Kültür-sənət Orxan Vəliyev

İstanbul gündəliyi – 2

Bəzi şəhərlər vardır ki, ayaq basdığınız andan etibarən təbiəti və tarixi ilə sizi valeh edir. Bu şəhərlərin şəninə şeirlər, romanlar yazıldıqca yazılır. Dünyanın incisi olaraq qəbul edilən İstanbul məhz həmin şəhərlərdəndir. İki qitəni birləşdirən, dənizlərlə çevrilmiş və qədim tarixə ev sahibliyi edən İstanbul hər daim diqqət mərkəzində olmağa davam edir.

Bu səbəblə “füyuzat.az” saytı üçün yazmağa başladığım səyahət yazılarımı İstanbulla başladım və həmin kiçik yazı bu ecazkar şəhəri təsvirə kifayət etmədiyi üçün növbəti yazımı da məhz İstanbula həsr edirəm. Roma, Bizans, Türk (Osmanlı, Cümhuriyyət) mədəniyyətlərindən izləri əks etdirən İstanbuldan bir ömür yazılsa, kifayət etməz.

İstanbula sonuncu səfərim xüsusilə anlamlı oldu. Belə ki, Mərmərə Universiteti, Türkiyyat İnstitutunun azərbaycanlı mənsubu, dosent Mehdi Gəncəli məni Yəhya Kamalın “Bedriye mısralar” şeiri ilə salamladı.

Link – https://www.youtube.com/watch?v=INNIE-xTB_o

Şeir və müəllifinin özünəməxsusluğu ilə bərabər Mehdi müəllim kimi dəyərli bir dostdan şeirli bir salamla xüsusi bir dəyər qatdı. Beləlikə ikinci yazını yazmaq üçün səbəb də hasil oldu…

Əlbəttə, bu yazı sadəcə bir səfər əsasında yazılmır. İstanbulla ilk tanışlığım 2014-ci ilin sentyabrında başladı. Sonradan mənim üçün Türkiyədə ikinci vətən olacaq Sakaryaya avtobusla gedərkən İstanbul boğazını heyranlıqla seyrim heç xatirimdən çıxmır. Sakarya ilə bağlı geniş bir yazı da oxucuların ixtiyarına veriləcəkdir. Burada bir haşiyəyə çıxmaq istəyirəm. Belə ki, bəzi oxucular, dostlar gileylənirlər: “Müəllim, siyasi elmlər üzrə müdafiə etmisiniz, dərs deyirsiniz ancaq “füyuzat.az” və “Füyuzat” jurnalındakı yazılarınız, adətən, gündəlik siyasətin xaricində olur”. Cavabımız belə olsun ki, elm adamı, adətən, gündəlik siyasətdən yazmasa, daha yaxşı olar. Digər tərəfdən bu işi türk və ingilis dillərindəki yazılarımla görürəm. “Füyuzat” isə Azərbaycan xalqına və dilinə xidmət üçün daha fərqli və daha ciddi bir məcradır. Bu məqsədlə yazılarım daha çox gələcəyə xidmət üçün nəzərdə tutulmuşdur. Hərçənd şəhərlərə həsr etdiyim səfər yazılarım diqqətlə oxunacağı təqdirdə belə yazıların gündəlik həyatdan qopmadığı, sadəcə öz üslubuna və yazılma kontekstinə, ehtiyacına görə gündəlik həyata toxunduğu deyilə bilər.

İstanbula bu ilki səfərim İbn Haldun Universiteti nəzdində SOCAR Türkiyənin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş Heydər Əliyev Avrasiya Araşdırmalar Mərkəzinin təşkil etdiyi II Beynəlxalq Türk Dünyası Yay Məktəbində mühazirə oxumaq dəvəti ilə mümkün oldu. İstanbula ilk təmasım son illərin qlobal hadisələrindən olan İstanbul Havalimanı ilə başladı. Hava Limanı Türkiyədən xidmətin hansı səviyyəyə gəldiyini görmək üçün əla vitrindir.

