Bu gün bütün müsəlmanların gözlədiyi, İslamın ən müqəddəs ayı hesab olunan Ramazan bayramı başlayır. “11 ayın sultanı” həm nəfsi tərbiyə etmək, həm də insanın paklığa, təmizliyə çatdığı bir bayramdır. Ramazan bayramının ən əsas xüsusiyyəti isə oruc tutmaqdır.
Bəs oruc tutmaq hansı hallarda insan sağlamlığına faydalı, hansı hallarda zərərlidir. Ruhumuzun mənəvi qidası olan oruc tutmaq üçün diqqət etməli olduğumuz tibbi, psixoloji və mənəvi tərəflər nədən ibarətdir?
“Füyuzat” mövzu ilə bağlı sahəsinin peşəkarlarının fikirlərini öyrənib.
İlahiyyatçı-yazar Ağa Hacıbəyliyə sual ümvanladıq:

– Şeyx Qəzali “Nəfsin tərbiyəsi” kitabında yazır ki, insanın mədəsini əmri altında saxlayıb aclığı adət etməsi bütün xeyirlərin başlanğıcıdır. Ramazan ayı da bizə nəfsimizi idarə etməkdə böyük bir fürsət verir. Ramazan və nəfs, bu barədə nə deyə bilərsiniz?
– Ramazan İlahi bir məktəbdir və onun özünəxas planı, proqramı var. İnsanı irşad, tərbiyəetmə xüsusunda özəl yönlər və fərqli təsiretmə mexanizminə malikdir. Lakin Ramazan ayında insanın daha çox üzərində dayandığı, ən çox fərqinə vardığı, eyni zamanda daxili dünyasında təlatümlərin və bu böyük fırtınaların qarşısını almaq üçün Allahın insandan istədiyi daha fərqli bir şey var: bu nəfsin tərbiyəsi, eyni zamanda nəfsin təzkiyəsidir. Niyə məhz bu iki kəlmənin üzərində dayandıq? Ona görə ki, “Qurani-Kərim” nəfslə bağlı bu iki kəlmənin üzərində daha çox dayanır. Bildiyimiz kimi, dinimizdə nəfsi öldürmək yoxdur, ümumiyyətlə, öldürmək anlayışı yoxdur. Nəfs nə qədər böyük düşmən olsa da, onu irşad etmək, tərbiyə etmək, onu ram etmək kimi terminlərlə rastlaşırıq. Yenə “Qurani-Kərim”də Rəbbimiz belə buyurmuşdur: “Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür” (“Əş-Şəms”, 9–10). Odur ki bu “yeddibaşlı əjdaha” ilə yol tapmaq məcburiyyətindəyik, çünki yolumuz, səfərimiz son nəfəsə qədər onunla birlikdədir. Allah Taalanın onu bizim varlığımızda yaratmasının min bir hikməti var. Əslində, nəfsin böyük bir potensialı var. Nəfsini ram edə bilən insanlar kamil insanlar olur. Peyğəmbərimiz Muhəmməd (s) bu işin çox çətin olduğunu söyləyir, bir hədisi-şərifində “Allahım, Sən məni nəfsimlə baş-başa buraxma, məni nəfsimə qul etmə” deyir.
Əgər bütün həyatı tərəqqi və mənəvi yüksəliş içərisində olan Həbibullah nəfslə bağlı bu görüşü sərgiləyirsə, deməli, biz də ümməti olaraq böyük, qüdsi mücadilə içərisindəyik. Bu baxımdan, Ramazan məktəbində nəfsi tərbiyə və təzkiyə etmək üçün ən önəmli ibadətlərdən biri də gözəl oruc tutmaqdır, çünki orucun vasitəsilə biz nəfs qalasının giriş-çıxış yollarını, yaxşı mənada, tamamilə mühasirəyə almış oluruq. Və onun haqqını insan imanının əli ilə verir. Bu o demək deyil ki, nəfs acından ölməlidir. Önəmli olan nəfsə yox, Allaha qulluq etmək, ona xidmət etməkdir. Rəbbin dininə dönmək əhəmiyyətli şərtdir.Eyni zamanda, Ramazan boyunca mütəmadi olaraq “Quran”ı tilavət edə bilərik. Çünki Ramazan ayı “Quran”ın baharıdır, eyni zamanda, bütöv bir ilin ruhu, qəlbi, canıdır. Yəni inanan insan, Haqqa dönmüş bəndə bilir ki, zikr, tövbə, həmd-səna, bunların hamısı ibadətlərdir. Önəmli olan qulluqdur.
