Kültür-sənət Xəbərlər

Həzin bir xatirə – İsmailiyyə

“Azərbaycan” qəzeti, 20, 25, 26 ağustos 1919, №256, 260, 261

Bakı bələdiyyəsi mərhum Musa Nağıyevin varislərinə müraciətlə “İsmailiyyə” binasının “qorxulu” olduğundan bəhslə onun dağıdılmasına müsaidə verilməsini istəmiş, varislər də buna mane olmayacaqlarını bildirmişlər. Bu xüsus Bakı “Müsəlman cəmiyyəti-xeyriyyəsi”nə ixtar edilmiş, “İsmailiyyə”nin üst qatının sökülərək “zərərsiz” bir hala vəz etdirilməsi arzu edildiyindən “cəmiyyəti-xeyriyyə” idarəsi də “İsmailiyyə” binasının ətrafına ağacdan hasar çəkilməsini təhti-qərara almışdır. Bununla bərabər, qabil bənnalar aranılır ki, “İsmailiyyə”yi söksün. Bir komisyon intixab edilmiş ki, onun inqazından qalan əşyasını satsın.

Biz bunları, bu məlumatı son bir ayın ərzi-müddətində nəşr edilib gəlməkdə olan qəzetə həvadislərində oxuduq.

Keçən gecə həqir, fələkzədə, öksüz bir qızın saçları kibi dağınıq, fikir və xəyalım kibi hali-müşəvvəşdə bulunan pərişan odamda əyləşib “İsmailiyyə” binasına – o Azərbaycan milləti, hürriyyət və istiqlalı uğrunda şəhid düşmüş qəhrəmanlar kibi düşmənin amansız qurşunlarına köksünü sipər edən binaya baxıb pəncərəyi açaraq onu seyr ediyor, düşünüyor, həm də onun dağıdılması haqqında olan axırıncı qərarı qəzetədə oxuyaraq düşünüyordum.

Bir dürlü bilməyirəm, səbəbini anlamayıram ki, bəni nə kibi şeylər, nə kibi əlaqələr “İsmailiyyə” binasına bağlayıb mərbut etmişdir ki, onun sökülüb dağılması fəqərəsi (məsələsi – red.) onun yandırılıb xarabazara döndərilməsi qədər bəni mütəəssir etmişdi. Düşünüyor, həm də fikirsiz, qayəsiz və mövzusuz olaraq düşünüyordum, xəyalım bir çox geri getmiş, bir çox xatirələr ilə məşğul olmuşdu. Nəzərimdə bir taqım rəngarəng şəkillər və mənzərələr tərsim ediliyordu. Bən “İsmailiyyə” binasının çox da uzun olmayan tarixçəsini, 18–20 sənəlik bir həyatını, tərcümeyi-halını gözümün önündə təcəssüm etdiriyordum.

Bən “İsmailiyyə”nin o günlərini düşünüyordum ki, orası açıq bir yerdən, boş bir düzəngahdan, şəhərimizin mərkəzində vaqe olmuş bir boşluqdan ibarət idi. Ta əski zamanlardan orası ətraf köylərdən, uzaq mahallardan gələn kəndçilərin bir mərkəzi, bir bazarı idi. O zamanlar bura “Qapan dibi” adilə məruf idi. Bura Qubadan, Şamaxıdan, ta Ağdaş və Ərəş uyezdindən taxıl, alma, qoz və sair bu kibi şeylər gətirilib satılardı.

“Qapan dibi” şəhərimizin mərkəzində rus mədəniyyətinin təsirinə heç bir növ ilə tabe olmayaraq özünün əski ruhunu, təbiət və xasiyyətini mühafizə etmiş bir parça, yevropalaşmış Bakı şəhərində Şərqin bir nümunəsini göstərən bir mənzərə idi.

Burada hər zaman gövdəsini yerə sərmiş və boyunlarını kəmali-əzəmətlə dik tutmuş qaragözlü dəvələrin istirahət etdiklərini, müdhiş və mühib buynuzlu kəllərin yanı üstə yatıb gövşədiklərini görmək olurdu. Hər zaman burada dəvə qatarlarının Şərq əzəmət və ehtişamını dərxatirə etdirən zəng və zınqırovlarının həzin səsləri, kəl arabaları təkərlərinin munis, ruhnəvaz bir musiqi qədər munis cırıltıları eşidiliyordu.