Qeyd edim ki, universitet 10 il əvvəl fəaliyyətə başlamış, sadəcə sosial elmlər (siyasi elm, BM, tarix, sosiologiya, psixologiya, iqtisadiyyat, fəlsəfə və s.) sahəsində tədris verən və mütəxəssislər yetişdirməyi hədəfləyən ülvi bir məqsədə xidmət edir. Məlum dünyada London İqtisadiyyat Məktəbi (London School of Economics) başda olmaqla bu qəbildən təhsil müəssisələri mövcuddur. Belə müəssisələr həmin dövlətin iddiasını, gücünü və gələcəyə dair hədəfini göstərmək baxımından əhəmiyyətlidir. Çünki istədiyiniz qədər texnologiya istehsal edin, əgər fikriniz, siyasətiniz, tarixiniz, dilinizə dair konseptual, nəzəri yanaşmanız yoxdursa, yalnız daha öncə ixtira olunanların bir kopyasını istehsal edə bilərsiniz. Bu mənada Türkiyə son dövrdə Cümhuriyyətin birikimini də düzgün istifadə edərək ali təhsil sistemində bu qəbildən ciddi addımlar atdı. Ümid edirəm ki, universitet bu gün və gələcəkdə siyasi çəkişmələrin qurbanı olmadan yoluna davam edə biləcəkdir.

Yay məktəbinin digər güclü tərəfdaşı isə Türk Dövlətləri Təşkilatıdır. II Qarabağ müharibəsindən sonra 12 noyabr, 2021-ci il tarixində İstanbulda baş tutan zirvədə Türk Dövlətləri Təşkilatı adı müəyyən edilmişdir. Bundan sonra TDT-nın Türk Dünyasına dair daha ciddi fəaliyyətlərini görməyə başladıq. Belə ki, 2023 Astana Sammitində “Türk Dövrü” (Turk Time) anlayışı irəli sürüldü və tədricən əsas əksikliklərdən olan maliyyə məsələsinin öz həllinə qovuşması yönündə siyasi iradə formalaşdı. Əlbəttə, təşkilat daha çox yenidir və görüləcək işlər çoxdur. Lakin siyasətin içinə düşdüyü qlobal böhran, qeyri-müəyyənlik dövlətləri regional birliklərdə birləşməyə sövq edir. Bu nöqteyi nəzərdən İbn Haldun Universiteti, Heydər Əliyev Avrasiya Araşdırmalar Mərkəzinin təşəbbüsü və TDT-nın dəstəyi ilə ötən ildən etibarən Türk Dünyasına dair beynəlxalq yay məktəbi təşkil edilməyə başlanmışdır. Bu yay məktəbi əvvəlkilərlə müqayisədə bir sıra fərqliliklər, yeniliklər gətirmişdir:

  • Mühazirəçilər və iştirakçılar daha geniş coğrafiyanı əhatə edir;
  • İşçi dil ingilis dili olaraq müəyyən edilmişdir ki, ortaq bir lisan müəyyən edilənə qədər ingilis dilindən istifadə zəruridir;
  • Müzakirə, fikir alış-verişi üçün əlverişli mühit yaradılmışdır;
  • Beləliklə türk dünyasına dair beynəlxalq bir platforma formalaşdırılmağa başlandı.

İbn Haldun Universiteti Türk Dünyasına dair məsələlərin müzakirə edildiyi, elm adamlarının, siyasi qərar vericilərin, ekspertlərin, doktorantların iştirak etdiyi ciddi bir platformaya çevrilməkdədir. Mərkəzin İstanbul olaraq müəyyən edilməsi isə son dərəcə doğru seçimdir. Ümumiyyətlə mədəniyyət oturaq həyatın institutlaşdığı məkanlarda mümkün olur. Bu çərçivədə türk dünyasında oturaq həyatı təmsil edən üç şəhəri sadalamaq olar:

  • İstanbul
  • Səmərqənd
  • Bakı

Əlbəttə, İstanbul bizə Konya, Bursa, Ərzurum və s. şəhərləri və keçmişə dair davamlılığı mühafizə edilmiş hafizəni xatırladır. Səmərqənd Buxara, Xivə kimi keçmişə dair yaddaşı və oturaq həyatı təmsil edir. Bakı isə yarımçıq şəhərdir. Belə ki, azərbaycanlılar qazax və qırğızlar kimi köçəriliyi təmsil etmir. Bununla belə, Təbrizlə kültür təmasını (İrandan ayırıb Azərbaycana birləşdirməyi nəzərdə tutmuram ki, bu mümkün görünmür. Çünki dövlətin siyasi hədəfində belə bir məsələ yoxdur) qurmayan Bakı əksik qalmağa davam edəcəkdir. Səlcuqlu ilə başlayan və min ildir müəyyən əksikliklərlə yanaşı davamlılığını mühafizə edən Anadolu türk varlığının zirvəsi İstanbuldur.

