Xəbərlər

Həftənin seçilmiş məqaləsi – Ən kədərli sevinc, yaxud nəğmə qırğını ili

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin məqaləsi” nominasiyası üzrə seçilən əsər MİMTA Yayımları tərəfindən çap edilən, Mahir N.Qarayevin tərcüməsi və Ramiz Rövşənin redaktorluğu ilə görkəmli ispan şairi Federiko Qarsia Lorkanın kitabından seçilən “Ən kədərli sevinc, yaxud nəğmə qırğını ili” məqaləsidir. Xoş mütaliələr!

Kimin xatırındadır
nəğmə qırğını ili?

Nəğmələri öldürürdülər.
Nəğmələr şairlərin
qapısını döyürdülər:
– Açın! Gizlənək!

Qapısını açan oldu,
Nəğməsiylə bir vuruldu
qapısı ağzında.
Beş cüt qanlı barmağın
izi qaldı qapısında…

 R.Rövşən

“Mən Qranada düzənliyindəki kiçik bir Əndəlüs kəndində doğulmuşam. Atam – Federiko Qarsia Rodriges, anam – Visente Lorka Romerodur. Yeddi yaşımda onlar məni Almeriyada monastır məktəbinə verdilər. Elə həmin vaxtlardan musiqi ilə məşğul olmağa başladım. İmtahanlardan sonra bərk xəstələndim, boğazım elə ağrıyırdı ki, danışa bilmirdim. Güzgüdə şişkin sir-sifətimi gördüm, danışa bilmədiyimdən yazmağa məcbur oldum və beləcə, ilk satirik şeirimi yazdım. Həmin şeirdə özümü şişman Mərakeş sultanı Mulya Hafidlə müqayisə etmişdim. Sonra ailəmizlə Qranadaya köçdük. Burada mən musiqi təhsilimi davam etdirdim. Müəllimim don Antonio Sequra – Verdidən dərs almış qoca bir bəstəkar idi; ilk şeir kitabımı ona ithaf etdim. Məndə folklora, qədim Əndəlüs nəğmələrinə ilk marağı məhz Antonio Sequra oyatmışdı…”

Siyasətdən uzaqda dayanmağa çalışan, yalnız sənət yanğısıyla yaşayan Lorka öz qısa ömrünün tərcümeyi-halına, adətən, belə başlayırdı.

Lakin siyasət ondan uzaq deyildi və faşizmin İspaniyaya ayaq açdığı ilk günlərdə nasizm qurbanlarının müdafiəsi üçün ispan manifestinə imza atan ilk şair məhz Lorka oldu. 1935-ci ildə o, ustad saydığı İspaniyanın digər böyük şairi Antonio Maçado ilə birgə ikinci antifaşist manifesti imzalamaqdan da çəkinmədi. 1936-cı ilin 14 fevral tarixli “Ziyalılar Xalq cəbhəsini dəstəkləyir” çağırışındakı birinci imza da Lorkaya məxsus idi.

Lorka ilk baxışda göründüyü qədər də sadəlövh deyildi və bütün bu ötkəm hərəkətlərin nə ilə nəticələnəcəyini, hara aparıb çıxaracağını, hər halda, dərk edirdi. Bununla belə, səmimiyyətdən irəli gələn bir duyğuyla o, bircə dəfə də olsun ürəyinin hökmünə, istəyinə qarşı getmədi. Məşhur ispan ziyalıları arasında onun hamıdan öncə həbs olunması da təsadüf sayıla bilməz, hərçənd çoxları bunu adi yanlışlıq kimi düşünüb şairin tezliklə azad ediləcəyinə sadəlövh ümidlər bəsləyirdi. Amma dostlar yanılmışdı: Lorka İspaniyada faşizmin ilk qurbanlarından oldu!

Gec-tez həbs ediləcəyi gözlənilən və labüd idi, ancaq məhz ilk qurban olacağını, görəsən, özü təsəvvür edirdimi? Hər halda, Salvador Dali dostunun qətl xəbərini eşidəndə acı-acı gülümsünüb belə demişdi: “Onun həyatı üçün bundan gözəl sonluq düşünmək heç mümkün də deyildi…”

Nə bir səs, nə hənirti…
Boğazından asılmış gitaralar
küləkdə yellənirdi.
Sonra bir qoca gəzdi
dünyanın qanlı torpaqlarını,
örtdü ölü nəğmələrin
açıq göz qapaqlarını…

