Köşə Yazıları Orxan Vəliyev

Polşa: Varşava və Vroslav

Vrotslav, qədim şəhərdən görüntü.

Şəhərlərdən yazmağa başlamaq özlüyündə ən azı 35 yaşı adlamaq deməkdir. Çünki çox şəhər görməyinizdən asılı olmayaraq, erkən yaşda gördüklərinizi təhlil etməyə nə vaxt nə də təcrübə kifayət etməyə bilər. Şəhərləri yazmağa Avrasiyanın incisi İstanbulla başlayıb bizim hekayənin başladığı Bakı ilə davam etdim. Bu yazıda isə Avropanın ziddiyyətli ölkələrindən Polşanın Varşava və mənə görə, Varşavadan daha gözəl olan Vroslav şəhərlərindən, əsasən Vroslavdan yazacağam.

22–27 oktyabr, 2023-cü il tarixlərində Erasmus işçi mübadiləsi proqramı çərçivəsində Polşanın Vroslav Universiteti Sosial elmlər fakültəsi Avropa Araşdırmaları İnstitutunda magistr tələbələrinə dərs demək imkanım oldu. Daha doğrusu, çalışdığım Xəzər Universitetinin şəffaf dəyərləndirməsi nəticəsində Vroslav universitetinə akademik ezamiyyətə getdim. Bu çərçivədə Polşa haqqında təəssüratlarımı Varvaşa və Vroslav şəhərlərindəki müşahidələrimə əsasən yazmaq niyyətindəyəm.

Varvaşa, köhnə şəhərdə bir kilsə, 2023.

Polşa son illərdə yerləşdiyi coğrafiyanın aparıcı dövlətinə çevrilmək üçün müəyyən strategiya izləyir. O səbəblə ciddi iş gücü axınına məruz qaldığı deyilə bilər. Polşada Azərbaycandan həm oxumağa, həm də işləməyə gedən ciddi bir azərbaycanlı topluluğunun olduğunu da demək mümkündür. Polşanın İçərişəhərdə yerləşən səfirliyinə viza üçün baş çəkəndə bu ölkəyə azərbaycanlıların təhsil və iş üçün marağını görmüş oldum. Dünyada olduğu kimi Avropada da qaçqınlara, ölkəyə yeni gələnlərə qarşı irqçiliyin yüksəlməsinə səbəb olan radikal sağ yüksəlir. Ancaq azərbaycanlıların özlərini Polşada rahat hiss etdiklərini demək olar. Orta sinifin əridiyi bir dövrdə Polşada əhalinin yarısından çoxunu orta sinif təşkil edir. Belə olan halda polyaklar arasında ingilis dilindən istifadənin olduqca geniş yayılması təəccüb doğurmayacaqdır.

Polşa səyahətimə ilk olaraq paytaxt Varşavadan başladım. Hava limanı ilə ilkin sürətli tanışlıq belə bu ölkədə orta sinfin və beləliklə qaydaların nə dərəcə qorunduğunu sübut edir. Belə ki, İstanbulda görməyə vərdiş etdiyimiz kimi hava limanındakı ictimai iaşə obyetkləri, işçilər 7/24 prinsipi ilə çalışmırlar. Varşava şəhəri ilə ilkin tanışlıq şəhərin qədim olanla yeninin inteqrasiyasından ibarət olduğunu deməyə əsas verir. Əlavə olaraq, şəhərin məşhur Varşovski Universitetinin də yerləşdiyi qədim hissəsi son dərəcə müvəffəqiyyətlə qoruna bilmişdir. Müqayisə üçün, İstanbulun Topkapı Sarayının da yerləşdiyi məşhur tarixi yarımada ucuz turizm lehinə uğursuz şəkildə istifadə edilir.

        Varşovski universiteti, Oktyabr, 2023.

Polşa hər nə qədər ötən əsrdə faşizmin zülmünə məruz qalsa da, onlar tarixi binalarını böyük əksəriyyətlə bərpa etməyi bacarmışdır. Varşovski Universitetinin köhnə şəhərdəki kampusunu, paralel olaraq Vroslav Universitetini gəzərkən türk tarixçi Halil İnalcıkın (1916–2016) öz bioqrafiya kitabında Avropa və ABŞ müqayisəsini xatırladım. Belə ki, Avropa ənənəyə daha sadiq bir məkandır. Qədim binaların bu gün də istifadəsi davam edir. Həmin məkanlarda tarixi görüntüyə zərər verə biləcək yeni inşalara imkan vermirlər. Bunun səbəbini Avropa ölkəsi olan Polşanın hələ də təhsilli orta sinifini mühafizə etməyə müvəffəq olduğunda axtarmaq lazımdır.