Ümumiyyətlə, İstanbul son illərdə ciddi, tarixi qərarlara, toplantılara şahidlik etməkdədir. Onlardan birisi 20 iyul 2020-ci il tarixli prezident fərmanı ilə Ayasofiyanın təkrardan məscid kimi istiadə edilməsi olmuşdur. Cümhuriyyətin elanından sonra Ayasofiya Mustafa Kamal Atatürkün qərarı ilə muzey olaraq fəaliyyət göstərməyə başlamışdır. Əlbəttə, ibadət etmək istəyən müsəlmanlar üçün müəyyən imkanlar yaradılmışdır. Lakin 20 iyul qərarı Ayasofiyanın hüquqi statusunu dəyişdirən siyasi qərar olmuşdur. Bundan əlavə olaraq İstanbul Türk dünyası ilə yanaşı fərqli toplantılara da ev sahibliyi etməkdədir.

Ukraynada başlayan və bitməyinə dair ümidsizliyin hakim olduğu müharibədə daha doğru bir mövqe seçən Türkiyə iki ölkə rəsmilərinin görüşməsi və müzakirəsi üçün İstanbul toplantıları icra edilməyə başlandı. Belə ki, iki ölkə liderinin İstanbulda görüşü planlaşdırılır. Göründüyü kimi İstanbul regional mərkəzə çevrilməkdədir.

Bununla bərabər, İstanbulda ciddi şəhərləşmə, daha doğrusu, şəhərli problemi də var. Belə ki, 1960-cı illərdən başlayan daxili köç, ardınca 2010-cu illərdən başlayan və hələ də davam edən xarici köç İstanbulda şəhər həyatını ciddi şəkildə sarsmışdır. Məlum bir məkanda şəhər kültürünün formalaşması üçün oturaq həyatın təmin və təsisi son dərəcə əhəmiyyətlidir. İstanbul isə 1960-cı illərdən etibarən daxildən və xaricdən köç qəbul etməyə davam edir. Daxildən, xüsusilə xaricdən gələn yeni sakinlər (əsasən, Suriya, Əfqanıstan və s.) şəhər mədəniyyətinə inteqrasiyada və üç mədəniyyətdən izləri əks etdirən tarixi məkan və abidələlərə münasibətdə ciddi əksikliklər ortaya çıxa bilir.

Digər tərəfdən mənə görə düzgün idarə edilmədiyi təqdirdə təhlükəyə çevrilən turizm İstanbula maddi mənfəət xaricində kültürsüzləşmə və tarixi məkanların köftə satmaq bahasına təxribatına səbəb olmuşdur. Ümumiyyətlə, qlobal turizmçilik qısa müddətli qazanc gətirməklə bərabər uzun perspektivdə oturuşmuş dəyər normlarını sarsıdır. Belə ki, əvvəlki yazımda da toxunduğum kimi tarixi Bəyazid Meydanı və Sultan Əhməd Meydanı ki, bir neçə mədəniyyətdən izlər daşıyır. Qısası, İstanbulun halı xarabdır. İstanbulun xilası üçün istər ölkə daxilindən, istərsə də ölkə xaricindən köçün idarə edilməsi şərtdir. Əgər tarixi Süleymaniyyə külliyyəsi ətrafında dolaşan və daimi olaraq İstanbulda yaşayan əhalinin ən az yarısı dolaşdığı məkanın tarixi, mədəni, siyasi əhəmiyyətindən xəbərdar deyilsə, İstanbulun halı xarab deməkdir. Həmin məkanda bir vaxtlar Əli Bəy Hüseynzadə kimi türk aləminin mötəbər şəxsiyyətləri yaşamışdır…

Ancaq o yenə də şairin dediyi kimi…

Gelmek’çün ikinci bir hayata, 
Bir gün dönüş olsa ahretten; 
Her ruh açılıp da kainata, 
Keyfince semada bulsa mesken; 
Talih bana dönse, nazikane; 
Bir yıldızı verse malikane; 
Bigane kalır o iltifata, 
İstanbul’a dönmek isterim ben

Yəhya Kamal Bayatlı

Yay Məktəbinin azərbaycanlı iştirakçıları ilə, 23.06.25

İbn Haldun Universiteti rektoru, Prof. Atilla Ərkanın açılış niqti, 23.06.25

İbn Haldun Universitetinin İdarə Heyətinin sədr müavini Necmeddin Bilal Erdoğanın açılış niqti, 23.06.25

Rektor, Prof. Atilla Ərkan ilə, 23.06.25

Türk Dövlətləri Təşkilatı və birlik mövzusunda oxuduğum mühazirə
(Bu mühazirənin mətni geniş məqalə şəklində Füyuzat Jurnalında nəşr edilmişdir), 23.06.25

Türk Cümhuriyyətlərindən (türk, qazax, azərbaycanlı və qırğız) olan həmkarlarla İstanbul Türk Ocağında, 2024

Macar, türk, özbək, tatar (Rusiyadan) həmkarlarla İbn Haldun Universiteti, Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzində (2024)