Yəni biz bu ibadətləri etməklə qulluq şüurumuzu dərinləşdiririk. Ona görə də nəfsin tərbiyəsində insanın daha çox üzərində dayanacağı məsələ Allaha dua edib bu zalım düşməndən sıyrılıb canını qurtarmaqdır. Çünki onun kiçik firon olduğuna baxmayın, bəzən biz onu o qədər böyüdürük ki, taxt-tacını qəlbimizin sarayında inşa edir və bizə diqtə edir. Eqosunu göstərib önümüzü kəsir, bəsirət gözümüzü kor edir, bizi dünyada rəzil edir. Allah qatına yüksəlməmizdə əngələ çevrilir. Ona görə də nəfsin qala divarlarının gerçək fatehinə çevrilməkdən ötrü, sözün həqiqi mənası ilə, insan dua edib nəfsinin tərbiyəsi üçün Allaha yalvarmalıdır. Allah Rəsulunun (s) başqa bir hədisində də bu məşəqqətli mücadilə öz əksini tapmışdır. Bədr savaşından çıxarkən peyğəmbərimiz (s) buyurmuşdu ki, artıq siz kiçik cihaddan böyük cihada çıxdınız. Səhabəyi-kiram buna çox təəccüblənir, çünki artıq 8 saat idi ki, onlar bu böyük savaşda vuruşurdular.
Peyğəmbərimizdən (s) bu cihadın nə olduğunu soruşduqda nəfsi göstərdi onlara. Yəni ümmətin içərisində ən böyük fəlakətlər, ən böyük təlatümlər, təbii ki, nəfsin başı üzərində olur, nəfslə bağlı olur.Unutmayaq ki, nəfsi də bəsləyən bir iblis var. Ramazan ayında o iblis ordusunun əli-qolu bağlanıb, bizə düşən də bu bir ayda Allaha həqiqi bir qul olmaq, gözəl bəndəlik etməkdir ki, Allah da bizim könül torpağımızı kindən, nifrətdən, qərəzdən, qəzəbdən tamamilə uzaqlaşdırsın, qəlbimizin coğrafiyasını Ramazanın gözəllikləri ilə zənginləşdirsin. Ramazan Rəbbimizin süfrəsidir, o süfrənin başında oturmaq üçün, ətrafında əyləşmək üçün də, təbii ki, insan mənən, ruhən təmiz olmalıdır. Allaha əmanət olun…
– Ramazan ayına psixoloji hazırlıq necə olmalıdır, ümumiyyətlə mənəviyyatımız üçün bu qədər dəyərli olan bir ayın psixologiyamıza təsiri nələrdir? Oruclu qala bilmək üçün nə etməliyik?
Bu sualı isə Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi, Uzman-Klinik psixoloq Narınc Rüstəmovaya ünvanladıq:

– Ramazan ayının ilk gününü yaşayırıq. Hər bir müsəlman bu müqəddəs ayda duaları ilə İlahi dərgaha müraciət edir, ibadət edir. Hesab edirəm ki, Ramazan ayında psixoloji hazırlıq, mənəviyyatımız üçün bu qədər dəyərli olan bir ayın psixologiyamıza müsbət cəhətləri aktual və işıqlandırılmalı mövzular sırasındadır. Təbiidir ki, hər bir bayramın, xüsusi günün əvvəlcədən hazırlıq mərhələsi olur. Ramazan ayı da buna istisna deyil. İnsan psixologiyası və İslam dini arasında əlaqə belə günlərdə məxsusi şəkildə özünü göstərir. Ələlxüsus, dini praktik cəhətdən yerinə yetirən möminlər, inanclı insanlar, ümumən müsəlmanların Ramazan ayının ibadətlərini yerinə yetirməsində psixoloji hazırlığı, əvvəlcədən buna hazırlaşması ön planda duran məsələrdən olur.