Bəli, Lorka faşizmin ilk qurbanı oldu, ardınca isə fəlakət qapıları ispan ziyalılarının üzünə taybatay açıldı: görkəmli publisist Ruis Karnero vəhşicəsinə öldürüldü; Qranadanın alkaldı, Lorkanın bacısının əri doktor Montesinos güllələndi; “La Barraka” teatr trup pasının on cavan aktyoru qiyamda həlak oldu, bombalanan binada Lorkanın əlyazmaları ilə birgə teatrın bütün arxivi külə döndü; qiyam günləri qaçqınlarla Pireney dağlarını aşan ixtiyar yaşlı Antonio Maçado üç gündən sonra iztirablar içində dünyaya göz yumdu; gənc şair Migel Ernandes faşist həbsxanasında qətlə yetirildi; Rafael Alberti vətəndən didərgin düşdü; İspaniyanın yüzlərlə görkəmli ziyalısı, o cümlədən dünyaşöhrətli bəstəkar Manuel de Falya və sonradan Nobel mükafatına layiq görülən şair Xuan Ramon Ximenes qürbətdə canını tapşırdı.

  Kimin xatırındadır
  nəğmə qırğını ili?

Və 1969-cu ilə qədər Lorkanın taleyi barədə yalnız bu cür yazmağa icazə verilirdi: “Şairin yaradıcılıq yolu 1936-cı ildə qırıldı…”

Biz insanıq,
biz ispanıq,
bağrımıza basmışıq sınıq gitaraları!
Torpaq ətri qoxuyuruq,
nəğmə qırğınında ölən
nəğmələri oxuyuruq…

1936-cı ilin məşum avqustu…

“Yaradıcılıq yolu yarıda qırılan” Lorkanı məhz 1936-cı ilin avqustunda həbs etdilər. İkicə gün sonra, gecəyarısı həbsxana maşını Qranadadan çıxıb kiçik bir Əndəlüs kəndinin yaxınlığında dayandı: maşında 38 yaşlı Lorka, tanımadığı qoca bir dustaq, bir də üç falanqaçı idi. Cəlladlar kənarda dayanıb səhərin açılmasını gözləyirdilər, kameranın darısqallığından sıxılıb yumağa dönmüş Lorka isə gecənin əsrarəngiz gözəlliyindən vəcdə gəlmişdi. Ağlına gəlməzdi ki, bir azdan güllələnəcək…

Hava işıqlaşanda təzədən maşına doluşdular, ancaq maşın kənddən azacıq aralanıb təkrar dayandı. Öncə qoca dustağı düşürüb apardılar. Lorka hələ də heç nədən şübhələnmirdi, ancaq güllə səsi eşidiləndə içindən soyuq bir gizilti keçdi.

Ölmək istəmirdi… əllərini maşından güclə qopartdılar, bu zaman ağladı da.

Dalbadal bir neçə güllə açıldı, amma Lorka dikəlmək istəyirdi. Ölümünə heç cür inana bilmir, hər atəşdən sonra təkrar dikəlib qalxırdı. Axırda zalım falanqaçı ayağı ilə onun sinəsindən yerə basdı və düz sifətinə atəş açdı.

38 yaşlı şair beləcə ölümünə inanmadan köçdü dünyadan…

Öləndə
siz məni çay qırağında
gitaramla qoşa basdırarsınız…

Belə demişdi Lorka. Ancaq Lorka ölmədi. Onu ölməyə qoymadılar. Onu öldürdülər…

“Ən kədərli sevinc şair olmaqdır!”

Bu da Lorkanın sözüdür. Və çox güman ki, 38 illik qısa ömründə o, şair olmaq sevincinin bütün kədərini yaşamağa, duymağa macal tapdı…

* * *

İspaniya deyəndə məğrur bir məmləkət canlanır göz önündə. Çılğın və qüdrətli bir xalqı düşünürük İspaniyanı düşünməklə. Servantesin, Kevedonun, Qon qoranın, Kalderonun, Lope de Veqanın, Qoyyanın vətənini anırıq İspaniyanı anmaqla. Bir də, İspaniya deyincə həzin və yanıqlı gitaralar kükrəyir qulaqlarımızda.

Nalə çəkir gitara!
Ondan sükut ummayın,
nahaqdan üz vurmayın –
çətin, çətin qurtara!

…Bir zamanlar bu dünyada bir gitara səslənirdi. O gitara lap elə bil dünən çalınırdı. Hərdən adama elə gəlir ki, o gitara heç zaman susmayıb… dünya yaranan gündən çalınır, həmişə də çalınacaq…

Mahir N.Qarayev