Köşə Yazıları Nigar Şahverdiyeva

Qərb zənginləşərkən kim yoxsullaşır? Dünya sistemləri nəzəriyyəsinə bir baxış

Uşaq olanda bizə deyirdilər ki, dünya dəyirmandır, hamı birgə fırlanır, kimsə geridə qalmır. Amma böyüyəndə gördük ki, dünya elə bir süfrədir ki, kimisi başda oturub doyunca yeyir, kimisi isə kənardan baxmaqla kifayətlənir. Ədalət deyilən şey isə çox vaxt qapı arxasında unudulur.

Bu ədalətsiz düzənin arxasında duran mexanizmi 1970-ci illərdə bir alim açıq şəkildə ifadə etmişdi. İmmanuel Vallersteyn adlı bu sosioloq dünya nizamını kapitalist sistem çərçivəsində izah etdi və ortaya “Dünya sistemləri nəzəriyyəsi”ni qoydu. Onun fikrincə, biz bir sistemin içindəyik, lakin bu sistem hamıya eyni şəkildə xidmət etmir.

Vallersteynin nəzəriyyəsinə əsasən, dünya ölkələri üç əsas təbəqəyə bölünür: Mərkəz ölkələr – texnologiya istehsal edən, qərarları verən, qaydaları yazan ölkələr. Buraya ABŞ, Almaniya, Fransa, Böyük Britaniya kimi inkişaf etmiş dövlətlər daxildir. Yarı-çevrə ölkələr – həm istismar edən, həm də istismar olunan ölkələrdir. Mövqeləri dəyişkəndir. Məsələn, Türkiyə, Meksika, Cənubi Koreya. Çevrə ölkələr – xammal satan, ucuz işçi qüvvəsi təqdim edən, texnoloji və siyasi baxımdan asılı olan ölkələrdir. Bu sırada bir çox Afrika, Asiya və Latın Amerikası ölkələri yer alır.

Bu bölgü təkcə iqtisadi fərqləri deyil, həm də siyasi, sosial və mədəni asılılıqları əks etdirir. Dünya sisteminin harasında durduğun sadəcə nə qədər qazandığınla deyil, sənin səsini kim eşidir, fikrin kimə təsir edir və gələcəyin kim tərəfindən planlaşdırılır? – bu kimi suallarla da ölçülür.

Bəzən deyirlər ki, müstəmləkəçilik dövrü başa çatıb. Ancaq bir zamanlar güllə ilə edilən istismar bu gün başqa vasitələrlə həyata keçirilir: borc müqavilələri, iqtisadi asılılıq, qlobal bazarlar və ideoloji təsir vasitələri ilə. Əgər bir ölkənin sərvəti çıxarılır, amma onun istifadəsinə və paylaşımına başqaları qərar verirsə, deməli, o ölkə hələ də sistemin kənarında dayanır. Məsələn, bir çevrə ölkəsi neft və qaz istehsal edə bilər, amma texnologiyası, avadanlığı və hətta bazar şərtləri xaricdən asılıdırsa, bu, onun iqtisadi müstəqilliyinə deyil, sadəcə təbii resurslarına sahib olduğunu göstərir.

Azərbaycan bu sistemdə harada dayanır?
Azərbaycan kimi ölkələr çox vaxt yarı-çevrə ilə çevrə arasında sıxışıb qalır. Enerji ehtiyatlarımız var, amma bu sərvət üzərində iqtisadi, texnoloji və siyasi qərarları çox zaman xarici aktorlar verir. Neft və qaz ixrac olunur, lakin istehsal və texnologiya sahəsində mərkəz ölkələrə asılılıq qalır. Əgər biz xammal ixrac edir, amma texnologiya istehsal etmiriksə, bu sistemin sadəcə tədarükçüsü, lakin sahibi deyilik. Təhsildə, mediada, mədəniyyət sahəsində də qərb modellərini təqlid ediriksə, bu, iqtisadi deyil, ideoloji çevrənin bir hissəsi olduğumuzu göstərir.

Vallersteyn deyirdi ki, kapitalist sistem daxili olaraq qeyri-bərabər qurulub. Bu sistem dəyişmədikcə çevrə ölkələr heç vaxt mərkəzə çevrilə bilməz. Qərb zənginləşdikcə kimlərsə yoxsullaşır. Bu, sadəcə iqtisadi fərq deyil, strukturlaşdırılmış və tarixi istismar münasibətidir. Əgər biz bu sistemin içində yerimizi dəyişmək istəyiriksə, əvvəlcə onu tanımalı, təhlil etməli və şüurlu şəkildə alternativ yollar axtarmalıyıq. Əks halda, dünya fırlanacaq, biz isə yenə də süfrəyə uzaqdan baxan tərəf olaraq qalacağıq…

Nigar Şahverdiyeva