Kültür-sənət Orxan Vəliyev

İstanbul

Bir azərbaycanlı üçün həyat ilkin olaraq Bakıya axar…

Ancaq tədricən bu axın səni Təbrizə, dərinlərə gedəcəyin təqdirdə Yeniseyə qədər apara bilər…

Klasik dövrdə bu axın daha da dərin olub və zehinləri Səmərqəndə, Bağdada, Qahirəyə qədər aparıb çıxarmışdır.

Çağdaş azərbaycanlı üçün Bakı və Təbrizdən sonra əsas mərkəz, heç şübhəsiz, İstanbuldur!

Modern dünyanın konturları cızılarkən Türk və İslam dünyasında əsir düşənlərin aydınları istiqaməti İstanbul olaraq müəyyən etdilər. Türkmənçayla Bakıda sıxışan Azərbaycan aydınları məcburi Sankt Peterburq məhkumluğundan və uzun axtarışdan sonra İstanbulda qərar qıldılar. Modern İstanbul Karlovitsa, Kiçik Qaynarca, Kürəkçay, Türmənçayla qurduqları nizamı dağılan türk-müsəlman xalqlarının məskən yeri, sığınacaq yurdu oldu. Bu səbəblədir ki, Dərdəndlə, Təbrizlə, Xorasanla mədəni-tarixi rabitəsi kəsilən Bakı üçün İstanbul nəfəs yeri olmuşdur. İlk Cümhuriyyət Bakıda, Tiflisdə, Təbrizdə aparılan uzunmüddətli mübarizənin nəticəsində quruldu. Ancaq hadisənin yekunlaşma məkanı məhz İstanbul idi. Hətta Cümhuriyyət qurucularının mühaciləri də, əsasən, İstanbula pənah aparırdılar. Bu səbəblədir ki, ömürlərini İstanbulda tamamlamış mühacir nəsli üçün “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı da yazıldı. İstanbulun mühacirləri sadəcə Bakıdan deyil, Türk-İslam dünyasının geniş coğrafiyasından olmuşdur. Çünki yuxarıda sadaladığım anlaşmalarla dağılan türk-müsəlman düzəni İstanbul üçün bax beləcə mühacir nəsilləri yaratdı…

Bu arxa plana agah olduqdan sonra İstanbul küçələrində, boğazın sahilində Türk-İslam dünyasından İstanbula sığınmış nəsillərin izlərini daşıyan binaları, evləri, yalıları görmək çox da təəccüb doğurmamalıdır…

Məhəmməd Əmin Rəsulzadə məhz fikirlərini İstanbulda Türk Yurdu, Türk Ocağı çevrəsində yetkinləşdirib. Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu kimi böyük fikir adamlarının son mənzilləri məhz İstanbul olmuşdur. Peterburqda yüksək təhsil alan Əli bəy kimlik ehtiyacı üçün çətin, məşəqqətli bir həyat bahasına İstanbula gəlir. İstanbulda qala bilmək üçün verdiyi mübarizə maraqlı olanların bildiyi bir məsələdir…

Qısası, modern İstanbul vətənlərində əsir düşmüş türk-müsəlman xalqlarının fikrən, zehnən dövlətlərini qurduqları məkan olmuşdur. Çünki işğal edilməyən bircə İstanbul qalmışdı…

Böyük mədəniyyətlər suyun ətrafında qurulmuşdur. Qərbdən Şərqə köç edən türklərin daimi məskən tutub mədəniyyət qurduğu əsas mərkəzlərdən biridir İstanbul. Səlcuqlu ilə Qərbə doğru hərəkətin ilk hakimiyyətini quran türklər (türklərin qərbdə daha qədimdən var olduqlarını iddia edən tarixçilər var. Ancaq mən tarixçi deyiləm və yazının imkanları məhdud, məqsədi fərqlidir) Osmanlı ilə İstanbulda hakim olub məkana hakim oldular.

Ayasofiya türklərin fəthinin, Süleymaniyyə Külliyəsi isə türklərin məkana (İstanbul) yerləşib hakim olduqlarının nişanəsidir. Cümhuriyyətlə bir çox torpağını itirən türklər İstanbulu itirməyi gözə almadılar. Çünki İstanbul olmadan Anadoludakı türk varlığı bir hakimiyyət ola bilməzdi.

