Ədəbiyyat hər nə qədər sözlərlə qurulan bir sənət kimi tanınsa da, onun ən böyük gücü çox vaxt sözlərin arasındakı boşluqda gizlənir. Hər mətnin görünən çərçivəsi olduğu kimi, görünməyən, müəllifin demədiyi, təsvir etmədiyi, amma oxucunun hiss etdiyi bir alt qat da var. Mənim fikrimcə, bu alt qat “yoxluq estetikası” adlandırılan xüsusi poetik modellə formalaşır.
Yoxluq estetikası mətnin özündə olmayan, lakin dərin emosional iz buraxan, oxucunu düşünməyə vadar edən gizli mənalar sistemidir. Bu estetika hekayəni sözlərlə deyil, susqunluqla tamamlayır, personajlarla deyil, onların kölgələri ilə danışır, hadisələrlə deyil, onların yaratdığı səssizliklə düşünməyə çağırır. Müasir ədəbiyyatşünaslıqda bu istiqamət, demək olar ki, ayrıca tədqiqat sahəsinə çevrilməyib, lakin onun izləri dünya və Azərbaycan ədəbiyyatının ən təsirli mətnlərinin ruhunda yaşayır.
Yoxluq estetikası hər bir əsərin görünməyən “ikinci mətni”, sözün altında işıq kimi yanıb-sönən əlavə mənalar dünyasıdır. Əslində, bütün böyük müəlliflərin əsərlərində yoxluğun dili hansısa formada mövcuddur. Məsələn, Anton Çexov hekayələrində ən dramatik anı heç vaxt birbaşa təsvir etmir. O, hadisənin qopduğu nöqtəni deyil, qırağında baş verən xırda pauzanı yazır. Həmin pauza oxucunun təxəyyülünü oyadır, mətnin içində boşluq yaradır və məhz o boşluq mətnin emosional ağırlığını artırır. Frans Kafka isə qəhrəmanlarının daxili boşluğunu real təsvirlərlə doldurmaq əvəzinə, “nə baş verdiyini dəqiq bilməyən insan” atmosferi yaradır. Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində iştirak edib danışmayan insanın susqunluğu, Hüseyn Cavidin əsərlərində görünməyən qəhrəmanların varlığını hiss etdirən aura bu estetik yanaşmanın formalarındandır. Yoxluq estetikası ədəbiyyatda təkcə bir şeyin olmaması deyil, bu “olmama”nın necə və nə üçün yaradıldığının da poetik mənasını izah edir.
Bəzən yazıçı hər hansı obrazı, hadisəni və ya hissi göstərmir ki, oxucu onun ətrafındakı sükutun içindən yaranan mənanı özü tapsın. Burada yazıçı oxucunun təxəyyülünə yer açır… Sözün demədiyi məna daha güclü emosional təsir yaradır, çünki insan zehnində yaranmış obraz həmişə daha şəxsidir və dərin iz buraxır. Məhz buna görə “yoxluq” bəzən “varlıqdan” daha güclü təsir göstərir. Sözün dediyinə oxucu inanır, amma sözün demədiyi onu düşündürür. Düşündürdüyü üçün də unudulmur.
Psixoanalitik nəzəriyyələrə görə, insanın yaddaşı bəzən yaşadığı hadisələrdən çox, yaşaya bilmədiyi emosiyaların üzərində formalaşır. Yəni yoxluq yaddaş üçün daha güclü stimul ola bilir. Bu poetikanın ən maraqlı cəhətlərindən biri də “görünməyən detalın görünən təsiri”dir. Yazıçı bəzən hadisəni deyil, onun nəticəsini təsvir edir. Dialoqu deyil, susqunluğu göstərir, obrazı deyil, onun otaqda buraxdığı qoxunu yazır. Oxucu isə mətnin içində olmayan, amma varlığı hiss edilən nəyisə tamamlayır və beləliklə, mətn daha canlı olur.
Məsələn, bir hekayədə müəllif qəhrəmanın otağa girib çıxmasını göstərməyə bilər, amma divarda qalmış kölgə və ya stulun üstündə unudulmuş paltar oxucuya həmin obrazın xarakterini daha aydın göstərir. Bu zaman detal birbaşa görünmür, amma estetik gücü daha qüvvətlidir. Yoxluq estetikası məhz bu görünməyən detalın yarımçıq qalan işığını önə çıxarır. Bədii məkanda boşluq da mühüm rol oynayır. Bir çox yazıçı hadisələrin baş verdiyi məkanı geniş təsvir etmək əvəzinə, onu hiss şəklində təqdim edir. Sükut dolu otaqlar, boş küçələr, insanın daxilində genişlənən mənzərələr bütün bunlar yoxluğun məkan poetikasıdır. Müəllif məkanı göstərmədikcə oxucu həmin boşluğa öz təcrübəsini yerləşdirir. Boş küçə hər kəsin keçdiyi yol olur… sükutlu otaq hər kəsin içində daşıdığı tənha yerə çevrilir.
Yoxluq estetikası həm də obrazların daxili həyatının təqdim olunmasında özünü göstərir. Yazıçı bəzən qəhrəmanın hisslərini birbaşa ifadə etməz, onları hərəkətlə, pauzayla, toxunuşla və ya davranışın sakitliyi ilə göstərər. Personajın gözlərini qaçırması, əlini masada dolaşdırması, cümlələri yarımçıq saxlaması bütün bunlar onun içində baş verən görünməyən dramın parıltılarıdır. Bu zaman oxucu personajın demədiklərini anlamağa çalışır və məhz bu axtarış emosional əlaqəni gücləndirir. Qəhrəmanın dedikləri yox, demədikləri oxucunun yaddaşında qalır. Ədəbiyyatda hadisələrin də “yoxluğu” xüsusi poetik xarakter yaradır. Bəzən müəllif hekayənin ən vacib hissəsini tamamilə oxucunun öhdəsinə buraxır. Yoxluq estetikası oxucuda həm də emosional iştirak hissi yaradır. Əsərin hər hansı detalını, hadisəsini və ya hissini tam göstərməmək oxucunu aktiv düşünməyə məcbur edir. O artıq sadəcə oxucu deyil, mətnin gizli ortağına çevrilir. Hər boşluğu öz təcrübəsi ilə doldurur, hər susqunluğu öz həyatından nümunə ilə aydınlaşdırır. Bu, mətnin oxucunun daxili səsinə daha yaxın dayanmasını təmin edir. Bəzən ən dərin təsirli məqam elə müəllifin yazmadığı, amma oxucunun “öz içindən yazdığı” cümlə olur. Bu baxımdan yoxluq estetikası həm də emosional yaradıcılıq sahəsidir.
Son olaraq onu da qeyd etmək istəyirəm ki, “yoxluq estetikası” ədəbiyyatda görünməyən, amma hiss edilən poetik dünyadır. Yazıçı bu estetikadan istifadə etdikcə mətn daha canlı, çoxqatlı olur. Oxucu isə mətnin yalnız sözünü deyil, sükutunu da oxuyur. Bəzən ən güclü fikir dediyimiz deyil, dediyimizdən qaçan, cümlənin arasına sığınan, boşluqda gizlənən fikirdir. Ədəbiyyatın ən dərin cümlələri bəzən yazılmayan cümlələrdir. Yoxluq elə varlığın ən incə, qaranlıq, poetik formasıdır və məhz bu incəlik ədəbiyyatı digər bütün sənət formalarından fərqləndirir.