Əlbəttə, bu müqəddəs ayda ilk dəfə oruc tutanların psixoloji hazırlığı, adaptasiyası digər insanlardan fərqlənir. Ancaq müəyyən müddət sonra insan bu prosesə uyğunlaşır və mənəvi təmizlənmə məqamı başlayır. Bundan sonra psixoloji olaraq insanın Yaradan tərəfindən bəxş edilən mənəvi ruhu sayəsində digər vacibatlara da cəlb olunur. Müqəddəs Ramazan ayı insanlarda psixoloji cəhətdən bir çox müsbət dəyişikliklər yaradır. Ətrafımızdakı insanlarda da müşahidə edə bilərik ki, Ramazan ayının bitməsini istəmirlər, son günlərinə yaxınlaşdıqca müəyyən qədər ruh düşkünlüyü yaşayırlar. İnsanlar bu ayda əldə etdiklərini ayın sonunda daha yaxşı duyur, hiss edir. Təbii ki, baş verən hadisələr hamıya fərqli cür təsir edir və iradi olaraq fərqli məqamlar yaradır.İradəli şəxs ətrafında baş verən hadisələrə daha düzgün cavab vermək iqtidarında olur və baş verən hər hadisə onu tamamilə əhatələyə bilmir. Burada Ramazan ayının bir funksiyası da iradəli şəxs formalaşdırmaqdır. Bu məqamda iradə mövzusu İslamın, bilavasitə Ramazan ayının və psixologiyanın oxşar mövzusuna çevrilir. Psixologiyada da psixoloqun məşğul olduğu, terapiya keçdiyi pasiyentin iradəsi məsələsi vacib məqamdır.
Eyni zamanda, islami prinsiplər də iradəli bir insan yetişdirmək üçün xüsusi bir prosedur ortaya qoyur. Nəticədə bu, özgüvənli şəxsin formalaşması ilə nəticələnir. İnsanlar iradəli olduqda, bu ayda qaydalara əməl etdikdə sonda nələrisə bacardıqlarını, hansısa mənfi xüsusiyyətlərindən arındıqlarını görürlər. Beləliklə də, onlarda özünə inam, özgüvən formalaşmış olur. Ramazan ayı insanı onun öz gözündə canlı nümunəyə çevirir, onun yaxşı mənada formalaşmasına, psixoloji rahatlığa çatmasına kömək olur. Beləliklə, Ramazan ayı digər aylardan fərqli olaraq, insanın həm də psixoloji cəhətdən yenilənməsinə, öz iç dünyasına daxil olmasına şərait yaradan fürsətdir. Bunlar da Ramazan ayının ən gözəl zahiri hikmətlərindən biridir.
Azərbaycan Endokrinoloqlar Cəmiyyətinin yaradıcısı, terapevt-endokrinoloq Dr. Xəyyam Eyvazovdan da fikirlərini öyrəndik:
– Oruc tutmağın orqanizmi bərpa etməsi və hətta ömrü uzatmasıyla bağlı kifayət qədər elmi sübutlar var. Maraqlıdır, oruc orqanizmə necə təsir edir? İftarda düzgün qidalanma necə olmalıdır, hansı ardıcıllıqla? Və kimlər oruc tuta bilməz?