İstanbulda mənə təsir edən nüansların başında məzarlar gəlir… Axı Ermənistandan köçən ailəmin məzarları orada qaldığı üçün məzarlar mənim üçün xüsusi diqqət çəkir… Türklərin məzarları mühafizə etməyi İstanbuldakı varlıqlarının, hakimiyyətlərinin dəlalətidir. Fatihin məzar kompleksində Fatih Sultan Məhəmmədlə yanaşı, Osmanlıdan cümhuriyyətə xidməti olmuş elm adamlarının, yazarların məzarları xüsusi diqqətlə mühafizə edilir. Demək ki, türklər məzarın olmadığı yerə hakim ola bilməyəcəklərinin fərqindədir…

Buraya qədər yazdıqlarımdan belə qənaətə gəlmək olar ki, hər kəsin bir İstanbulu var. Ancaq maraqlıdır ki, Ankara Universitetinə olan bağlılıqdanmı, yoxsa dənizdən daha çox quruya bağlı olan türk genlərindənmi, bilmirəm, doktorantura prosesində Ankara Universitetini birinci yazmışdım. Ancaq tale məni İstanbuldan ayırmamaq üçün Mərmərə bölgəsinə, Sakarya şəhərinə gətirib çıxardı. Sakarya barədə sonrakı yazılarda bəhs açacağam. İndilik İstanbuldan qopmayaq…

Türkiyədə yaşadığım illərdə dəfələrlə İstanbula getmək fürsətim olmuşdu. Gəzmək xaricində İstanbula ilk ciddi səfərim mütəfəkkir (sonradan görüşlərini təniq edib razılaşmasam da) Dücanə Cündioğlunu dinləmək üçün Sakaryadan yola düşmüşdüm. Sonra dəfələrlə müxtəlif səbəblərlə İstanbula səfər etdim. Aralarında kədərli xatirə də var… Belə ki, İstanbul səfərlərimin birindən dönüşdə (2017) ki, adətən imkan daxilində qatarla səhayət etməyə çalışırdım. Sakarya şəhər parkında Bakıdan dünyagörüşümün formalaşmağında mühüm rolu, təsiri olmuş əmim Səməndər müəllimin vəfat xəbərini almışdım…

Bununla bərabər, İstanbula dair xatirənin varlığı özü bir dəyərdir.

Bu xatirələr arasında atamla İstanbul gəzintisi (2019) və İstanbul Türk Ocağının girişindəki şəklimiz mənim üçün ən unudulmaz olanlardandır…

İstanbulla bağlı xatirələrimin əsas hissələrindən birini, heç şübhəsiz, gələn ay İstanbul illərini nöqtələyib vətənə dönəcək Dostum Dilqəm Əhmədin Üsküdar Baki küçəsindəki mənzili və Dilqəmlə olan xatirələr təşkil edir. Dilqəmin mənzili Türkiyədə yaşadığım illərdə və sonradan müxtəlif səbəblərlə etdiyim Türkiyə (İstanbul) səfərlərində ziyarət, sığınacaq yerimizə çevrilmişdi.

İstanbula Türkiyədən köçümüzdən sonra dəfələrlə getsəm də, Sakaryada dünyaya gəlmiş oğlum Murad Vəli ilə 15 iyun 2021-ci ildə İstanbuldan Bakıya dönüş xüsusi məna ifadə edir.

İstanbul türk-müsəlman coğrafiyasında müstəmləkənin dağıdıcılığı sayəsində kökləri ilə rabitəsini itirən xalqların aydınlarının sığınacaq, özünü axtarmaq ünvanına çevrilib… İstanbulun səmtlərində, dalanlarında Balkanlardan, Qafqazlardan Şərqi Türküstana qədər izlər tapmaq mümkündür. Zeytinburnu səmtinin mərkəzi küçəsində dərvişanə görünüşləri ilə oturan uyğur yaşlılarını görmək heç də təsadüf deyil…

Qısası, İstanbul vətənlərində əsir düşən türk-müsəlman xalqlarının mübarizə, vətən axtarışının məkanı olmuşdur…

Bizə aid olan növbəti şəhərin hekayəsinə qədər…

S.e.ü.f.d. dos. Orxan Vəliyev
Xəzər Universiteti, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri