Azərbaycanın Bakı şəhərində yerləşən, 1925-ci ildən SSRİ-nin əsas repressiv orqanlarının, Fövqəladə Komissiyanın, Daxili İşlər Xalq Komissarlığının və Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət göstərdiyi binada açılan möhtəşəm muzey – Siyasi Repressiya Qurbanları Muzeyi tariximizin qaranlıq günlərinə aydın işıq tutur.
Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən, 1920–1950-ci illərdə SSRİ-nin yüz minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşın siyasi repressiyalara məruz qoyulması ilə nəticələnən repressiv siyasətindən bəhs edir.
1920–1950-ci illərdə repressiyaya məruz qalmış günahsız azərbaycanlıların ümumi sayı 400 min nəfərdən artıq olub.
1925-ci ildən sonra bu binada SSRİ-nin əsas repressiv orqanları fəaliyyət göstərib. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnmə yerləri mövcud olub.
Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bəzi sənədlər Rusiya arxivlərindən, Qazaxıstan “ALJİR” Siyasi Repressiya Muzeyi tərəfindən təqdim olunub. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən də kömək göstərilib.
“Siyasi repressiya qurbanları” muzeyi bir neçə bölmədən ibarətdir. Muzeyin əsas zalında 10 lövhə yerləşdirilmişdir. “Danışan sənədlər” adlanan 1-ci lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920–1930-cu illərdə qəbul edilmiş 20-yə yaxın sənədin surəti də öz əksini tapmışdır.
Muzeyin əsas zalında yerləşdirilən lövhələr repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə, güllələnmiş “xalq düşmənləri”nin islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşlarına, repressiya qurbanı olmuş cümhuriyyət tələbələrinə, ziyalılara həsr olunub. Bir başqa lövhədə şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnmələri barədə aktların və arayışların surətləri nümayiş olunur. Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə, güllələnmə otaqları tarixi rekonstruksiya üsulu ilə bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa canatmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış və vətənindən didərgin edilmiş azərbaycanlıların keçirdikləri iztirab və əziyyətlər rəmzi formada ifadə olunub.
Qeyd edək ki, muzey 24 may 2019-cu ildə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində DSX-nin inzibati binasında yaradılıb.
Tarixin səhifələrindəki bu acınacaqlı qətliamı sözlərlə ifadə etmək mümkün deyil. Lakin dövlətimizin istiqbalı uğrunda vuruşan, söz azadlıqlarından məhrum olmağı ölümə dəyişən aydınlarımızı ziyarət etmək hər birimiz üçün önəmlidir.
Onu da qeyd edək ki, muzey mülki vətəndaşların ziyarəti üçün açıqdır. Burada araşdırma aparmaq üçün tələbələrə, tədqiqatçılara şərait yaradılıb. Onlar muzeyin kitabxanasında saxlanan kitablarla, məsuliyyətə cəlb olunmuş şəxslərin cinayət işləri ilə tanış olmaq imkanı əldə edə bilərlər.
Ləman Vahid