxş edən qəhrəmanlarımıza, şəhidlərimizə ömrümüzün sonuna qədər borcluyuq. Onlar vətənə canlarını sevə-sevə fəda ediblər. Hər qarışını ya alın təri, ya da qanları ilə suvarıblar. Dağlar kimi çiyin-çiyinə dayanıb, qisas zamanı qisas alıb, savaş zamanı savaşıblar. Bir olub, dəmir yumruğa çevrilib, zəfər ruhunu daşıyaraq vətən əmanətinə sahib çıxıblar. Zəfəri Haqdan bilib, bir an da onları müzəffər edəni unutmayıblar. Onun sonsuz qüdrətinə inanıblar. Elə bu inamla da şəhadət şərbətini içiblər. Şəhadət adında vətənin qəlbində Xızır çeşməsi açıblar. Şəhadət – abi-həyatdır. Bu dirilik suyunu, iksiri içənlər əbədiləşər. Nə qədər ki bu dərin məfhumu anlayacağıq, düşmən bizə nə top-tüfəngi, nə də ki fitnəsi ilə zərər verə biləcək. Səmanın bağrında dalğalanan bayrağımıza isə əsla toxuna bilməz. Bəli, biz savaş deyil, sülh istəyirik. Biz ədavət deyil, ədalət istəyirik. Qayəmiz kiminsə torpağına əl qoymaq deyil, yurdumuza sahib çıxmaqdır. Millətimizin alnına yazılan savaşı da yaşamaq qədərimizdir. Dövlətimizin qüdrətini artırmaq, gücünə güc qatmaq, onu bir cahan gücünə çevirmək ən böyük xəyalımızdır.

Şuşa fəthi – tarixə yön verən, imanın batilə qalib gəldiyi zəfər… Bu ali fütuhatlar milli hafizəmizdə canlı qalmalı, şəhadəti qazanmış fatehlərimizə könül dünyamızda qüdsi məkanı bəxş etməliyik. Yenicə doğulan körpələrinin üzünü görmədən, qucağına almadan köçüb gedən şəhidlərimizin qibtə olunan həyatını dastanlaşdırmalıyıq.

Haqq savaşımızda ön cəbhədə döyüşən igidlərlə bərabər bu mücadilədə maddi və mənəvi dəstəyini əsirgəməyənlər də oldu. Tarixdə öz qəhrəmanlıqları ilə iz buraxmış, ağır gündə bizə dost əli uzatmış, zəfərimizə bizim qədər sevinmiş qardaş xalqları da unutmamalıyıq. Ahıl yaşında, son xərcliyini hərb meydanlarında vuruşan oğullarımıza bəxşiş olaraq göndərən böyüklərimizi də daim təqdir etməliyik. Öz igidlikləri ilə ad-san qazanmış, tarix yazmış babalarımızın örnək davranışlarını gənc nəslə çatdırmalıyıq. Bütün çətinlik və imkansızlıqlara rəğmən düşmənin çirkin ayaq izlərini vətənin ətəklərindən təmizləyən ərləri gəncliyimizə ən bariz şəkildə anlatmalıyıq. Bir sözlə, dişiylə, dırnağıyla millətimizin izzətini qoruyanları, can verib cənnəti qazananları tanıtmalıyıq. Bu əziz diyarın hər guşəsindən olan, məslək və vəzifəsindən, dilindən, dinindən asılı olmayaraq cəbhəyə könüllü axışan hər bir vətəndaşımızın dillərə dastan əməllərindən bəhs etməliyik. “Aslanın erkəyi, dişisi olmaz” deyirlər. Cəngə qatılan tibb işçiləri arasında bu mücadiləyə çiyin verən tibb bacılarımızın əməyini yaddaşlara həkk etməliyik. Atəşlər altında savaşın məşəqqətini və məğrur anlarını ekranlara daşıyan, bu mücadiləni kəlmələrlə ifadə edərək tarixləşdirən yazarlarımızı unutmamalıyıq. Vətən müharibəsinin zəfərlə nəticələnməsində xalqı ruhlandıran, şanlı orduya öndərlik edən, siyasətdə məharətli Ali Baş Komandanın dirənişini nümunə göstərməliyik. Xalqımızın və dövlətimizin əl-ələ tutaraq qazandığı zəfərdə Öz yardımını lütf etməsinə görə Uca Rəbbimizə şükür etməliyik.

Qanlı libasları ilə Haqqın hüzuruna gedən bütün şəhidlərimizi rəhmətlə anırıq…