Müqayisə üçün deyim ki, Türkiyədə qədim məkanlardan olan Bizans və Osmanlı kimi iki köklü mədəniyyətin izlərini əks etdirən Sultan Əhməd Meydanının mühafizəsi daha uğursuz olmuşdur. Bunun əksinə, Varşava və Vroslavda köhnə şəhər faşizm tərəfindən dağıdılmasına rəğmən, daha yaxşı qorunmuş və gündəlik həyata da inteqrasiya etdirilmişdir. Bir digər məsələ, Polşada köhnə binalar texnoloji imkanlarla daha funksional hala gətirilmişdir. Misal üçün, Vroslav Universitetinin tarixi əsas binasında liftin binaya zərər verməyəcək şəkildə istifadəyə verilməsi kimi.

Başlanğıcda qeyd etdiyim kimi, Polşada din hələ də təsirini qorumağı bacarmışdır. Bəlkə, bunun nəticəsidir ki, ənənəvi ailə varlığını, əhəmiyyətini davam etdirir. Xüsusən qədim universitetlərdə kilsələr də öz varlığını mühafizə edir. Türkiyədə təhsil alarkən universitetlərdə o dövr yeni-yeni inşa edilən universitet məscidləri mənim üçün yenilik idi. Halbuki Polşada da Avropa və Amerikanın bir çox universitetində olduğu kimi köklü dövlət universitetlərində mütləq kilsə vardır.

   Vroslav universitet kilsəsinin yuxarıdan görüntüsü.

Hər şeydən əvvəl dinin Polşanın gündəlik həyatında təsirinin Avropanın bir çox ölkəsi ilə müqayisədə daha çox olduğunu, dinin təsirini mühafizə etdiyini demək olar.

Vroslav universitet kilsəsi.

Ailə mərkəzli (family oriented) bir kültürdən bəhs etmişdim. Belə ki, gənclər eyni şəhərdə yaşadıqları halda ailələri ilə bərabər yaşamağı üstün tuta bilirlər. Ancaq “din” anlayışının və ya “dindarlığın” praktikadakı əksinin fərqli olduğunu demək lazımdır. Yəni Polşada ənənəvi ailə anlayışı canlılığını hələ də qorumağı bacarmışdır. Ancaq texnologiya əsrində və Almaniyanın qonşuluğunda bu nə qədər davam edəcək bilinməz…

Yazının bu hissəsindən səyahətimin əsasını təşkil edən Vroslaş şəhərindən və Vroslav Universitetindən yazmaq istəyirəm. Vroslav şəhəri İkinci Dünya müharibəsində Alman/Hitler faşizmindən nəsibini almasına baxmayaraq, şəhərin tarixi hissəsi əslinə uyğun şəkildə bərpa edilib.

Şəhərin tarixi hissəsindən yeni hissəsinə keçid nöqtələrindən.

Əvvəlcə qeyd edim ki, Polşada nəqliyyat və nüfuzun doğru şəkildə idarə edildiyini demək mümkündür. Vroslav şəhərində metro yoxdur. Ancaq velosiped yolu və tramvay nəqliyyatın əsas elementlərini təşkil edir. Belə ki, şəhərin bütün istiqamətlərinə tramvay səfərləri mövcuddur. Şəhərdə sakinlərin velosiped nəqliyyatından istifadəsi üçün hər cür şərait yaradılmışdır. Vroslavda velosiped nəqliyyatının uğurunun səbəbi nəqliyyatda velosiped sürücülərinin də nəzərə alınmasıdır. Belə ki, işıqforlarda piyadalarla yanaşı velosiped sürücüləri üçün də ayrıca işıq sistemi quraşdırılmışdır. Sakinlərin və velosiped sürücülərinin avtomobil olmadığı vaxtda belə ışığı gözləməsi bizə alman filosofu Immanuel Kantın əxlaq anlayışını xatırladır. Azərbaycanda velosiped nəqliyyatından istifadə isə ötən il COP29 çərçivəsində hələlik sadəcə Bakıda istifadəyə verilmiş, Bakının tozu havaya sovuran məşhur küləyinə rəğmən uğurlu olmuşdur.

Universitetin yaxınlığında bir velosiped dayanacağı.

Ancaq bunun əsas səbəblərindən birinin orta sinfin güclü olmasından qaynaqlandığını demək lazımdır. Belə ki, polyaklar orta siniflərini mühafizə etməyi bacarıblar.

Şəhərdə əhalinin sıxlığı düzgün idarə edildiyindən insan özünü daha rahat hiss edir. Hərçənd danışdığım polyak həmkarlarım ukraynalıların sayının artdığından narahatlığını dilə gətirsələr də, İstanbulda olduğu kimi qaçqınların şəhərin ümumi görüntüsünü pozması ilə rastlaşmadım.

Bir şəhərdə axtaracağımız başqa xüsuslar: kitabxana və oyun parkları. Həm bir elm insanı, həm bir valideyn olaraq yeni məkanlarda gözüm ilkin olaraq “kitabxana” və yaşayış massivlərində “oyun parkı” axtarışında olur.

Polşada dövlət universitetləri daha etibarlı ali təhsil müəssisələri hesab edilir. Dövlət universiteti olan, 1702-ci ildə qurulan Vroslavski Universitetinin ötən əsrin anlayışına əsasən, hər fakültə yaxud institutda kitabxanaya sahib olmaqla bərabər mərkəzi kitabxanası da mövcuddur.