Hələ gecələr “Qapan dibi”nin nə qədər başqalaşdığından, nə qədər səmimiləşdiyindən bəhs etmək istəməyirəm. Siz gərək o zaman Azərbaycanın müxtəlif nöqtələrindən gəlmiş müxtəlif ləhcəli köylülərin, o yekdigərinə “qonaq” olanların yatmış dəvələr arasında od yandırıb başına toplaşdıqlarını və söhbət etdiklərini görə idiniz ki, bəni imdi başa düşə idiniz.

Hələ Qurban bayramı ərəfəsində “Qapan dibi” özgə bir hal alıyordu. Satılmaq üçün Bakı bazarına gətirilən qurbanlıq qoyunlar həp buraya toplanırdı. Bunların mənzərəsi daha dilbəranə, daha şairanə oluyordu.

Bən daha çocuq ikən, təxminən bir igirmi il bundan əvvəl eşitmişdim ki, Bakı Şəhər İdarəsi “Qapan dibi” bazarını məscid bina etmək üçün Bakı müsəlmanlarına güzəşt etmişdir. Lakin nədən isə, bir dürlü təfsilatını şimdi də bilməyirəm, məscid tikmək məsələsi bir qədər təxirə uğradı. Sonra Bakıda təşkil edilmiş olan “Müsəlman cəmiyyəti-xeyriyyəsi” istifadəsiz bir halda qalan şu “Qapan dibi”ndən həm maddi istifadə etmək, həm də təkrar əldən çıxarmamaq məqsədilə bələdiyyənin müsaidəsilə oraya sahiblənib xırda alış-verişçilərə müəyyən bir vəqtədək icarəyə verdi. Böyük qapan-tərazusu orada qalmaqla ətrafında ağacdan dükanlar və budkalar yapıldı. Bu kərə “Qapan dibi” ismi “Şeytanbazar” adına mübəddəl oldu. Artıq burası Şeytanbazar olmuşdu.

Bir kərə yadımdadır, yanılmayırsam, 1908-ci sənədə idi, Mövlud bayramı münasibətilə imdiki parlaman binasının qərb karı böyük salonunda görüş məclisi tərtib edilmişdi. Şu məclisdə cəmaətə bir xoş xəbər, bir bəşarət verildi. Bu xəbəri verən də Hacı Zeynalabdin Tağıyev cənabları idi. Hacı cənabları deyirdilər:

– Şeytanbazarı artıq məscid tikilməyəcək. Burası “cəmiyyəti-xeyriyyə” üçün bir bina yapılacaqdır. Bunun da bütün xərcini mərhum oğlu Ağa İsmayılın bəqayi-namı olmaq üzrə məclisdə hazır bulunan Musa Nağıyev öz öhdəsinə götürəcəkdir.

Hacının bu nitqi hazirun tərəfindən alqışlanmış, Musa Nağıyev də edəcəyi işbu böyük ehsan və ianədən dolayı ayrıca təqdir edilmişdi. Hətta bina edilməsi təsəvvür olunan “İsmailiyyə” binasının müsəddəq plan və nəqşəsi də həman məclisdə divardan asılmışdı.

Bu tarixdən sonra haçan binaya başlanacağını kəmali-səbirsizlik ilə gözləyir, hərdənbir qəzetə sütunlarında, həvadis qismində bu binanın nə surətlə işinə başlanacağını gördükdə onu məraqla təqib ediyordum. Hətta o zamanlar nəşr edilməkdə olan “Tazə həyat” qəzetəsində əlinə yeni qələm almaqda olan acizləri ərzi-şükran kibi bir şey də yazmışdı.

“İsmailiyyə”nin ilk bina qoymaq mərasimi qayət təntənəli surətdə vaqe olmuşdu.

Taxta dükanlar və budkalar sökülmüş, qapan-tərazusu oradan köçürülmüş, o vəsi (geniş – red.) yerin ətrafına imdi çəkilməkdə olan kibi ağac hasar çəkilmiş, toprağı qazılıb dışarı çıxarılmışdı.