– Aparılan araşdırmalarda göstərilmişdir ki, Ramazan ayında tutulan orucların bir neçə xüsusiyyəti var ki, insana daha çox təsir edir. Onlardan biri odur ki, bədəndəki metabolizmanı yaxşılaşdırır. Yəni mübadilə proseslərini müsbət yöndə dəyişir. İkincisi, bildiyimiz kimi, insan bədənində iltihab mediatorları (xüsusi maddələr) var, hansı ki xəstəliklərin yaranmasına səbəb olur. İltihab mediatorlarının həcmi istər ürək-damar xəstəliklərində, istər revmatoloji xəstəliklərdə, istərsə də yaşlanmada artır. Onların hesabına da fərqli qrup xəstəliklər yaranır. Bir də iltihab əleyhinə olan mediatorlar var. Bu ikisi adından da göründüyü kimi, bir-biri ilə daim mübarizədədir. Bunların hansı üstünlük təşkil etsə, proses ona doğru yenilənir. Ramazan ayında da insanların oruc tutması nəticəsində bu iltihab əleyhinə olan mediatorlar artır.
Bədəndə, həmçinin, tibbi dillə desək, oksident, antioksident sistemlər mövcuddur. Biri xəstəlik yaradır, digəri isə bədəni qoruyur. Aparılan araşdırmalar göstərir ki, Ramazanda oruc tutmaq antioksidant sistemini, yəni xəstəliklərdən qorunma sistemini gücləndirir.
Eləcə də oruc mübadilə proseslərini yaxşılaşdırır. Məsələn, ürək-damar xəstəlikləri günümüzdə çox sıx yayılıb. Qanda xolesterinlərin səviyyəsinin artması ürək-damar xəstəliklərinin artmasına rəvac verib. Ramazanda oruc tutmanın qandakı xolesterin, lipik fraksiyalarını müsbət yöndə dəyişdirməsi ilə bağlı çalışmalar var. Eyni zamanda, orqanizmdə qocalma prosesi, tibbi dillə desək, apaktos prosesini zəiflədir. Yəni hüceyrənin özü özünü məhv etməsinin qarşısını alır.
– Bəs Ramazanda düzgün qidalanma necə olmalıdır?
– Bəzən insan oruc tutanda psixoloji təsirlərdən ötrü axşama qədərki uzun fasilədə ac qaldığı üçün “axşam yemək yeməsəm, bədənim zəif düşəcək” düşüncəsi ilə yeməyi bir az sürətli və çox yeyir. İftardan sonra da, həqiqətən də, onların təbiriylə desək, “insan ağırlaşır”. Bu çox zərərlidir. İstər mədə bağırsaq sistemi üçün, istərsə də ümumən orqanizm üçün. İftar açandan sonra yavaş-yavaş qidalanmaq, yüngül sulu qidalar qəbul etdikdən sonra bir az fasilə ilə ana yeməyi yeməklə zatən insan doyduğunu hiss edəcəkdir. İftarda yüngül qidalanmaq lazımdır. Əslində, elə oruc da o zaman faydalı olur. Çünki həm orqanizmə daxil olan kalori məhdudlaşdırılır, azaldılır. Bu da istər şəkərli diabet xəstəliyi, piylənmə xəstəlikləri, istərsə də ürək-damar sistemini nizama salır. Kalori balansının qorunmasına xüsusi diqqət etmək lazımdır.
Bütün bu deyilənlər sağlam insanlar üçün keçərlidir. Çünki müəyyən qrup xəstəliklər var ki, onlara oruc tutmaq olmaz. Məsələn, ağır xəstəliyi olan, ürək-damar xəstəliyi olan, insulin müalicəsi alan şəkərli diabet xəstələri, aktiv onkoloji xəstələr. Onlara oruc tutmağı tövsiyə etmirik. Ümumiyyətlə, bir cümlə ilə yekunlaşdıra bilərik ki, gündəlik dərman istifadə edən, xroniki xəstəliyi olan xəstələr oruc tutmamışdan əvvəl öz xəstəliklərinə uyğun həkimlərindən məsləhət almalıdırlar. Həkim də öz növbəsində hər bir xəstəyə özəl olaraq, düşünüb qərar verməlidir.