Oder çayının sahilindəki Mərkəzi kitabxana.

Ümumiyyətlə Vroslav Universitetində ənənəyə uyğun olaraq hər fakültə və institut ayrıca kitabxanaya sahibdir. Buna paralel olaraq universitetin iki korpusdan ibarət həm funksional, həm də olduqca böyük mərkəz kitabxanası mövcuddur. Kitabxana şəhərin mərkəzində Oder çayının sahilində yerləşir. Yəni köhnə universitetlərdə kitabxana və fakültələr şəhərin müxtəlif hissələrində (əsasən, şəhər mərkəzində) kampuslarla müqayisədə daha çoxdur. Müqayisə üçün deyim ki, uzun illər yaşadığım Türkiyədə belə bir kitabxana görməmişdim.

Mərkəzi kitabxananın giriş hissəsi.

Bir digər məsələ oyun parklarıdır. Məlum, xüsusən şəhərlərdə uşaqların fiziki və zehni inkişafı üçün oyun parkları şəhər bələdiyyələri üçün prioritet olur. Vroslav şəhərində gəzərkən olduqca funksional oyun parkı aşkarladım. Belə ki, oyun parkında görməyə vərdiş etmədiyimiz torpaq sahənin olduğunu gördüm.

Oyun parkı.

Bu kiçik bir detal kimi görünsə də, torpaqla təması məhdud olan, şəhərdə böyüyən uşaqların fiziki və zehni inkişafı üçün olduqca əhəmiyyətlidir. Bakıda isə oyun parkları yoxdur. Yaxud da, əsasən, Türkiyədən öyrənilən vərdişlə döşəməsi rezin kauçuktan olan parklara məhkum edilmişik.

Oyun parkı, torpaq hissə.

Vroslav şəhərində də Varşava kimi ictimai məkanlarda kifayət qədər kilsə olduğunu müşahidə etmək olar.

Şəhər mərkəzində bir kilsə.

Şəhər mərkəzində faşizm dövründə dağıdılmış, ancaq sonradan bərpa edilmiş qədim kökləri olan dini məbədlərin mövcud olduğunu müşahidə etdim.

Vroslavda muzeylər də geniş şəkildə yayılmışdır. Bu muzeylər istər yerli sakinlərin, istərsə də turistlərin ziyarət yerlərinin başında gəlir.

Muzey.

Buna paralel olaraq, Polşada universitetlər nəzdində də kifayət qədər funksional muzeylər olduğunu demək mümkündür. Vroslav universitetinin muzeyi universitetin modern dövrün başlanğıcından etibarən fəaliyyətə başlayan tarixinə dair eksponatları sərgiləyir.

Muzey daxilində universitetə tövhə vermiş elm adamlarının siyahısı…

Vroslav universiteti, muzey girişi.

Polşada ali təhsil deyiləndə ağla ilkin dövlət universitetləri gəlir. Vroslav universitetinin təhsillə yanaşı çox funksional yataqxana sisteminin olduğunu demək mümkündür. Ph.D. təhsilim müddətində Türkiyənin bir sıra şəhərlərində yataqxanalarda qalmaq imkanım olmuşdu. Müqayisə üçün deməliyəm ki, Polşada yataqxananın idarə edilməsi daha peşəkar və səliqəli formada təşkil edilir.

Vroslav universitetinin yataqxanası.

Səfərin başlıca məqsədi Vroslav universitetində tələbələrə mühazirə oxumaq idi. Sosial elmlər fakültəsi Avropa Araşdırmaları İnstitutu magistr tələbələrinə “Atəşkəsdən Zəfərə Azərbaycanda milli kimlik inşası” mövzusunda mühazirə oxudum. Auditoriya, əsasən, polyak magistr tələbələrindən ibarət olsa da italyan, braziliyalı, polyak həmkarlarla yanaşı bir azərbaycanlı magistr tələbəsi də dinləyicilər arasında idi.

Mühazirədən.

Əvvəlcə qeyd etməliyəm ki, Polşada artan azərbaycanlı varlığına rəğmən, tələblərdən mühazirənin başlanğıcında soruşduğum “Do you know where is Azerbaijan?” sualına cavab ala bilmədim. Yəni Azərbaycan hələ də bilinməyən bir ölkə idi. Ancaq məyus olmaq lazım deyil. Çünki Qarabağ zəfəri Azərbaycanın tanınmasına ciddi töhfə vermişdir. Sadəcə olaraq, Polşa kimi ciddi sayda azərbaycanlı tələbə və işçilərin olduğu ölkədə səfirliklər və müvafiq dərnəklər daha fəal çalışmalıdır.

Tələbələr olduqca diqqət və nəzakətlə dinlədilər…

Bununla belə mühazirə vaxt limitini də aşaraq kifayət qədər məhsuldar keçdi. Suallar, əlbəttə, əsasən, Qarabağ çərçivəsində oldu!Növbəti şəhər yazısında görüşənədək…