Bina qoymaq mərasimində Bakının bir çox əyan və əşrafı, bələdiyyə rəisi, uprava əzası, Bakı qradonaçalniki və valisi, mülki və əsgəri bir çox məmurlar və sahibmənsəblər, erməni və rus rəisi-ruhaniləri, Bakıda mövcud rus, erməni, yəhudi, polyak və sairə cəmiyyətlərinin nümayəndələri, bir çox cəmaət xadimi və ziyalıları iştirak ediyordular. Bəzi nitqlər söyləndi, sabiq Bakı qazısı Ağa Mir Məhəmməd Kərim cənabları kəndilərinə xas əzəmətli bir əda ilə ibtida Rusiyyə çarı Niqolay və xanədanını dua ilə “İsmailiyyə” binasına başlamasını dualadı. Bunu mütəaqib “İsmailiyyə” binasına birinci daş qoyuldu. Bu daş da Musa Nağıyev əlilə qoyuldu. Sonra orada iştirak edənlər yenə fəxri olaraq “İsmailiyyə” binasına birər daşlar qoydular. Və beləliklə, rəsmi surətdə “İsmailiyyə”nin tikilməsi başladı.

Günlər, aylar, illər keçdi, “İsmailiyyə” binası tədriclə tikiliyordu. Acizləri hər zaman kəndi şəxsi işim kibi onu təqib ediyordum. Orada olan və baş verən xoş və narəva hadisələrə şahid oldum. Böyləliklə, “İsmailiyyə” binası dörd illik bir zaman içərisində təmam olaraq başa gəldi. Onun üzərində cəli xətt ilə yazılmış ayənin tərcüməsi belə idi: “İnsana ancaq öz zəhməti (səyi, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir!” (Qurani-Kərim, “ən-Nəcm”, 39, 40). Ayənin həqiqətləri ta uzaqlardan parlamaqda, hər kəsin nəzəri-diqqətini cəlb etməkdə idi.

Bu tarixdən sonra “İsmailiyyə” binası ictimai həyata başladı. Birinci olaraq “cəmiyyəti-xeyriyyə” idarəsi və dəftərxanası oraya daşındı. Onu mütəaqib, Bakıda mövcud bütün məarif cəmiyyətlərinə orada yer verildi, yersiz qalan “Səadət” ruhani cəmiyyəti məktəbini “İsmailiyyə”yə köçürdü. “Nicat” və “Səfa” məarif cəmiyyətləri idarə və dəftərxanalarını orada yerləşdirdilər.

Böyük müharibə başlandı. Bakı sərvətdarları rus hökuməti-müstəbidəsinə kəndi ixlasi-übudiyyətkaranələrini göstərmək məqsədilə bir fədakarlıqda bulunmaq, bir xidmət göstərmək istədilər. Bunun üçün özünün hüsn və lətafəti ilə, nəqşü nigarilə Bakının birinci dərəcədə binalarından mədud olan “İsmailiyyə”yi əsgəri bir xəstəxana halına salmaya qərar verdilər. Orada yerləşən “Səadət” məktəbini, məarif cəmiyyətlərini həpdən dışarı çıxardılar.

Birinci kərə olaraq “İsmailiyyə”nin o möhtəşəm salonunda açılmış olan xəstəxananın rəsmi-güşadı vaqe oldu. Rəsmi-güşadda bir çox Bakı əyanı hazır bulunurdu. Bakı qazısının Niqolay və xanədanına etdiyi duasını mütəaqib, “Boje, tsarya xrani” nəğməsinin türkcəyə tərcüməsi oxundu. Artıq “İsmailiyyə” binası Qafqaz cəbhəsində yaralanan saldatlara xidmət ediyordu.

Zavallı “İsmailiyyə” bir çox zaman rus saldatlarının məskəni oldu, hətta onun divarlarının birisində, qarşısında xəfif bir mum yanmaqda olan Həzrət İsanın rəsmi də asılmışdı. “İsmailiyyə”dən səhər və axşam çağları rus saldatlarının duası və əsgəri nəğmələri səsi eşidiliyordu.

