Xəbərlər

“Azərpambıq” Tacikistan şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC ilə Tacikistanın “Boboi Şarifbek” MMC arasında əməkdaşlıq sazişi imzalanıb.

“Füyuzat” xəbər verir ki, imzalanma Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda baş tutub.

Sənədi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Fəxri Mehdiyev və “Boboi Şarifbek” şirkətinin Direktorlar Şurasının sədri Şarifbek Davlatov imzalayıb.

Xatırladaq ki, “Azərpambıq” 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvarda yerləşirlər), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy və Ucarda), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

“Boboi Şarifbek” MMC Tacikistanın Rudaki rayonunda (Çoryakkorqon qəs.) yerləşən, heyvandarlıq və damazlıq mal-qaranın (xüsusən, hissar cinsli qoyunların) yetişdirilməsi üzrə ixtisaslaşmış iri fermer təsərrüfatıdır.