Köşə Yazıları Vüqar Mirzə

Minimalizm və ya azaltdıqca böyüməyin yolu

Bəzən çox yorulur, hər şeydən bezdiyimizi, usandığımızı hiss edirik. Gözümüzün eyni mənzərələrdə ilişib qalmasından, beynimizin daimi səs-küyündən, ruhumuzun isə başqasına çevrilmək cəhdlərindən… Düzdür, günümüz reallığında bu çoxluq içində sadəliyə meyil etmək, hər sahədə bizə sırınan lazımsız nəsnələri əlinin arxası ilə geri çevirmək o qədər də asan deyil. Hər addımda nəyisə buraxmaq, nəyinsə yoxluğuna alışmaq, vərdişləri tək-tək sorğulamaq gərəkdir. Bəlkə də, ən çətin şey elə insanın öz-özünü sorğuya çəkib düzü-düz, əyrini-əyri kimi qəbul edə bilməsidir. Amma səmimiyyətimizi qoruya bilsək, yolun sonunda daha dərin bir nəfəs, daha aydın bir baxış, daha xəfif bir qəlb bizi gözləyir. Elə anlarda sükutun, sadəliyin və hüzurun necə nemət olduğunu anlayırıq.

Minimalizm – bəzilərinə görə, dəb, bəzilərinə görə, aza qane olub onunla yaşamaq metodu, mənim üçünsə bu anlayış əldə olanları dəyərləndirməkdir.

Minimalizm – əşyaların, vaxtın, enerjinin yox, mənanın çoxluğunu seçməkdir. Eyni zamanda minimalizm bir mənəvi oyanışdır və özümüzə bu sualı verməklə başlayır: “həqiqətdə mənə nə lazımdır?”

Gündəlik həyat bizi görünməz ağırlıqlarla yükləyir. Qulaqlarımız dolur, baxışlarımız yorulur, ruhumuz isə tədricən boşalır. Biz sanki “bolluq” içində tükənirik. Əşyalar üst-üstə yığılır, amma düşüncələrimiz dağılır. Baxışlarımız dolur, amma qəlbimiz susuz qalır.

Minimalizm bizə sadəcə nəyisə azaltmağı yox, özümüzə qayıtmağı təklif edir. Gərəksiz əşyaları, artıq mənasını itirmiş yükləri, susqun münasibətləri, yorğun cümlələri buraxmağı öyrədir.

Bəzən bir masanın üzərindəki sükut, otağın boşluğundakı yüngüllük, ya da bir çay stəkanının buxarında gizlənmiş sadəlik insana həyatın həqiqi dəyərini xatırladır. Sadəlik özü hüzurlu bir sükutdur. Və bu sükutda insan özünün gerçək səsini eşidə bilər.

Az istəmək – yoxsulluq deyil, azadlıqdır. Çünki çox istədikcə daha çox asılı oluruq. İstək bolluğunun boynumuza yüklədiyi əlavə yük kimi uzun-uzadı arzularımız da ayağa bağlanmış zəncirli dəmir kürə misalı bizi hər yerdə izləyir. Azaldıqca isə sanki içimizdə bir yüngüllük doğur, ayaqlarımız yerdən üzülür, qəlbimiz dərinləşir. Bu təkcə maddi deyil, həm də mənəvi bir təmizlənmədir. Məhz bu zaman izafi yüklərdən azad olub qüdsi vəzifələrə çiyin verə bilərik.

Ən əhəmiyyətli dəyişikliklər bəzən böyük qərarlardan deyil, kiçik suallardan doğur…
“Bu mənə dəyər qatırmı?”
“Onsuz yaşaya bilərəmmi?”
“İstəklərimi idarə edə bilirəmmi, yoxsa onlardan asılı qalmışam?”

Hər kəsin minimalizm anlayışı fərqlidir. Kimisi evində artıq əşyaları çıxarır, kimisi həyatındakı səssiz inciklikləri. Kimisi geyimlərini azaldır, kimisi özündən çox şey gözləməyi buraxır. Amma nəticə ortaqdır: sakitlik, daxili aydınlıq və ram olmuş nəfs.

Bu yazını oxuyarkən bir anlıq səssizliyə qulaq ver. Öz içində hansı səslər var? Hansılarını saxlamalısan, hansılarından vaz keçməlisən?

Bəlkə də, həyatını dəyişmək üçün böyük planlara, uzun siyahılara ehtiyac yoxdur. Bəzən sadəcə bir sual kifayət edir:

“Buna, həqiqətən, ehtiyacım varmı?”