***

“İsmailiyyə” binası Qars və Ərdəhan hərbzədələrinə müavinət və qardaşlıq əlini uzatmaqla xəlq arasında məşhur oldu. Azərbaycanın hər yerindən zavallı qardaşlara yardım üçün ianələr gəliyordu. “Qardaş köməyi” günü təsis edildi, Qars və Ərdəhan çöllərindən bir çox sahibsiz qalmış çocuqları “İsmailiyyə” binası müşfiq bir ana kibi ağuşi-şəfqətində bəslədi. Bütün fələkzədələrin, müavinətə möhtac olanların nəzəri “İsmailiyyə”də idi. Hər kəs yüzünü ona tərəf tutsa idi, naümid qayıtmaz idi. “İsmailiyyə” binası hər kəsi özündən razı sala biliyordu.

Zaman bir hal ilə dəvam etməz. Rusiyyədə inqilab oldu. Niqolayın Rusiyyə taxtından enməsilə rus saldatlarının “İsmailiyyə”dəki iqbalları dəyişdi. Artıq onların vücudu orada artıq idi. Budur ki tədriclə “İsmailiyyə” binası rus saldatlarının vücudundan təmizləndi.

***

İnqilabdan sonra “İsmailiyyə” binası siyasi cərəyanların mərkəzi oldu. Birinci Qafqaz Müsəlman Qurultayı orada açıldı. Birinci olaraq muxtariyyət və ədəmi-mərkəziyyət fikri orada açıldı, meydana atıldı.

Bu tarixdən sonra bütün yığıncaqlar, siyasi müsahibələr, məruzələr həp orada oluyor, oxunuyor, dinləniyordu.

“İsmailiyyə”nin – o kimsəyə baş əymək istəməyən möhtəşəm salonu bir çox tarixi vəqələrin şahididir. Bir çox natiqlərin nitqini onun yanmış daşları hala da əks etdirməkdədir. Biz azərbaycanlılar “İsmailiyyə”də bir çox şad və qəmgin günlər keçirmişik, müqəddəratımız haqqında orada bir çox məruzələr dinləmişik, gələcəyimiz barəsində bir çox qərarlar çıxarmışıq. Biz onun büllurin çıraqları, Bakının bir çox uzaq yerlərindən nəzəri-diqqəti cəlb edə biləcək bir halda pərtovəndaz səqfi altında bir çox gecələr keçirmişik ki, bizlərdən kimsə onları unutmamışdır.

“İsmailiyyə” binası bizimlə bərabər böhranlı zamanlar da keçirmişdir. Orada vaqe olan rəsmi-güşadında oxunan “Rəbbim, çarı hifz et” qədər məşum bir iclası, son iclasını heç bir halda unutmayıram. Bu da “İsmailiyyə” binasının 2 sənəlik bir həyatının son parçası, tarixi bir faciənin pərdəsi idi. Oranın mövqei-sədarətini bir taqım qeyri-məsul şəxslər qəsb edib, Mirmöhsünlər, Quliyevlər millətin müqəddəratilə oynuyor, hissiyyata qapılaraq bilərəkmi, bilməyərəkmi milləti, xəlqi uçuruma, müdhiş bir uçuruma, fəlakətli bir girivəyə, daha doğrusu, qanlı bir məzbəhə, qətlgaha sövq ediyordu.

“İsmailiyyə”nin – bizim müqəddəs adını bəhəqq qazanan o millət evinin, o bizim siyasi fikirlərimizi, istiqlaliyyət məfkurəsini, Azərbaycan qayəsini bir ana kibi, müşfiq və mehriban bir ana kibi ağuşunda, qəlbində bəsləyən dilbəranə binası, məhrəmi-əsrarımız olan divarları martın fəci günlərində bir çox düşmən qurşununa köks gərmişdi. Bir vəqt yetişmişdi ki, orada məskən edən təşkilatlar onu müdafiəsiz bir halda buraxıb getmişlərdi, orada yalnız “Müsavat” firqəsinin telefonu işləyir, şəhərin hər tərəfindən imdad istəyənlərə mümkün edə bildiyi cavabı veriyordu. “İsmailiyyə”yi ən son buraxıb çəkilməyə məcbur olan müsavatçılar olmuşdu. Onlar “İsmailiyyə”yi bir halda buraxmışdılar ki, bolşevik və erməni əsgərləri Niqolayevski küçəyə hücum ediyor, “Metropol” mehmanxanasının qarşısında vəz edilmiş pulemyot özünün yürəküzücü şaqqırtısı ilə “İsmailiyyə”yi nişanəyə alıyordu.

Millət başını itirmiş, kəndisini şaşırmış, nə yapacağını bilmədiyi halda özünü qəzanın təqdirinə buraxdığı kibi, sevgili “İsmailiyyə”sini də kəndi başına buraxmış, onun üç-dörd nəfərdən ibarət olan mücavirləri də oradan çəkilmiş, “İsmailiyyə”də yalnız bir neçə müharibədə şəhid düşmüşlərin qanlı və soyuq meyitləri qalmışdı.

***

Xain düşmənlər, əhdlərini sındıran və müsəlmanları iğfal edən erməni milli polku “İsmailiyyə”yi işğal etmiş, oradakı müxtəlif təşkilatların kağız-dəftərlərini qarışdırıyor, bəzi şeylər arıyordular. Bu qədər müxtəlif təşkilatlardan bir kərəlik xilas olmaq, daha doğrusu, xəlqdə doğan muxtariyyət fikrini əbədiyyən basmaq üçün bu fikri pərvəriş verən “İsmailiyyə”nin edamına qərar verilmiş, ona düşmən əlilə od vurulmuş idi. Bu kərə “İsmailiyyə” qəzəbindən atəşlər püskürür, düşmənləri yaxmaq diləyirdi.

***

Söylədiyim işbu xatirələr həzindir. Olduqca həzindir. Hələ bənim üçün daha da həzin, bəlkə, müdhişdir. Lakin bu qədər xoş olmayan hallar içərisində bəndən ötrü müsibət, tam mənasilə müsibət olacaq bir hal, daha doğrusu, bir təsadüf var ki, vəhdətdən kənar düşsə də, yenə söyləyəcək və hər zaman söyləyəcəyəm.

Diyorlar, fəlakət ümumi olduqca bir o qədər insanı müztərib etməz. Lakin mart faciəsi barışığından sonra kimsə o məşum günlərin bir daha təkrar etməyəcəyinə əmin olmadığından xəlqdə böyük bir iztirab müşahidə ediliyordu.

Bən də şu iztirab halında sınıq bir qəlb, düşkün bir ruhla yanmış “İsmailiyyə”nin qarşısında durub, onun xaraba halını görüb zövq alan rus və erməni tamaşaçılarının mütəbəssim çöhrələri qarşısında əzilməkdə idim.

Bu halda bənimlə hər zaman məslək münaqişəsini edən bir sosialist arqadaşıma, daha doğrusu, tanış bir sosialistə rast gəldim.

Bənimlə görüşdü, məhzun bir halətlə: “Nasılsınız, səlamətmisiniz?” – deyə halını sordum. Zatən bu o günlərin mövzusu idi.

Dişlərini ağardaraq yüzümə güldü. Arsızcasına, həm də “İsmailiyyə” binasının içərisindən hala çıxmaqda dəvam edən o xəfif dəruni tüstüdən utanmadan bir söz dedi. Bən ömrümdə o qədər acı söz eşitməmişdim və o qədər də müztərib olmamışdım. Sosialist yoldaş mənə dedi:

“Hə, necə gördün bizim sınmaz qüvvətimizi?!”

Bəni mütəəssir edən fəqərə yalnız eşitdiyim bu söz deyildi, bununla pək sıqı münasibəti olan ikinci bir təsadüfün ixtiyarsız olaraq xatirimə gəldiyi idi.

İnqilabın ilk günlərində Milli Müsəlman Komitəsi təşkil edildikdən sonra hümmətçilər bir çox prinsip məsələlərindən dolayı Milli Komitə ilə müttəhidən işləməkdən boyun qaçırıyordular. O zaman Milli Komitə sədri Məhəmməd Həsən Hacınski dəfələr ilə Realni məktəbində iqamət etməkdə olan “Hümmət” firqəsinə müraciət etmişdisə, müsbət cavab alamamışdı.

Bir gecə saət 2–3 radələrində “İsmailiyyə” qarşısında bir-iki hümmətçi ilə bir-iki müsavatçının mübahisəsinə təsadüf etdim. Mübahisə hümmətçilərin Milli Komitədə nə üçün iştirak etməkdən imtina etdikləri üzərində idi. Hümmətçilərdən birisi əlini “İsmailiyyə”nin divarına vurub uca səslə diyordu:

“Bu bina burjuy yolu ilə tikilmişdir. Buradan füqərayi-kasibəyə şərdən başqa xeyir gəlməz. Füqərayi-kasibə əgər öz səadətini istəyirsə, birinci olaraq gərək bu binanı dağıtsın”.

Demək, “İsmailiyyə”nin yandırılmasilə bir çox məqsədlər hasil olmuşdu. Füqərayi-kasibənin səadəti hasil olmuşdu. Sosialistlərin sınmaz qüvvətləri mötərizlərinə isbat edilmişdi. Bununla bərabər, rus bolşeviklərilə erməni daşnakları da öz arzu və məqsədlərinə çatmışdılar.

***

“İsmailiyyə”, o kimsəsiz, zavallı “İsmailiyyə” o gündən sonra mətruk oldu (tərk edildi). Kimsə onun qapısını açmadı, kimsə oraya müraciət etmədi. Daha orada işıq yanmadı. Yalnız xəzan aylarının aydınlıq gecələri onun içərisini və dışarısını işıqlandırıyordu.

“İsmailiyyə” daha artıq kimsəyi ağuşi-şəfqətində bəsləyə biləcək səlahiyyətdə deyil idi. O, şimdi başqalarının himayəsinə möhtac idi. O, vəqtilə əziz idi, möhtərəm idi. O hər kəs tərəfindən sevilir, ehtiram ediliyordu. Onun bir çox cəlalı, təntənəsi, açıq süfrəsi var idi. Fəqət qəzanın gərdişi həpsini onun əlindən aldı. Onu səfil bir hala vəz etdi. O, gənc ikən xainlər əlilə xaki-həlakətə sərildi. Bununla bərabər, heç bir zaman millətdən ayrılmadı. Millətin qəmli və matəmli günlərində qəmgin və məhzun görükdüyü kibi, bayram və şad günlərində də şad idi. O hər zaman yenə şən və şatir görünürdü. O ümid ediyordu ki, millət onu unutmaz, etdiyi xidmətləri unudulmaz. Onu yaşadan yalnız bu idi. Lakin imdi özünün aldandığını hiss ediyor…

İndi Bakı Bələdiyyə İdarəsi onun qorxulu olduğunu iddia ediyor. Musa Nağıyev vərəsələri onun sökülüb dağıdılmasına mümaniət etməyəcəklərini bildiriyorlardı. “Cəmiyyəti-xeyriyyə”, o özünü “İsmailiyyə”nin yeganə sahibi zənn edən “Cəmiyyəti-xeyriyyə” onu sökmək, inqazından çıxacaq əşyayı satmaq istəyir. Bunun üçün ətrafına hasar çəkiyor. Budur ki, “İsmailiyyə” imdi məhzun, qayət məhzun bir mənzərə ərz ediyor.

Ey bakılı qardaş, ey azərbaycanlı vətəndaş, niyə dayanıb baxıyorsan! Qoş, “İsmailiyyə”nin, hər vəqt böyük salonunda öz gələcəyin üçün gün ağladığın “İsmailiyyə”nin qarşısına gəl, onu səndən ayırıyorlar. Onu lüzumsuz bir meyit kibi dəfn ediyorlar. Həm də sənin gözünün qabağında dəfn ediyorlar. Halbuki onun məhzun gözləri səni gözləyir, sənin həsrətini çəkiyor. Son kərə olmaq üzrə səni görmək istəyir. Niyə durub baxıyorsan, get, son kərə olmaq üzrə get ora, müqəddəs binaya, o Azərbaycan bayrağını yuxarı qaldıran binaya doyunca bir tamaşa et, çünki bir daha onu görmək sənə müyəssər olmayacaqdır. Çünki onu söküyor, dağıdıyorlar.

Seyid Hüseyn